46
Otağa keçib küçə pəncərəsini açdı və küçəyə boylandı və birdən-birə ona elə
gəldi ki, bu saat bu küçə ilə tabut aparacaqlar. Yandakı pəncərədən qapıbir qonşusu
artist də küçəyə boylanırdı və C. Səlimovu görən kimi həmişəki kimi şit-şit
gülümsədi və salamlaşdı: «– Axşamınız xeyir, qonşu».
Sonra C. Səlimov divanda oturdu və qırmızı rəngli ayı balasına baxdı: «–
Axşamınız xeyir, qonşu!»
Nə olardı, bir möcüzə baş verəydi: bu qırmızı rəngli ayı balası bu saat yerindən
durub dombalaq aşaydı.
Möcüzə ancaq nağıllarda olur.
Leyla da bilirdi ki, möcüzə nə deməkdir və deyirdi ki, düz deyil, möcüzə ancaq
nağıllarda olmur, mən özüm televizorda görmüşəm, quş dönüb adam olur.
Bir də Leyla deyirdi ki, ayı ayı deyil, çünki heyvanxanadakı ayı qırmızı deyil,
ayı isə, qırmızı olur, mənim ayım kimi.
Bu qırmızı ayı balasını keçən il Leylanın dörd yaşı tamam olanda babası
almışdı, Şəfiqənin atası, Mədəd kişi. Srağagün bura gəlmişdi, oğrun-oğrun baxırdı
bu ayı balasına; yəqin utandı, yoxsa götürüb aparardı, yəqin Leyla hər gün onu dəli
edir ki, hanı mənim qırmızı ayım?
C. Səlimovu bu saat bütün dünyada hər şeydən və hamıdan artıq bu qırmızı ayı
balası sıxırdı, nəfəs almağa qoymurdu onu, çünki bu eyni ifadə, bu eyni duruş
müsibət idi, çünki bu qırmızı ayı balası Leyla ilə birlikdə olanda həmişə gülərdi,
həmişə Leyla ilə oynayardı; bu qırmızı ayı balası Leylanın ilk dostu idi.
Əlbəttə, C. Səlimov bu qırmızı ayı balasını götürüb tullaya bilərdi, amma onda
hər şey bitərdi, qurtarardı hər şey.
Məgər hər şey bitməyib? Bitib hər şey.
Srağagün Mədəd kişiyə də belə dedi: hər şey bitib.
Mədəd kişi bura guya Şəfiqədən xəbərsiz gəlmişdi, deyirdi ki, uşaqlıq
eləməyin, heç bir şeyin üstündə özünüzü bədbəxt eləməyin, deyirdi ki, dur gedək
Şəfiqəgilin yanına, ya da heç olmasa dur zəng elə, düzələr hər şey. O da dedi ki,
yox, hər şey bitib daha. Bəlkə elə doğrudan da, Şəfiqədən xəbərsiz gəlmişdi Mədəd
kişi, ola bilər, yaxşı adamdır Mədəd kişi. Deyirdi ki, tərslik eləmə...
Qonşu artist yenə də divarı döyəcləməyə başladı: qışda deyir ki, divara xalça
vururam (gecə saat birdə), bəs yayın bu cırhacırında nə edir?
C. Səlimovu tər basmışdı, qalxıb köynəyini çıxardı – sıxsaydın, suyu çıxardı;
sıxıb eyvandakı kəndirdən asa bilər, subay vaxtları kimi.
Subaylıq sultanlıqdır, amma evlənəndən sonrakı subaylıq yox.
Bir az zarafat elə öz-özünə, bir az dola öz-özünü, bir az kitab oxu, bir az
televizora bax, bir az radioya qulaq as, bir az zavod barədə fikirləş, sonra da yat,
sonra da səhər tezdən dur, sonra da işə get, sonra da yenə bu cür.
Nə vaxta qədər?
Ürəyini sıxma, bir az gül öz-özünə, bir az sevin öz-özünə, hava da bürkü deyil,
insanlar da gözəldir, bu siqareti də tulla, bax, bu qırmızı ayı balası da bu saat durub
dombalaq aşacaq, nə var ki, götür öz əlində fırlat, özü də çox dərinə getmə, bəsdir
donkixotluq etdin – nə birinci, nə də axırıncısan.
