50
Əvvəlcə C.Səlimov hiss etdi ki, perronda nə isə bir çaxnaşma əmələ gəlib, sonra
hay-küy qalxdı, sonra camaat bir-birini itələyərək o tərəf-bu tərəfə qısılmağa başladı.
C. Səlimov təəccüblə çevrilib arxaya baxdı və yerində donub qaldı.
Qırmızı ayı balası tövşüyə-tövşüyə düz onun üstünə gəldi.
C. Səlimov ətrafındakı adamlara baxdı, sonra nə isə etmək istədi, amma heç nə
edə bilmədi; qırmızı ayı balası ona çatıb iki ayağı üstə qalxdı, C. Səlimovun əllərini
yalamağa başladı.
Perrondakı bütün adamlar onları dövrəyə almışdılar və hamı da bu ayı balasının
qırmızı rənginə heyrət edirdi.
C. Səlimov isə bilirdi ki, ayı balası qırmızı olar.
Qırmızı ayı balası öz yöndəmsiz pəncələri ilə C.Səlimovun qolundan yapışıb
çıxış qapısına tərəf çəkirdi, qabağında dombalaq aşırdı, dilini çıxarıb onun əllərini
yalayırdı, zingildəyirdi, sonra yenə də ehmallıca onun qolundan yapışıb qapıya tərəf
çəkirdi.
Onları dövrəyə alan adamlar qatarı tamam yaddan çıxarmışdılar, bu əcaib rəngli
yekə ayı balasının canbazlığına heyrət edirdilər.
Bu canbazlığa heyrət etməyən yeganə adam C.Səlimov idi; o bu qırmızı ayı
balasını tanıyırdı; o bilirdi ki, bu qırmızı ayı balası nə istəyir; o nə heyrət edirdi, nə
təəccüblənirdi, nə də başını itirmişdi, təkcə qəlbinin lap dərinliklərində nə isə
anlaşılmaz bir hiss keçirirdi; onun həmin ehtiraslı qətiyyəti də tamam yox olub
getmişdi; əslində bu qətiyyət indi gülünc bir keçmişə çevrilmişdi; o elə sakit idi ki,
elə bil bir belə camaatın arasında vağzalda ayı ilə görüşmək çox adi bir iş idi; elə bil
qırmızı ayı balası həmişə beləcə onun əllərini yalayıb, bu ayı balasının isti nəfəsini
həmişə beləcə yaxından hiss edib.
Küçədəki adamlar dayanıb dördayaq, atıla-atıla qabaqda gedən qırmızı rəngli
ayı balasına və gülə-gülə bu ayının ardınca gedən C. Səlimova baxırdılar; hamını
heyrət bürüyürdü: bu rəngdə də ayı olar? Onlar bilmirdi ki, ayı balası qırmızı olar.
Pillələri yuxarı qalxdılar və Səlimov qapını açdı və onlar içəri girdilər, sonra C.
Səlimov dəhlizin işığını yandırdı, sonra yenə axırıncı dəfə özü öz zəngini basdı,
amma nə bu qalın divarlar heyrət etdi, nə də otaqlar donub qaldı; sonra otağın işığını
yandırdı: qırmızı ayı balası yenə də öz yerində – kreslonun üstündə oturmuşdu,
şifonerin qapısı isə açıq idi.
Divar saatının səsi də daha ölgün deyildi, azad və sərbəst idi, hərçənd cəmi-
cümlətanı yeddiyə işləyirdi, yəni saat on ikiyə qalırdı.
Sonra C. Səlimov telefonun dəstəyini götürdü: 22-76-84.
... Səhəri gün bütün Bakının uşaqları danışırdı ki, dünən gecə qırmızı rəngli bir
ayı balası şəhəri dolaşırmış: möcüzədir!
Amma uşaqlar bilmirdi ki, möcüzə təkcə nağıllarda olmur.
Sentyabr, 1969.
51
ON ILDƏN SONRA
Sonra çiskinlənməyə başladı və o, kürəyini köhnə məscidin hasarına söykəyib
pencəyinin boynunu qaldırdı; birdən-birə ürəyi, doğrudan da, siqaret istədi, amma
cibindən çıxarıb yandırmadı – cəmi iki siqareti var idi – iki dənə «Pamir» – onları da
orada çəkəcəkdi; pencəyin altından qayışa keçirib yarısını şalvarının içinə soxduğu
kitablar – əslində bir dənə kitab: «Coğrafiya», iki dənə də ümumi dəftər – qarnını elə
sıxırdı ki, nəfəs ala bilmirdi; yenə qayışını bir balaca boşaltdı.
