113
Çəhrayı qız bir az da dayanıb heyrətlə ona baxdı, sonra tələsik qaçdı; elə qaçdı,
elə bil bu saat Əbili hop eləyib onu udacaqdı.
Əbili incimədi. Elə bilirdi ki, elə belə də olmalıdı. Çəhrayı qız çəhrayıydı, Əbili
palçıqlı-peyinli. Çəhrayı qız nə biləydi ki, Əbilinin əsl adı Əbülfətdi və atası, anası
ona görə ona Əbili deyir ki, onu çox istəyir. Əbili bundan incimədi, Əbili başqa
şeydən incidi.
Çəhrayı qız xeyli aralıdan Əbilini Yaşıl, Sarı, Qırmızı qızlara göstərib güldü və
Yaşıl, Sarı, Qırmızı qızlar da Əbiliyə baxıb güldülər. Aydın məsələydi ki, qızlar
Əbilinin təhər-töhürünə gülürdülər, amma Əbili bundan da incimədi, çünki
böyüdükcə ona belə məlum olurdu ki, uzaq-uzaq ellərdəki böyük-böyük şəhərlər və
bu şəhərlərdə yaşayan Yaşıl, Sarı, Qırmızı, Çəhrayı uşaqlar adicə uzaqlarda deyil,
yəni bu uzaqlıq başqa uzaqlıqdı, bu uzaqlıq, bu məsafə Əbilinin gözünü açıb, bax,
bu dağı görməsindədi, səhərlər inəyi naxıra qatmasındadı, axşamlar qoyun-quzunu
Ildırımın sürüsündən ayırıb evə gətirməsindədi, səhər-axşam qatarların dalınca
baxmasındadı və bu qatarlardakı fillərin, pələnglərin, bu qatarlardakı uşaqların
gecələr onun yuxusuna girməsindədi. Bundan incimədi Əbili, başqa şeylərdən incidi.
Çəhrayı qız tabaşir parçası ilə hamar qayanın üstündə xətlər çəkdi, ora-bura
baxıb elə bil nəsə axtardı, tapmadı, çəhrayı paltosunun cibindən yastı bir şey
çıxardıb, ayağının altına atdı və bir ayağını qaldırıb o biri ayağı ilə həmin yastı şeyi
itəliyə-itəliyə xətlərin üstündən cırcırama kimi hoppanmağa başladı.
Bir az keçəndən sonra qatardakı atalar, analar uşaqları çağırdı. Çəhrayı qız da
əyilib ayağı ilə oynatdığı yastı şeyi yerdən qaldırdı, bir az orasına-burasına baxdı,
sonra təzədən yerə tullayıb qatara qaçdı. Bir az da keçəndən sonra qatar tərpəndi.
Lap sonra isə bu yerlərin həmişəki sakitliyi ətrafa çökdü, kəndin camaatı sata
bildiyini satıb, sata bilmədiyini təzədən geri apardı və Əbili də həmişəki bu sakitlik
içində əllərini pamazı şalvarının ciblərinə soxub var-gəl edə-edə bayaq Çəhrayı qızın
xətt çəkib oynadığı yerə gəldi. Çəhrayı qızın hoppana-hoppana ayağı ilə
sürüşdürdüyü yastı şey elə-eləcə xətlərin üstündə atılıb qalmışdı. Əbili əlləri cibində
bir müddət bu yastı şeyə baxdı, sonra birdən-birə ürəyinə bir qüssə, bir kədər gəldi,
sonra da əyilib həmin yastı şeyi yerdən götürdü, bu yastı şeyin büküldüyü toza-
torpağa batmış kağızı yavaş-yavaş çırpdı.
Yay günləri rayon mərkəzindən Əbiligilin kəndinin yuxarısına lafet-mağaza
gələrdi, üç-dörd gün arxın qırağındakı böyük söyüd ağacının altında dayanardı,
sürücü-satıcı Imaş kəndin camaatına çit, pamazı, dəsmal, adyal, stəkan, boşqab,
pivə, gizlincə araq, bublik, mampası, şokolad satardı. Şokoladlar qızılı kağıza
bükülərdi, üstündən də başqa bir kağıza bükülərdi və bu kağızda tülkü şəkli, ya
qarğa şəkli, ya xoruz şəkli olardı. Əbiligil ata-anasını yola gətirib şokolad alandan
sonra, ustufca kağızları açardı, bir xeyli kağızların ora-burasına baxardı, axşam
hamarlayıb evdəki kitabların arasında saxlamaq üçün qoynunda, ya başındakı
papağın içində gizlədib keflə şokoladdan yavaş-yavaş dişdəm vurardı. Bu balaca
bayram olardı, şokolad bayramı.
Indi həmin şokoladın bir irisi, elə irisi ki, Imaşın lafetində yox, uzaq-uzaq
ellərdəki böyük-böyük şəhərlərdə satırdılar onu, Əbilinin əlində idi və bu həmin
yastı şey idi ki, bayaq Çəhrayı qız ayağı ilə sürütləyə-sürütləyə xətlərin üstündən
hoppanırdı.
