77
Allahverdi nə kitab oxuya bilirdi, nə dərs hazırlaya bilirdi, nə də kəndə çıxmağa
həvəsi vardı. Elə bil öz-özünə qıraqdan tamaşa edirdi və ona elə gəlirdi ki, daha
əvvəlki Allahverdi deyil. Niyə ona belə gəlirdi, niyə bu cür fikirləşirdi? – baş aça
bilmirdi. Burası məlum idi ki, onun adı yenə də Allahverdi idi və bu baş da, bu əllər
də, bu ayaqlar da onun idi, intəhası, məlum deyildi ki, niyə bu adıyla, başıyla, əlləri-
ayaqlarıyla bərabər daha əvvəlki Allahverdi deyil.
O, gözlərini boz payızdan çəkib taxta kətilin üstündən ayağa qalxdı, balaca
dolaba yaxınlaşıb aşağı gözü çəkdi və Sədəfin məktubunu kağız-kuğuzun altından
götürdü, amma məktubu təzədən açıb oxumadı, çünki birdən-birə kəşf elədi ki,
burada yazılanların hamısını əzbər bilir. Özündən asılı olmayaraq Sədəfin
cümlələrini bir-bir ürəyində təkrar eləməyə başladı.
Allahverdinin heç ağlına da gəlməzdi ki, bu məktubu bu cür əzbərləyib.
Gecə yorğan-döşəyinə girəndə Allahverdiyə elə gəldi ki, səhərə kimi yata
bilməyəcək, amma yatdı Allahverdi, yatdı və bütün həyatında ilk dəfə rəngli yuxu
gördü:
Dan yeri sökülürdü.
O qədər rəng vardı ki, Allahverdi ömründə bu qədər rəng görməmişdi – gümüşü,
narıncı, məxməri...
Rənglər par-par parıldayırdı.
Hər tərəfə şüa saçırdı rənglər.
Allahverdi bu rənglərin içində idi.
Bu rənglər Allahverdinin bütün bədənindən axıb keçirdi.
Allahverdi bilirdi ki, bu yuxudur və onu da bilirdi ki, bu Sədəfin yuxusudur.
Sədəf özü yox idi, amma Allahverdi bilirdi ki, bütün bu rənglər Sədəfdən
ötrüdür və əslində bütün bu rənglər Sədəfin özüdür.
Amma yenə Qəşəm kişinin səsi gəldi:
– Ə, Allahverdi, gün günortanı keçdi, dursana!
Allahverdi yuxuda da olsa, bilirdi ki, indilərdə bu səsi eşidəcək və qorxurdu,
qorxurdu ki, bu rənglər yox olub gedəcək – gümüşü, narıncı, məxməri...
– Ə, Allahverdi!
Allahverdi gölərini açdı və elə bil bir anlıq həmin rənglər bu otağa da doldu,
sonra yavaş-yavaş bu otağın divarlarına, döşəməsinə, tavanına hopdu; bir anlıq
Allahverdiyə elə gəldi ki, bu səhər bahar bayramına açılır, bahar bayramıdır bu gün.
– Ə, noldun?
– Dururam!..
Allahverdi həyətə düşəndə Ayna arvad Qızıl inəyi sağırdı. Qızıl inək yenə də
artırmanın altında dayanmışdı, çünki yenə də çisəkləyirdi. Buzov da elə hey
dartınırdı ki, anasını əmsin, başını elə hey vururdu anasının döşünün altına.
Çisəkləyirdi, amma bu çisək Allahverdinin ürəyini heç sıxıb-eləmirdi, üşümürdü
də Allahverdi və o, gəlib göydəmir ürgəni tövlədən çıxardanda Qəşəm kişi təəccüblə
oğluna baxdı – həmişə gözləri yumula-yumula, deyinə-deyinə göydəmir ürgəni
sulamağa aparan Allahverdinin kefi indi açıq-aşkar kök idi.
Məlikin kəhər madyanı yenə də arxın qırağında idi, alapaça dayçası da
böyründə. Allahverdini görən kimi Məlikin əsnəyə-əsnəyə verdiyi sual bu oldu:
– Dünən niyə kinoya gəlməmişdin?
78
Ancaq indi Allahverdinin yadına düşdü ki, Cəfər dünən axşam kino
göstərəcəkdi və o, kənddə yaşadığı bütün müddət ərzində ilk dəfə bunu yadından
çıxarıb, kluba getməyib. Allahverdi nə təəssüfləndi, nə də heyfsiləndi, çünki hər
tərəfi basmış bu boz payızdan o tərəfdə Allahverdinin öz aləmi vardı daha və bu
aləm rəngli idi, cürbəcür rənglər – gümüşü, narıncı, məxməri...
