91
Murad gözlərini asfaltdan çəkməyərək soruşdu:
– Oxuyursan?
Baladadaş elə bil ki, atasının maşınıymış kimi, yerini rahatlayıb dedi:
– Oxumuram day. Qurtarmışam məktəbi.
– Işləmirsən də?
– Amurski oblasta gedəcəyəm payızda, əsgərliyə. Qayıdandan sonra
işləyəcəyəm.
– Əsgərliyə? – Murad gülümsədi. – Özün öz ayağınla əsgərliyə gedirsən?
– Hə, özüm öz ayağımla əsgərliyə gedirəm. – Baladadaş Murada baxdı və açıq-
aşkar hiss olunurdu ki, bu saat bu «Moskviç» sahibi onun gözlərində çox pis
adamdı.
Murad dedi:
– Sənə nə var ki, subay oğlansan, lap dünyanın o başına da gedə bilərsən. Gündə
də bir qızla kef eləyərsən. – Sonra əlini qaldırıb maşının sandıqçasını açdı və içindən
balaca bir qutu götürdü.
Qutuda qızıl medalyon var idi.
Murad dedi:
– Daha bizim günümüzdə deyilsən ki, gedib qızıldan, brilyantdan alıb gətirəsən
ki, nişanlının xoşu gəlsin. – Sonra medalyonu çıxardıb köynəyinin döş cibinə qoydu
və boş qutunu Baladadaşa uzatdı. – Al, yaxşı qutudu, bağışlayıram sənə. Adam
hədiyyəni qutuda verəndə elə bilirlər ki, qiymətini gözə soxursan. Qiyməti də ki,
həmişə yazırlar qutunun üstündə.
Baladadaş boş qutunu aldı və dedi:
– Saxla burda düşürəm.
Qırmızı «Moskviç» kəndin girəcəyində dənizə enən qum yolun yanında
dayandı. Baladadaş qapını açıb maşından düşdü, sonra əlini cibinə salıb üç dənə
iyirmi qəpiklik çıxartdı və dəmir pulları bir-bir maşının oturacağına atıb:
– Çox sağ ol, – dedi. – Bu da yol xərcin. – Sonra maşının qapısını bağladı,
parusin şalvarının dalını çırpa-çırpa dənizə tərəf addımladı.
Murad arxadan nə isə qışqırdı, amma Baladadaş heç nə eşitmədi və geri də
dönüb baxmadı.
Baladadaş dənizə tərəf gedə-gedə əlindəki medalyon qutusuna baxdı, sonra
qutunu bir az qabağa atıb qaça-qaça havada təpiklə vurdu. Qutu göyün yeddinci
qatına qalxdı və hara düşdüyü məlum olmadı.
Baladadaş qaça-qaça «aerodrom» kepkasını, miləmil trikotaj köynəyini, parusin
şalvarını, səndəllərini çıxarıb özünü dənizə verdi, bir az əl-qol atıb arxası üstə suyun
üzərində uzandı və göyə baxdı; göy təmiz və sonsuz idi və bu saat sonsuz göy də bu
dəniz kimi ancaq Baladadaşa məxsus idi.
Baladadaşın ilk məhəbbət macərası beləcə sona yetdi və bu məhəbbət
macərasını o, yalnız bir dəfə – qatara minib Amur vilayətinə əsgərliyə gedən zaman
xatırladı və xurmayı saçların həmin şorməzə tamını dodaqlarında hiss etdi.
Iyun, 1972.
92
GÜNLƏRIN BIR GÜNÜNDƏ
1. Qarlı gəzinti həsrəti
Tülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə
lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi.
Anasının əmcəyini kəsən Tülkü idi.
Meşə səfalı meşə idi – dağın döşündə; palıdı, vələsi var idi, armudu, qozu,
fındığı var idi. Cüyürü, əliyi var idi, hacıleyləklər burada yuva salardı, bala
çıxarardı. Talaları var idi, gülü, çiçəyi var idi... Amma Tülküsü də var idi bu
meşənin.
