60
O, Sənubəri bərk-bərk qucaqladı, elə bil hamıdan, hər şeydən qoruyurdu
Sənubəri; elə bərk qucaqladı ki, birdən özü də qorxdu – Sənubərin beli sınar.
– Bəs, mən nəyəm? Mən nəyəm bəs? – Təkrar etdi, çünki başqa söz tapa
bilmirdi.
– Sən həmişə mənim olacaqsan? – Sənubər onun qolları arasından çıxıb yaşdan
parıldayan gözləri ilə düz onun gözlərinin içinə baxdı.
– Əlbəttə. – O istədi ki, yenə nə isə desin, desin ki, bu nə sözlərdir ki, danışırsan,
lap qəribə adamsan, bəyəm başqa cür ola bilər, başqa cür ola bilməz axı; amma heç
nə demədi.
– Sən ömründə qoymayacaqsan ki, mən tək qalım!
– Əlbəttə.
– Sən hər gün mənim yanıma gələcəksən! Mən həmişə oturub səni
gözləyəcəyəm.
O, daha heç nə demədi, çünki Sənubərin bu sözləri daha lap mənasız görünürdü,
bütün bunlar aydın məsələ idi və bütün bu söhbətlər bu balaca otağa yaraşmırdı.
Sənubər onu divana çəkib yanında oturtdu və əlini götürüb içi dovşan dərili
qolsuz kürkünün üstündən sinəsinə qoydu və o, başa düşdü ki, bu, Sənubərin
təşəkkürü, mükafatı, bəxşişidir.
Sənubərin rəngi lap solmuşdu; bu solğunluq onun balaca cüssəsini lap
kiçiltmişdi, balaca çənəsinin altındakı damarlar lap gömgöy göyərmişdi, köşək
gözləri lap alacalanmışdı – bilmirdin nə rəngdədir – ürəyi də elə yavaş vururdu, elə
bil bu saat dayanacaq. Birdən ona elə gəldi ki, Sənubər ölə bilər. Bu fikrin
gözlənilməzliyindən onu soyuq tər basdı.
– Sənə nə oldu? – Sənubər bir az ürkmüş halda onun gözlərinin içinə baxdı.
– Heç nə. – O, əlini Sənubərin sinəsindən çəkib alnının tərini sildi.
Sənubər gözlərini ondan çəkməyərək soruşdu:
– Sən fikirləşəndə rus dilində fikirləşirsən?
Sənubər hərdən elə suallar verirdi ki...
– Rusca da, azərbaycanca da.
– Yox, sən həmişə rusca fikirləşirsən, mən bilirəm, azərbaycanca danışırsan,
amma rusca fikirləşirsən. – Sənubər gülümsəyib onu qucaqladı. – Sən rusca
romanlar oxuyacaqsan, – bilirsən necə romanlar? Hind filmləri kimi – sonra mənə
azərbaycanca danışacaqsan, hə?
– Lap qəribə qızsan e sən. – Onu gülmək tutdu.
Sənubər hər bir hind filminə üç-dörd dəfə baxırdı, hamısını da ona danışırdı –
danışanda da gözləri dolurdu – o da, canını dişinə tutub qulaq asırdı.
– Danışacaqsan, hə?
– Hə. – O, yenə güldü.
Sənubər gözlərini nöyüt pilətəsinə zilləyib nə barədəsə fikirləşirdi. O heç vaxt
Sənubərin nə barədə fikirləşdiyini tapa bilməzdi, elə bilirdi ki, Sənubər bir şey
barədə fikirləşir, amma Sənubər tamam başqa şey barədə fikirləşirdi.
Birdən Sənubər ayağa qalxdı:
– Istəyirsən sənin üçün yemək bişirim?
61
O, səhər evdən çıxanda heç nə yeməmişdi və yalnız indi bərk ac olduğunu hiss
etdi. Lakin Sənubərin sözləri onun üçün çox qeyri-adi səsləndi, çünki indiyə qədər
bu cür sözləri yalnız anasından eşitmişdi – «Nə yeyirsən, bişirim səninçün» və o,
indi başa düşdü ki, bütün tanışlıqları ərzində Sənubərdə həmişə öz anasını
görmüşdür – özü də bunu bilməyib, amma həmişə belə olub. Qəflətən ağlına gələn
bu fikir elə bil onu sehrlədi, elə bil Sənubər də birdən-birə cana gəldi, üzünün
solğunluğu getdi, köməksizliyi, kimsəsizliyi öldü, elə bil bu zəif elektrik lampası da
otağı daha artıq işıqlandırdı, elə bil bu otaq da böyüdü birdən-birə, amma yenə də
onların otaqları idi – onun və Sənubərin, elə beləcə də qaldı.
