71
Həmin kinooperatorun başına qoyduğu qırmızı papaq Allahverdinin yadına
düşdü və bayaq gördüyü yuxunu da xatırladı və fikirləşdi ki, nə münasibətlə bu
qırmızı məxmər papağı başına qoyub rayondakı dəlləkxananın qabağında
durmalıymış? Orasını da fikirləşdi ki, axır günlər elə hey səfeh yuxular görür.
Allahverdi qayıdıb həyətlərinə girəndə Ayna arvad buzovu açıb buraxmışdı
Qızıl inəyin altına və buzov da anasının əmcəyini əmməkdə idi.
Ayna arvad artırmanın altında qırmızı kərpicdən hörülmüş kürədə ocaq çatıb
mis qazanda süd qaynadırdı.
Qəşəm kişi kürəklə tövlənin peyinini kürüyüb qurtarmışdı.
Allahverdi atın belindən atılıb göydəmir ürgəni tövləyə gətirdi, dəmir qaşovla
tumarlamağa başladı.
Qəşəm kişi xəlbirdən keçirtdiyi beş-altı qoşa ovuc arpanı axura tökdü və
axurdakı samanla qarışdırdı, sonra dəmir qaşovu Allahverdidən alıb:
– Yeri, bir-iki qucaq odun yar, – dedi.
Allahverdi tövlədən çıxıb artırmanın altında bir tərəfə dəstəçin yığılmış odundan
bir yekə qucaq götürdü və həyətin ortasındakı yoğun kötüyün yanına gəlib yarmağa
başladı. O, vələs saplı baltanı başının üstündə hərləyib odunları bir-bir parçaladıqca,
bədəninə bir istilik gəldi, canı qızışmağa başladı, yavaş-yavaş tərlədi və yavaş-yavaş
da bu çiskinli payızın ürəkqısan əhvali-ruhiyyəsi çıxdı getdi işinin dalınca.
Allahverdi düyünlü bir palıd kötüyünə möhkəm balta ilişdirib buğlana-buğlana
dedi:
–
Səftər müəllim xəstələnib yenə, birinci dərsimiz olmayacaq.
Artırmanın pilləkənində oturub acqarına papiros çəkə-çəkə Qızıl inəyin altındakı
buzova tamaşa edən Qəşəm kişi soruşdu:
– Yenə ayağının yelidi?
– Hə. – Allahverdi palıd parçasını tən iki yerə böldü və fikirləşdi ki, belədir
kənd həyatı, hamı bir-birini tanıyır və hamı da bilir ki, kim hansı dərdə mübtəladır.
Burası doğru idi ki, Allahverdi şəhər həyatı görməmişdi, yəni, dədəsi Bakıya
gedəndə hər dəfə iki-üç gündən artıq qalmamışdı dayısıgildə, amma orası da doğru
idi ki, Allahverdi kənd həyatı barədə fəlsəfəyə qapılırdı, çünki Allahverdi hiss
eləyirdi şəhər həyatını; yəni özünü gətirirdi gözlərinin qabağına və gözlərinin
qabağında da günlərlə yaşayırdı şəhərdə: səhər-səhər qəhvəxanaya girib sosiska
yeyirdi, günorta stadiona gedib futbola baxırdı, axşamçağı bulvarda gəzməyə çıxırdı
və başlayırdı heç vaxt görmədiyi adamların arasında gəzişməyə. Bundan gözəl şey
var ki, hər gün təzə adamlar görəsən? Yəni bundan gözəl şey var ki, hər gün
yuxudan durasan və bütün gün ərzində küçələrdə, mağazalarda, bağda-bağatda
indiyəcən görmədiyin adamlar görəsən?
Qabaqlar – üç-dörd il bundan əvvəl, Bakıdan gələn asfalt yol Allahverdigilin
kəndlərinin böyründən ötüb gedirdi. Allahverdigil də – kəndin bütün uşaqları –
həmişə yığışırdılar yolun qırağına və saatlarla oturub Bakıdan gələn, Bakıya gedən
maşınlara tamaşa edirdilər.
Bir də görürdün bir maşın dayandı onların yanında və sürücü başını çölə çıxarıb
nə isə soruşurdu onlardan – bu yol filan yerə gedir? Bu kəndin adı nədir? Filan yerə
neçə kilometr qalıb?.. – onlar da canfəşanlıqla, bir-birinin sözünü kəsə-kəsə cavab
verirdilər, başa salırdılar. Ya da bir şey lazım olurdu, məsələn, maşına tökməyə su
lazım olurdu, sürücü su istəyirdi, uşaqlar da hamısı su dalınca qaçırdı, hamısı
istəyirdi ki, köhnə kameralardan kəsib düzəltdiyi rezin vedrəsini birinci gətirsin və
onun gətirdiyi suyu maşına töksünlər; hamı – təkcə Allahverdidən başqa.
