118
Məsmə ürəyində fikirləşdi ki,
sənə nə var, ay bəxtəvər, pay da göndərərsən, o
tərəfə də keçərsən, öz malın deyil axı; bunu fikirləşdi, amma yeznəsinin gəlininə bir
söz demədi.
Əliabbas kişinin dördüncü nəvəsi Ağasəlim üzünü arvadı Zibeydəyə tutub:
– Boşqab gətir! Qazan gətir! – dedi. – Tut günüdü bu gün.
Əliabbas kişi dedi:
– Hə, Hə!.. Biri də qalmasın yerdə gərək. Günahdı...
Bütün məhəllədə bu məşhur tut ağacının yüz yaşı tamam olan həmin isti iyul
günü Əliabbas kişinin evdəki bütün oğul-uşağı, nəvə-nəticəsi, gəlinləri həyətə
çıxmışdı və hamı bu dəm cidd-cəhdlə həyətə səpələnmiş xartutu yığmaqla məşğul
idi.
Əlbəttə, günah məsələsini Əliabbas kişi elə-belə, özündən dedi, heç kim heç
vaxt deməmişdi ki, tut ağacının yüz yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə
yerə tökülmüş tutların hamısını yığmaq lazımdı, yoxsa ki, günaha batarsan; belə bir
qayda yox idi, necə ki, tutun yüz yaşı tamam olanda plov bişirmək də adət deyildi,
amma bir halda ki, bu tut ağacı bu dünyada yüz il ömür sürmüşdü və onun yüz
yaşının tamam olmasını Əliabbas kişi beləcə gözləmişdi, deməli, bayram idi bu gün
və bu yüz yaşlı ağacın bəhrəsini ayaq altında qoymaq günah işdi.
Əliabbas kişi tut ağacının altında dayanmışdı və bu vaxt budaqdan onun
sinəsinə, düz ürəyinin başına bir tut düşdü, kişinin ağ köynəyində o saat qıpqırmızı
bir ləkə əmələ gəldi və bunu görən Ağamuxtarın bütün bədəni birdən-birə ürpəşdi.
Əliabbas kişinin böyük oğlu Ağamuxtar dörd il cəbhədə vuruşmuşdu,
Mazdokdan Berlinə qədər vuruşa-vuruşa getmişdi və bütün məhəllə uşaqları yaxşı
bilirdi ki, Ağamuxtar əminin bir ordeni, on üç də medalı var. Ağamuxtara birdən-
birə elə gəldi ki, atasının ürəyinin başına güllə dəydi və bu qırmızı ləkə də qan
yeridir. Sonra Ağamuxtar daha tamam-kamal ağarmış gur saçlarını əli ilə geri
sığallayıb axır vaxtlar neçənci dəfə fikirləşdi ki, kişi yaman qocalıb.
Əslində Ağamuxtarın belə fikirləşməyə bir o qədər də haqqı yox idi, çünki heç
özü də atasından çox seçilmirdi; hətta bir dəfə qonşuları qəssab Ağanəcəfin arvadı
Balacaxanım dar dalanın qabağında dayanıb tum çırtlaya-çırtlaya başına toplaşmış
cavan məhəllə qızlarına demişdi:
– Görürsüz, ağəz, adam heç bilmir ki, Əliabbas kişi Ağamuxtar kişinin atasıdı,
yoxsa Ağamuxtar kişi Əliabbas kişinin atasıdır...
Əlbəttə, bu söz gəlib Anaxanıma çatanda, Balacaxanım cavabını almışdı, amma
bir vardı ki, Ağamuxtar da yaman qocalmışdı.
Və ən qəribəsi bu oldu ki, həmin dəm Əliabbas kişinin də gözləri böyük oğlunun
ağappaq ağarmış saçlarına sataşdı və bu ağappaq saçları birinci dəfə görürmüş kimi,
kişi həmin yay gününün xartut bayramına baxmayaraq, birdən-birə əməlli-başlı
pəjmürdəhal oldu; Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü, lap o vaxtlar ki,
hələ divardan tuta-tuta gəzirdi, sonra o vaxtlar ki, bu ağaca dırmaşıb tut yeyirdi,
ağzı-burnu, üst-başı qapqara qaralırdı. Əliabbas kişi özünü saxlaya bilməyib
ürəyində dünyanın belə əbləh işləri barədə, yəni dünyanın etibarsızlığı barədə bir-iki
söz dedi; buna yandı-yaxıldı ki, illər adamı nə günə qoyur – o balaca uşaq indi gör
qocalıb nə günə qalıb; sonra şairin sözü Əliabbas kişinin yadına düşdü: «Biz gəldi-
gedərik, sən yaşa dünya!» və o, ağappaq bığlarının altından gülümsəyib başını
buladı, dünyanın işlərinə acığı tutmağı da indi ona gülməli göründü, yenə də
ürəyində dedi ki, Isgəndərə qalmayan dünya kimə qalacaq və burasını da fikirləşdi
ki, Ağamuxtarın qocalığını görür, amma özündən heç bir söz demir...
