54
Bu otaqda ilk görüş idi onda, ilk dəfə idi ki, bu pilətə iyini və istisini hiss etdi,
ilk dəfə idi ki, Sənubərin köşək gözlərini gördü. Onda Sənubərə demişdi ki, onuncu
sinifdə oxuyuram, həm də demişdi ki, on səkkiz yaşım var. Sənubər sonra bildi ki,
onuncu sinifdə oxumur, təsadüfən bildi, amma səkkizinci sinifdə oxumağını da
bilmirdi, elə bilirdi ki, doqquzda oxuyur, həm də elə bilirdi ki, onun on yeddi yaşı
var, daha bilmirdi ki, onun on altı yaşı var.
Sənubərin özünün on yeddi yaşı tamam olmuşdu, onuncu sinifdə oxuyurdu. O
həmişə Sənubər barədə fikirləşəndə suçlu adamlar kimi ürəyindən bir üşütmə
keçirdi: Sənubər əvvəl-axır biləcəkdi ki, yaşda ondan böyükdür, həm də biləcəkdi ki,
iki sinif aşağıda oxuyur. Doğrudur, əvvəl-axır bunu biləcəkdi, amma onda bunun
daha bir o qədər də mənası olmayacaqdı, çünki onda evlənmiş olacaqdılar.
– Pencəyini niyə çıxartmırsan?
Dedi ki, çıxartmır, bir azdan gedəcək, işi var. Elə-belə, ağzına gələni dedi,
əslində axşam doqquza kimi burada qalmaq istəyirdi, günorta evdən çıxanda
demişdi ki, dərsdən sonra Vovayla kinoya gedəcəklər.
– Nə işin var, ananla qonaqlığa gedəcəksən? – Sənubərin köşək gözləri
gülümsədi yenə.
O, Sənubərin sualını qulaqardına vurdu, çünki Sənubərin, deyəsən, yenə həvəsi
gəlmişdi, yenə onu alçaltmaq istəyirdi, o isə, nədənsə, bu axşam başqa axşamlardan
daha artıq pərtləşmək istəmirdi, ümumiyyətlə, nədənsə, bu axşam ona başqa
axşamlardan daha artıq əziz idi – niyə belə hiss edirdi, səbəbini özü də bilmirdi.
Söhbəti dəyişdi:
– Ağahüseyn niyə gəlir e, sizə? – Özü də bilmədi ki, Ağahüseyn yenə haradan
düşdü yadına.
– Mən nə bilim? – Sənubər həmişəki kimi alt dodağını dişlədi və lap büzüşdü
elə bil, elə bil otaqda şaxta idi. – Deyəsən, anam ona ərə gedir.
– Anan ərə gedir?
– Deyəsən.
Sənubərin heç kimi yox idi, təkcə anası var idi. Sənubərin anası dəmir yolunda
işləyirdi, bələdçi idi, iki gün evdə otururdu, üç gün səfərdə olurdu, ya da üç gün
evdə otururdu, bir gün səfərdə olurdu. Bu gün də səfərə çıxmışdı, sabah qayıdacaqdı.
Iki gündən sonra yenə gedəcəkdi. O, bir dəfə də olsun Sənubərin anası ilə kəlmə
kəsməmişdi, heç yaxından əməlli-başlı görməmişdi də onu, amma nədənsə, xoşu
gəlmirdi Sənubərin anasından, özü də buna təəccüb edirdi ki, niyə.
– Necə yəni ərə gedir?
– Necə, necə yəni? Ərə getmək bilmirsən nədir?
Əlbəttə, o bilirdi ki, ərə getmək nə deməkdir və onun ürəyindən gizli bir qorxu
keçdi: Sənubərin anası ərə getsəydi, onların görüşləri necə olacaqdı? Ağahüseyn
burada qalacaqdı, burada, bu balaca otaqda, onların bu balaca otağında?
– Əşşi, özünün xarabası var, təzə binada ev alıb. – Sənubər həmişə onun ürəyini
oxuyurdu. O, heç vaxt Sənubərə deməmişdi ki, səni sevirəm, səndən xoşum gəlir –
utanırdı belə sözlərdən, amma Sənubər həmişə onun ürəyini oxuyurdu, həmişə onun
fikirləşdiyini deyirdi, həmişə onun ürəyindən xəbər verirdi, hansı söhbəti
xoşlamadığını, hansı hərəkətdən xoşlandığını o saat hiss edirdi, hərdən elə olurdu ki,
o, ürəyində bir mahnının havasını çalırdı, birdən Sənubər həmin mahnını nazik səsi
ilə pəsdən oxumağa başlayırdı.
