66
Qara Kepka isə həmin günü mehmanxanadan çölə çıxmadı, istəkli zövcəsi
Çadra xanımla oturub xeyli məsləhətləşdi və düz üçcə gündən sonra şəhər qəzetində
Qara Kepkanın böyük bir oçerki çap olundu. Oçerkin adı «Adımızı nəhəng dağlar
qədər ucaldanlar» idi, özü də bəhs edirdi Çal Papaqlardan, Çal Papaqların arasındakı
dostluqdan, sirdaşlıqdan, özü də elə bəhs edirdi ki, adam oxuyub qurtarandan sonra
deyirdi ki, bir də oxuyum, bir də oxuyandan sonra deyirdi ki, bir də oxuyum, axırda
da deyirdi ki, bərəkallah və mərhaba!
Çal Papaqlar da bu böyük oçerki oxuyub qurtarandan sonra xeyli feyziyab
oldular, gözləri yaşardı və bir-birinə baxıb dedilər ki, aya, nə gözəl baş geyimiymiş
bu Qara Kepka! Biz tilsimdəyikmiş, ya nə imiş ki, bunu görə bilmirmişik?!
Axşam Çal Papaqlar restorana üç nəfər girdilər: Birinci Çal Papaq, Ikinci Çal
Papaq və bir də ki, Qara Kepka. Yedilər, içdilər və xeyli nuş oldu və kefləri də
dupduru.
Qara Kepka əvvəlcə qalxıb Çal Papaqların ikisinin də şərəfinə birdən sağlıq
dedi, sonra da əlifba sırası ilə əvvəlcə Birinci Çal Papağın şərəfinə, bir dəfə də Ikinci
Çal Papağın şərəfinə sağlıq dedi.
Axırda son dərəcə mütəəssir olub gözləri yaşarmış Çal Papaqlar ikisi də birdən
qalxıb Qara Kepkanın sağlığına:
– Yaşasın təmiz qəlbli, mərd ürəkli, obyektiv fikirli Qara Kepka! – dedilər. –
xörəkpaylayan Silindrlə haqq-hesablaşıb restorandan çıxdılar və o gündən də Qara
Kepka oldu Çal Papaqların ikisinin də canbir sirdaşı.
Qara Kepka hər dəfə Çal Papaqlardan ayrılıb mehmanxanaya gələndə sədaqətli
həyat yoldaşı Çadra xanım ondan soruşurdu:
– Əziz ərim Qara Kepka, işlər necə gedir?
Qara Kepka da cavab verirdi ki:
– Işlər pis getmir, mehriban sevgilim Çadra xanım.
Çadra xanım gülürdü, amma elə gülürdü ki, əziz əri Qara Kepkadan başqa heç
kim eşitməsin:
– Hi-hi-hi.
Qara Kepka da qoşulurdu ona:
– Ha-ha-ha... – Amma o da, elə gülürdü ki, mehriban sevgilisi Çadra xanımdan
başqa heç kim eşitmirdi.
Bu minval ilə dəqiqələr saat olurdu, saatlar gün, günlərin də ay olmağına az
qalmışdı ki, Çadra xanım ərinin baxmaqdan doymadığı qara gözlərinə bir də baxıb
bir balaca təşvişlə dedi:
– Ezamiyyətin qurtarmağına az qalıb ha...
Qara Kepka tən ortasındakı düyməni qaşıyıb dedi:
– Doğrudur, vaxtdır daha!
Qara Kepka axşamçağı mehmanxanadan çıxanda Çadra xanım ərinin ardınca bir
stəkan su atdı və Qara Kepka da birbaş gəldi Birinci Çal Papaqgilə.
Birinci Çal Papağın kefi kök idi yaman, Seyid Əzim Şirvaninin qəzəllərini
«Segah» üstündə dodaqaltı zümzümə edirdi, Qara Kepkanı görən kimi lap kökəldi
kefi, keçdi «Çahargah»a. Sonra bir xeyli hal-əhval tutdular, bir-birilərinə «maşallah»
dedilər ki, göz dəyməsin və nəhayətdə Qara Kepka gəldi mətləbə:
– Möhtərəm Çal Papaq! Güman edirəm ki, siz mənim sədaqətimi və sizə qarşı
hədsiz hörmətimi hiss etməmiş deyilsiniz.
