75
Allahverdi bir müddət beləcə acıqlı oldu, amma günlərin bir günündə gecə
yerinə girmişdi Allahverdi, yatmaq istəyirdi, amma yata bilmirdi və necə oldusa
ayağa qalxıb dərhal dolabın gözünü açdı, Sədəfin məktubunu kağız-kuğuzun
altından çıxarıb təzədən yerinə girdi, heç kim xəbər tutmasın deyə, işığı yandırmadı,
elə əl fənərinin işığında bir də oxudu həmin məktubu. Bu dəfə acığı tutmadı
Allahverdinin, əksinə, məktub yavaş-yavaş ona ləzzət eləməyə başlamışdı, həm də
ürəyində bir narahatlıq əmələ gəlmişdi, bir nigarançılıq vardı ürəyində, amma bu
narahatlıq da, bu nigarançılıq da onu sıxıb-əzmirdi. Bu narahatlıq, bu nigarançılıq
bir kövrəklik gətirmişdi o gecə. Bu məktubu beləcə gizlin-gizlin oxumaq onun
ürəyini isindirirdi o gecə. O gecə bir ilıqlıq vardı ürəyində.
Sonralar hərdənbir Allahverdi bu məktubu dolabın aşağı gözündən çıxarıb
təzədən oxuyurdu və hər dəfə oxuduqca da özünü yaman naqolay hiss eləyirdi,
amma ona görə yox ki, Sədəfə məhəl qoymadığı halda, onun məktubundan gizli
həzz alırdı, açıq-aşkar gülməli misralar onun ürəyinə yayılırdı.
Ayna arvad artırmadan Allahverdini səslədi ki, gəlib çörəyini yesin və
Allahverdi də tələm-tələsik Sədəfin məktubunu yenə dolabın aşağı gözündə gizlədib
otaqdan çıxdı.
Daha çisəkləmirdi, amma hava da açılmamışdı və Allahverdi elə bil yenə də
Bakıdan gələn kinooperatorun şikayətini eşidirdi: « – Belə də iş olar, dörd gündür
gün çıxmır ki, syomkamı çəkim qurtarsın...»
Gün çıxacaqdı və o, par-par parıldayan aparatını gözünə tutub Sədəfi lentə
çəkəcəkdi və bütün dünya tamaşa edəcəkdi Sədəfin bulaqdan su gətirməsinə və heç
kim də bilməyəcəkdi ki, bu qız Allahverdinin dərdindən hayıl-mayıldı.
Allahverdi kinooperatorun sözlərini bir də eşitdi: «Çox fotogenik qızdır». Sonra
Allahverdi hiss etdi ki, həm bir balaca pərt olub, həm də bir balaca qürur var
ürəyində.
Məlum oldu ki, məktəbdə hamı Sədəfin kinoya çəkiləcəyindən xəbərdardır.
Uşaqlar sinif otağında oturub elə hey təzə xəbərdən danışırdılar və bu təzə xəbər
həmişəki sinif otağına da bir təzəlik gətirmişdi. Təkcə Allahverdi dinib-danışmırdı.
Bir azdan Sədəf gəlib çıxdı və uşaqlar onu görəndə bir anlıq lap özlərini
itirdilər: Sədəf özünə bir sığal vermişdi, bir geyinib-kecinmişdi ki, gəl görəsən, həm
də uçmağa qanadı yox idi, yerə-göyə sığmırdı. Sonra uşaqlar hay-küylə düşdülər
Sədəfin canına və başladılar onu sorğu-suala tutmağa. Sədəf də bülbül kimi ötə-ötə
dedi ki, dünən həmin kinooperator gəlib onlara və xeyli söz-söhbətdən sonra
dədəsinin razılığını alıb ki, Sədəfi kinoya çəksin.
Sədəf uşaqlarla danışdıqca, hərdənbir partanın arxasında oturub guya ki, heç
nəyi vecinə almayan Allahverdiyə baxırdı, özü də elə baxırdı ki, elə bil məktubda
yazdığı sözləri təzədən təkrar edirdi gözləri ilə, amma daha o cür əzvaycasına yox,
bir az qürurla.
Ikinci dərs triqonometriya dərsi idi və zəng vurulan kimi də Gülsüm müəllimə
girdi içəri.
Sinifdəki uşaqların hamısından iki qarış hündür olan Allahverdi birinci sırada
lap axırıncı partada otururdu. Sədəf ikinci sırada, ortada otururdu.
Gülsüm müəllimə dərs keçirdi, amma Allahverdi heç nə eşitmirdi və heç nə
fikirləşmirdi. Sonra Allahverdi başa düşdü ki, səhərdən bəri Sədəfə baxır.