– Bu saat sənin üçün yemək bişirəcəyəm, oturub bir yerdə yeyəcəyik. – Sənubər
onun cavabını gözləmədən arakəsməyə çıxdı, arakəsmədəki pəncərə sürahisinin
altındakı karton yeşiyi çəkib altı-yeddi kartof, bir-iki soğan götürdü, bir göz
qırpımında soyub çuqun tavaya tökdü, arakəsmədəki balaca dolabdan bir şüşə
günəbaxan yağı çıxarıb tavaya tökdü və tavanı gətirib nöyüt pilətəsinin üstünə
qoydu və bir azdan günəbaxan yağının iyi və cızıltısı otağı bürüdü.
O, ikinci siqareti çıxarıb taxta kətilə sarı əyildi və tavanın altından pilətənin
odunda yandırdı, siqaretdən dərin bir qullab vurub günəbaxan yağında kartof
qızardan Sənubərə baxa-baxa özünü dünyanın ən xoşbəxt insanı hiss etdi; sonra
ayağa qalxıb bu balaca otaqda – onun və Sənubərin otağında – bir az var-gəl etdi,
nöyüt pilətəsinin yanında dayanıb dodaqlarını Sənubərin saçlarında gəzdirdi.
Sənubər üzünü ona tutub:
– Bu saat hazır olacaq, – dedi, özü də elə dedi, elə baxdı ki, o özünü saxlaya
bilməyib yenə də dodaqlarını Sənubərin saçlarında gəzdirdi.
... O, yerində uzanıb qollarını başının altında çarpazlamışdı. Qonşu otaqdan
atasının xorultusu gəlirdi. Anası da yatmışdı, qardaşı da yatmışdı, nənəsi də
yatmışdı, amma o yata bilmirdi. Əslində o yatmaq istəmirdi, gözlərini yumurdu,
Sənubər gəlib dururdu gözlərinin qabağında, özü də Sənubər günəbaxan yağında
kartof qızardırdı və hərdən ona baxırdı, onun da dodaqları Sənubərin saçlarında
gəzirdi, bu saçların qoxusunu hiss edirdi və yatmaq istəmirdi, çünki bu qoxu onu
gələcəyə çəkib aparırdı, həmin gələcəkdə dünyanın ən xoşbəxt iki nəfəri
yaşayacaqdı, bu iki nəfər öz balaca otaqlarında oturub günəbaxan yağında qızarmış
kartof yeyəcəkdilər və həmişə bir-birilərini sevəcəkdilər.
Onların neçə aylıq görüşləri heç vaxt bugünkü kimi şirin olmamışdı. O, hiss
edirdi ki, bu saat Sənubər də öz gecə köynəyində divanın üstündə uzanıb, güllü
yorğanına bürünüb onun haqqında fikirləşirdi.
Onlar heç vaxt gələcək birgə həyatlarından danışmazdılar, hərdən o, divanın
üstündə oturub Sənubərin saçlarını öpəndə – ürəyi kövrələn vaxt – bu barədə
danışmaq istəyirdi, amma hər dəfə də Sənubər ona gülərdi, o da o saat söhbəti
dəyişərdi. Bu gün isə Sənubər özü danışdı: gələcəkdə ikisi bir yerdə necə
yaşayacaqlarından, ona nələr bişirəcəyindən, onun işdən qayıtmağını necə
gözləyəcəyindən, axşamlar pilətənin üstündə su qızdırıb onun başını yuyacağından,
xəstələnəndə onun belinə banka salacağından...
O, heç özü də bilmədi ki, necə yuxuya getdi və bütün gecəni yuxuda özünü
təyyarədəymiş kimi hiss etdi – elə bil hey uçurdu, hərdən qalxırdı, hərdən enirdi və
yuxuda özü də bilirdi ki, bu yuxudur, bilirdi ki, çarpayısında uzanıb yatıb, öz
evlərindədir, heç hara getmir, amma ürəyi elə hey uçurdu.