94
O zaman gələcəkdə onu həmin qar gəzintisi gözləyirdi, səhnədə onu
Dezdemona, Luiza, Gültəkin gözləyirdi, lap o vaxtdan Ofeliyanın mahnısını
əzbərləmişdi və bu mahnı da səhnədə onu gözləyirdi. Əlbəttə, o zaman heç ağlına
gətirməzdi ki, bir vaxt gələcək və beləcə gecə vaxtı qəddar Tülkünün sözlərini
əzbərləyəcək, min cürə fəndgirlik edib Hacıleyləyin gözlərini yaşlı qoyacaq, çünki o
zaman ağlı hələ kəsmirdi ki, hamı Dezdemona ola bilməz, Tülkünü də oynamaq
lazımdır və Tülkünü oynamaq da yuxusuz gecələr istəyir, istedad istəyir. O zaman
hələ orasını da bilmirdi ki, Stanislavski deyib: rolun böyüyü, kiçiyi yoxdur, artistin
böyüyü, kiçiyi var.
Bu başqa məsələ ki, dünyada nə Tülkü olaydı, nə onun mişarı, təkcə elə
Hacıleyləklər olaydı, ceyranlar, cüyürlər olaydı, güllər, çiçəklər olaydı. Səmayə
bunu fikirləşdi və pəncərədən quşbaşı qara baxa-baxa gülümsədi, çünki meşə
çaqqalsız olmaz deyiblər, həm də lap uşaq fikirləridir bu.
Belə çaqqallardan birisi də, heç şübhəsiz – Fatmanın qulağından iraq – onun
keçmiş başabəla sevgisi idi, yəni ki, Fatmanın üzdən iraq atası. Əvvəlcə bir-iki ay
sevgilisi, sonra üç-dörd ay yarımsevgilisi oldu, sonra da lap çaqqala döndü, çünki
Nuh-Nəbidən çaqqal imiş və elə ki, onun çaqqallığı tamam-kamal məlum olmuşdu,
Səmayə Fatmanı da götürüb çıxıb getmişdi.
Onda Fatmanın iki yaşı var idi, indi Fatmanın on beş yaşı tamam olub və lap
qabaqlar Səmayənin heç ağlına gəlməzdi ki, Dezdemonadan, Luizadan, Gültəkindən
əvvəl onu gələcəkdə gözəl-göyçək bir Fatma gözləyir, elə bir Fatma ki, onu
dünyanın ən xoşbəxt adamı edəcək və bu xoşbəxtlik yanında qarlı gəzinti həsrəti də,
Dezdemona, Luiza, Gültəkin həsrəti də bir heç olacaq.
Səmayə yenə də gəlib əlini qızdırıcıya uzatdı və bu dəfə ocaqçı Məmmədəlinin
qarasına deyinmədi, çünki borular yavaş-yavaş qızırdı və borular qızdıqca da otaq
yavaş-yavaş istiləşirdi; belə qış gecələri otaq qızandan sonra daha adam
qəribsəmirdi, pis-pis fikirlər girmirdi başına.
Səmayə o biri otağa keçib Fatmanın üstündəki yorğanı ustufca rahatladı və
soyunub öz yerinə girdi, tələm-tələsik yorğana büründü və elə bildi ki, Hacıleylək
gəlib öz yuvasına, balası da yanında. Sonra Tülkü yadına düşdü, sonra Çaqqal
yadına düşdü, sonra da Fatmanın atası yadına düşdü və Fatmanın on yaşı tamam
olandan sonra atası ilə ilk dəfə gəzməyə çıxmağa icazə verdiyi günü xatırladı.
Əslində bu gəzintini Səmayə özü təşkil elədi, hər nə idi, hər kim idi, uşağın atası idi.
Həmin gün Fatma ömründə ilk dəfə o vaxta qədər təsadüfdən-təsadüfə gördüyü atası
ilə gəzməyə çıxdı və evə qayıdandan sonra Səmayəyə birinci sualı bu oldu:
– Mama, atam doğrudan injinerdi?
«Amma yaman da injinerdi! Avaranın biridir ki, gündüz çıraqla da axtarsan
beləsini tapmazsan!» – bunu Səmayə ürəyində dedi, dilinə isə, aydın məsələdir ki,
başqa söz gətirdi:
– Əlbəttə. Nədir ki?
Fatma çox ciddi surətdə dedi:
– Dedilər durakdır.
Səmayənin gözləri kəlləsinə çıxdı:
– Nə?!
Fatma cidd-cəhdlə anasını başa saldı:
– Durakdır dedilər... Mənimlə söhbət edirdi, amma başqa xalaya baxırdı. Sonra
guya ki, başını qaşıdı, amma xalanın dalınca baxdı, sonra bilmirəm nə oldu, sonra da
xala geri dönüb dedi ki, durak!