– Biz sənin dostluğunu düşmənlərimizə verdiyin cavablardan görmüşük, səni
bərkdə-boşda sınamışıq, əziz Qara Kepka, belə sözlər nəyə lazım?
67
– Bilirsinizmi, məsələ bir az başqa cürdür... – Qara Kepka tən ortasındakı
düyməni qaşıyıb bütün təcrübəsini səfərbərliyə aldı. – Möhtərəm və möhtəşəm Çal
Papaq, mən son əsərimi sizdən, sizin dərinizin əla keyfiyyətindən, sizin tükünüzün
ipək incəliyindən, zərif qıvrımlarından yazmağı qərara almışam, sizi tikən
papaqçının mahir sənətkarlığını tədqiq etmək istəyirəm. Otuz beş çap vərəqi
həcmində olacaq bu əsər. Lakin...
– Lakin?
– Bəli.
– Nə lakin?
– Bilirsinizmi, möhtərəm və möhtəşəm...
– Qısa elə, Qara Kepka!
– Məni qoymurlar bu istəyimə nail olum.
– Necə?! Kim buna cürət edir?
Çal Papağın nəriltisində elə bir zəhm var idi ki, gözlərini elə bərəltmişdi ki, gəl
görəsən, amma zalım Qara Kepkanın nə dili dolaşdı, nə də canına üşütmə düşdü.
– Sizin dostunuz Çal Papaq!
– Nə?!!
– Bəli. Lakin bu, hələlik öz aramızda qalmalıdır, möhtərəm və...
Çal Papaq Qara Kepkanın sözünü kəsib dimdiyindən yapışdı ki, yapışdı, sıxdı,
sıxdı:
– Yalan dediyini təsdiq et, vicdansız, təsdiq et!!!
– Əfsuslar olsun ki, bu yalan deyil, möhtərəm və möhtəşəm və mötəbər Çal
Papaq, acı həqiqətdir. Mən sizə demək istəmirdim, lakin...
Çal Papağın əlləri süstəldi, dağ qaməti büzüşdü – şair yaxşı deyib: «Döydü
yağış məni, döydü qar məni, bir qarışqa minsəm, aparar məni».
– Yox! Yox! Bu ola bilməz! Bu mümkün olan şey deyil. Düzünü de, Qara
Kepka, vicdanına and verirəm, düzünü de!
Qara Kepka sidq-ürəkdən vicdanına and içdi ki, düzünü deyir, otuz beş çap
vərəqi həcmindəki kitabının qarşısına çıxan maneə budur ki, var.
Çal Papaq inildədi, yəni sizə güvəndiyim dağlar, sizə də qar yağarmış, sizi də
çən basarmış, ay dad, ay bidad, sizin də üstünüzü duman alarmış...
Qanadları qırılmış Çal Papaq inildəməkdə olsun, sizə kimdən xəbər verim, Qara
Kepkadan. Qara Kepka eləmədi tənbəllik, Birinci Çal Papaqgildən çıxıb gəldi Ikinci
Çal Papaqgilə, yenə Birincigilə, təzədən Ikincigilə və nə etdi, nə etmədisə – zalımın
qorxusu yox idi! – yavaş-yavaş Birinci Çal Papaq durub-oturub Ikinci Çal Papağı
ifşa etməyə başladı, Ikinci Çal Papaq da Birinci Çal Papağı, amma Qara Kepka bu
Çal Papaqgildən o Çal Papaqgilə, o Çal Papaqgildən bu Çal Papaqgilə gedib-
gəlməkdən yorulmadı ki, yorulmadı və bu təşriflərin sayəsindəydi ki, bazarda
Birinci Çal Papağın qızı Kəlağayıya rast gələn Ikinci Çal Papağın oğlu Araqçın
arxadan qıza bir kəllə vurdu ki, biçarə qız üzüqoylu sərildi yerə və yaxındakı
aptekdə burnuna naşatır spirti tutmasaydılar ayılan deyildi. Araqçın da dabanına
tüpürüb qaçdı evə.
Amma bununla qurtarsaydı, yenə abırdan idi – Çal Papaqlar özləri evdən çıxıb
düşdülər küçənin ortasına: o buna yumruq, bu ona şillə, o buna təpik, bu ona
badalaq. Cəmi-aləm də ki, çıxmışdı tamaşaya.