88
Sevilin anası dedi:
– Elə-belə gətirib e, ay Murad, pulsuz.
Murad gülümsədi:
– Eyb etməz, qoy gedib pivə içsin, sərinlənsin.
Baladadaş heç bir söz deməyib boş vedrələr əlində həyətdən çıxdı.
Arxadan Muradın səsi gəldi:
– Az oldu?
Sonra da göygözlü, xumayısaçlı, ağbənizli həmin on səkkiz yaşlı qız bərkdən
güldü.
Iki ay var idi: biri göydə, biri də dənizdə və dənizdəki bu ay narın ləpələrin
üzərində oynayırdı. Baladadaş sahildə – qumun üstündə oturub gözlərini dənizdəki
aydan çəkmirdi.
Bütün sahildə heç kim yox idi, bir dəniz var idi, bir Baladadaş, bir də dənizdəki
bu ay.
Sahilin bu tənhalığı bir həzinlik gətirmişdi və Baladadaş da həmin həzinlik
içində gözlərini dənizdəki aydan çəkə bilmirdi.
Nəhayət, Baladadaş ayağa qalxıb parusin şalvarının dalını çırpdı və yavaş-yavaş
sahildən uzaqlaşıb qayıqların arası ilə kəndə tərəf gəldi.
Ağanəcəfgilin həyətlərindən gələn mahnı səsi aləmi bürümüşdü: Qədir
Rüstəmov «Sona bülbüllər»i oxuyurdu və Baladadaş da mahnının müşayiətilə
Sevilgilin təzə həyətlərinin daş hasarına dırmaşıb qaranlıqdan onların işıqlı
artırmasına baxdı.
Sevil, anası və Murad artırmadakı kiçik mizin arxasında oturub çay içirdi.
Sevilin anası:
– Sən Allah, maşını yavaş sür, – dedi. – Ürəyim qalacaq sənin yanında. Telefon
da yoxdur ki, şəhərə çatanda zəng eləyib deyəsən.
Murad gülümsədi:
– Onsuz da yavaş sürürəm. Nigaran qalmayın.
Sevil dedi:
– Qal burda də, nə olar?..
Murad dedi:
– Yaxşı deyil...
Sevilin anası dedi:
– Bircə toyunuzu tez eləsəydik...
Baladadaş atılıb hasardan düşdü və dinməz-söyləməz parusin şalvarının dalını
çırpıb Sevilgilin həyətlərindən uzaqlaşdı.
Yenə günün cırhacırı idi və belə isti ola, özü də şənbə günü – dəniz də, sahil də
adamla dolu idi.
Baladadaş dənizdən təzəcə çıxmışdı və az qala dizinəcən uzanan qara trusiki
nazik baldırına yapışmışdı.
Ağanəcəf əlindəki taxta şumaqədəri qumluğa yorta-yorta ona yaxınlaşdı:
– Əhmədağadan bu gün məktub almışıq. Sənə salam yazır. Deyir gəlsin mənim
yanıma, Amurski oblasta. Deyir ki, kursa da girər, yaxşı. Ordan sonra vayenni
akademiyaya da girmək olur əntiqə. Mən də bu gün yazdım ona ki, Baladadaş yaxşı-
yaxşı şumaqədərlər düzəldir mənimçün. Anam da yazdı ki, Baladadaş salam deyir
sənə.
Baladadaş birdən-birə:
89
– Sənə nə var e... – dedi. – Dünya vecinə döyül!... – Sonra qumun üzərində
uzanıb gözlərini qıydı və günəşə baxdı.
Ağanəcəf ömründə Baladadaşdan belə sözlər gözləməzdi və matı-qutu qurumuş
halda gözlərini döyüb bilmədi ki, nə desin. Sonra sahilə tərəf gələn qırmızı
«Moskviç»i göstərib:
– Upravlyayuşi gəlir, – dedi.
Baladadaş soruşdu:
– Kim?
Ağanəcəf dedi:
– Upravlyayuşi.