Allahverdi göydəmir ürgəni çapıb həyətlərinə qayıdanda Qəşəm kişi yenə
təəccüblə oğluna baxdı və bu dəfə lap dəqiq qət etdi ki, Allahverdinin bu həyətdən,
bu evdən, bu təsərrüfatdan kənardakı həyatında əməlli-başlı bir hadisə baş verib;
Qəşəm kişi bunu da hiss elədi ki, həmin hadisə cavanlıqla bağlıdır. Sonra oğlunun
balaqları topuğundan yuxarıda qalmış şalvarına diqqət eləyib fikirləşdi ki,
Allahverdiyə təzə şalvar almaq lazımdır – gədə yaman uzanıb.
Əlbəttə, Allahverdi dədəsinin fikirlərindən xəbərsiz idi və şəstlə gəlib Qızıl
inəyi qabağına qatdı, naxıra qoşmaq üçün təzədən həyətdən çıxdı.
Allahverdi üzüaşağı düşən kəndarası araba yolu ilə addımlayırdı və birdən
fışqırıqla bir oyun havası çalmağa başladı və birdən-birə də başa düşdü ki, səhərdən
bəri – yerindən qalxandan indiyə qədər – həmin havanı ürəyində çalır; həm də başa
düşdü ki, bu hava onun gördüyü yuxunun, həmin rəngli yuxunun davamıdır.
Arxada öskürdülər və Allahverdi başını döndərib gördü ki, Salman kişidir,
demisini tüstülədə-tüstülədə camışını gətirir.
Salman kişi, elə bil, Allahverdinin ona baxmağına bənd imiş, başladı havanın
qarasına deyinməyə:
– Ə, belə də hava olar?! – Sonra Salman kişi bir-iki yağlı söz dedi havanın
qarasına, sonra da dedi: – Nadir də çıxdı getdi.
Allahverdi ayaq saxladı və açıq-aşkar hiss etdi ki, nəfəsi qaralır. Sonra cavabını
özü lap yaxşıca bildiyi bir sual verdi:
– Bəs, kino çəkməyəcək?
– Nə kino, ə? Bu havada da kino çəkərlər? – Salman kişi bilən adamlar kimi
əlini yellədi və yenə havanın qarasına bir-iki yağlı söz deyib əlavə etdi:
– Enib aranda çəkəcək. Deyir, il on iki ay bu dağın kəlləsində oturub gözləyə
bilmərəm ki, görüm nə vaxt gün çıxacaq... Düz deyir də...
Allahverdi özünü güclə saxladı ki, soruşsun «Bəs, Sədəf?»
Allahverdi heç nə soruşmadı, çünki hər şey məlum idi: bu payız ot da olacaqdı,
yaxşı çörək də olacaqdı, amma Sədəf daha səhəngi çiyninə alıb bulaq başında
kinoya çəkilməyəcəkdi.
Allahverdi Sədəfi gördü, Sədəfin tutulmuş sifətini gördü, dünənki sevincdən
sonra Sədəfin pərtliyini gördü və Sədəfin bu pərtliyi onun da bütün içindən keçib
cızdağını çıxartdı və özünü güclə saxladı ki, geri dönüb düz elə Salman kişinin
üzünəcə bihörmətlik eləməsin, qonağının abrını ətəyinə bükməsin.
Allahverdi başa düşdü ki, Sədəfə nə isə demək lazımdır, Sədəfin könlünü almaq
lazımdır və bunu elə Allahverdinin özü eləməlidir, amma orasını da başa düşdü ki,
bu çox çətin olacaq. Çətin olacaq ona görə ki, Allahverdi əməlli-başlı utanırdı
Sədəfdən.
Allahverdi fikirləşdi ki, bəlkə məktub yazsın Sədəfə və ürəyindəki bütün sözləri
köçürtsün bu məktuba, yəni bu məktub da rəngli olsun – gümüşü, narıncı,
məxməri... Amma hiss elədi ki, cürəti çatmayacaq bu məktubu Sədəfə verməyə.
Sonra fikirləşdi ki, məktubu Bakıdan yazar Sədəfə, Bakıya gedib instituta
girəndən sonra, amma başa düşdü ki, Bakıya getməyi də çox çətin olacaq, çox ağır
olacaq, çünki ürəyi qalacaq burada, Sədəfin yanında.