111
BU DÜNYADA QATARLAR GEDƏR
Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk»,
«Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə
qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...
Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
Dünyada qapqara adamlar var idi, sapsarı adamlar var idi və bu adamlar da
hərdən qatarlarda Əbiligilin kəndinin aşağısından ötüb keçərdi.
Qatarlar neft daşıyan vaqonlar olardı, taxta-şalban daşıyan, traktorlar, yük
maşınları, avtomobillər daşıyan vaqonlar olardı və Əbili gözlərini yumub bu təptəzə,
yağlı avtomobilləri ömründə bircə dəfə də görmədiyi Bakının küçələrində ora-bura
gedən görərdi.
Bütün bunlar uzaq-uzaq ölkələrdən, böyük-böyük şəhərlərdən gəlib gedirdi və
həmin uzaq-uzaq ölkələrdə, uzaq-uzaq şəhərlərdə heç kim bilmirdi ki, dünyada
Əbiligilin balaca kəndi var və bu balaca kənddə Əbili adında bir oğlan var ki, hər
gün qatarların ardınca baxır.
Qatarlarda daşınan bütün bu yükləri bir-birini tanımayan cürbəcür adamlar
hazırlayırdı, düzəldirdi, yükləyirdi, bir-birinə göndərirdi. Əbili bunu fikirləşirdi və
hərdən ona elə gəlirdi ki, gözlərinin qabağından ötüb keçən bu yük qatarları adi
qatarlar deyil, bu yük qatarları taxta-şalbanla, traktorla, kombaynla bərabər
adamların sirrini bir-birinə aparır, adamların ürəyindəkiləri bir-birinə yetirir.
Adamların o sirrini ki, gecə yerində uzanırsan və uzaq-uzaq ölkələrdə, böyük-böyük
şəhərlərdə yaşayanlar barədə fikirləşirsən.
Qatarlarda təkcə adamlar getmirdi, təkcə yük daşımırdı qatarlar. Bəzən qatarlar
nağıl aləmindən gəlirdi, fillə, zürafəylə gəlirdi.
Bir dəfə yayın cırhacırı idi və Əbili həmin gün doğruçu fillər gördü, doğruçu
zürafələr, açıq vaqonlardakı qəfəslərdə gedən doğruçu şirlər, pələnglər gördü. Əbili
başa düşdü ki, «Kiyev – Bakı» qatarında Kiyevdən Bakıya sirk gedir və özü də
bilmədi necə gözlərini yumdu, ötüb keçməkdə olan qatar təkərlərinin taqqatuqu
altında bu zürafələri, bu filləri, şirləri, pələngləri Bakı sirkində gördü, yekə
başmaqlı, yekə saatlı, yekə burunlu təlxəklər gördü, həmişə qatarlarda gedib-gələn
rəngbərəng paltarlı uşaqların səs-küyünü eşitdi.
Əbili az görmüşdü, çox oxumuşdu. Əbili bilirdi ki, fillər Hindistanda olur,
Afrikada olur, sirkdə təlxəklər olur, təlxəklərin paltarları əyinlərinə böyük olur və
onlara baxanda adamı gülmək tutur – bütün bunları bilirdi, əlinə keçən qəzetlərdə,
jurnallarda, kitablarda oxumuşdu, dərsliklərdən öyrənmişdi, amma özü heç nə
görməmişdi.
Burası doğru idi ki, Əbili gözlərini yumub istədiyini görürdü, amma burası da
var idi ki və Əbili də bunu çox gözəl başa düşürdü ki, bütün bunlar doğruçu görmək
deyil.
Əbiligilin kəndi dəmir yolundan yarım kilometr aralıdakı dağın ətəyində idi. Bu
kənd il on iki ay dumanlı-çiskinli olardı və bu dumanın-çiskinin içindən gecə-
gündüz qatarlar keçərdi. Gecələr bu qatarların səsi kəndin bütün evlərinə dolardı və
bu qatarlardakı adamlar, bu qatarların daşıdığı avtomobillər, gedib-gəldiyi böyük-
böyük şəhərlər kəllayı otaqda palazın üstündə salınmış yorğan-döşəyin içində
Əbilinin gözlərinin qabağına gəlirdi.