– Upravlyayuşi kimdir?
– Ode, qırmızı «Moskviç»də gəlir.
Baladadaş dikəlib qırmızı «Moskviç»ə baxdı, Ağanəcəf həsəd dolu gözlərini bu
təptəzə qırmızı «Moskviç»dən çəkməyərək dedi:
– Təzə qonşumuzdu qız. Bu da onun nişanlısıdı. Yayçün gəliblər, yenə
qeyidəcəklər şəhərə payızda. Qızın anası deyir ki, upravlyayuşidi bu. Bilirsən neçə
kilo olar qızın anası? Özü belə əntiqədi, ancaq anası yüz kilo olar.
Baladadaş dizləri üstə qumda oturub Muradla Sevilə baxırdı.
Sevilin xurmayı saçları çılpaq çiyinlərinə tökülmüşdü. Sevilin çılpaq qıçları,
yalın ayaqları qumun üzərində elə addımlayırdı ki, elə bil bütün bu dəniz də, bütün
bu sahil də bu qıçların sahibinə məxsus idi. Muradın əzələləri sayılan sağlam bədəni
dənizin sularını yardı, Sevilə yol açdı və onlar üzə-üzə sahildən uzaqlaşdılar.
Baladadaş dənizdə idi və dənizdə Baladadaşdan, bir də ki... Sevildən başqa heç
kim yox idi. Sevil suda Baladadaşın qolları üzərində uzanmışdı. Sevilin xurmayı
saçları dənizin üzünə yayılmışdı. Baladadaş Sevili əllərində tutub dənizin üzü ilə
gəzdirirdi. Sevil gözlərini yummuşdu və gülümsəyirdi, həm də şer pıçıldayırdı.
Baladadaş Sevilin ağ bənizinə, suyun üzünə yayılmış xurmayı saçlarına, şer
pıçıldayan dodaqlarındakı gülüşünə baxırdı və o da gülümsəyirdi.
Sevil göy gözlərini açıb Baladadaşa baxdı, sonra əlini uzadıb onun sifətində
gəzdirdi, sonra dodaqlarının tuşunda tutdu. Baladadaş dəniz təmi verən bu əli öpdü,
öpdü və üfüqə baxdı.
Gömgöy üfüq xətti bu dəniz xoşbəxtliyinin sərhəddi idi; bu üfüq xəttindən bu
tərəfə Baladadaşla Sevilin aləmi idi; bu üfüq xəttindən bu tərəfə bütün dəniz
Baladadaşla Sevilin idi və Sevilin xurmayı saçları bu dənizin üzərinə yayılmışdı.
Baladadaş əlləri üstündə tutduğu Sevilə tərəf əyilib onun xurmayı saçlarını və
dənizi öpməyə başladı.
– Peyin var bağ üçün, istəmirsən?
Baladadaş gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca kişiyə baxdı,
elə bil heç nə görmədi və heç nə eşitmədi, təzədən dənizə baxdı, lakin daha nə Sevil
var idi, nə də Sevilin xurmayı saçları dənizin üzərinə yayılmışdı.
– Peyin var deyirəm, bağ üçün, lazımdır?
Baladadaş yenə də gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca
kişiyə baxdı, əvvəlcə elə bil ki, təəccüb etdi: bu kişi hardan peyda oldu belə? Sonra
oturduğu yerdən ayağa qalxıb parusin şalvarının dalını çırpdı, cavab gözləyən
qocaya heç nə demədən adamsız, bomboş sahildən uzaqlaşdı.
Araba da təkərləri cırıldaya-cırıldaya axşamın toranında sahillə yoluna davam
etdi.
90
Baladadaş qayıqların arasından keçib kəndə girəndə hava tamam qaralmışdı və
o, yenə də Sevilgilin həyətlərinin daş hasarına dırmaşıb qaranlıqdan işıqlı artırmaya
baxdı.
