62
Səhəri gün məktəbdə uşaqlar ona dedi ki, Izrail Solomonoviç dünən birinci
dərsdə sizi görübmüş – səni də, Vovanı da – bildi ki, dərsdən qaçmısınız. Vova
qorxusundan birtəhər oldu, amma o, bu xəbərin fərqinə varmadı, çünki dünyanın ən
müstəqil adamı idi və heç kimdən çəkinmirdi, heç nədən qorxmurdu, yalnız
gözləyirdi, gözləyirdi ki, iki gün gəlib keçsin, Sənubərin anası yenə səfərə çıxıb
getsin, o yenə Sənubərgilə getsin, yenə öz balaca otaqlarındakı divanın üstündə,
nöyüt pilətəsinin qarşısında otursunlar, yenə əlini içi dovşan dərili qolsuz kürkün
üstündən Sənubərin sinəsinə qoysun, yenə dünənki kimi söhbət etsinlər, yenə
gələcək birgə günlərini, balaca otaqlarındakı birgə həyatlarını aynadaymış kimi
görsünlər, sevsinlər bir-birilərini.
Axşam evdə anası ondan soruşdu ki, sənə nə olub, gözümə birtəhər dəyirsən? O
da anasının üzünə baxıb:
– Nə olacaq e, heç nə olmayıb! – dedi və özü də bilmədi ki, niyə qışqırır.
Vaxt elə yavaş keçirdi ki, bilmirdi neyləsin. O, Sənubərgilin məktəbinə
getməzdi heç vaxt, hərdən lazım olanda həyətdə dayanıb onu gözlərdi, sözünü deyib
çıxıb gedərdi. Onlar heç vaxt birgə gəzməyə çıxmamışdılar, heç kinoya da
getməmişdilər. Bir dəfə Sənubər köşək gözlərini qıyıb demişdi: «– Bilirəm, məndən
utanırsan, mənimlə camaatın gözünə görünməyə utanırsan, yaraşmıram sənə». O da
qıpqırmızı qızarmışdı. Sonralar neçə dəfə istəmişdi Sənubərlə birlikdə gəzməyə
çıxsın, amma Sənubər əvvəlcə gülmüşdü, sonra da demişdi ki, yox, elə yaxşısı budur
ki, oturaq evciyəzimizdə.
Bu gün günorta məktəbin həyətində Sənubəri nə qədər gözləmişdisə də görə
bilməmişdi – deyəsən, Sənubər dərsə gəlməmişdi.
Ikinci gün Izrail Solomonoviçin dərsi var idi və sinfə girən kimi onu ayağa
qaldırdı, qalın şüşəli çeşməyinin altından acıqla onu süzüb soruşdu ki, srağagün
harada idin?
– Dərsdən qaçmışdım.
Sinfə elə sükut çökdü ki, milçək uçsaydı, səsi eşidilərdi. Izrail Solomonoviç
heyrətlə ona baxıb heç nə demədi və o yerində oturdu.
... Sənubərin anası qapıdan çıxanda o, yenə məscidin hasarına qısıla-qısıla tini
burulub dayandı. Birdən bığlı kişi minarədən başını çıxarıb qışqırdı:
– Hə, gəlmisən yenə?
O, başını yuxarı qaldırdı. Bığlı kişi, həmişəki kimi, gözlərini bərəltdi. O heç özü
də bilmədi necə oldusa, bu dəfə sözləşmək əvəzinə, əlini qaldırıb yellədi, yəni
salam-əleyküm. Bığlı kişi də, deyəsən əvvəlcə bir şey qanmadı, sonra başını tərpədib
gülümsədi, sonra da başı minarənin içində yox oldu.
Sənubərin anası gözdən itdi.
O, tini buruldu və qənbər döşənmiş küçəni keçib Sənubərgilin çöl qapısından
içəri girdi və bir göz qırpımında dəhlizdəki taxta pilləkənləri qalxıb barmağı ilə
qapını taqqıldatdı.
Içəridən Sənubərin səsi gəldi:
– Gəl, açıqdır, bağlamamışam.
O, qapını açıb içəri girdi, sonra qapının cəftəsini bağlayıb balaca arakəsmə ilə
otağa tərəf gəldi və yerində donub qaldı.
