64
– Bəsdir... Sən mənim canım, bəsdir... Lap uşaqdır e... Mən heç səni belə
bilməzdim, lap uşaqsan e, sən... – Sənubər onun əlini ovuşdura-ovuşdura elə hey
deyirdi, özü də ürəkdən deyirdi. – Bəsdir də, yaxşı... Istəyirsən yenə öpüm səni?
Bəsdir də, bəsdir... Yenə görüşəcəyik də... Sən hələ oxuyacaqsan, məktəbi
qurtaracaqsan, sonra institutu qurtaracaqsan, onda yenə görüşəcəyik səninlə ... On
ildən sonra yenə görüşəcəyik səninlə... On ildən sonra sən lap yekə kişi olacaqsan...
O, Sənubərin üzünə baxmağa cəsarət etmədən geri döndü və ayaqları ayaqlarına
dolaşa-dolaşa arakəsmədən keçib titrəyən barmaqları ilə qapının cəftəsini açdı,
qaranlıq dəhlizə çıxdı. Qapı ardınca örtüldü.
Taxta pilləkənləri düşüb, bir müddət qaranlıq dəhlizdə dayandı; bu saat o,
hamıdan artıq özündən utanırdı və buna görə də qaranlıqda dayanmaq istəyirdi.
Sonra cibindəki üç siqaretdən birini çıxarıb yandırdı və dərin qullab vurub tüstüsünü
sinəsinə çəkdi, bir anlıq gözləri qaraldı, başı da gicəlləndi bir balaca, sonra siqareti
yerə atdı, ayağı ilə sıxıb söndürdü və küçəyə çıxdı.
Əlləri cibində səki ilə üzüaşağı düşürdü. Birdən göyün yeddinci qatından bığlı
kişinin səsi gəldi:
– Hə, gedirsən?
O, çönüb məscidin minarəsinə tərəf baxdı: bığlı kişi yenə də başını minarənin
darısqal pəncərəsindən bayıra çıxarıb ona baxırdı. Bığlı kişi gülümsədi və başını
tərpətdi, yəni, işində ol. O, əlini qaldırıb yellədi və nədənsə, elə bil bir balaca
yüngülləşdi.
On ildən sonra... O, başa düşürdü ki, on ildən sonra, doğrudan da, Sənubərlə
görüşə bilər, lakin sövq-təbii hiss edirdi ki, o vaxt nə bu küçə bu cür olacaqdı, nə
balaca otaqlarını bu cür sevəcəkdi, nə də həmin nöyüt pilətəsi bu cür yanacaqdı.
O hiss edirdi ki, on ildən sonra bugünkü kimi bu boyda dünyada heç kəsi yox,
ancaq və ancaq bircə nəfər Sənubəri olmayacaq, amma o istəyirdi ki, həmişə bircə
nəfər Sənubəri olsun.
O sövq-təbii hiss edirdi ki, on ildən sonra dodaqlarını Sənubərin saçlarında
gəzdirəndə daha ürəyi kövrəlməyəcək və elə bil ki, indidən bu kövrəkliyin həsrətini
çəkirdi.
O hiss edirdi ki, on ildən sonra Sənubərlə bu cür görüşməyəcək, elə-belə, olsa-
olsa, küçədə rastlaşa bilərdilər, salamlaşıb ötəcəkdilər, bəlkə heç
salamlaşmayacaqdılar və keçmişləri yada salıb bu günlərə güləcəkdilər, bu günlərə
yuxarıdan aşağı baxacaqdılar. O hələ indidən istəmirdi ki, on ildən sonra, bu günlərə
yuxarıdan aşağı baxsın, ələ salsın bu günləri.
Sonra birdən-birə ona elə gəldi ki, elə bil indidən on il böyüyüb, əvvəlki adam
deyil daha.
Onun başına cürbəcür başqa fikirlər də gəlirdi və bütün bunlar barədə
fikirləşmək üçün gedib dəniz kənarındakı kürsülərdən birində təkcə oturmaq istədi,
amma yadına düşdü ki, sabah Izrail Solomonoviçin dərsi var, hazırlaşmaq lazımdır
əməlli-başlı – Izrail Solomonoviçlə zarafat etmək olmaz. Cibindəki siqaretləri
çıxarıb tullayaraq – gecələr anası ciblərini yoxlayırdı – Vovagilə tərəf üz tutdu ki,
paltosunu götürüb evlərinə getsin.
Dekabr, 1970.
65
IKI ÇAL PAPAĞIN VƏ BIR QARA
KEPKANIN NAĞILI
Çox şilaşı yemişəm, amma belə yalan deməmişəm. Günlərin bir günündə,
Məmməd Nəsir tinində, biri var idi, biri yox idi, Allahdan savayı heç kəs yox idi,
təkcə iki nəfər Çal Papaq var idi, bir nəfər də Qara Kepka və Qara Kepkanın da bir
sevimli həyat yoldaşı var idi ki, adı Çadra xanım idi.
