73
– Şükürün qızı səhəngi çiyninə alıb bulaqdan su gətirəcək, Nadir də onu
çəkəcək kinoya. – Sonra Salman kişi yenə demisindən dərin bir qullab vurub təkrar
etdi. – Deyir ki, yaman kinoya düşən qızdır. – Sonra da Salman kişi başını bulaya-
bulaya xırda gözlərini qıyıb gülümsədi.
Allahverdi bu gülümsəməyin səbəbini lap yaxşıca başa düşdü, yəni ki, qəribə
adamdırlar bu şəhərlilər, bu boyda kənddə qız tapmadılar, gedib Şükürün caydaq
qızını kinoya çəkirlər.
Salman kişi «Şükürün qızı» dediyi qızın adı Sədəf idi və Sədəf birinci sinifdən
ta indiyə kimi Allahverdi ilə bir sinifdə oxuyurdu. Əvvəlcə – uşaqlıqda, qonşu
kənddəki məktəbə gedib-gəlirdilər, sonralar öz kəndlərində məktəb tikdilər və indi
də həmin bu məktəbdə oxuyurdular.
Sədəf nə əlaçıydı, nə də gözəl idi, hətta təhər-töhürsüz idi bir balaca və
Allahverdi birdən-birə eşitdiyi bu xəbərə heç cürə inana bilmirdi; Salman kişiyə
dübarə sual verməkdən özünü güclə saxladı.
Məsələ burasındaydı ki, Sədəf Allahverdinin dərdindən hayıl-mayıl idi, yəni
vurulmuşdu Allahverdiyə, amma bunu heç kim bilmirdi, bunu, ancaq Allahverdi özü
bilirdi, çünki bu yay günlərin bir günündə Sədəf ona məktub vermişdi və Allahverdi
də bu məktubu oxuyandan sonra heç kimə heç nə deməmişdi.
Allahverdi Qızıl inəyin dalınca gedə-gedə bu təzə xəbər barədə fikirləşirdi və
daha üşümürdü; fikirləşirdi və onu açıq-aşkar heyrət bürüyürdü, həm də nədənsə,
sıxılırdı, səbəbini özü də bilmirdi.
Salman kişinin bayaqkı sözləri onun qulaqlarından getmirdi: «– Deyir yaman
kinoya düşən qızdır». Daha doğrusu, Allahverdi bu saat bu sözləri elə bil
kinooperatorun öz dilindən eşidirdi: «Çox fotogenik qızdır». Bu sayaq eşidirdi,
çünki kənddə qaldığı dörd gün ərzində «fotogenik» sözü kinooperatorun ağzından
düşmürdü və Allahverdi də gedib lüğətə baxıb bu sözün mənasını öyrənmişdi.
Deməli, «fotogenik qızı» axır ki, tapıb kinooperator.
Hələ üstəlik, elə bil, həmin kinooperator Allahverdinin qulaqlarına deyirdi də:
«– Şəhərdə yaşasaydı, kinoya çəkilməli birinci qız olardı Sədəf».
Və Allahverdi, gəlib gözlərinin qabağında dayanmış Sədəfin qarayanız
sirsifətinə, arıq bədəninə, hacıleylək qıçı kimi uzun qıçlarına baxa-baxa bir mətləb
qana bilmirdi.
Allahverdi qayıdıb evə gələndə Qəşəm kişi hinin ağzını açıb toyuq-cücəni,
hinduşkaları həyətə buraxmışdı, indi də zirzəmidən çıxardığı maşın yağı ilə
ayaqyolunun qapısını yağlayırdı ki, açılıb-örtüləndə cırıldamasın.
Ayna arvad artırmanın altında samovara od salmışdı.
Allahverdi yuxarı qalxıb bir az islanmış saçlarını quruladı, amma əslində təkcə
saçlarını qurulamırdı, bütün başını silkələyirdi.
Məsələ burasında idi ki, Allahverdi bütün həyatında ilk dəfə heç nə barədə
fikirləşmək istəmirdi, istəyirdi ki, bütün fikirlər başından olsun.
Allahverdi məhrəbanı əlüzyuyanın yanındakı mismardan asıb artırmadan aşağı
boylandı və samovarın yanında dayanmış anasına acıqlı-acıqlı dedi:
– O dudkeşi götür qoy ağzına də, gözümüz çıxdı ki!..
