84
Tərdən ağ köynəyi bədəninə yapışmış sürücü acıqlı-acıqlı Baladadaşa baxıb nə
isə demək istədi, amma bu zaman qapının ağzında dayanmış Sevil
Baladadaşa baxa-
baxa pıqqıldadı və sürücü də daha heç nə demədi. Baladadaş «aerodrom» kepkasının
yekə dimdiyi altından Sevilə baxdı, sonra əlindəki taxta parçasını səkinin üstünə
qoyub ayağa qalxdı, açılıb-örtülən bıçağını bağlayıb cibinə qoydu və ədəb-ərkanla
parusin şalvarının dalını çırpıb asta addımlarla maşına yaxınlaşdı.
Sevil günün bu cırhacırında Baladadaşın başına qoyduğu kepkaya, qulağının
dibindəki siqaretə baxdı və yenə də pıqqıldadı.
Baladadaş gözucu qıza baxdı və halına təfavüt qoymadan sürücüyə işarə elədi
ki, paltar dolabını aşağı itələsin, özü isə kürəyini maşının başına söykəyib əllərini
yuxarı qaldırdı.
Sürücü əvvəlcə tərəddüd etdi, çünki dolab çox yekə idi, Baladadaş cılız, amma
Baladadaşın inamı ona da sirayət etdi və o, hıqqana-hıqqana paltar dolabını
Baladadaşın kürəyinə endirdi.
Baladadaş əlləri ilə başının üstünə əyilmiş dolabı tutub addım atmaq istədi,
amma ağırlıq altında dizləri titrədi, gözləri qaraldı və o, bircə anın içində fikrindən
keçirdi ki, əgər bu saat bu ağır yükün altından qaçmasa nə əsgərliyə gedə biləcək, nə
də Əhmədağa kimi kursa girəcək, anası da ağlar qalacaq evdə və yadından çıxartdı
ki, yanında on səkkiz yaşlı gözəl bir qız var və qızın adı Sevildi və Sevil yaman
güləndi.
Baladadaş güclə kənara sıçradı ki, ağır dolabın altında qalıb xurd-xəşil olmasın
və dolab da bayaqdı ha, gumbultu ilə ağzı üstə yerə – qır səkinin üstünə düşdü.
Paltar dolabının gurultusundan sonra bir anlıq sükut çökdü və yalnız bu bir anlıq
sükutdan sonra Sevil əvvəlcə pıqqıldadı, sonra da lap şaqqanaq çəkib güldü və onun
bu gülüşü elə bil ki, kök qadını yuxudan oyatdı:
– Vaxsey-y!..
Baladadaş əvvəlcə ağzıüstə yerə sərilmiş dolaba, sonra da gülüşü ilə kəndin
həmişəki yeknəsəqliyini alt-üst edən Sevilə baxdı və dedi:
– Eyb etməz, düzəldərik.
Kök qadın özünü saxlaya bilmədi:
– Nəyi düzəldərik, ay mən deyən? Xəşilə döndərmisən şifoneri, indi də deyirsən
düzəldərik?!.
Sevil yenidən şaqqanaq çəkib güldü.
Yəqin ki, Murad yoldaşa nə cavab verəcəyi barədə düşünən sürücü matı-qutu
qurumuş halda maşının banında dayanıb yuxarıdan-aşağıya Baladadaşa baxırdı və
ağzını açıb bircə kəlmə də deməyə halı yox idi.
Baladadaş isə gözlərini dolabdan çəkib yenə Sevilə baxdı və birdən-birə başa
düşdü ki, cəmi yarımca saat bundan əvvəl heç tanımadığı bu on səkkiz yaşlı gözəl
qız onun üçün çox doğma və əziz bir adamdır, bu hiss onun bütün bədənindən axıb
keçdi və ona elə gəldi ki, dənizin ləpələri bütün bədənini oxşadı; dənizi isə
Baladadaş kimi duyan, hiss edən ikinci adam tapmaq çətin işdi.
Baladadaşın ilk məhəbbəti belə başladı və bu ilk məhəbbətin ilk günortası həmin
bu dolab əhvalatı ilə sona yetdi; Baladadaş əvvəlcə parusin şalvarının dalını çırpdı –
guya ki, yenə səkinin üstündən qalxırdı və sonra heç nə olmayıbmış kimi, geri
dönüb təkcə Baladadaşın gəzə biləcəyi asta və biganə yerişlə uzaqlaşdı.
85
Hər tərəf dəniz idi və bu saat dənizdə balıqlardan başqa bir də Baladadaş
üzürdü; balıqlar görünmürdü, amma Baladadaşın başı dənizin üzərində qaralırdı,
batırdı, çıxırdı; Baladadaş elə ehmallıca üzürdü ki, dənizin sakitliyi də öz
sakitliyində qalırdı, səssizliyi də öz səssizliyində.
Baladadaş suyun üzərində arxası üstə çevrildi və gözlərini göyə dikdi; göy də
dəniz kimi intəhasız idi və bu göyün altındakı dənizdə bir Baladadaş var idi, bu
Baladadaşın isə ürəyində on səkkiz yaşlı gözəl bir qız var idi; bu qızın adı Sevil idi,
özü də yaman güləyən idi.
Həmin güləyən qız indi oturmuşdu təzə həyətlərindəki iri əncir ağacının altında,
amma daha gülmürdü, əllərini xurmayı saçlarının arasından başının arxasında
çarpazlayıb iri göy gözlərini zilləmişdi səmaya; səmaya baxırdı və şer deyirdi:
Kak proşalis, strastno klyalis
V vernosti lyubvi...
Vmeste tayn priobşalis,
Peli solovi...
Vzyal qitaru na proşane
I u strun istorq
Vse priznanya, obeşanya,
Vsey duşi vostorq...
Da, toska zapolnila,
Porvalas struna...
Ne znala b, da ne manila
Dalnya storona!
Vspominay je, radi boqa,
Vspominay menya,
Kak sedoy tuman iz loqa
Vstanet do pletnya...
Şeri deyəndən sonra əllərini geniş açıb gərnəşdi və yalnız bu zaman hasarın
üstünə dırmaşıb ona baxan Baladadaşı gördü, əvvəlcə bir balaca duruxan kimi oldu,
ondan soruşdu:
– Sən də şer bilirsən?
– Nöş bilmirəm?
Sevil yenidən dikəlib maraqla dedi:
– Yox a?... – Elə bil inanmırdı ki, Baladadaş şer bilir. – De də birini.
– Məktəb-zaddı bəyəm?...
Əlbəttə, Baladadaş bir para şer bilirdi, amma Baladadaş onu da bilirdi ki, bu
şerlərin heç biri Sevilə layiq deyil; yəni Sevilin, bu təmiz göyün, bu səssiz-səmirsiz
dənizin, bax, indiki bu dəqiqənin şerləri deyil o şerlər; Baladadaş onu bilirdi ki,
təmiz göyə baxıb şer deyən qızla lap incə, zərif danışmaq lazımdır, amma məsələ
burasında idi ki, Baladadaş incə və zərif danışa bilmirdi.
Əslində Baladadaş bunu ancaq indi hiss elədi, indi hiss elədi ki, o, yəni on
səkkiz yaşı ilə bərabər məktəbi də yenicə bitirmiş məşhur şumaqədər ustası
Baladadaş qızla incə və zərif surətdə, yaxşı sözlər işlədə-işlədə danışmaq
qabiliyyətində deyil.