103
Uşaqlar, yəni Kərim kişinin nəvələri. Beş nəvəsi vardı: böyük qızı
köçürmüşdülər – özü də, əri də neftçi idi, ondan kiçiyi Odessada gəmiçilik
institutunda oxuyurdu, qalan üç nəfər isə hələ məktəbə gedib-gəlirdi. Bunlar hamısı
Cavanşirin balaları idi. Heybət isə müharibədən qayıtmamışdı, tək gəlmişdi, tək
getmişdi, həmişə də otaqda divardan asılmış şəklindəki kimi cavan qalmışdı.
Mahnının səsi kəsildi və indi yalnız çovğunun vıyıltısı eşidilirdi, bir də haradasa
lap uzaqlarda elə bil ki, bir it hürürdü. Bu it hürüşü Kərim kişinin əhvalını lap pozdu
və o, ürəyində öz-özünə yağlı bir söz dedi.
Cavanşirin arvadı Fazilə mətbəxə girib suçlu adamlar kimi:
– Sabahınız xeyir, – dedi. – Sonra qazı yandırdı, çayniki odun üstünə qoydu və
Kərim kişinin gözünə görünməsin deyə tələsik də mətbəxdən çıxdı.
Kərim kişi gəlinin salamını almadı, amma özü də özünü məzəmmət elədi ki,
nahaq iş gördü, çünki məlum məsələydi ki, qarın, çovğunun bu cür həyasızlıq
eləməsində gəlinin heç bir təqsiri yox idi.
Bir azdan otaqda oturub səhər çayı içəndə Cavanşir arvadına dedi ki, heç
bilmirəm işə necə gedib çıxacağam, nə maşın işləyir, nə avtobus. Bu sözləri açıq-
aşkar surətdə Kərim kişiyə eşitdirirdi, yəni ki, bu havada evdən bayıra çıxmaq
mümkün olan iş deyil. Sonra bununla da kifayətlənməyib dedi ki, elektrik qatarları
da Sabunçu vağzalında yatıb qalıb, çünki dəmir yolunu qar basıb.
Kərim kişi bu sözləri eşidəndə armudu stəkandakı çayını yarımçıq qoydu mizin
üstünə, ayağa qalxdı və mətbəxə keçib yenə də pəncərədən həyətə baxdı: çovğun
qiyamət qoparmışdı.
Məsələ burasında idi ki, Kərim kişi pensiyaya çıxdığı vaxtdan ta indiyə kimi,
yəni on beş ildən bəri yaydan başqa, qalan aylarda da hər gün, uzaq başı iki gündən
bir Bilgəhdəki bağına gedirdi, meynələrə, əncirlərə, narlara qulluq edirdi, bostan
salırdı, gül-çiçək əkirdi, uzun sözün qısası, Bilgəhdəki dədə-baba bağları ilə sidq-
ürəkdən dostluq edirdi; bağ kişini başa düşürdü, kişi də bağın işinə yarayırdı.
Srağagün də bağda idi və srağagün adamın heç ağlına gəlməzdi ki, hava belə
dəyişəcək, beləcə qar-çovğun başlayacaq. Şəhərə qayıdanda Nabranın boynuna
zəncir salıb damda bağladı ki, açıq qalıb yalaqlanmasın, qabağına da evdə hazırlayıb
gətirdiyi yaldan nə qalmışdısa onu qoydu. Sabah tezdən, yəni ki, dünən yenə
gələcəkdi, amma srağagün gecədən qar başladı, dünən də dayanmaq bilməyib yağdı
və Cavanşirlə Fazilə də onu yoldan elədilər ki, sabah, yəni bu gün hava düzələr,
gedərsən.
Bu gün çovğun dünənkindən bərk başlamışdı və Nabran da zəncirə bağlı
qalmışdı bağda.
Bir dəfə – dörd-beş il bundan əvvəl, yay vaxtı uşaqlarla birlikdə Nabrana
getmişdilər və Kərim kişi oradan bir ovçarka küçüyü alıb gətirmişdi, uşaqlar da bu
küçüyün adını qoymuşdular Nabran. Kərim kişi onu bağda saxlayırdı, Nabran da
böyüyüb bir it olmuşdu ki, gəl görəsən və indi həmin bu it qarın, çovğunun bu
vurhavurunda ac-susuz qalmışdı Bilgəh bağındakı damın içində.