Bu Çal Papaqlar elə Çal Papaqlar idi ki, hörmətləri dağ boyda – həm bu ətrafda
yeganə Çal Papağıydılar, həm də ki, cəmi-aləm bunların arasındakı dostluqdan,
mehribanlıqdan danışırdı, çünki bu dostluq, ayrı dostluq idi, söz ilə deyiləsi deyildi.
Hər qapının ağzında Çal Papaqlar içəri girməzdən əvvəl düz yarım saat
dayanırdılar – o buna deyirdi ki, birinci sən buyur, bu ona deyirdi ki, yox, birinci sən
buyur.
Hər dəfə restoranda yeyib içəndən sonra, «Inturist»in xörəkpaylayanı utancaq
Duvaq xanım filan qədər dururdu Çal Papaqların qabağında, gözləyirdi ki, pulu
kimdən alsın, – bu, onun əlini geri qaytarırdı ki, pulu gərək mən verəm, o bunun
əlini tuturdu ki, yox, pulu gərək mən verəm.
Bir də görürdün ki, Çal Papaqlardan birinin qabağına təzə əmlik quzu əti çıxdı,
o saat alıb göndərirdi dostu o biri Çal Papağın evinə, amma o Çal Papaq baxırdı ətə,
görürdü qiyamət ətdir, bunun kababı dəsgah olar, rəva bilmirdi özü yesin, təzədən
göndərirdi geri ki, yox, bunu gərək sən özün yeyəsən və ət bu evdən o evə, o evdən
bu evə o qədər gedib gəlirdi ki, axırda xarab olurdu, nə bu Çal Papaq yeyirdi təzə
əmlik quzu ətinin kababını, nə də o Çal Papaq.
Gördüyünüz kimi, bu Çal Papaqların dostluğu çox yüksək mərtəbədə və
mötəbər idi.
Indi sizə kimdən xəbər verim, Qara Kepkadan. Qara Kepka başqa bir şəhərdə idi
və həmin şəhərdə öz işini görüb qurtarmışdı, indi də oturub vəfalı həyat yoldaşı
Çadra xanımla məsləhətləşirdi ki, hansı şəhərə getsinlər. Qara Kepka iki tel almışdı.
Birinci tel xəbər verirdi ki, filan şəhərdə iki nəfər Şlyapa var ki, möhkəm dostluğa
başlayıblar. Ikinci tel də xəbər verirdi bizim möhtərəm Çal Papaqlardan.
Çadra xanım çox tədbirli və çox da savadlı qadın idi, universitetin hüquq
fakültəsini bitirmişdi. Qara Kepkaya gələn telləri bir də nəzərdən keçirdi və belə
məsləhət gördü ki, əvvəlcə baş çəksinlər Çal Papaqlara, çünki dostluqları bu
zalımların lap zırpı həngamə idi və bu dərəcədə dostluğun üstündə Qara Kepkaya
töhmət verə bilərdilər. O ki, qaldı Şlyapalara, onların işi asan idi, hələ təzə
başlayırdılar dostluğa.
Qara Kepka əziz arvadının məsləhətini çox bəyəndi və bütün gecəni evdə oturub
televizora baxdılar, bir-birilərini sevdilər, səhər də gedib təyyarəyə bilet aldılar.
Az keçdi, çox keçdi – nağılda vaxt tez keçər – yenə də günlərin bir günündə Çal
Papaqlar oturub şahmat oynayırdı, birdən qulaqlarına belə bir xəbər çatdı ki, bəs,
filan yerdən bu şəhərə bir Qara Kepka gəlib, sizinlə dost olmaq istəyir. Çal Papaqları
gülmək tutdu və o qədər güldülər ki, gəl görəsən. Külfətləri də bu xəbəri eşidib
qoşuldu onlara, Çal Papaqlardan birinin xanımı yazıq Neylon Yaylıq o qədər güldü
ki, az qaldı qəşş edə. Sonra da Çal Papaqlar bir-birinə baxıb dedilər ki, aya, camaat
ağlını itirib məgər belə xam xəyala düşür, bizim dostluğumuz bəyəm kolxoz bazarı-
zaddır ki, hər yoldan ötəni qəbul edək?! Dünyada qəribə avamlar var imiş!
Həmin gün Çal Papaqlar Avropada təhsil almış kababçı Beretin kababxanasına
getdilər və dostluqlarının sağlığına bir şüşə beşulduz çeçen-inquş konyakı içdilər.