43
Tez.
Tez.
Tez.
Məhəlləmizin aşağı başında iki tut ağacı var idi, «Qoşa tut» deyirdik, bu «Qoşa
tut»un ətrafı məhəlləmizin cəngəlliyi idi; hamının yolu buradan keçib-gedirdi. Bax,
Fazili burada vurmuşdular gecə, Ələkbəri də burada vurmuşdular, Ağarzanı burada
vurmuşdular.
Bıçaqla olsa bacararam.
Tez.
Tez.
Tez.
Heç olmasa elə vuraydı ki, gedib Kazımlını evə göndərə biləydim, gələydi
uşağın üstünə. Gələydi uşağın üstünə.
Yerimdə mıxlandım, sonra dedim ki, burax məni, burax məni, dedim, nə işin
var, qalsın sonraya, indi burax məni. Soruşdu ki, buraxım? Dedim, hə, burax.
Anaşadan saralmış sifəti ay işığında güldü, alə, dedi, nə gic-gic danışırsan, iki
gecədir tutluqda titrəyə-titrəyə səni gözləyirəm, necə yəni burax məni? Alə, bütün
mələnin papağını soxmusan yerə, adam satırsan, indi deyirsən məni burax? Alə, nə
çaqqal uşaqsan sən?! Şahin xəstədir, dedim, Şahin ölür, dedim, həkim dalınca
gedirəm, Şahini ki, tanıyırsan. Bəs, sən Orxanı tanımırsan dedi, tanımırsan Orxanı?
Tanımırdın Orxanı bəyəm atasının üzünə durub tutduranda? Tanımırdın Orxanı
məni tutduranda? Nə vaxt, hara desən gələrəm, dedim, indi burax məni. Burada
yeddi güllə var, dedi, yeddisi də səninçündür. Gedək, dedim, bir yerdə gedək həkimi
çağırım, sonra vur, sonra nə eləyirsən, elə. Məni nə hesab eləyirsən, dedi, kim hesab
eləyirsən məni, neçə gündür çıxmışam aradan, neçə gündür ayaq üstəyəm, neçə
gündür ac-susuzam, gözümü yummamışam, ölürəm, ancaq sən məndən tez
öləcəksən, nöşün ki, kişi döyülsən, oğraşsan.
Sonra güllə səsi eşitdim, qışqırmaq istədim: KA-ZIM-LI! Qışqırmaq istədim ki,
KA-ZIM-LI! Amma vaxtım çatmadı – yenə güllə səsi eşitdim, sonra dəmir
cingildədi, sonra Ağagülün zənlə baxan gözlərini gördüm, canavar gözlərini, sonra
qışqırdı ki, alə, nə geymisən altdan, dəmir geymisən əyninə? Dəmir geymisən ki,
güllə dəyməsin sənə? Bilmirsən ki, kəllənə boşaldaram gülləni?
Yenə güllə açıldı, sonra yenə dəmir cingildədi, yenə bir güllə, yenə dəmir
cingildədi.
Sonra bütün ətrafa ölü sükut çökdü, tut yarpaqlarının xışıltısı da bütün bu aylı
gecə kimi öldü.
Udquna-udquna dedi ki, adə, nə eləmisən özünə, güllə nöşün başıva dəyib yerə
düşür, neyləmisən, alə? Sonra qışqırdı ki, üstümə yerimə, üstümə yerimə, qışqırdı,
vuraram, dayan, vuraram.
Dalbadal iki güllə açıldı, iki dəfə də dəmir cingildədi.
Bu dəfə mən alnıma dəyib yerə sıçrayan güllələrin zərbəsini hiss etdim və elə bil
ki, bu zərbələr məni silkələyib özümə gətirdi: güllə məni tutmurdu, mənim bütün
bədənim polad zirehə dönmüşdü.
Ağagül əlindəki tapançanı yerə atıb qışqıra-qışqıra qaçdı – görünür görkəmim
dəhşətli imiş.
44
...Indi də bu əhvalat barədə fikirləşəndə bəzən tərəddüd bürüyür məni: bu
həqiqət idimi? Doğrudanmı, o gecə mən Ağagüllə görüşdüm və onun atdığı güllələr
məni tutmadı, mənə dəyib yerə düşdü? Fəqət bu tərəddüd əbəs idi, çünki Ağagül
əlindəki tapançanı atıb qaçmışdı, mən həmin tapançanı götürmüşdüm, bu, həqiqi
tapança idi, içində qalmış güllə də həqiqi güllə idi; sonra həmin tapançanı hamamın
yanındakı qanova atdım.
Mənə elə gəlir ki, əslinə baxsan, burada qeyri-adi, fövqəladə heç bir şey yoxdur,
hərçənd bu hadisəni heç kimə danışmamışam, heç Solmaza da.
Bu axşam Şahinin çarpayısında oturub ona pələngləri necə öldürməyimdən
danışırdım. Çəlik səsi gəldi: tak-tuk, tak-tuk. Solmaz gedib qapını açdı, dedi ki, gəl,
gəl içəri, plov bişirmişəm, sənə də bir boşqab pay saxlamışam. Məmmədbağır dedi
ki, Allah bərəkət versin, dedi ki, qoy çubuğu boşaldım gəlim. Sonra otağa girdi.
