58
Əlləri şalvarının cibində küçənin ortası ilə üzüaşağı düşə-düşə birdən yenə də
nöyüt pilətəsinin iyini və istisini duydu, amma bu duyğu həmişəki kimi onu o saat
qızışdırmadı – Sənubərin bayaqkı sözlərindən tamam sarsılmışdı: « – Mən bu dörd
divar arasında qalıb neyləyəcəyəm?» Bəs, o! Bəs, o kimdir?
O, yenə də uğursuz taleyi barədə düşünməyə başladı, soyuq da ki, xəncər kimi
kəsirdi.
Arxadan bir maşın siqnal verdi, sürücü də pəncərədən başını çıxarıb qışqırdı ki,
küçənin ortasına niyə düşmüsən belə, başın bədəninə ağırlıq edir? O, tələsik səkiyə
çıxdı, heç sürücüyə cavab verməyə də macal tapmadı – maşın ötüb getdi və bu
maşın birdən-birə onun bədbin fikirlərini də dağıtdı və o, yenə də qorxdu ki, indicə
geri dönüb təzədən Sənubərgilə gedəcək, ayaqlarını altına yığıb pilətənin qabağında
oturmuş Sənubər də köşək gözləri ilə ona baxıb gülümsəyəcək: «Hə, nə oldu, bəs,
çıxıb getmişdin?»
O, Vovagilə gedirdi ki, paltosunu götürsün, amma özü də hiss edirdi ki, paltonu
götürmək istəmir, çünki Sənubər tək-tənha qalmışdı o balaca otaqda; ömründə
Sənubəri bu cür görməmişdi, ömründə təsəvvür etməzdi ki, Sənubərin balaca
cüssəsinə bu qədər nifrət sığışa bilər; niyə, axı, niyə bu balaca otağa – onların
otağına – bu qədər nifrət edir? Deməli, bütün bu beş ay ərzində Sənubər ondan gizli
bu balaca otağa – onların otağına – nifrət edirmiş... Indi tək oturub, orda nöyüt
pilətəsinin qabağında, divanın üstündə, ayaqlarını da həmişəki kimi yığıb altına, şal
da dizlərinin üstündədir, özü də gözünü pilətəyə dikib nazik barmaqları ilə şalın
saçaqlarını oynadır; bənizi lap ağarmışdı, dodaqları titrəyirdi acığından, hamısı da
bu balaca otağa görə – niyə, niyə axı?
O, başa düşdü ki, bir neçə dəqiqədən sonra qayıdıb Sənubərgilə gedəcək, hiss
etdi ki, Sənubərin bu saat tək-tənha nöyüt pilətəsinin qarşısında oturmasına – özü də
lap balacalaşmış Sənubərin, lap kimsəsizləşmiş Sənubərin – dözmək mümkün deyil.
Vovagil karamel fabrikinin yanında olurdular. Bu məhəllədən həmişə şirniyyat
iyi gələrdi. Bu şirniyyat iyi, nədənsə, faciəli filmləri onun yadına salardı və bu
zaman o özünü daxilən zəngin, daxilən dövlətli bir adam hiss edirdi, çünki onun
hamıdan gizlin balaca bir otağı var idi və bu otaqda Sənubər var idi və Sənubərin
köşək gözləri var idi, bu köşək gözlər hərdən gülürdü, hərdən tutulurdu.
O heç vaxt ac qalmamışdı, heç vaxt darısqallıq çəkməmişdi, heç bir faciə
görməmişdi, amma bütün bunları doğma hiss edirdi, elə bil aclıq da çəkmişdi,
faciələr də görmüşdü; o, aclıq çəkmiş, pis dolanmış adamların hisslərini duyurdu –
hər halda, ona belə gəlirdi. Hərdən özünü faciələr keçirmiş bir adam kimi təsəvvür
edirdi və bu cür anlarda onun yeganə mənəvi pənahgahı bu idi ki, hamıdan gizlin
balaca bir otağı var və bu otaqda Sənubər var.
O, yenə də ovcunun altında Sənubərin nazik qabırğalarını hiss etdi, onun
ürəyinin döyüntüsünü duydu...
Köhnə məscidin minarəsindəki işıq sönmüşdü, bığlı kişini yəqin düşürtmüşdülər
aşağı, dördçarxlı sankasını sürüb getmişdi evlərinə; indi oturub uşaqları ilə çörək
yeyirdi. Bəlkə, heç uşaqları yoxdur? Hər halda, bir adamı olmamış olmaz.
O, barmaqlarını büküb arakəsmə qapısını taqqıldatdı. Içəridən Sənubərin səsi
gəldi:
– Gəl. Bağlamamışam.
O, bir balaca qızardı,
çünki Sənubər bilirdi ki, o qayıdacaq və o qayıdıb.
