68
Həmin gündən sonra Çal Papaqlar arasında bu cür savaşlar ki, Ingiltərədə buna
keltç deyərlər, tez-tez baş verdi və onların camaat arasındakı hörmət-izzəti bir tərəfə
qalsın, özlərində də bir Çal Papaqlıq qalmadı – ikisinin də tükü yonulmuşdu tamam,
Birinci Çal Papağın dərisində beş cırıq var idi; Ikinci Çal Papağın dərisində yeddi
cırıq, ikisi də axsayırdı, ikisi də... Nə isə, mən hələ dərinə getmirəm, bizim
zəmanənin nağılı gərək müxtəsər olsun.
Camaat əvvəlcə bütün bu əhvalatlara bərk təəccübdə idi. Sonralar bu təəccüb
kefiköklüklə əvəz olundu, yəni onlar Çal Papaqların verdikləri tamaşalara baxıb
həzz almaqla məşğul idilər, amma yavaş-yavaş bu kefiköklük dəxi söndü və mən bu
camaata heyrət edirəm ki, özlərini elə aparırdılar, elə bil dünyada heç sabiq
möhtərəmlər olan Çal Papaqlar kimi bir zad yox imiş.
Qara Kepkanın isə həyat yoldaşı, könül dostu, qəlb sirdaşı, vəfalı sevgilisi Çadra
xanımla birlikdə kefi kök, damağı da ki çağ idi, özü də gedib Şlyapalar yaşayan
şəhərə bilet almışdı.
Burda nağılı qurtardım.
Göydən üç alma düşdü: biri mənim, biri bu nağılı yazanın, biri də oxuyanın.
Vəssalam, şüttamam.
1963–1970.
69
GÜMÜŞÜ, NARINCI, MƏXMƏRI...
Xoruzun axırıncı banından bir az keçmiş, Qəşəm kişi həyətə düşdü, amma baxıb
gördü ki, yenə çisəkləyir, özü də lap soyuqdur, təzədən artırmaya qalxıb
müharibədənqalma şinelini ağ tuman-köynəyinin üstündən çiyninə saldı və sidq-
ürəkdən əsnəyib hələ də üşüyə-üşüyə həyətin aşağı başına tərəf getdi.
Bu il payız gec gəlmişdi, amma yaman gəlmişdi – dörd gün idi kənddə hava
açılmırdı, elə hey xırda-xırda çisəkləyirdi. Birdəfəlik şıdırğı yağmırdı ki, adamın
canı qurtarsın; bu gün də, deyəsən, elə belə olacaqdı.
Ayna arvad da artırmaya çıxıb həyətə boylandı və o da ürəyində havanın
qarasına deyindi.
Amma bu saat bu evdə bir adam da vardı ki, bu gecikmiş payız da, bu
zəhlətökən çiskin də onun heç vecinə deyildi, çünki həmin adam – Allahverdi –
keflə yatırdı isti yorğan-döşəyində, həm də yuxu görürdü. Görürdü ki, təzə ayaqqabı
geyib, təzə kostyum geyib, boynuna da qalstuk taxıb dayanıb rayon mərkəzindəki
dəlləkxananın qabağında, başında da şəhərdən gələn kinooperatorun papağından bir
papaq. Hamı heyrətlə gah Allahverdiyə baxırdı, gah da Allahverdinin başına
qoyduğu bu papağa. Allahverdi də bundan qürurlanırdı. Birdən o gördü ki, dədəsi
bazar başından ona sarı gəlir. Doğrudan da, Allahverdinin dədəsi oğluna yaxınlaşıb
başına qoyduğu papağa baxdı və həmişəki zəhmlə soruşdu:
– O nədi, ə, qoymusan başına?
Allahverdi ağzını açmağa macal tapmamış dədəsi yenə nə isə qışqırdı.
Qəşəm kişi artırmada dayanıb yenə üzünü Allahverdi yatan otağa sarı tutdu və
qışqırdı:
– Ə, Allahverdi, gün günortanı keçdi, dursana!
Allahverdi var gücü ilə çalışdı ki, rayon mərkəzindəki dəlləkxananın yanından
heç hara getməsin, amma mümkün olmadı, çünki Qəşəm kişi bu dəfə açıq-aşkar
hədə-qorxu gəldi:
– Ə, Allahverdi!
Allahverdi hələ də gözünü açmayıb isti yorğan-döşəyində bu səhər axırıncı dəfə
gərnəşdi – bilirdi ki, bir azdan bu istini də, bu yuxunu da həyətdəki boz payız əvəz
edəcək – sonra gözünü açıb zoğalı boya ilə rənglədikləri tavana baxdı və ərinə-ərinə
soruşdu:
– Nədi e?
Əlbəttə, Allahverdi özü lap yaxşıca bilirdi ki, iş nə yerdədir: həmişəki kimi,
əvvəlcə göydəmir ürgəni tövlədən çıxarıb arxa suvarmağa aparmalıydı, sonra
qayıdıb Qızıl inəyi naxıra qoşmalıydı, sonra bir-iki qucaq odun doğramalıydı, sonra
isə, isti südlə pendir-lavaşını yeyib dərsə getməliydi. Bunların hamısını yaxşı bilirdi,
amma hər dəfə də dərsə hələ iki saat qalmış yuxudan durmaq müsibət idi onun üçün,
ələlxüsus da payızın bu çiskinində.