Sevil artırmadakı həsir kresloda təkcə oturmuşdu, əlində də kitab var idi.
Sevil sakitcə oturub kitab oxuyurdu və xəbəri yox idi ki, cəmi yarımca saat
bundan əvvəl onun bu xurmayı saçları bütün dənizin üzərinə yayılmışdı; xəbəri yox
idi ki, Baladadaş dənizin üzərinə yayılmış bu saçları cəmi yarımca saat bundan əvvəl
öpürdü; xəbəri yox idi ki, onun bu xurmayı saçlarının şorməzə təmini indi də
dodaqlarında hiss edirdi.
Birdən Sevil göy gözlərini kitabdan çəkib bir neçə an qaranlığa – Baladadaşın
hasara dırmaşdığı səmtə baxdı və dedi:
– Yenə gəlib çıxmısan hasara?
Baladadaşın ürəyi birdən-birə qırılıb hasarın dibinə düşdü – qabaqlar belə şey
olmazdı Baladadaşda.
Sevil dedi:
– Bilirəm də, hasarın üstündəsən. Dünən axşam da çıxmışdın ora. Elə bilirsən
xəbərim yox idi? Murada desəm, bilirsən neyləyər sənə?
Baladadaşdan səs çıxmadı. Təkcə qurbağalar quruldayırdı – deyəsən, yağış
yağacaqdı. Bir də ki, cırcıramaların səsi aləmi götürmüşdü başına. Sevilgilin
evindən də səs gəlirdi – yəqin televizorla kino göstərirdilər və Sevilin anası da
oturub kinoya baxırdı.
Sevil gözlərini qaranlıqdan çəkmədən dedi:
– Nə istəyirsən? Sənin tayınam? Get bir güzgüdə kepkana bax... Kepka deyil e,
aerodromdur, aerodrom. Üstündən qalxıb aya uçmaq olar.
Sonra Sevil özü öz sözlərinə güldü.
Sevilin anası içəridən boylanıb soruşdu:
– Kimlə danışırsan elə?
– Heç kimlə. Özüm özümlə! – Sevil yenə güldü. – Olmaz?
Baladadaş başa düşdü ki, aşağı düşmək və buradan əkilmək lazımdır, özü də heç
vaxt bu hasara dırmaşmaq lazım deyil. Baladadaş bunu başa düşürdü, amma məsələ
burasındaydı ki, əl-ayağı sözünə baxmırdı, elə bil ki, Sevilin sözləri onun ürəyini
kəsib hasarın dibinə atmışdı, əlini, ayaqlarını qurutmuşdu.
Sevil daha gülmürdü. Bu dəfə lap acıqlı-acıqlı dedi:
– Niyə düşüb getmirsən? Sənin üzündən gedib evin istisində oturum?
Yenə də qurbağalarla cırcıramaların səsindən başqa cavab gəlmədi və Sevil
hirslə ayağa qalxıb evə girdi, qapını da arxasınca çırpdı.
Baladadaş bir müddət qurbağalarla cırcıramaların səsinə qulaq asdı, sonra axır
ki, hasarın üstündən düşüb Sevilgilin həyətlərindən uzaqlaşdı.
Bu dəfə Baladadaşın yadından çıxdı ki, parusin şalvarının dalını çırpsın.
Kənd irəlidə idi və Baladadaş iki əlinin ikisini də parusin şalvarının ciblərinə
salıb günün altında asfalt yolun ortası ilə kəndə tərəf addımlayırdı.
Qırmızı «Moskviç» arxadan gəlib onun yanında dayandı və Murad maşının
pəncərəsindən boylanıb:
– Gəl otur, – dedi.
Baladadaş bir qırmızı «Moskviç»ə, bir də kənd tərəfə baxdı, sonra əllərini
şalvarının ciblərində qurdalayıb maşına yaxınlaşdı, qapını açıb Muradın yanında
oturdu.
Qırmızı «Moskviç» yoluna davam etdi.
Dostları ilə paylaş: |