112
Səhərlər, günortalar və axşamlar isə Əbili inəklərini naxıra qatıb, qoyun-
quzularını kəndin çobanı Ildırımın sürüsünə ötürüb, kəhər atı evlərinin dalındakı
otlaqda çidarlayıb, tövləni kürüyüb-təmizləyib, məktəbə gedib və qayıdıb dərslərini
hazırlayandan sonra, kənddən aşağı düşürdü, dəmir yolu boyunca gedirdi, o qədər
gedirdi ki, kəndləri dağın ətəyində gözdən itirdi və bu yerlərdə hər addımbaşı bitən
bir alça ağacının altındakı yoncalıqda oturub gəlib keçən qatarlara baxırdı.
Əbilinin gözləri elə öyrənmişdi ki, bircə dəqiqənin içində gəlib keçən qatarın
üstündəki yazını oxuyurdu, vaqondakı adamları görürdü, bu adamların görünüşü,
geyimi yadından çıxmırdı.
Uşaqlıq vaxtları, o vaxtlar ki, ayağı yalın, başı açıq atılıb düşürdü və dünyanın
işləri vecinə deyildi, birinci növbədə yaşıdları, yaşıdlarının əcaib-qəraib şalvarları,
köynəkləri yadında qalırdı. Əbili bu uşaqları qırmızı rəngin, yaşıl rəngin, çəhrayı
rəngin içində görürdü və bu uşaqlar başqa bir aləmin, nağıllı-sehrli bir aləmin
uşaqları kimi ondan çox-çox uzaqlarda idi.
Günlərin bir günündə Əbili başa düşdü ki, həmin nağıllı-sehrli uzaq aləmin
uşaqları da kəndlərinin uşaqları kimidi – cığalı var, düzü var, kolxoz sədri Cəbrayıl
kişinin oğlu Rəhim kimi ərköyünü var, Salatın arvadın nəvəsi yetim Səftər kimi
işbacaranı var.
O gün qatarlardan biri – «Bakı – Rostov» qatarı birdən-birə Əbiligilin
kəndlərinin qabağında dayandı. Düz dörd saat dayandı. Dedilər irəlidə yol xarab
olub. Həmin dörd saatda Əbiligilin kəndində yumurta-toyuq qalmadı, yağ-pendir
qalmadı, ağaclarda alça, ərik qalmadı, kimin əlinə nə keçirdisə, gətirib qatardakılara
satmaq istəyirdi.
Kəndin adamları alverlə məşğul idi, təkcə Əbilidən başqa. Əbili bir küncdə
dayanıb gendən-genə dağın aşağısında düzənlikdə oynayan uşaqlara baxırdı.
Qatardan düşən uşaqlar hərdən lap onun burnunun qabağından ötüb qaçırdı və Əbili
bu tərləmiş, sir-sifəti qızarmış uşaqlardan gələn qoxunu hiss edirdi. Bu qoxu bir az
kəndlərindəki dəllək Qafarın dəlləkxanasından gələn iyə oxşayırdı, bir az atası ildə-
ayda bir dəfə Bakıya gedib qayıdanda gətirdiyi peçenye, pryanik, kağıza bükülü
konfet iyinə oxşayırdı, amma Əbili belə fikirləşirdi ki, bu qoxu tamam-kamal
dəlləkxana iyi, yaxud peçenye, pryanik iyi deyil, bu qoxu böyük-böyük şəhərlərdəki
uşaqların qoxusudu. Əbili burasını da lap yəqin etdi ki, bu saat burnunun qabağından
ötsələr də bu uşaqlar ondan çox-çox uzaqdadı, elə uzaqdadı ki, həmin uzaqlığa gecə-
gündüz, yay-qış, dumanda-çiskində, qarda-boranda, yayın cırhacırında qatarlarla
gedəsən gərək.
Birdən-birə çəhrayı ayaqqabılı, çəhrayı corablı, çəhrayı paltolu, çəhrayı yanaqlı,
çəhrayı papaqlı bir qız Əbilinin qabağında dayandı, təəccüblə Əbilinin ayağındakı
qaloşa baxdı, pencəyinin cibinə yığdığı göy almalara baxdı, başına qoyduğu atasının
köhnə papağına baxdı və soruşdu:
– Sənin adın nədi?
Ömründə heç vaxt Əbilinin beləcə ürəyi düşməmişdi. Ömründə heç vaxt Əbili
beləcə özünü itirməmişdi. Əbili heç özü də bilmədi ki, necə dedi:
– Əbili.
Çəhrayı qız lap heyrətlə soruşdu:
– Nə?
Əbili dedi:
– Əbili.