55
Sənubər yenə əlini onun cod qara saçlarında gəzdirdi, yəni ki, qorxma, mən bu
otaqdan gedən deyiləm, sonra qayğıkeş-qayğıkeş ona baxdı, sonra yenə onun başını
özünə tərəf çəkib sinəsinə sıxdı, yanağından öpdü.
O bütün ömrü boyu beləcə dayanmağa hazır idi, evlərini də, məktəbi də,
uşaqları da yadından çıxarıb, heç hara getməyib, heç nə etməyib bütün ömrü boyu
beləcə dayanmağa hazır idi, təki bu barmaqlar həmişə saçlarında gəzəydi, təki bu
balaca ürəyin çırpıntısını həmişə beləcə hiss edəydi, təki bu nöyüt pilətəsi beləcə
yanaydı həmişə, amma yenə başını çəkdi, yenə qorxdu ki, ağlayar, bilmirdi
nədəndir, həmişə belə dayananda onun ürəyi kövrəlirdi.
O, əlini Sənubərin çiyninə qoydu. Sənubər özü onun o biri əlini götürüb içi
dovşan dərili qolsuz kürkün üstündən sinəsinə qoydu.
Həmişə onun əli Sənubərin sinəsinə toxunan kimi ürəyi düşürdü, udqunurdu,
ona elə gəlirdi ki, boğazı qupquru quruyub, hiss edirdi ki, əlləri, bütün bədəni
titrəyir, Sənubər də bunu hiss eləyirdi və gülürdü, Sənubər beləcə gülümsəyəndə o,
elə hesab edirdi ki, bu – məhəbbətdir.
Sonra Sənubər özü iki əlini də kürkün üstündən onun əlinə yapışdırıb var gücü
ilə sinəsinə sıxdı, sonra onun yanaqlarından yapışıb özünə tərəf çəkdi və
dodaqlarından öpmək istədi. O, başını Sənubərin əlləri arasından dartıb çıxartdı – ən
çox belə şeylərdən utanırdı.
– Vallah, lap uşaqsan sən, lap uşaqsan! Bilmirəm sənin nəyinə vurulmuşam?
Sənubərin köşək gözləri güldü yenə. – Yəqin boy-buxununa, zırpılığına.
O cavab vermədi və üzünü Sənubərin çiyninə qısdı. O bilirdi ki, bütün sifəti
alışıb-yanır və istəmirdi ki, Sənubər bunu görsün. O bilirdi ki, bir azdan bədəninin
uçuntusu keçib-gedəcək, bir azdan Sənubərin ürəyinin döyüntüsü onu təmənnasız bir
aləmə çəkib aparacaq. Bu təmənnasız aləm bu balaca otaqdan – onların otağından,
bu balaca otaqdakı pilətə iyi və pilətə istisindən, bu pilətə iyini və pilətə istisini
təpədən dırnağa kimi bütün bədənlərilə hiss edən Sənubərdən və ondan ibarət idi;
lap kiçicik bir aləm idi, amma elə-belə kiçicik aləm yox, onların kiçicik aləmi idi.
O istəyirdi ki, Sənubər barədə hər hansı bir arvad barədə fikirləşəcəyi kimi
fikirləşməsin. O heç vaxt cəhd etməmişdi ki, Sənubəri çılpaq görsün. O, çılpaq
qızlar göstərilən kinolara üç-dörd dəfə gedib baxmışdı, amma istəmirdi ki, Sənubəri
çılpaq görsün. Hərdən gecələr yuxuda Sənubəri çılpaq görərdi, o saat da yuxudan
oyanardı, Sənubərin çılpaq bədənini başından çıxarmaq istərdi, futbol barədə
fikirləşərdi, gələcəkdə yazacağı ssenarilər, çəkəcəyi filmlər barədə fikirləşərdi,
haçandan-haçana təzədən yuxuya gedərdi.
O, sövq-təbii hiss edirdi ki, əgər bu cür olmasa, Sənubər onun başını döşlərinə
sıxarkən heç vaxt ürəyi kövrəlməyəcək. Düzdür, o, bu kövrəklikdən qorxurdu,
qorxurdu ki, Sənubər bunu görər, gülər: «Vallah uşaqsan!», amma ürəyinin lap
dərinliklərində – elə dərinliklərində ki, özü də bunu üzə çıxarmağa ürək eləmirdi –
hiss edirdi ki, bilirdi ki, uşaqlıq olsa da, əslində bu kövrəklik anı onun üçün həyat
deməkdir, yaşamaq deməkdir. Sənubər də bunu bilirdi və buna görə də hərdən
kefinə düşəndə onu lap cin atına mindirirdi.
– Uşaqsan, xalis uşaqsan! Ola bilməz ki, sənin on yeddi yaşın olsun! Ola
bilməz! Zırpısan, amma mən bilirəm, düz on yaşın var. Üzünü də yalandan hər gün
qırxırsan ki, tük gəlsin.