48
C. Səlimov qalxıb yenə mətbəxə keçdi, yenə çaynikdən su töküb əl-üzünü yudu.
Təqvim yenə də göstərirdi ki, mayın on altısıdır. O, günləri bir-bir cırmağa başladı:
bu 17-si, bu 18-i, bu 19-u, bu 20-si, bu 21-i – hamısı bir-birinin eyni – bu 22-si, bu
23-ü, amma nə olsun, nə mənası var, nə fərqi var ki, bu gün mayın on altısı, ya
iyirmi üçü deyil, iyulun on biridir? Bu mənasızlıq, bu fərqsizlik nə qədər davam
edəcək; bu otaqların canına hopmuş ölü sükut nə qədər davam edəcək; bu qalın
divarların zəng həsrəti, bu bürkülü gecələrin sonsuzluğu, bu televiziya verilişlərinin,
radio musiqisinin tənhalığı, küçədən ötən bu maşın səslərinin yeknəsəqliyi, bu saat
çıqqıltısının ölgünlüyü, bu təqvim günlərinin eyniliyi və heçliyi nə vaxta çəkəcək;
bu qırmızı ayı balası haçanacan elə beləcə oturacaq?
Axıra qədər.
C. Səlimov küçəyə baxan eyvana çıxdı. Budur, həmin sarı bina, həmin qara daş
bina, həmin yeni tikinti ayrıcında dayanmış həmin milis işçisi, qarşı eyvandakı
həmin güllər, həmin meynə, o biri eyvanda çeşməyini taxıb küçəyə tamaşa edən
həmin qoca – yüz ildir ki, belədir, hər şey olduğu kimi. Qabaqlar bu sarı bina da belə
solğun deyildi – meyit rəngli, bu qara daş bina da bu cür matəm içində deyildi, bu
yeni tikintinin toz-torpağı da projektor işığında işləyən bu traktorun tırıltısı kimi
gecənin bürküsünə qatışıb ürək qısmırdı, qarşı eyvandakı həmin güllər də tabutu
xatırlatmırdı, katafalk deyildi, bu meynə də bu cür quru, susuz deyildi, ayrıcgahda
dayanmış həmin milis işçisi də bu cür könülsüz, həvəssiz deyildi, çeşməyini taxıb
eyvandan küçəyə tamaşa edən bu qoca da bu cür miskin görünmürdü; əvvəllər – yüz
il bundan qabaq – indi hər tərəfi basmış bu bozluq yox idi; onda Leyla bu eyvanda
gülərdi, bu otaqlardan ev iyi gələrdi onda.
Lakin bu gülüş ki, onsuz da daimi deyildi, bu iy ki, onsuz da əbədi deyildi; on il
davam edərdi bu gülüş, on il gələrdi bu iy, iyirmi il davam edəcəkdi bu gülüş, iyirmi
il gələcəkdi bu iy, otuz il, lap qırx il, lap əlli il, sonra? Sonra nə? Sonra heç nə.
Bu gülüşün həsrətini çəkmək, bu iyin həsrətində olmaq nə deməkdir; bu qırmızı
ayı balasından qorxmaq nə deməkdir; telefon nəzərlərini daima hiss etmək nə
deməkdir?
Belə-belə işlər, yoldaş mühəndis, hörmətli C. Səlimov, zavodda planı vaxtından
əvvəl yerinə yetirməklə deyil, «Neftçi»nin dərdini çəkməklə də deyil; istəyirsən
qiymətli başını qaldır və bu ilğımlı göyə tamaşa et və feyziyab ol özünçün, çıxart
başından bütün fikirləri və ya istəyirsən gir evə, radionu yandır, qoy musiqi çalsın,
sonra da bir yaxşıca oyna öz-özünə, yaxşıca da tərlə, qoy canından çıxsın bu bədlik.
Sonra divar saatı dördü vurdu, yəni saat dörd idi, yəni artıq saat ona işləyirdi.
C. Səlimov otağa girib işığı söndürdü və divanda uzandı: və səhər durub işə
getmək, sonra yenə evə qayıtmaq, sonra yenə bu qırmızı ayı balası ilə üz-üzə
oturmaq, yenə bu qonşunun divarı döyəcləməsinə qulaq asmaq və yenə də səhər
durub işə getmək.
Sonra ona elə gəldi ki, otaqda nə isə bir yenilik var, nə isə təzə bir səs gəlir – bu,
ağcaqanad idi, vızıldayırdı, sonra səsi kəsildi, yəqin pəncərədən çıxdı.
Akvarium almaq lazımdır, cürbəcür balıqlar da alıb buraxasan içinə, üzsünlər
özləri üçün – səhər, axşam.
Ya da qəfəsdə bülbül saxlamaq olar.
Mətbəxdəki soyuducu yenə tırıldamağa başladı, bir azdan yenə sakitləşəcəkdi,
sonra yenə tırıldamağa başlayacaqdı.