104
Kərim kişigilin evi birinci mərtəbədə idi, ata-babadan burada yaşayırdılar və
indi külək qarı evin bayır qapısının ağzına elə yığmışdı ki, Cavanşir qapını aça
bilmirdi. Axır ki, qapını bir balaca aralayıb zorla bayıra çıxdı və birdən-birə
arakəsməyə elə güclü külək əsdi, bir göz qırpımında içəri o qədər qar doldu ki, elə
bil Bakıda yox, Şimal Buzlu okeandasan. Kərim kişi mətbəxdəki köhnə sandığın
arxasından neçə ildən bəri işsiz-gücsüz qalmış beli götürdü və bayır qapısına
yaxınlaşıb bütün bədəni ilə sərt soyuq hiss eləyə-eləyə onu qapının arasından oğluna
uzatdı:
– Təmizlə!
Cavanşir qapını örtüb çöldə bir xeyli əlləşdi, vuruşdu və yalnız bundan sonra
qapını tamam aça bilib təzədən içəri girdi, göyərmiş əlləri ilə qıpqırmızı sifətini
ovuşdurdu, kürkünün yaxasını çırpdı və elə bil bu şücaətindən bir az ürəklənib
dinməz-söyləməz qarşısında dayanmış Kərim kişiyə:
– Əşşi, çıxıb-eləməyəsən ha, yaman pis havadı, – dedi.
Fazilə də böyürdən:
– Zəhrimara qalsın belə havanı! – dedi, özü də elə dedi ki, yəni ay Kərim əmi,
bizə niyə acığın tutur, biz neyləyək, sən yaşda adam bu havada, bu vurhavurda
Bilgəhə necə gedib çıxacaq, necə qayıdacaq?
Əlbəttə, Fazilə də, Cavanşir də bilmirdi ki, əslində – lap doğrusu bu idi ki, var –
Kərim kişinin acığı özünə tutub, öz səksən yaşına.
– Mən özüm gedərdim, amma indi işin elə vaxtıdı ki, qoyub getmək olmur...
Bu sözləri Cavanşir dedi və Kərim kişi də onun başqa söz deməsinə imkan
verməyib:
– Yaxşı, yaxşı, yeri get işinə, – dedi.
Kişi dilləndi deyə Fazilənin eyni açıldı. Cavanşir də gülümsəyib:
– Yaxşı, mən getdim, – dedi və hələ də nigarançılıqdan qurtarmayıb əlavə elədi:
– Amma çıxmayasan ha!..
– Çıxmaz, çıxmaz. – Bu sözləri də Fazilə dedi, yəni ki, arxayın ol, qoymaram
getsin.
Kərim kişi bu dəfə də özünü saxlaya bilməyib gəlininə tərs bir nəzər saldı və
otağa keçdi.
Cavanşir gəmi təmiri zavodunda işləyirdi, mühəndis idi və məlum məsələydi ki,
işi başlı-başına buraxıb Nabranın dalınca Bilgəhə gedə bilməzdi. Cavanşir neftçi
deyildi (Heybət neftçi idi), amma necə olsa da, işi dənizlə bağlı idi, neft iyi ilə,
mazutla bağlı idi və elə buna görə də oğlunun işinə Kərim kişinin hörməti vardı.
Məsələ burasındaydı ki, Kərim kişinin oğlundan, gəlinindən, nəvələrindən, dost-
tanışlarından, qohum-əqrəbadan, uzun sözün qısası, bütün yaxın adamlarından başqa
dünyada üç istəklisi var idi: birinci – neft, yəni ki, neft iyi, neft rəngi, neft həsrəti,
neft sevinci; ikinci – dəniz, yəni ki, dənizin uğultusu, mülayimliyi, xəzrisi, göylüyü,
böyüklüyü, dalğası, ləpəsi; üçüncüsü də – yaşıllıq, yəni ki, kol-kos, çəmənlik-
çiçəklik, bir sözlə, alaqdan tutmuş çinara kimi nə vardısa da hamısı.
– Sabahın xeyir, ay baba. Mamaya deyəcəksən məni həyətə buraxsın? – Bunu
indicə yerindən qalxıb gözlərini ovuşdura-ovuşdura arakəsmədəki tualetə gedən
Ayaz dedi.
– Get əl-üzünü yu, dinməz-söyləməz gəl otur, çörəyini ye. – Bunu da Kərim kişi
dedi və Ayaza məlum oldu ki, babasının qanı qaradı və bu gün onunla zarafat
eləmək olmaz.