76
Sədəfin qara gözləri var idi, qara saçları var idi, yoğun da hörükləri və
Allahverdi heç vaxt Sədəfi belə görməmişdi. Sədəfin gözləri də həmin gözlər idi,
hörükləri də həmin hörüklər idi, amma Allahverdi bu gözləri də birinci dəfə idi
görürdü, bu hörükləri də. Sədəf arıq olmağına arıq idi, amma sinəsi yaman dolu idi.
Sədəfin sifəti qarayanız idi və Allahverdi indi gözlərini bu qarayanız sifətdən çəkə
bilmirdi, özünə acığı tuturdu, istəmirdi bu sifətə baxsın, amma bir şey çıxmırdı, elə-
beləcə baxırdı.
Uşaqlıqda bir yerdə oynamaları, dalaşmaları, bir yerdə məktəbə getmələri, neçə
illər bir yerdə oxumaları Allahverdinin yadına düşürdü və Allahverdi indi heç cürə
inana bilmirdi ki, gözlərinin qabağındakı bu qız həmin Sədəfdir, yəni ona elə gəlirdi
ki, istədiyi vaxt istədiyi sözü deyə bildiyi, istədiyi buyruğa buyurduğu o qız uzaqda
qalıb, indi həmin qız yoxdur, bu qız isə tamam başqa qızdır.
Sonra Allahverdinin başından bir fikir keçdi ki, bu fikir onun bütün bədənini
titrətdi, lap birtəhər elədi onu: birdən-birə ona elə gəldi ki, evlərindəki dolabın aşağı
gözündəki həmin məktubu Sədəf yazmayıb, bu məktubu ona Sədəf verməyib, bu
məktubu çəkinə-çəkinə ona uzadan həmin qız Sədəf deyil, tamam başqa bir adam
idi. Yəni bu saat Allahverdi inana bilmirdi ki, həmin məktubdakı bir gilə göz yaşı
ondan ötrü düşüb göy mürəkkəblə yazılmış hərflərin üstünə.
Bu fikir Allahverdinin bütün bədənini gizildətdi və o, gözlərini Sədəfdən çəkib
Gülsüm müəllimənin başa saldığı teoremə qulaq asmaq istədi, amma yenə bir şey
çıxmadı və elə-beləcə Sədəfə baxdı və yalnız indi başa düşdü ki, Sədəf də ona baxır
və ancaq bundan sonra gözlərini qızın qarayanız sifətindən çəkib düsturlarla dolmuş
qara lövhəyə dikdi.
Allahverdi Gülsüm müəllimənin lövhədə yazdığı düsturlara tamaşa edirdi,
dediyi sözlərə qulaq asırdı və bütün varlığı ilə Sədəfin nəzərlərini öz üzərində hiss
edirdi. Axırda tab gətirməyib Sədəfə baxdı və bu dəfə Sədəf gözlərini yayındırıb
lövhəyə baxdı.
Allahverdi hiss elədi ki, sifəti od tutub yanır.
Tənəffüs oldu və tənəffüsdə yenə hamı Sədəfin başına toplaşdı. Sədəf də yenə
bülbül kimi dil-dil ötdü. Bütün ömrü boyu heç vaxt Sədəfə bu qədər göz
dikilməmişdi, heç kim bu qədər səbrsizliklə onun ağzından çıxan sözü
gözləməmişdi, heç vaxt ona dikilmiş gözlərdə bu cür vəcd olmamışdı. Sədəf lap
başını itirmişdi sevincdən, çünki Sədəf heç vaxt ömründə bu qədər sevincək
olmamışdı.
Dərslər beləcə ötdü bir-bir, tənəffüslər də beləcə. Yenə çiskin başladı, sonra
yenə də kəsdi, sonra yenə başladı və bütün günü Allahverdinin halı özündə olmadı.
Məktəbdən qayıdandan sonra bütün günü Allahverdi otaqdan eşiyə çıxmadı.
Qəşəm kişinin rayon mərkəzində işi vardı, göydəmir ürgəni minib getmişdi.
Ayna arvad bardaş qurub tabaqçada kəllə qənd doğrayırdı.
Allahverdi isə içəridə, pəncərənin qabağında oturub boz payıza baxırdı. Yamac
başdan-başa heyvalıq idi və hər heyva ağacında da bir dəstə sığırçın. Sığırçınların
civildəşməsi bu boz payızın müşayiəti idi və bir qəmginlik gətirirdi.
Yamacın ayağında görünən ev Salman kişinin evi idi və birdən-birə
Allahverdinin Salman kişiyə acığı tutdu ki, niyə bu gün səhər elə gülümsəyib əllərini
yellədi.