52
Sənubərə görə səhərdən dayanıb burda, adamın ürəyini sıxan bu erkən
qaranlıqda, bu küləkdə, bu qış çiskinində, bu təkgözlü minarənin yanında, Sənubərə
görə. Bunu bütün dünyada heç kim bilmir, bir o bilir, bir də Sənubər, deməyib heç
kimə, deməz heç kimə. Qabaqlar bir şey olmazdı ortada, amma uşaqlara yüz cür
yalan deyərdi qızbazlığı barədə, indi isə heç kimə heç nə demirdi, ona elə gəlirdi ki,
başqaları bunu bilsə, bu, bir növ, oğurluğa oxşayar, elə bil, onlardan – ondan və
Sənubərdən – nə isə oğurlamış olarlar.
Sənubərin anası axır ki, çıxdı qapıdan.
O, məscidin hasarına qısıla-qısıla bir az yuxarı qalxıb tini buruldu və dayandı.
Sənubərin anasının ardınca qapıdan bir kişi də çıxdı, danışa-danışa ikisi də küçə
ilə üzüaşağı düşdü.
O, bir az gözləyib tini buruldu və qənbər döşənmiş küçəni keçib Sənubərgilin
çöl qapısından içəri girdi; yarımca mərtəbə yuxarı qalxan bu taxta pilləkənlər, bu
qaranlıq dəhliz, bir az tozlu, bir az da əhəng qoxulu bu hava həmişəki kimi yenə də
onun sinəsinə bir ilıqlıq gətirdi; barmağını büküb arakəsmə qapısını yavaşca
taqqıldatdı.
Içəridən Sənubərin səsi gəldi:
– Keç içəri, bağlamamışam.
O, qapını itələyib içəri girdi, sonra da qapının cəftəsini bağlayıb balaca
arakəsmə ilə otağa tərəf getdi.
Sənubər həmişəki yerində oturmuşdu – divanın küncündə, özü də həmişəki kimi
– ayaqlarını yığmışdı altına, nazik barmaqları ilə lafsan yubkasının üstündən
baldırlarına saldığı şalın saçaqlarını oynadırdı. Yenə də Sənubərin qarşısındakı taxta
kətilin üstündə bir balaca his edən nöyüt pilətəsi yanırdı, bu pilətənin iyi və istisi
otağa dolmuşdu. O, həmişə bu otaq barədə fikirləşəndə nə pəncərədəki bu qalın
pərdələri, nə də otağın ortasındakı bu dördkünc mizi, nə üzü ağarmış qəhvəyi
meşinli divanı, nə küncdəki bu köhnə alman radioqəbuledicisini, nə üçgöz güzgünün
üç tərəfinə də düzülmüş cürbəcür fotoşəkilləri, nə də yerə salınmış bu palazı
görürdü; o bu otaq barədə fikirləşəndə, birinci növbədə, bu nöyüt pilətəsinin iyini və
istisini hiss edirdi; bu pilətənin iyi və istisi onun beş aydan bəri ürəyində gizlətdiyi,
heç kimə demədiyi və heç kimə deməyəcəyi xoşbəxtliyinin örtüyü idi. Bir dəfə
«Səadət sarayı»nın yanından keçəndə təzəcə kəbin kəsdirmiş bəylə gəlini görmüşdü.
Gəlinin üzünü çox incə, ağ duvaq örtmüşdü. Bax, bu nöyüt pilətəsinin iyi və istisi də
həmin duvaq kimi onun xoşbəxtliyinin örtüyü idi – onda belə fikirləşmişdi.
– Yenə tində dayanıb gözləyirdin? – Sənubərin köşək gözləri gülümsəyə-
gülümsəyə altdan-yuxarı onu süzdü.
Əlbəttə, həmişəki kimi dedi ki, yox, elə indicə gəlmişəm. Sənubər də həmişəki
kimi bic-bic güldü. Hərdən Sənubərin elə vaxtı olurdu ki, onu kiçiltmək,
balacalaşdırmaq, bəlkə də alçaltmaq istəyirdi, gah yaşdan söz salırdı, gah məktəbdən
söz salırdı, gah da elə hərəkətlər edirdi ki, o, bayram yumurtası kimi pörtürdü, az
qalırdı siçan deşiyinə girsin, amma nə qədər hirslənsə də, nə qədər pərt olsa da, nə
qədər acıqlansa da, Sənubərdən incimirdi, çünki Sənubərdən inciyə bilmirdi, çünki
bilirdi ki, Sənubər onu çox istəyir, bütün bunları isə elə-belə edir, şıltaqlıq naminə.
O bu balaca otaqda özünü bütün daxili ilə kişi hiss edirdi, dərsdə oturub Izrail
Solomonoviçin məzəmmətlərinə qulaq asarkən ürəyində fikirləşirdi ki, nə yaxşı
bütün bu əskik söhbətlər, bu məktəb dəsgahı, evlərindəki danlaqlar, qardaşı ilə dava-
dalaşı – hər şey bu balaca otaqdan kənardadır.