Qəşəm kişi tərs-tərs oğluna baxdı və Allahverdi daha heç nə deməyib otağa girdi
və dəftər-kitabını yığdığı dolabın yanına gəldi, yadına düşdü ki, Səftər müəllim
xəstələnib, yenə bu gün birinci dərs olmayacaq, tələsmək lazım deyil həmişəki kimi;
bir neçə an elə-beləcə dinməz-söyləməz dayandı, sonra dolabın aşağı gözünü çəkib
lap dibdə, kağız-kuğuzların altında gizlətdiyi məktubu götürdü.
74
Yenə bir neçə an elə-belə dinməz-söyləməz dayanıb əlində tutduğu dördkünc
bükülmüş dama-dama dəftər kağızına baxdı, sonra kağızı açıb Sədəfin məktubunu
bir də oxudu ürəyində:
«Şanlı məktub!
Allahverdi, bu məktubu sənə yazıram. Allahverdi, ömrümdə heç kimə məktub
yazmamışam, bu, birinci məktubumdur. Allahverdi, bu məktubu oxuyandan sonra,
heç kimə heç nə demə, bu məktubu da cır, yandır, qoy külə dönsün. Onsuz da, mən
yanıb külə dönürəm, Allahverdi. Hara baxıramsa, səni görürəm. Yuxuda da həmişə
səni görürəm. Fikrim özümdə olmur, Allahverdi, birdən elə bilərsən mən bütün
oğlanlara məktub yazıram. Yox, Allahverdi, təkcə sənə, təkcə sənə. Qismət olsa, bir
yerdə söhbət eləsək, hamısını sənə danışaram. Yenə gözlərim dolub, Allahverdi.
Mənə cavab yaz.
Mən ki, səni görəndən bəri,
Açdı ürəyimin incə telləri.
Sənsiz ayrı gəzmərəm, ey gözəl Allahverdi.
Unutma dediyim bu sözlərimi.
Mənə gülmə, Allahverdi. Heç kimə də heç nə demə ki, mənə gülsünlər. Bu
məktubu da yandır.
Sədəf».
Məktubdakı yazının üstünə bir damcı da düşmüşdü – bir gilə göz yaşı – və göy
mürəkkəblə yazılmış beş-altı hərf bulaşmışdı, amma oxunurdu – təkcə izi qalmışdı
göz yaşının. Əvvəlcə Allahverdi elə fikirləşmişdi ki, Sədəf özü bilərəkdən salıb, lap
adicə su damcısıdır bu, amma günlər keçdikcə və Allahverdi də bu məktubu çoxlu-
çoxlu oxuduqca, inanmışdı ki, doğrudan da, göz yaşıdır bu.
Sədəf bu məktubu ona verənə qədər buradakı mətləb Allahverdinin heç ağlına
gəlməzdi. Doğrudur, hərdən Sədəf ona elə baxırdı ki, başqaları bu cür baxmırdı heç
vaxt. O da doğrudur ki, Sədəf qəflətən onu görəndə qızarırdı, elə bil lap özünü
itirirdi, amma Allahverdi heç cürə fikirləşməzdi ki, hal-qəziyyə bu yerdədir.
Allahverdi bu məktubu birinci dəfə oxuyandan sonra, heç kimə heç nə demədi
və indiyəcən də heç kimə heç nə deməyib, amma Allahverdi cavab da yazmadı
Sədəfə və bu məktubu da yandırmadı, bir-iki gün cibində gəzdirdi, bilmədi ki, nə
eləsin, sonra gətirib dolabın aşağı gözündə, lap dibdə, kağız-kuğuzların altında
gizlətdi.
Məktubu oxuyandan sonra Allahverdi Sədəfə bir kəlmə də söz demədi, səhəri
gün onu görəndə özünü elə tutdu, guya ki, heç nə olmayıb. Sədəf də bir az pörtdü-
qızardı, amma heç nə soruşmadı. O gündən sonra Allahverdi ilə Sədəf demək olar
ki, danışmırdılar, təkcə hərdənbir, o da dərs zamanı – bir-birilərinə bir söz
deyəydilər, ya yox – vəssalam.
Bu məktubu birinci dəfə oxuyanda Allahverdi bir az çaşbaş qalmışdı, amma
sonra yavaş-yavaş acığı tutmağa başladı və ürəyində Sədəfi səfeh bildi.