Bax, bu yerdə Əbili incidi, Çəhrayı qızdan incidi, özü də yaman incidi, çünki
Əbili belə Əbili idi.
114
Necə olurdu ki, yay vaxtı Imaşın lafeti gələndə Əbiligil ondan aldıqları balaca
şokoladı yavaş-yavaş yeyirdilər ki, gec qurtarsın, amma Çəhrayı qız bu irilikdə
şokoladı ayağı altına atıb daş parçası kimi oynamağa qıyırdı?
Əbili çox fikirləşirdi ki, bu iri şokoladı neyləsin. Istədi aparıb yetim Səftərə
versin, amma ürəyinə pis gəldi, pis gəldi ki, niyə Çəhrayı qızın ayaq altına atdığını
Səftər yeməlidir?
Və bu zaman Əbili kəşf elədi ki, onların kəndindəki yetim Səftər heç də uzaq-
uzaq ellərdəki böyük-böyük şəhərlərdə yaşayan rəngbərəng uşaqlardan əskik oğlan
deyil.
Sonra şokoladı elə oradaca bir daşın üstünə qoydu ki, quşlara yem olsun və sidq-
ürəkdən arzuladı ki, yay tez gələydi, Imaş lafetini arxın qırağındakı söyüdün altına
çəkəydi, o da Imaşdan şokolad alıb yeyəydi.
Çəhrayı qızın bu şokolad məsələsindən iki-üç il sonra, o zamanlar ki, Əbili
imtahanlarının hamısını beşə verib səkkizinci sinfə keçmişdi, qəribə bir əhvalat baş
verdi.
Payızın son günləri idi və həmin günlər Əbiligilin kəndində çiskinli sazağın
fironluq elədiyi günlər idi. O payız səhəri Əbili yuxudan oyanıb kəllayı otaqdakı
pəncərədən qarşı dağın boz ətəyinə baxdı, saralıb solmuş – böyürtkən kollarına,
çılpaq ərik ağaclarına, alçalara baxdı və birdən-birə bu çiskin, sazaq, bu bozluq,
solğunluq ürəyinə bir qəriblik gətirdi, elə bil ki, illər boyu qürbət ellərdə yaşayırdı.
Ürəyindəki bu qəribliklə həyətə düşdü, tövləyə girib həvəssiz-həvəssiz atı
qaşovladı, sonra kəhərin çılpaq belinə atılıb kəndin yuxarısındakı arxda sulamağa
apardı. Arxın qırağında atın belindən həmişəki bu dağlara baxdı, daha sobaları
tüstülənən balaca kəndlərinə baxdı, boynunu uzadıb su dümləyən altındakı atın qara
yalına baxdı, sonra başını qaldırıb gözlərini çiskindən qırpa-qırpa bomboz göyə
baxdı və birdən-birə ürəyinə bir yaz həsrəti çökdü. Birinci dəfəydi ki, Əbilinin
ürəyinə yaz həsrəti çökürdü. Elə bir yaz ki, bu dağların adamsızlığı ürəyini sıxmasın,
bu kəndin balacalığı ürəyini qısmasın.
Sonra Əbili qulaqlarını şəklədi və başa düşdü ki, uzaqdan qatar gəlir, ayaqları ilə
atı dəhmərləyib üzüaşağı çapdı. Əbili dəmir yoluna gəlib çatanda qatarın axırıncı
vaqonları sürətlə ötüb-getdi və bir azdan tamam görünməz oldu. Əbili atın çılpaq
belində oturub bir müddət keçib getmiş qatarın ardınca baxdı və birdən-birə ona
məlum oldu ki, bu çiskinli-sazaqlı payız səhəri həmin qatar Əbilinin ürəyini də özü
ilə apardı, böyük şəhərə apardı. Əbili bunu başa düşdü və atın belindən yerə atılıb
suçlu adamlar kimi, dağın döşündə sobaları tüstülənən kəndlərinə baxdı.
Dağın döşündəki balaca kənd Əbilinin qatarla çıxıb gedən ürəyindən xəbərsiz
idi və bu boz payız səhəri heç nə olmayıbmış kimi, sobalarını tüstülədirdi.
Əbili əlini kəhər atın yançağına sürtüb:
– Belə-belə işlər... – dedi.
Bu əhvalatdan bir-iki il də gəlib-keçdi və bir yay günü Əbili dəmir yolunun
kənarındakı otluqda uzanıb dünyanın işləri barədə fikirləşirdi. Fikirləşirdi ki, bu
dünyada gedən təkcə qatarlar deyil. Illər də qatarlar kimidir, gəlir gedir, gəlir gedir,
görünməz olur.
Əbili dünyanın bu işləri barədə fikirləşirdi ki, uzaqdan bir qatar göründü və
Əbilinin yanından ötüb keçəndə vaqonlardan birindəki bir qız pəncərədən xeyli zir-
zibil atdı: boş butulka, yumurta qabığı, pomidor artığı və bunlara bükülmüş kitab
vərəqləri.