86
O, ürəyinin lap dərinliklərində hiss elədi ki, beləcə hasarın üstündə oturub onca
metrlikdən tamaşa elədiyi bu qız əslində onun dünyasından çox-çox uzaqdadı, amma
Baladadaş bunu da hiss elədi ki, günlərin bir günündə, dənizin sahilində, aylı-
ulduzlu bir yay gecəsində, özü də sərin bir gecədə bu uzun məsafə yox ola bilər, bu
gözəl qız da lap dəniz kimi onun saçlarını sığallayıb öpə bilər.
Baladadaş elə bil ki, bu öpüşü sifətində hiss etdi, diksindi və suçlu adamlar kimi
qıza baxdı.
Məlum məsələ idi ki, Sevil Baladadaşın fikirlərindən və bir neçə saniyə bundan
əvvəl onun arıq üzündən öpdüyündən xəbərsiz idi. Qız Baladadaşın üzündən
öpdüyündən xəbərsiz idi. Qız Baladadaşın başındakı «aerodrom» kepkaya baxıb
gözlərini süzdü və Baladadaş da başa düşdü ki, onun bu saat şer deyə bilməməsi çox
pis iş oldu.
Sevilin anası artırmadakı qaz pilətəsinin üstündə təzə lobya qızardırdı və hasara
dırmaşmış Baladadaşı görəndə lap cin atına mindi:
– Mənə bax, ora niyə dırmaşmısan? Başına yer qəhətdir?
Baladadaş kök arvada baxdı və heç nə deməyib hasardan yerə atıldı, parusin
şalvarının dalını çırpıb səndəllərinin burnu ilə qumu tozlandıra-tozlandıra
hasarlararası yol ilə uzaqlaşdı.
Sevilin anası pilətənin üstündəki lobyaya dörd-beş yumurta çırpıb hələ də əncir
ağacının altında oturmuş qızına dedi:
– Murad gələcək indilərdə, dur qabdan-qacaqdan yığ stolun üstünə...
Sevil Muradın adını eşidəndə gülümsədi və quş kimi qalxıb otağa girdi.
Sevilin anası pilətənin odunu lap alıb sarımsaq əzməyə başladı və bu zaman
həyətin taxta qapısı açıldı və Baladadaş hər əlində içi su ilə dolu bir vedrə hıqqana-
hıqqana gəlib dayandı həyətin ortasında.
Sevilin anası tərs-tərs Baladadaşa baxdı və Baladadaş da bir müddət bu kök
arvada baxıb:
– Şollar suyudur, – dedi. – Gətirdim sizinçün, işlədəsüz.
Sevilin anası dedi:
– Get, bala, get. Səndən heç kim heç nə istəməyib, get öz işinə, gücünə...
Baladadaş, «aerodrom» kepkasının altından tər damcıları süzülə-süzülə yenə də
bir neçə müddət kök arvada baxdı və heç nə demədən geri dönüb əlindəki vedrələrlə
birlikdə həyətdən çıxmaq istədi.
Sevilin anası arxadan onu səslədi:
– Doğrudan şollar suyudu?
Baladadaş ayaq saxlayıb kök arvada sarı çevrildi və bu kök arvadı inandırmaq
üçün sidq-ürəkdən and içdi:
– Kepkam haqqı şollar suyudu, inanmırsuz?
Sevilin anası elə bil eşitmədi:
– Nə?
Baladadaş vedrələri yerə qoyub əlini kepkasına vurdu və dedi:
– Əşşi, kepkama and olsun ki, şollar suyudu, nöş inanmırsan e, sən?...
Birdən Sevil evin qapısından həyətə tərəf boylandı və:
– Necə, necə?! – dedi. – Kepkam haqqı?.. – Sonra da başladı şaqqanaq çəkib
gülməyə.
Baladadaş başa düşmədi ki, Sevil indi nəyə gülür; əslində Sevilin gülməyi, özü
də şaqqanaq çəkib gülməyi onun xoşuna gəlirdi və buna görə də heç ürəyində də ona
acıqlana bilmirdi ki, adam belə güləyən olmaz.