95
«Kül olsun belə kişinin başına! Uşağın yanında da özünü saxlaya bilməyib.
Biabır elədi bizi, köpəkoğlu!» – bunu da, təbii ki, Səmayə ürəyində dedi, amma lap
əməlli-başlı utandı Fatmadan və elə buna görə də qızına bozardı:
– Bir də belə şeylər danışma! Adam atasına elə söz deməz!
O vaxtdan xeyli keçmişdi, çox qar yağmışdı, çox gün çıxmışdı. Fatma indi atası
ilə ildə-ayda bir dəfə görüşürdü, özü də həvəssiz. Bu bir tərəfdən yaxşı idi, bir
tərəfdən də, məlum məsələdir ki, pis. Yaxşı idi ona görə ki, o cür ipi çürük adamla
nə qədər az görüşsən bir elə çox qazanarsan. Pis idi ona görə ki, niyə axı, belə olmalı
idi, niyə bu cür gözəl-göyçək Fatmanın atası çaqqal olmalı idi? Niyə qarlı gəzinti
həsrəti bax, beləcə, bu qış gecəsi Səmayənin ürəyini gizildətməli idi? Niyə?
Əşşi, iş ki, düşdü «niyə?»lərə, onda heç nə. Onda gərək Ofeliyanın mahnısının
da oxunmadığını fikirləşəsən. Onda gərək yenə də ürəyini verəsən Gültəkinin
iztirablarına. Onda gərək Dezdemonanın taleyi ilə bərabər öz taleyini də düşünəsən.
Və onda gərək yenə də səhərə kimi yatmayasan, elə fikirləşəsən, fikirləşəsən,
fikirləşəsən. Səhərə kimi fikirləşəsən.
Səhər isə teatrda məşq var, «Tülkü və Hacıleylək balaları»nın məşqi.
Səmayə otağın qaranlığında yanındaca mışıl-mışıl yatan Fatmaya baxdı, sonra,
elə bil, bayırdakı qarın soyuqluğunu yatağında hiss elədi və yerində büzüşüb bərk-
bərk yorğana büründü, lap sidq-ürəkdən əsnəyib fikirləşdi ki, amma Fatma da
yaman bicəngənədir, elə birinci gün hiss eləmişdi çaqqalın çaqqallığını. Bunu
fikirləşdi və gülümsədi.
Özü öz dərdinə gülümsəməyi öyrənmişdi Səmayə.
2. Gümüşü gün sevinci
Qardan sonra Səmayənin gümüşü günləri olardı və həmin gün də Səmayənin
gümüşü günlərindən idi. Həmin gün ki, Səmayə teatrdan çıxıb evə gəlirdi və
ürəyindəki gümüşü gün sevinci ilə Fatması barədə düşünürdü.
Fatmanın təzə rəfiqəsi var idi, adı Gülüş idi, özü də yaman cici-bacı olmuşdular,
hər gün bir yerdəydilər.
Keçən yay Səmayəyə təzə ev vermişdilər və onlar indi yaşadıqları bu təzə
binaya köçəndən sonra Fatma məktəbini də dəyişmişdi, lap bu yaxındakı məktəbin
səkkizinci sinfində oxuyurdu. Gülüş də həmin sinifdə oxuyurdu və Gülüşlə
Fatmanın beləcə cici-bacı olmaları Səmayənin də lap ürəyindən idi. Əvvəla, ona
görə ki, Gülüş çox tərbiyəli, ağıllı qız idi. Ikincisi, ona görə ki, Gülüşün anası elmlər
doktoru idi, atası da yaxşı vəzifədə idi, ağayana adama oxşayırdı, yəni ki, atalı-analı
qız idi Gülüş, yaxşı ailədən idi. Üçüncüsü və ən başlıcası isə ona görə ki, günlərin
bir adi günü Səmayəyə aydın olmuşdu ki, Fatma daha uşaq deyil və indi onun elə
vaxtı idi ki, oturub-durduğu adamlardan çox şey asılıdır. Iş elə gətirib ki, Fatmanın
atası ola-ola (mürdəşir onun üzünü yusun!) atasız böyüyüb, amma indən belə elə
olmalıydı ki, Fatmanın ürəyindəki yara közərib alışmasın, yəni görsün ki, yaxşı
ailələrlə, hər bir işi tam-düz ailələrlə onların bu balaca ailəsinin heç bir fərqi yoxdur.
Ürəyini xiffət yeməsin, görsün ki, onun Səmayə maması elə ataya da, anaya da
bərabərdir və Fatmanın da heç bir əgər-əskiyi yoxdur.