53
Sənubər yenə həmişəki kimi, əllərini pilətənin üstünə qaldırıb oda tutdu, sonra
dedi ki, gəl sən də əllərini oda tut. O, pilətəyə yaxınlaşıb əllərini oda tutdu, pilətənin
istisi bütün bədəninə bir hərarət gətirdi, sonra Sənubər onun əllərini öz əllərinin
içinə alıb ovuşdurdu, sonra onu özünə tərəf dartdı:
– Bir bura gəl görüm e!..
O, həmişəki kimi, palazın üstündə diz çökdü, Sənubər onun başını sinəsinə
sıxdı, barmaqlarını cod qara saçlarında gəzdirdi və yanağından öpdü. O, tez başını
çəkib ayağa qalxdı, çünki həmişə belə anlarda, nədənsə, – səbəbini başa düşə
bilmirdi – qəhərlənirdi və qorxurdu ki, ağlasın.
Bir söz demək xətrinə soruşdu ki, bayaq ananla evdən çıxan o kişi kim idi elə?
Sənubər dedi ki, Ağahüseyndir. Soruşdu ki, Ağahüseyn kimdir? Sənubər də cavab
verdi ki, qohumumuzdur, uzaq...
– Nəçidir e?
– Tramvaysürəndir də...
– Sizə niyə gəlir?
– Mən nə bilim? – Sənubər çiyinlərini çəkdi. – Üçüncü dəfədir gəlir.
O yenə nə isə soruşmaq istədi, amma soruşmadı. Ağahüseynin adı bu balaca
otaqdakı zəif elektrik lampası ilə, bu pilətə iyi və pilətə istisi ilə, Sənubərin bu köşək
gözləri ilə uyuşmurdu, yad səslənirdi və o, bir daha bu adı çəkmək istəmədi; indicə
o, divanda Sənubərin yanında oturacaqdı, bir əlini onun çiyninə qoyacaqdı, sonra o
biri əlini yavaş-yavaş içi dovşan dərili qolsuz kürkün üstündən Sənubərin sinəsinə
qoyacaqdı və durub gedənə qədər beləcə oturacaqdılar.
O, pencəyini çıxarıb divanda oturmaq istədi, amma yadına düşdü ki, kitab-dəftər
qayışının altındadır, bayaq paltosunu Vovagildə çıxardanda ağlına gəlməyib ki,
bunları da orada qoysun; kitab-dəftəri burada çıxarmaq olmazdı: birdən Sənubər
«Coğrafiya» kitabını görər. «Coğrafiya» kitabında isə yazılıb ki, səkkizinci sinif
üçün dərs vəsaitidir, amma Sənubər elə bilir ki, o, doqquzda oxuyur. Əslində
əvvəllər Sənubər elə bilirdi ki, o, onuncu sinifdə oxuyur.
Onlar məktəbin həyətində qutab alarkən tanış olmuşdular. Sənubər 132 nömrəli
məktəbdə oxuyurdu – Azərbaycan məktəbində, o isə 134 nömrəli məktəbdə
oxuyurdu – rus məktəbində. Məktəbləri bitişik idi, həyətləri də bir idi. Onda
Sənubərin xırdası olmamışdı qutabsatana versin, qutabsatan da Sənubərin
manatlığını xırdalamırdı, xırdası yox idi. O, Sənubərə xırda vermişdi – ikisi də qutab
almışdı. Sənubər də üç-dörd gündən sonra onu həyətdə görüb xırdanı qaytarmışdı.
Sənubər gözəl deyildi, həmişə də nimdaş geyinərdi. O heç ağlına gətirə bilməzdi
ki, bir vaxt gələcək və bu qutab alan qız onun ilk məhəbbəti olacaq – o inanırdı ki,
bu ilk məhəbbətdir, ilk böyük məhəbbət. Doğrudur, il yarım bundan əvvəl
qonşuluqlarında yaşayan bir arvada vurulmuşdu; evdə oturanda qulağı həmişə
səksəkədə olardı: həmin arvad eyvana çıxıb paltar sərəndə zivəni dartardı, çarxdan
səs çıxardı, o da, bilərdi ki, sevgilisi eyvandadır, tez öz eyvanlarına çıxıb tamaşa
edərdi, amma bu, yavaş-yavaş sönüb getdi, çünki əsl məhəbbət deyildi – bunu
sonralar başa düşdü. Sənubərgilə gəldiyi ilk gündən sonra.
Əvvəlcə salamlaşırdılar elə-beləcə, sonra günlərin bir günündə həyətdən birlikdə
çıxdılar, necə oldusa, Sənubəri evlərinə ötürdü, Sənubər də onu evə çağırdı, dedi ki,
heç kim yoxdur evdə, o da qalxdı yuxarı, heç bilmədi necə qalxdı.