80
BALADADAŞIN ILK MƏHƏBBƏTI
Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd
yer üzündə bircə kənd idi, çünki gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi
evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı
deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı
idi.
Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş,
taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları qoralamış
meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca
günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil
qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin
tənhalığına layla deyirdi.
Kənddə ins-cins gözə dəymirdi, bircə Baladadaşdan başqa; Baladadaş kəndarası
asfalt yolun səkisində, tut ağacının dibində oturmuşdu və bütün kənd camaatından
fərqli, günün bu cırhacırında istidən qorxub-eləmirdi; ağacın qotur kölgəsi nə vaxt
idi yerini dəyişmişdi, amma Baladadaş yerini dəyişməmişdi, elə-eləcə günün altında
oturub mürgü döyürdü.
Baladadaş yalın ayaqlarına səndəl geymişdi, əynində parusin şalvar, qısaqol
miləmil trikotaj köynək var idi, başına «aerodrom» kepka qoymuşdu və hərdənbir
tər damcıları bu «aerodrom» kepkanın altından yuvarlanıb Baladadaşın sısqa
sifətindən üzüaşağı axırdı.
Içi pivə çəlləkləri ilə dolu bir yük maşını asfaltdan gəlib keçdi və bu maşının
tırıltısı Baladadaşın heç xoşuna gəlmədi, ağcaqanadın əlindən gecə yaxşı yata
bilmədiyinə görə, əməlli-başlı qızarmış gözlərini açıb yerindən tərpənmədən
maşının ardınca baxdı, sonra gözlərini qıyıb günəşə baxdı, sonra da tut ağacının
yerini dəyişmiş qotur kölgəsinə baxdı, amma ərindiyindən və kəsalət onu
basdığından yenə də yerindən tərpənmədi, ayaqlarını irəli uzadıb sidq-ürəkdən
əsnədi və qollarını da geniş açıb yaxşıca gərnəşdi.
Qarşıdakı həyətin daş hasarından bir oğlan uşağının başı göründü və bu oğlan
uşağı Baladadaşı görən kimi, tez də başını çəkdi, o saat da həyətin göy darvazasının
kiçik qapısı açıldı və həmin oğlan uşağı həyətdən çıxıb Baladadaşa tərəf gəldi; bir
əlində yaxmac tutmuşdu, o biri əlində də taxta parçası, gəlib Baladadaşın qabağında
dayandı və yaxmacdan dişləyib ləzzətlə çeynəyə-çeynəyə taxta parçasını ona uzatdı:
– Şumaqədər yon də mənimçün!..
Baladadaşdan səs çıxmadı. Oğlan yenə yaxmacdan ləzzətli bir dişdəm alıb dedi:
– Nolar, yon də!..
Baladadaşdan səs çıxmadı. Oğlan ağzındakı dişdəmi çeynəyib qurtardıqdan
sonra yenə dedi:
– Nolar...
Baladadaş gözlərini qıyıb bir müddət oğlana baxdı, elə bil, onu birinci dəfə idi
görürdü, sonra dedi:
– Qəmişini çək məndən.
Oğlan əlindəki yaxmaca baxdı və elə bil, bir az məyus oldu ki, yaxmacın
qurtarmasına az qalıb, dedi:
– Əhmədağanı əsgərliyə aparanda demədin ki, onun yerinə şumaqədər
yonacaqsan mənə?
Baladadaşdan səs çıxmadı.
81
Oğlan dedi:
– Dünən Əhmədağadan məktub gəlmişdi, soruşurdu məndən ki, şumaqədər
yonur səninçün Baladadaş? Sonra da yazmışdı ki, məndən atəşin salam deginən
Baladadaşa. Öz canımçün.
Baladadaş əvvəlcə yenə heç nə demədi və yenə də bir müddət yerindən
qımıldanmadı, sonra bir balaca gərnəşdi, əlini şalvarının cibinə salıb «Avrora»
çıxartdı, içindən bir dənə siqaret götürüb qoydu qulağının dibinə, qutunu soxdu
cibinə və bu dəfə də o biri əlini şalvarının o biri cibinə salıb açılıb-örtülən bıçaq
çıxartdı, açıb dırnağında itiliyini yoxladı və dedi:
– Ver bura.
Səhərdən bəri səbrlə Baladadaşdan cavab gözləyən oğlan əlindəki taxta
parçasını ona verdi və Baladadaş da taxta parçasını alıb o tərəf-bu tərəfinə baxdı,
sonra da yonmağa başladı.
Qarşıdakı göy darvazanın kiçik qapısı yenə açıldı və həyətdən bir qadın çıxıb
Baladadaşın yanındakı oğlanı səslədi:
– Ağanəcəf, ay Ağanəcəf!
Ağanəcəf anasına tərəf baxdı:
– Nə var?
– Gəl otur uşaqların yanında, gedirəm bazara.
Ağanəcəf bir anasına baxdı, bir Baladadaşa və əlindəki yaxmacın axırıncı
tikəsini ağzına soxub çeynəyə-çeynəyə dedi:
– Qurtaranda çağır gəlim götürüm, hə?
Baladadaş öz işində idi və elə bil heç nə eşitmirdi və ümumiyyətlə, elə bil ki,
dünya Baladadaşın vecinə deyildi.
Ağanəcəf qaçıb həyətə girdi.
Qadın gəlib Baladadaşın yanından keçəndə ayaq saxladı:
– Necəsən, Baladadaş, anan necədir?
Baladadaş başını qaldırmadan:
– Yaxşıdır, – dedi.
– Haçan gedirsən əsgərliyə?
– Payızda.
– Inşallah. Əhmədağa da kursa girib orda.
Baladadaş başını qaldırıb qadına baxdı:
– Mən də girəcəyəm.
– Inşallah.
Qadın yoluna davam etdi. Baladadaş da taxtanı yonmağa başladı və birdən yenə
başını qaldırıb qadının ardınca qışqırdı:
– Əhmədağaya salam yazun məndən, atəşin. Yazun ki, salamduası var sənə
Baladadaşın.
Qadın gülümsəyib başını tərpədə-tərpədə:
– Salam göndərən sağ olsun, çox sağ ol, – dedi və tini burulub gözdən itdi.
Yenə də bir kənd idi, bir günün cırhacırı, bir də tut ağacının altında oturub cidd-
cəhdlə şumaqədər yonan Baladadaş.
Bir də dəniz idi; göy uzaqda üfüq xəttilə birləşirdi və güclə sezilən bu üfüq xətti
elə bil ki, dünyanın axırı idi.
Göy tərtəmiz idi, dəniz də dalğasız, səssiz-küysüz və bu təmizlikdə, bu
səssizlikdə bu dəqiqə elə bir əbədilik var idi ki, elə bil dünyada nə yağış olub, nə
çovğun, nə dəniz uğultusu, nə də ki, bir başqa şey.