47
C. Səlimov qalxıb küçə pəncərəsinə yaxınlaşdı, eyni damlar, eyni ağaclar, eyni
bürkü; bu eynilik Şəfiqəgil gedəndən sonra başlamışdı. Artist yenə başını çıxarıb
gülümsədi. C. Səlimov soruşdu ki, nə var, nə olub? Artist də soruşdu ki, bəli? C.
Səlimov bir də soruşdu ki, deyirəm yəni nə var, nə olub, bir maraqlı hadisə baş
veribsə, deyin biz də gülək. Artist çox ciddiləşdi, bir az qızardı da deyəsən – axşam
idi, bilinmirdi – sonra soruşdu ki, siz Bədir Bədirlinin əsərlərini oxumusunuz? C.
Səlimov cavab verdi ki, xeyr, oxumamışam, çox gülməli kitabdır? Artist də dedi ki,
yaman gülməlidir, ailə həyatının dağılmasının sinir sisteminə təsirindən danışır,
sonra yenə gülümsədi. C. Səlimov da dedi ki, mən sizin yerinizə olsaydım, Bədir
Bədirlinin kitablarını oxumazdım.
C. Səlimov siqareti külqabına basıb söndürdü və divanda oturdu. Birdən-birə
ona elə gəldi ki, kim isə arxadan zəndlə ona baxır, kim isə gözlərini düz ona
tuşlayıb; boynu yandı bu baxışlardan, amma dönüb arxaya baxmadı, çünki bilirdi, bu
«kim isə» – telefondur, dəhlizin başındakı kiçik dolabın üstünə qoyulmuş telefon;
dönüb baxmadı, çünki Mədəd kişigilin telefon nömrəsini yadından çıxara bilmirdi,
bu telefon nömrəsi başından çıxmırdı ki, çıxmırdı: 22-76-84; Şəfiqə də, Leyla da 22-
76-84-də idi.
Sonra o, qırmızı ayı balasına baxdı və səksəndi, elə bil bütün bədənindən sızıltılı
üşütmə keçdi – ona elə gəldi ki, bu saat bu qırmızı ayı balası ayağa qalxıb onun
əlindən tutacaq və çəkə-çəkə telefonun yanına aparacaq, dəstəyi götürüb nömrəni
yığacaq: 22-76-84, sonra da dəstəyi ona verəcək, başının üstündə dayanacaq ki,
danışsın, başının üstündə dayanacaq – qırmızı geymiş cəllad kimi.
Niyə cəllad kimi?
Leyla bu saat öz qırmızı ayı balasını orada gözləyir – 22-76-84-də, öz nağıllarını
da orda gözləyir, orada gülür, orada küsür, orada ağlayır, orada darıxır; Şəfiqə də
oradadır, gülmür Şəfiqə, qocalıb Şəfiqə otuz yaşında.
Niyə cəllad kimi?
Artist divarı yenə də döyəcləməyə başladı – qışda soruşanda deyir ki, xalça
vururam divara, bəs indi görəsən nə vurur? Nə desən vurar, lap elə-belə də
döyəcləyər.
Biz hamımız nə desən edərik, ən ağla gəlməyən işlərə qadirik və bu ağla
gəlməyən işlərin dərdinə tab da gətirə bilərik, yəqin elə buna görə də bu işləri edirik,
hərçənd əvvəlcədən bu barədə fikirləşsək, dəhşət basar bizi.
Hər şey baş verənəcəndir – trolleybusda bir qadının ayaqlarını basdalamaq da,
bir adamı öldürmək də; baş verdikdən sonra hər şey qurtarır, sınır, çilik-çilik olur
hər şey.
Biz hamımız şüşədənik, çoxumuz bunu bilmirik, çoxumuz bilmirik ki, biz
şüşədənik, amma biz şüşədənik, bəzimiz sınıb çilik-çilik olanda da çoxumuz bunu
hiss etmir, amma sınıb çilik-çilik oluruq, sınıb çilik-çilik olandan sonra bəzən
təzədən yapışırıq, bütöv oluruq, amma çoxumuz bu bütövlükdəki yapışqanı, ləkələri,
xırda şüşə qırıntılarını hiss etmirik.
Bəsdir bu fəlsəfəbazlıq, heç bir fövqəladəlik də olmayacaq, heç bir cəllad da
yoxdur, bu qırmızı ayı balası bu eyni duruşla, bu eyni ifadə ilə həmişəlik belə
qalacaq, möcüzə yalnız nağıllarda olur, bir də televizorda quş dönüb adam olanda.