Hacıleyləklər içərisində bir gözəl Hacıleylək qoca palıdın budaqlarında özünə
yuva salmışdı, üç qəşəng balası yumurtadan təzəcə çıxmışdı. Səhərlər Hacıleylək
uçub gedirdi, balalarına yem tapırdı, yuvasına qayıdırdı, uzun dimdiklərini
şaqqıldada-şaqqıldada balalarını yedirdirdi, daha bilmirdi ki, zalım Tülkünün bu
qəşəng balalarda gözü var.
Günlərin bir günündə Hacıleylək balaları üçün yem gətirməyə getmişdi.
Tülkü yekə bir mişar tapıb güclə sürüyə-sürüyə palıdın yanına gəldi, ağzı
sulana-sulana altdan yuxarı yuvada civildəşən leylək balalarına baxdı, sonra mişarı
bir kənara qoyub ədəb-ərkanla palıdın dibində əyləşdi, ağacın gövdəsinə söykənib
ana Hacıleyləyi gözləməyə başladı.
Az keçdi, çox keçdi, ana Hacıleylək yem tapıb geri uçdu, yuvasına qonub yenə
də uzun dimdiklərini şaqqıldada-şaqqıldada istədi ki, balalarını yedizdirsin, amma
bir də baxıb gördü ki, ağacın dibində bir Tülkü mişarı qaldırıb palıdın gövdəsini
kəsmək istəyir. Hacıleyləyin ürəyi qırılıb düşdü ayaqlarının altına, başını aşağı
uzadıb soruşdu:
– Ay Tülkü lələ, nə edirsən belə?
Həyasız Tülkü dedi:
– Ağacı kəsirəm.
Yazıq Hacıleylək uçum-uçum uçunmağa başladı:
– Niyə, ay Tülkü lələ?
Qəddar Tülkü dedi:
– Sənə nə var niyə? Meşə mənə babamdan qalıb. Bu ağacı kəsirəm ki, aparıb
bazarda satım, özümə toyuq alım.
Yazıq Hacıleylək nə biləydi ki, bu qoca palıdı kəsməyə Tülkünün gücü çatmaz,
gözlərindən yaş axıdıb yalvarmağa başladı:
– Bizə rəhmin gəlsin, ay Tülkü lələ. Bəs, sən ağacı kəssən biz neylərik? Yuvam
dağılar, ay Tülkü lələ...
Tülkü gözlərini qıyıb yenə də aşağıdan yuxarı Hacıleyləyə baxdı və dedi:
– Onda balanın birini mənə ver, ağacı kəsməyim. Yoxsa, kəsəcəyəm.
– Bay, sənin canın yansın, ay Tülkü! – bu sözləri Səmayə dedi, lap doğrudan-
doğruya ürəyi yana-yana dedi.
Məsələ burasında idi ki, zalım Tülkü ilə biçarə Hacıleylək haqqındakı bu pyesi
Bakı Uşaq Teatrı tamaşaya qoyacaqdı və Səmayə də həmin tamaşada Tülkü rolunu
oynayacaqdı. Indi də gecənin bir aləmi divanın üstündə ayaqlarını altına yığıb
soyuqdan büzüşə-büzüşə öz rolunu əzbərləyirdi.
93
Bu il qış yaman gəlmişdi, hələ söyüdlər yarpaqlarını tamam tökməyə macal
tapmamış hər yanı qar basmışdı, gör indi bir azdan nə qiyamət qopacaqdı. Otaqlar
da ki, soyuq – qızdırıcılar pis yanırdı. Səmayə ocaqçı Məmmədəlinin qarasına
deyinib yenə pyesi oxumağa başladı.
Hacıleylək nə qədər yaş axıtdı, nə qədər yalvarıb aman istədi, qəddar Tülkü bəd
əməlindən dönmədi ki, dönmədi.
Dərddən ürəyi üzülən Hacıleylək axırıncı dəfə Tülkünü dinə-imana gətirmək
istədi:
– «Sən mənimçün can ver, mən səninçün ölüm» oldu bu, ay Tülkü lələ.
Tülkü mişarı qoca palıdın yoğun gövdəsinə ilişdirib:
– Özün bil! – dedi.