Maxorka iyi evə doldu.
Solmaz Məmmədbağırın qolundan yapışıb mizin arxasında oturtdu.
Məmmədbağır yerini rahatlayıb salamlaşdı: əssalam-əleykümə. Şahin dedi ki,
əleykəssalam. Solmaz bir boşqab plovu gətirib Məmmədbağırın qabağına qoydu.
Məmmədbağır da:
– «Ya Allah!» – deyib yeməyə başladı, sonra da yeyə-yeyə dedi ki, eşitmisiniz,
Ağagül dəli olub, dünən tutublar, bulvarda barmağını uzadıb, guya ki, tapançadır,
camaata bir-bir güllə atırmış? «–Bom! Bom! Bom!..»
May, 1969.
45
QIRMIZI AYI BALASI
Rəhman Bədəlova
C. Səlimov gəmi-təmiri zavodunda mühəndis işləyirdi və bu gün də işdən sonra
iki-üç saat zavodda qaldı, otağında oturub cürbəcür çertyojlara baxdı, bir az
fikirləşdi, yenə bir az kağız-kuğuza baxdı, sonra basmadüymə ilə otağının divarına
sancdığı cədvəlinin qabağında dayandı: görəsən, «Neftçi» yeddi güclü komanda
sırasına çıxacaq, ya təskinləşdirici qrupda qalacaq?
«Təskinlik» sözü fikrinə gələn kimi, yenə də dilxor oldu; bu sözdən zəhləsi
gedirdi, ən pis söz idi bu söz.
Zavoddan çıxıb trolleybusa mindi və birbaş Nizami küçəsindəki evinə gəldi;
əvvəlcə açarla qapını açdı, qapını açandan sonra zəngi basıb içəri girdi.
Zəngin səsi elə qəribə, elə qeyri-adi səsləndi ki, C. Səlimov özü də heyrət etdi;
elə bil bu qaranlıq dəhliz də heyrət etdi, elə bil aylardan bəri üstünə toz hopmuş bu
divan da, bu kreslolar da, bu şifoner də, kitab dolabı da heyrət etdi, elə bil bu
divarlar da heyrətindən donub qaldı, kreslonun üstündəki qırmızı rəngli bu yekə ayı
balası da səksənib yerindən atılacaqdı indicə və indicə Leyla da elə bil qışqıracaqdı
ki, papa gəldi, qapını açın.
Bu qırmızı rəngli ayı balası səksənib yerindən atıla bilər, amma Leyla daha heç
vaxt qışqırmayacaqdı ki, papa gəldi, qapını açın.
Leylasız onun üçün həyat yox idi – yalanmış, Leyla yoxdur, o isə yaşayır; Leyla
yoxdur, evin bu avadanlığı isə yenə də yerindədir, televizor yenə də işləyir, radio
yenə də son xəbərləri verir, konsert verir, küçədə yenə də maşınlar gedir,
mətbəxdəki soyuducu yenə də hərdən tırıldayır, hərdən dayanır, bu qırmızı ayı balası
da eyni vəziyyətdə, eyni təbəssümlə öz yerindədir, təkcə divardan asılmış saat
çıqqıldamır.
C. Səlimov əvvəlcə bir siqaret yandırdı, sonra divardan asılmış saatı qurdu.
Divardakı saatda üçə on dəqiqə qalırdı, əslində isə axşam saat səkkizi keçmişdi,
amma o, saatı düzəltmədi, çünki bunun mənası yox idi.
Divar saatı çıqqıldamağa başladı, amma bu çıqqıltı da bu əşyalar kimi, bu
qırmızı rəngli ayı balası kimi durğun və ölü idi.
Birdən C. Səlimovu soyuq tər basdı, tükləri ürpəşdi, ona elə gəldi ki, Leyla ölüb.
Sonra mətbəxə keçib əl-üzünü yudu.
Mətbəxin divarında asılmış təqvimdə mayın 16-sı idi, təqvimin arxasındakı
kartonda Bethovenin şəkli var idi, saralıb-solmuşdu, elə bil qoz yarpağı idi və elə bil
indi payızın lap axırları idi.
Bu gün iyulun 11-i idi.
Şəfiqə Leylanı da götürüb martın 22-də bu otaqdan çıxmışdı: aprel, may, iyun –
üç ay, bu da on bir gün; üç ay on bir gün, o da səkkiz gün – üç ay on doqquz gün idi
getmişdilər; neçə il olacaq getdikləri – C. Səlimov ölənə qədər: on ilmi, iyirmi ilmi,
azmı, çoxmu – dəxli yoxdur, o, Şəfiqəsizdir, Leylasızdır və həmişə də belə olacaq,
bu iki otaq da ölüb daha, bu əşyalar da ölüb, heç vaxt da dirilməyəcək.
Həmin gün bahar bayramı idi və bahar bayramı günü getdi onlar.
Leyla böyüyəcək, ərə gedəcək, bəlkə xoşbəxt olacaq – onsuz.
Bəlkə Leyla da böyüyəcək, bir iş sahibi olacaq, amma bədbəxt olacaq – onsuz.
Şəfiqə də nənə olacaq, qocalacaq, saçları ağaracaq – onsuz.
Dostları ilə paylaş: |