87
Sevilin anası dedi:
– Yaxşı, gətirmisən, ver işlədək, amma day zəhmət çəkmə bundan sonra.
Baladadaş yenə də geri qayıdıb vedrələri hıqqana-hıqqana artırmaya qaldırdı və
suyu iri dəmir qaba boşaltdı. Bu zaman həyətin qapısı ağzında qırmızı rəngli bir
«Moskviç» dayandı. Sevilin anası o saat əl-ayağa düşdü:
– Murad gəldi! – dedi. – Seva, Murad gəldi!
Sevil tələsik otaqdan çıxıb qaça-qaça həyətə düşdü.
Anası da Baladadaşı yadından çıxarıb dəsmalla əllərini silə-silə həyətə endi.
Murad otuz yaşında, boylu-buxunlu, yaraşıqlı bir kişi idi. O, maşından düşüb
həyətə girəndə elə bil səhərdən bəri günün altında taqətsiz qalmış bu həyətə bir
canlanma gəldi, bu balaca evin, artırmanın, pilətənin – hər şeyin sanbalı artdı.
Murad:
– Hə, necədi? – dedi. – Necə yerləşmisiniz?
Sevil:
– Əntiqə! – dedi və özünü saxlaya bilməyib Muradın qoluna qısıldı; anası
yanında olmasaydı, yəqin Muradın boynuna sarılacaqdı.
Sevilin anası da bunu hiss eləyib bir az özünü itirən kimi oldu, sonra dedi:
– Lap yaxşıdı buralar. Lap yaxşıca da yerləşmişik.
Murad ətrafı gözdən keçirib özündən və bütün bu həyət-bacadan razı halda dedi:
– Şəhərdə bir isti, bürkü var ki, adam nəfəs ala bilmir.
Sevil onun gözlərinin içinə baxıb:
– Yorulmusan? – dedi və elə dedi ki, anası yenə bir balaca özünü itirən kimi
oldu: qız açıq-aşkar Muradın boynuna sarılmaq istəyirdi.
Bu saat heç kim bilmirdi ki, dünyada Baladadaş adında bir adam var və
tamamilə yaddan çıxarılmış Baladadaş boş vedrələri əlinə alıb onların yanından
ötmək istəyəndə Murad soruşdu:
– Bu kimdir belə?
Sevil, Baladadaşın «aerodrom» kepkasının altından tər damcıları süzülən
sifətinə baxıb bərkdən güldü.
Sevilin anası dedi:
– Şollar suyu gətirib bizə iki vedrə.
Sevil isə gülürdü. Baladadaş ayaq saxlayıb Sevilə baxdı. Baladadaş üçün fərqi
yox idi ki, bu on səkkiz yaşlı gözəl qızın yanında bığıburma zırpı bir oğlan dayanıb
və həmin oğlanın təptəzə qırmızı «Moskviç»i var və Baladadaşın gözlərini bərəldib
beləcə qıza baxmağı bu oğlanın xoşuna gəlmir; Baladadaş birdən-birə onun üçün bu
qədər doğma və əziz olan bu göy gözlərə, xurmayı saçlara, ağ bənizə baxmaq
istəyirdi və buna görə də baxırdı.
Murad əlini cibinə salıb bir dənə gümüşü manatlıq çıxartdı və Baladadaşa
uzatdı:
– Tut.
Baladadaş gözlərini xurmayı saçlardan, göy gözlərdən, ağ bənizdən çəkib
gümüşü manatlığa baxdı.
Əlbəttə, başqa vaxtlar olsaydı, Baladadaş ya söyüş söyərdi, ya gümüşü manatlığı
alıb vızıldadardı göyün yeddinci qatına, axır ki, bir şey edərdi. Amma məsələ
burasında idi ki, bu dəqiqə Baladadaş özünü tamam itirmişdi və bilmirdi ki, nə
eləsin, çünki bu dəqiqə onun yanında on səkkiz yaşlı gözəl bir qız dayanmışdı, özü
də bu qız göyə baxıb gözəl şerlər deyə bilirdi və indi bu qız da həmin gümüşü
manatlığa baxırdı.