Çarəsiz dərdə loğman da acizdir. – Hacıleyləyin əlacı qalmadı, gözünü yumub
lap ürəyi gedə-gedə dimdiyi ilə balalarından birini götürdü və Tülküyə atdı, heç özü
də bilmədi neylədi. Tülkü quşcuğazı dişinə alıb şələ quyruğunu bulaya-bulaya çıxıb
getdi və hələ də bir müddət yazıq quşcuğazın civiltili ah-naləsi kəsilmədi.
– Can-can!.. – Bunu da Səmayə dedi və istər-istəməz divanda dikəlib o biri
otaqda mışıl-mışıl yatan Fatmaya tərəf boylandı, elə bil arxayın olmaq istəyirdi ki,
Fatma üçün belə Tülkü qorxusu yoxdur və buna arxayın olandan sonra yenə də pyesi
oxumaq istədi, amma daha həvəsi qaçmışdı, özü də lap yorulmuşdu, həm də yazıq
quşcuğazın civiltisi qulağından getmirdi.
Səmayə divandan qalxıb barmaqlarının ucunda qızdırıcıya yaxınlaşdı, əlini hələ
əməlli-başlı qızmamış dəmirin üstünə qoyub yenə də ocaqçı Məmmədəlinin qarasına
ürəyində bir-iki yağlı söz dedi, sonra pəncərənin yanına gəlib bayıra baxdı.
Bayırda bir qar yağırdı ki, gəl görəsən; qardan və adda-budda pəncərə
işıqlarından başqa heç nə görünmürdü. Səmayə bu quşbaşı qara baxdı, baxdı və çox
keçmişlərdə qalmış bir dəli həvəsin giziltisi yenə də ürəyindən keçib getdi; amma bir
həsrət həzinliyi qaldı yenə.
Bir dəli həvəsi var idi Səmayənin, çox-çox bundan əvvəl, o vaxtlar ki, Səmayə
tək idi, yəni o vaxtlar ki, hələ Fatma yox idi dünyada və Səmayə özü də Fatma kimi
qəşəng gözəl bir qız idi. Bir dəli həvəsi var idi Səmayənin – bu cür qarlı gecədə üst-
başlarına qar yağa-yağa dünyada ən yaxın adamı ilə, ən əziz adamı ilə, yəni sevgilisi
ilə Bakının küçələrini, bağlarını, dəniz kənarını gəzmək; elə gəzmək ki, dünyada
onlardan – Səmayədən və həmin naməlum sevgilidən, bir də ki, quşbaşı qardan
başqa heç kim və heç nə olmasın; Bakı yatsın, təkcə beş-altı pəncərə oyaq qalsın və
onlar da bu qarlı pəncərə işıqlarını güclə tapıb bir-birilərinə göstərsinlər, həmin
pəncərə işıqlarının ilıqlığı ürəklərindən axıb keçsin; onda adamın ürəyi lap balaca –
bir dınqılı gəmiyə dönər...
Əvvəlcə trolleybusun səsi gəldi, sonra işığı göründü və gecənin yarısına qalmış
bu axırıncı trolleybus pəncərəsinin altından keçib, gedəndə Səmayəyə elə gəldi ki,
elə bil vağzaldadır və kimi isə – çox əziz bir adamını uzaq səfərə ötürür, ürəyi
sıxıldı.
Bu, həmin dəli həvəsin həsrət sıxıntısı idi.
Bir vaxt var idi – o vaxt ki, hələ Fatma dünyada yox idi və Səmayə özü də
Fatmadan bir-iki yaş böyük olardı, elə beləcə gözəl-göyçək bir qız idi – bax, beləcə
dayanardı köhnə evlərinin pəncərəsi qarşısında, bayırda yağan qara baxardı və o
zaman da ürəyində həmin dəli həvəsin həsrəti var idi, amma o həsrət bol-bol işıq
içində idi, sevincli həsrət idi, əslində həsrət yox, ürək tappıltısı ilə gözlənilən
gələcək idi; onda sıxıntı yox idi, gözləmə var idi, nəyinsə ərəfəsi idi.
Dostları ilə paylaş: |