63
Sənubər otağın ortasında ayaq üstə dayanmışdı, əynində onun heç vaxt
görmədiyi yaşıl don var idi. Bu yaşıl don par-par parıldayırdı, elə bil bu saat alışıb
yanacaqdı. Sənubərin bütün sifəti gülürdü – gözləri də, təbəssümü də. Sənubər bu
yaşıl donu ilə birlikdə bu otaq dolu xoşbəxtlik içində itib-batmışdı, bu yaşıl donun
ətəklərini sığallaya-sığallaya özü öz görkəmindən ləzzət alırdı. Nə taxta kətil var idi
divanın qabağında, nə də nöyüt pilətəsi. Bu otaq da onların otağı deyildi, silinib-
süpürülmüş lap yad bir otaq idi, təzəcə yuyulmuş taxta döşəmə iyi gəlirdi bu
otaqdan.
– Iki gündür harada itib-batmısan? – Sənubər gözlərini yaşıl donundan ayırıb
ona baxdı.
Onun ürəyi düşdü. O bildi ki, fövqəladə bir hadisə baş verib və bu hadisə onun
həyatı ilə bağlıdır və pis hadisədir bu; əslində o, qapını açıb ayağını arakəsməyə
qoyan kimi hiss etmişdi ki, nə isə əvvəlki kimi deyil, nə isə çatışmır – nöyüt
pilətəsinin iyiydimi, ya nəyidisə – bilmirdi, amma hiss etmişdi.
Sənubər yaşıl donunun ətəklərindən tutub gülə-gülə otağın ortasında fırlandı və
fırlana-fırlana da dedi:
– Ərə gedirəm e! Ağahüseyn mənimçün gəlirmiş bizə! ...Indi nişanlanırıq, yayda
mən məktəbi qurtarandan sonra evlənəcəyik!..
O, hiss etdi ki, bu saat qaçıb Ağahüseyni öldürmək lazımdır, amma ürəyinin lap
dərinliklərində bunu da hiss etdi ki, artıq hər şey qurtarıb, qurtarıb gedib hər şey,
artıq heç kimi və heç nəyi yoxdur.
– Bəs... bəs, sən sevinirsən? – Heç özü də bilmədi ki, necə soruşdu, lap yad bir
adamın səsinə oxşayırdı bu səs.
– Ərə gedirəm də, ay axmaq! – Sənubər yenə yaşıl donunun ətəklərindən tutub
gülə-gülə otağın ortasında fırlandı. Dünən kinoya getmişdik... Bilirsən nə əntiqə
kinoydu!.. Oğlan maşın altda qalır, iki ayağını da kəsirlər. Sevgilisi əvvəlcə bunu
bilmir. Elə bilir ki, oğlan ona naxələf çıxıb, sonra...
O, Sənubərin nə danışdığını eşitmirdi, bilirdi ki, bu saat Sənubərgildədir,
Sənubər dünən baxdığı filmi danışır, amma nə danışdığını eşitmirdi. O, heç nə
barədə fikirləşə bilmirdi, heç nə düşünmürdü, eləcə otağın qapısı ağzında dayanıb
Sənubərə baxırdı və əslində Sənubəri də görmürdü, hər tərəfi yaşıl rəng görürdü, bu
yaşıl rəngi tərli şüşə arxasından görürdü, hər tərəf par-par parıldayan yaşıl şüa idi.
– Bir azdan yenə gələcək, bu gün də teatra gedəcəyik. – Daha tək
oturmayacağam burda. Daha mən haçan istəsəm gəzməyə gedəcəyik. Sabah da
gedib onun evinə baxacağıq, təzə binadadı da evi, tramvay parkının işçiləri üçün
tikiblər. Hamamı da var içində...
O yenə də heç nə eşitmirdi, yenə də tərli şüşə arxasından ancaq rəng görürdü,
özü də şüşə lap tərləmişdi, yaşıl şüalar suya dönmüşdü lap və o, hiss edirdi ki, belə
olmaz, belə baxmaq olmaz, amma heç nə edə bilmirdi, eləcə dayanmışdı otağın
qapısı ağzında.
– A-a... Nə olub sənə? Ağlayırsan? ... – Sənubər yaxınlaşıb ona baxdı, sonra
əlindən tutdu.
O, daha özünü saxlaya bilməyib o biri əli ilə gözlərini qapadı. O özü başa
düşürdü ki, belə olmaz, lap biabırçılıqdır, amma heç nə edə bilmirdi.