72
Allahverdi heç hara qaçmırdı, elə-beləcə dayanırdı yolun qırağında və başlayırdı
maşının içindəki
adamlara tamaşa eləməyə, sonra da gecələr yuxu görürdü, cürbəcür
yuxular: özü gedərdi maşında, özü termosdan çay töküb içərdi, özü geyərdi şəhərli
uşaqların geydiyi rəngbərəng paltarları.
Üç-dörd il bundan əvvəl təzə yol çəkdilər və bu təzə yol daha Allahverdigilin
kəndlərinin böyründən deyil, birbaş rayon mərkəzindən keçirdi. Uşaqlar daha bu
yolun qırağına yığışmırdı, çünki daha bu yoldan maşın gəlib-getmirdi, gələndə də
rayondan kəndə gəlirdi, kənddən rayona qayıdırdı.
Allahverdi odunu gətirib kürənin yanında dəstəçin elədi və Qəşəm kişi də
əlindəki papirosun kötüyünü ocağa atıb dedi:
– Apar heyvanı qat naxıra.
Qəşəm kişi həmişə buyruq verirdi, guya ki, Allahverdi öz işini bilmir – gündəlik
işlər idi və bu günlər də Allahverdi üçün bir-birinin güzgüdəki əksi idi.
Ayna arvad buzovu Qızıl inəyin altından dartıb çıxartdı ki, kəndin buzovlarına
qatsın. Allahverdi də Qızıl inəyi darvazadan adladıb üzüaşağı gedən kəndarası araba
yoluna düşdü və yenə də bayaqkı yuxusunu xatırladı və təzədən fikirləşdi ki, nə
münasibətlə şəhərdən gəlmiş həmin kinooperatorun əcaib papağını başına qoyub
rayondakı dəlləkxananın qabağında durmalıymış?
Allahverdi bir şey barədə fikirləşəndə, yarımçıq qoymazdı, axırına çatmasaydı,
olmazdı.
Indi də naxıra qatmaq üçün o həyətdən, bu həyətdən heyvan çıxarıb bir-biriləri
ilə salamlaşan, bir-birilərinə atmaca atan kəndlilərinə məhəl qoymadan xeyli götür-
qoy eləyəndən sonra axırda bu qərara gəldi: ona görə yuxuda həmin əcaib qırmızı
məxmər papağı başına qoyub rayondakı dəlləkxananın qabağında durmuşdu ki,
başqaları kimi həmin papağa lağla baxmırdı, ürəyinin dərinliyində lap həsədlə
baxırdı həmin papağa.
Allahverdi bu qərara gəlib çıxdı və nədənsə, bu fikir onu birdən-birə kefsizlətdi,
bayaq başının üstünə qaldırıb-endirdiyi baltanın gətirdiyi hərarət canından çıxıb
getdi və o, yenə də üşüməyə başladı və yenə də ürəyində bu çiskinli payızı söydü.
Arxadan onu səslədilər:
– Ə, Allahverdi!
Allahverdi geri qanrıldı və camışını qabağına qatıb ona tərəf addımlayan Salman
kişiyə baxdı:
– Nədi?
– Şükürün qızı sənnən oxuyur?
Allahverdi elə bil bir balaca diksinən kimi oldu, sonra da dedi:
– Hə.
Salman kişi demisindən dərin bir qullab vurub:
– Onu kinoya çəkəcəklər, – dedi.
Allahverdi qulaqlarına inanmadı:
– Nə?
– Kinoya çəkəcəklər onu. Nadir çəkəcək. Deyir ki, yaman kinoya düşən qızdır.
Nadir həmin əcaib papaqlı kinooperator idi. Salman kişinin Bakıda yaşayan oğlu
ilə dostluq edirdi və buna görə də düşmüşdü Salman kişigilə. Salman kişi qonağının
adını qürurla çəkirdi və ona əməlli-başlı hörmət edirdi, hərçənd özü də ürəyində
həmin qırmızı papaqdan pərt idi bir balaca. Allahverdi bilirdi ki, Salman kişi onun
tayı-tuşu deyil və zarafat etmir, amma, həqiqətən, çox gözlənilməz xəbər idi.
– Necə yəni kinoya çəkəcək?