Eybi yox, az qalmışdı, lap az qalmışdı Bakıya gedib instituta girməyinə: qış
gəlib keçəcəkdi, yaz gəlib keçəcəkdi, sonra da yay gələcəkdi – imtahan imtahan
dalınca – sonra da xudahafiz, göydəmir ürgə, xudahafiz Qızıl inək, xudahafiz, vələs
saplı balta. Imtahanlar çətin olacaqdı – aydın məsələdir – amma nə qədər çətin olsa
da, səhərin gözü açılmamış hövlnak isti yorğan-döşəkdən qalxıb payızın çiskininə
girməkdən min dəfə asandı.
Qəşəm kişinin lap səbri tükənmişdi:
– Ə, noldun?!
70
– Durdum e, durdum!..
Allahverdi yorğanı üstündən atıb çarpayıda oturdu, yekə ayaqlarının altındakı
cecimdə toxunmuş ceyran sürüsünə baxdı, sonra qızarmış gözlərini qırpa-qırpa
geyinməyə başladı.
Qəşəm kişi Qızıl inəyi tövlədən çıxarıb artırmanın altına çəkdi. Qızıl inəyin
buzovu da quyruğunu yelləyə-yelləyə canfəşanlıqla düşdü anasının dalına.
Üşüyə-üşüyə artırmadakı əl-üzyuyanda xala xətrin qalmasın yuyunan
Allahverdinin buzova yazığı gəldi və ürəyində fikirləşdi ki, ay yazıq buzov, sənin
təqsirin nədir ki, gül kimi tövləni qoyub düşürsən bu sısqa çiskinin altına.
Qəşəm kişi buzovu inəyin qıçına bağladı, Allahverdinin anası Ayna arvad da
artırmanın altında çöküb sərnici qoydu iki dizinin arasına və başladı inəyi sağmağa.
Allahverdi ərinə-ərinə aşağı düşüb salamsız-kəlamsız tövləyə tərəf getdi, içəri
girib göydəmir ürgəni axurdan açdı, cilovu atın başına keçirib darta-darta həyətə
çıxartdı, darvazanın qapısını itələyib göydəmir ürgənin çılpaq belinə tullandı: cavan
və sağlam at öz yolunu tanıyırdı və öz işini də bilirdi.
Allahverdinin sinif yoldaşı, yəni Allahverdi ilə birlikdə kənddəki məktəbin
onuncu sinfində oxuyan Məlik də həmişəki kimi əsnəyə-əsnəyə oturmuşdu kəhər
madyanlarının belində və kəhər madyan da ədəb-ərkanla arxdan su içirdi, alapaça
dayça da böyründə. Allahverdini görəndə Məlikin birinci sözü bu oldu ki, Səftər
müəllim xəstələnib, dərsə gəlməyəcək.
Yuxudan kal durduğuna görə hələ də aynası açılmamış Allahverdi gözlərini
qırpa-qırpa:
– Ba? – dedi və ürəyində fikirləşdi ki, yazıq Səftər müəllim neyləsin, belə sarsaq
havaya da revmatizm tab gətirər? – Revmatizmi qalxıb?
Məlik əsnəməyinə ara vermədən:
– Hə, – dedi.
Səftər müəllim Məlikgilin həyətbir qonşusu idi, fizika müəllimi idi və bu gün də
birinci dərs fizika dərsi idi; deməli, bu gün birinci dərs olmayacaqdı.
Kəhər madyan sudan doyub boynunu qaldırdı, əvvəlcə bir an müdrik-müdrik
arxın o tayındakı heyva ağaclarına baxdı, sonra yenə başını aşağı salıb arxın
qırağında təzə göyərmiş payız otundan otlamağa başladı. Məlik cilovu çəkib:
– Cəfər rayona gedir, – dedi. – Axşama kino gətirəcək.
Allahverdi yenə də:
– Ba? – dedi və göydəmir ürgənin arxdan su dümləməsinə tamaşa elədi.
Cəfər, Məlikin böyük qardaşı idi, özü də kinomexanik idi, iki gündən bir, üç
gündən bir rayondan film gətirirdi, axşamlar klubda göstərirdi. Kinomexanik Cəfər
kənddəki cavanların arasında hörmətli adam idi, amma həmin əcaib papaqlı
kinooperator Bakıdan gəlib bu kəndə çıxalı Cəfərin hörmətinə bir az xələl
toxunmuşdu, çünki məlum olmuşdu ki, dəvədən böyük fil var, yəni məlum olmuşdu
ki, bir var hıqqana-hıqqana velosipedlə buradan rayona gedəsən, hıqqana-hıqqana da
oradan bura film gətirəsən, bir də var ki, par-par parıldayan aparatı əlinə alıb tutasan
gözünün tuşuna və başlayasan özün film çəkməyə.
Bakıdan gələn kinooperator dörd gün idi ki, kənddə idi, özü də qalırdı
Allahverdigildən iki ev yuxarıda olan Salman kişigildə. Dörd gün idi gəlmişdi,
amma heç nə çəkə bilməmişdi, deyirdi ki, hava pisdir, gərək gün çıxsın.