Artist daha bu divarı döyəcləmir, yəqin o biri divarları döyəcləyir. Qışda
soruşanda deyir ki, divara xalça vururam, bəs bu yayın cırhacırında nə edir görəsən?
49
Sonra istədi ki, heç nə fikirləşməsin, gözlərini yumub bütün fikirləri başından
elədi; doğrudan da, heç nə fikirləşmirdi, amma yata da bilmirdi, nə isə hiss edirdi, nə
isə duyurdu və lap dərinlikdə bunu da hiss edirdi ki, bu «nə isə» həmin
durğunluqdur, həmin boşluqdur, həmin eynilikdir.
Sonra ona elə gəldi ki, yatıb, durub soyunmaq, yataq otağına keçmək lazım
deyildi, ona elə gəldi ki, bax, beləcə yatacaq səhərə kimi. Amma heç özü də bilmədi
ki, necə ayağa qalxdı birdən-birə; birbaş bayır qapısına tərəf getdi və özü öz zəngini
basdı; yenə elə bil bu qalın divarlar heyrətə gəldi, bu qaranlıq otaqlar heyrətə gəldi,
elə bil silkələndi bu divarlar, elə bil bir anlıq canlandı bu qaranlıq otaqlar; amma bu
an çox qısa oldu, çox dayanmaz oldu, bir göz qırpımlıq oldu, otağın işığını yandıran
kimi çıxdı getdi işinin ardınca həmin an, çünki C. Səlimov işığı yandıran kimi eyni
təbəssümlə, eyni duruşda kreslonun üstündə oturmuş qırmızı ayı balasını gördü və
bu eyni duruş, bu eyni ifadə həmin anı bir ildırım sürətilə qovub çıxartdı otaqdan.
C. Səlimov birdən-birə özündə heç vaxt, heç zaman hiss etmədiyi bir qətiyyət
hiss etdi – bu, dəhşət idi – o, qırmızı ayı balasının pambıq qolundan yapışdı, sonra
müqəvvanı şifonerin içindəki pal-paltarın arasına atdı və şifonerin qapısını açarla
bağladı.
Bu, C. Səlimovun çox yaxşı yadındadır ki, qırmızı müqəvvanı – ayı balasını
şifonerin içindəki pal-paltarın arasına atdı və şifonerin qapısını açarla bağladı; həmin
qəribə hadisəni sonralar Şəfiqəyə danışarkən, bunu lap dəqiq xatırlamışdı; bu
əhvalatı Şəfiqədən başqa heç kimə danışmamışdı, çünki Şəfiqədən başqa heç kim bu
əhvalata inanmazdı.
O, işığı söndürdü və əvvəlki kimi divanda uzandı. Lakin bu dəhşətli qətiyyət
ondan əl çəkmirdi, onun bütün bədənini titrədirdi, o özü də qəlbinin lap
dərinliklərində bu qətiyyətin ehtirasından vahimələnirdi.
Yox! Yox! Yox! Belə davam edə bilməz. Hər şeyi qurtarmaq lazımdır.
Birdəfəlik. Birdəfəlik! Getmək lazımdır. Buradan çıxıb getmək lazımdır. Həmişəlik.
Hər şeyə son qoymaq lazımdır. Hər şeyə birdəfəlik son qoymaq lazımdır. Başqa
şəhərə, başqa yerə. Hər yerdə iş tapılar. Cəhənnəm olsun bu ev, bu qalın divarlar, bu
bürkülü gecənin bozluğu.
Qoy Şəfiqə də, Leyla ilə həmişəlik 22-76-84-də qalsın, görünür, belə
olmalıymış. Lap bu gün getmək lazımdır, lap bu saat, lap indicə.
Uzaqlara, ən uzaqlara.
C. Səlimov sıçrayıb ayağa qalxdı, heç özü də bilmədi, necə siqaret yandırdı,
əlinə keçənləri necə portfelinə yığdı və otaqdan çıxdı və bayır qapısını öz ardınca
çırpdı və sürətlə pillələri aşağı düşdü.
O, maşına minmədi, iri addımlarla birbaş vağzala getdi və indi adını
xatırlamadığı uzaq bir yerə bilet aldı.
O bu vağzalda bu cür bürkülü axşamlarda çox adam yola salmışdı, onun özünü
də buradan çox yola salmışdılar, amma o, qətiyyən fərqinə varmırdı ki, bu saat heç
kim onu ötürmür, onun getməyindən heç kimin xəbəri yoxdur – heyfslənmirdi,
çünki bilirdi ki, həmişəlik gedir, bilirdi ki, bir daha buraya qayıtmayacaq, bilirdi ki,
heç bir yaxın adamın, heç bir tanışın üzünü bir daha görməyəcək; o buna yüz faiz
əmin idi; əslində o, artıq bu ehtiraslı qətiyyətilə bir kişi kimi fəxr edirdi.
Qatar gəldi. C. Səlimov adamların arası ilə öz vaqonuna tərəf getdi. Həmin
qəribə əhvalat da bu zaman baş verdi.