59
Sənubər yenə də ayaqlarını altına yığıb divanın küncündə oturmuşdu, saçaqlı şal
yenə də baldırlarının üstündə idi, nöyüt pilətəsi yenə də divanın qarşısındakı taxta
kətilin üstündə yanırdı, yenə də nazik barmaqları ilə şalın saçaqlarını oynadırdı;
gözlərini qaldırıb ona baxdı – elə bil başqa adamın gözləri idi bu gözlər.
O, ayaqüstə otağın qapısı ağzında dayanmışdı, nə isə bir söz demək istəyirdi,
amma deyə bilmirdi və buna görə pərt olmuşdu. Sənubər onu çağırdı ki, gəl bura;
özü də elə çağırdı, elə bil lap taqəti kəsilmişdi. O, Sənubərin bu cür səsini heç vaxt
eşitməmişdi, bu səs onun ürəyinə bir xof gətirdi, suçlu adamlar kimi addımlayaraq
gəlib divanda Sənubərin yanında oturdu, Cənubər də o saat onu qucaqlayıb başını
pencəyinə qısdı və özünü tamam itirmiş halda hiss etdi ki, Sənubər hıçqırır. Əvvəlcə
bilmədi nə eləsin, sonra soruşdu ki, nə olub? – Heç özü də bilmədi ki, necə soruşdu.
Sənubər daha da bərkdən hıçqırdı. Için-için ağlayırdı Sənubər, bütün bədəni
titrəyirdi.
O özünü lap itirdi. Ömründə heç kim onun yanında bu cür ağlamamışdı.
Sənubərin saçlarını öpməyə başladı; sonra başa düşdü ki, bu dəfə özünü saxlaya
bilməyəcək; qəhərdən boğula-boğula: «– Nə olub, axı, sənə? – dedi. – Nə olub?»
Sənubər heç nə demədi, birdən-birə onun yanaqlarını iki əli arasına alıb dəli
kimi üz-gözünü öpməyə başladı və şor tamlı göz yaşı onun bütün sir-sifətinə yayıldı
və o, doğrudan da, özünü saxlaya bilmədi; Sənubər yenə də onun başını sinəsinə
sıxdı, cod saçlarını qarışdırdı, yanağından öpdü; o, həmişəki kimi, başını Sənubərin
sinəsindən çəkmədi, çünki özü öz göz yaşlarından utanırdı.
– Mənim səndən başqa heç kimim yoxdur! Heç kimim yoxdur səndən başqa!
Hər gün gələcəksən mənim yanıma. Sənsiz bir günüm olmasın. Bircə dənəmsən
mənim! – Birdən Sənubər onun başını qaldırıb düz gözlərinin içinə baxdı və dedi: –
Istəyirsən elə indi sənin olum?
O, əvvəlcə bu sözlərin mənasını başa düşmədi, necə yəni istəyirsən elə indi
sənin olum, bəyəm Sənubər onunki deyildi? Sonra ürəyindən bir üşütmə keçdi,
sonra da hirsləndi. Sənubərin axmaqlığına hirsləndi.
– Hə, istəyirsən? – Sənubər yer üzündəki bütün əzab-əziyyətlərə sinə gərə
biləcək bir tərzdə təkrar etdi.
O, başını Sənubərin əlləri arasından çəkib ayağa qalxdı və elə bil ki, nə
edəcəyini bilməyərək pəncərəyə yaxınlaşdı, təkcə bunu dedi ki, lap səfehsən! Sonra
pəncərənin qalın pərdəsini kənara çəkib küçənin o biri tərəfindəki məscidə baxdı,
ona elə gəldi ki, kim isə məscidin hasarına qısılıb bu pəncərəyə baxır, sonra başa
düşdü ki, bu onun özüdür.
– Lap səfehsən. – O, bir də dedi və hiss etdi ki, Sənubərə sarı çevrilə bilmir,
utanır. – Nə olub e, sənə?
Sənubər arxadan onun çiyinlərini qucaqladı:
– Heç nə, heç nə olmayıb mənə. Istəyirəm ki, sən mənim olasan. Istəyirəm ki,
sən heç vaxt məni tək qoymayasan. Qorxuram tək qalmaqdan.
O, Sənubərə tərəf çevrilib qızı qucaqladı. Onlar heç vaxt bu cür ayaqüstə
qucaqlaşmamışdılar. O, elə bil ki, kənardan bu duruşlarına baxdı: teatrda artistlərin
bir-birini qucaqlamağına bənzəyirdi bu qucaqlaşma, amma Sənubər lap balaca idi,
lap cılız idi, özü də quş kimi çırpınırdı onun qolları arasında, teatrda artistlər bir-
birini qucaqlayanda belə çırpına bilməzdilər.
– Tək niyə qalırsan? – dedi. – Bəs, mən nəyəm? Mən nəyəm bəs?
Sənubər elə bil bu sözləri gözləyirdi, yenə dəli kimi onun üz-gözündən öpməyə
başladı; Sənubər heç vaxt bu cür qızğın, həm də bu cür köməksiz olmamışdı.