119
Əliabbas kişinin kiçik oğlu Fətulla nəvəsi Gülağaya dedi:
– Qaç get evdən qab gətir.
Boşqablar, qazanlar baş barmaq boyda xartutla doldu, məhəllənin uşaqları tutun
yüz yaşa çatıb parçalanması xəbərini eşidib Əliabbas kişigilin həyətinə daraşdılar,
hərə beş-on tut qoydu ağzına və böyük də, kiçik də, hamı belə bir yekdil fikrə gəldi
ki, bu tutun ləzzəti başqa şeydi və heç kim ömründə bu ləzzətdə tut yeməyib.
Qonşuların hərəsinə bir nimçə tut pay getdi, elə bil Əliabbas kişigilə nişan gəlmişdi,
şirni paylayırdılar.
Qəssab Ağanəcəfin arvadı Balacaxanım başına təzə xına qoyduğu üçün tünd
qəhvəyi barmaqları ilə xartutu bir-bir saplağından tutub ağzına qoyurdu və ağzını
marçıldada-marçıldada deyirdi:
– Bəxti var də, camaatın!.. bu cür tutdan yeyib kef eləyirlər özləriyçün...
– Sonra hərdən onlara gəlib işinə-gücünə gömək eləyən qonşuları, yaşı otuzu
keçmiş, amma hələ də ərə gedə bilməyən Lumiyəyə göz vururdu: – Vitamindir e,
ağəz, bu... Adam qızışdıran şeydi...
Lumiyə də həmişəki kimi, qızarıb pörtürdü, amma əslində belə söhbətlər
ürəyindən idi və Balacaxanım da bunu yaxşı bildiyi üçün şaqqanaq çəkib bərkdən
gülürdü.
Bir sözlə, həmin şənbə günü məhəllənin uşağından tutmuş böyüyünəcən hamı
Əliabbas kişinin həyətindəki xartutun parçalanmasından xəbər tutdu və
tamahkarlıqda tayı-bərabəri olmayan Molla Fərzəli də, təbii ki, əsasını döyəcliyə-
döyəcliyə gəldi durdu Əliabbas kişigilin küçə qapısı ağzında, ustanı bayıra çağırdı,
başladı o yandan, bu yandan, Irandan-Turandan, axırda gəldi çıxdı mətləb üstə ki,
həkim mənə deyib qara tutu sıx, suyunu iç, pulum da yoxdur ki, gedim bazardan
alım, elə bir balaca qazan versən, bəsimdi.
Üzbəüz səkidə, kölgəlikdə oturub rus dili müəllimi Alxas bəylə nərd oynayan
zərgər Ələşrəf molla Fərzəliyə baxıb dedi:
– Həmişə belə yazıqlanır, amma axtarsan, görərsən ki, bir donuzu çatışmır...
– Zərgər Ələşrəf bunu dedi və Alxas bəyin tamam-kamal qanını qaraldan yağlı
bir qoşa şeş atdı.
Əlbəttə, Molla Fərzəli də həmişəki kimi, bir qazan tutunu alıb getdi.
Həmin axşam Anaxanım yaxşıca bir plov bişirdi və arvad neçə stəkan düyü
dəmləmişdisə, bütün həyətə çatdı, Əliabbas kişinin bir böyük həyət oğul-uşağına,
nəvə-nəticəsinə. Məhəllədə ən çox toy bu həyətdə olmuşdu.
Aydın məsələ idi ki, bu həyət həmişə beləcə çox adamlı, beləcə gur olmamışdı.
Əliabbas kişinin atası usta Həzrətqulu buranı alanda bu həyətdə ikiotaqlı,
birmərtəbəli kiçik bina vardı. Bu həmin uzaq vaxtlardı ki, onda həyətdəki xartut hələ
cavan bir ağac idi. Əliabbas kişi də balaca uşaq, bu tutun gövdəsi indiki
budaqlarından nazik idi.
Əliabbas kişi Tubuxanımla evlənəndən sonra özünə iki otaq da tikdi – bu,
inqilabdan qabağın söhbətidi və indi həmin iki otaqda Əliabbas kişinin nəvəsi
Ağasəlim ailəsilə yaşayırdı, sonra uşaqlar böyüdü; uşaqlar böyüdü, həyət kiçildi,
dörd otaq oldu altı otaq, sonra səkkiz otaq, sonra birmərtəbə bina ikimərtəbə oldu...
Oğullar evləndi, nəvələr evləndi və həmin tut ağacı parçalanan həyətdə hamıya bir
parça yer tapıldı.