Külək yaman bərkidi, əslində burada dayanmaq adamın lap atasını yandırır;
sonra ona elə gəldi ki, bu saat bığlı kişi yenə başını məscid minarəsinin darısqal
pəncərəsindən çıxarıb qışqıracaq: «– Hə, yenə gəlib veyllənirsən burda?!», o da
cavabını verəcək: « – Sənə nə var, atovun məhləsidir?», bığlı kişi də onu
hədələyəcək ki, düşürəm aşağı, ananı ağlar qoyaram sənin, o isə yenə deyəcək ki,
kişisən düş; əlbəttə, bığlı kişi aşağı düşməyəcək, çünki ayaqlarının ikisi də yoxdur.
Bir dəfə təsadüfən küçədə görüb onu dördçarxlı sankada gedəndə – bığlı kişinin
bundan xəbəri yoxdur, qoy heç bundan xəbəri olmasın da, qoy kefinə xələl
toxunmasın, hərçənd zırramanın biridir.
Amma bu dəfə bığlı kişi başını məscid minarəsinin pəncərəsindən çıxarıb
boylanmadı.
Üç ay var idi ki, məscidi çəkmə fabriki eləmişdilər; qabaq yaxşı idi – səssiz-
səmirsiz, lal-karlar idarəsi idi; indi lal-karlar təzə binaya köçüblər yəqin, bunlar
gəlib əvəzinə, bu bığlı kişini də Allah kimi qaldırıb qoyublar göyün yeddinci qatına
– minarənin kəlləsinə.
Əcəb soyuqdur, heç belə soyuq olmamışdı bu il, deyəsən, qar yağacaq;
paltosunu Vovagildə qoymuşdu; paltosu dəblə tikilmiş palto idi, atası iki ay bundan
əvvəl Moskvadan gətirmişdi, amma istəmirdi o palto ilə Sənubərin yanına getsin,
hətta bir dəfə ağlına gəlmişdi ki, pul yığıb sırıqlı alsın, həmişə Sənubərin yanına
gələndə bu sırıqlını geysin, amma sonra vaz keçdi bu fikirdən – lap uşaqlıq olardı
bu.
Qışın qaranlığından olmaz – hələ axşam saat beş yoxdur, amma indidən qaranlıq
çökür hər tərəfə, bığlı kişi də minarədə işığı yandırıb – darısqal pəncərə bu
minarənin tək gözü idi elə bil, dünyaya baxırdı. Sənubərgil də işığı yandırıb yəqin,
buradan görünmür – həm pəncərələrindəki pərdə qalındır, həm də işıqları zəifdir.
Sinifdə də işığı yandırıblar yəqin, uşaqlar indi coğrafiya dərsi keçir: Izrail
Solomonoviç dayanıb arxası xəritəyə, üzü uşaqlara tərəf, çağırır bir-bir dərsi
soruşur, kim də haranı göstərirsə xəritədə – bu, Kosta-Rikadır, bu, Dardanel boğazı,
bu da mən nə bilim hara – o saat görür, elə bil zalımın başının dalında da gözü var.
Izrail Solomonoviç, şübhəsiz ki, onun da belinə bir dənə «iki» yapışdıracaqdı –
sonra gəl düzəlt görüm necə düzəldirsən?! – amma «iki»nin qorxusundan
qaçmamışdı dərsdən, kitab indi də qayışının altındadır, başqa dərslərdə oxuyub
hazırlaşa bilərdi – Izrail Solomonoviçin dərsi dördüncü dərs idi, özü də kitabı bircə
dəfə oxuyan kimi yadında qalırdı – Sənubərə görə qaçmışdı dərsdən, Sənubərə görə.
Birinci dərsdən sonra Vovayla birlikdə qaçdılar – Izrail Solomonoviçin dərsi
gələndə Vovanın canına üşütmə düşür, Əzrailin biridir də bu Izrail Solomonoviç,
Vova neyləsin? – əvvəlcə getdilər Vovagilə, onlarda bu vaxt heç kim olmur, sonra
paltosunu çıxarıb gəzə-gəzə gəldi bura; Sənubərin anası da çıxıb getmək bilmir ki,
bilmir.