131
Dürdanə:
– Yoxdursa, eybi yoxdur... – dedi və Dürdanə də qızardı.
Güləndam nənə:
– Bu saat... bu saat... – dedi və gedib Nuh-Nəbidən qalma əl sumkasını açıb
iynə-sap çıxartdı, Dürdanəyə uzadıb: – Al, qadan alım, al, bizim bu Cavanşir yaman
acıqlıdı,– dedi.
Cavanşir yenə nənəsinə «Əzginiş olma, ay arvad» demək istədi, amma
Dürdanənin yanında demədi və bir də ona görə demədi ki, Dürdanə Güləndam
nənənin sözlərini çox ciddi qəbul elədi, elə bil bu saat Cavanşir durub ona nəsə bir
acıqlı söz deyəcəkdi; Dürdanə Cavanşirə ürkək bir nəzər salıb tez-tələsik:
– Bağışlayın, – dedi və otaqdan çıxdı.
– Boy!.. Qız heç demədi ki, qara sap lazımdı, yoxsa ağ sap... – Sonra Güləndam
nənə üzünü Cavanşirə tutdu: – Nədi, a kişi qırığı, nə mısmırığını sallamısan? Cəmi-
aləm həyətdə çalıb-oynayır, nədi girmisən bu otağa, çıxmırsan eşiyə?..
Cavanşir nənəsinə baxdı, çox mənalı baxdı:
– Sənnən nə danışım e? – dedi və çarpayıdan qalxıb otaqdan çıxdı.
Üç gün idi gəlmişdilər Şuşa sanatoriyasına və düz üç gün idi ki, Cavanşir öz
taleyinin uğursuzluğu barədə fikirləşirdi, həyatın cansıxıcılığı və yeknəsəqliyi
barədə fikirləşirdi, heç kimin onu başa düşmədiyini və başa düşə bilməyəcəyini,
cavan yaşında ikən qocaldığını fikirləşirdi; hamı onu sütül cavan bilirdi, evdə isə
onu lap uşaq hesab edirdilər, amma daha demirdilər ki, bu uşaq dünyanın hər üzünə
bələddi; düzdü, Cavanşir dünyanın cürbəcür üzünü özü üçün tam dəqiqləşdirmirdi,
yəni bu üzlər nədən ibarətdi, amma hər halda Cavanşirə belə gəlirdi və Cavanşir
bütün bunlar barədə fikirləşəndə, özü də hiss etmədən yavaş-yavaş xəyal aləminə
gedirdi, gah həyatdan, yaşayışdan sidqi sıyrılmış bir əyyaş görürdü özünü, daha
doğrusu, camaat, ətrafdakılar onu əyyaş hesab edirdi və camaat bilmirdi ki, bu əyyaş
dünyanı dərk eləmiş adamdı; gah hər gün gözəl, təmiz, zövqlə geyinib adamlar
arasında tək-tənha gəzən, dinib-danışmayan bir yaraşıqlı kişi görürdü özünü və
camaat, o cümlədən qız-qadınlar böyük bir maraqla, həsədlə bu sirli və tənha kişinin
hər addımını izləyirdi, dalınca pıçapıç edirdi və hamı çalışırdı ki, onun sirrinə bələd
olsun, ürəyindəkiləri bilsin, amma bu heç vaxt mümkün deyildi və mümkün
olmayacaqdı da, çünki həmin tənha kişinin ürəyində heç kimə yer yox idi, çünki heç
kim onu başa düşə bilməzdi...
Doppa Dadaşın kamançası yenə qan eləyirdi və bu dəfə məhəbbətin sirlərindən
danışırdı, vüsaldan və həsrətdən söz açırdı, aşiq ilə məşuqun intizar və iztirab dolu
məhəbbət aləmindən, sevginin təmizliyindən, kövrəkliyindən dəm vururdu və yenə
də kaman Doppa Dadaşın usta barmaqlarında sağa-sola gedib-gəldikcə doppa
Dadaşın başı da kamanla həmahəng sağa-sola gedib-gəlirdi, kamançanın
söylədiklərini təsdiq edirdi, uzun kirpikli, iri qara gözləri yenə də elə bil ki, bütün bu
söylənənlərin hamısını görürdü, vüsala sevinirdi, hicrana kədərlənirdi.
132
Hamı meydançada dövrə vurub Doppa Dadaşın kamançasına qulaq asırdı və bu
kamança sədası altında Marusya Nikiforova da Hüsaməddin Alovluya tamam yeni
nəzərlərlə baxırdı, hələ mənasını özü də başa düşmədiyi yeni hisslər keçirirdi və
düzdü, Marusya Nikiforova bu yeni hisslərin mənasını hələ yaxşı başa düşmürdü,
amma bu hisslər Şuşanın bu ab-havası ilə, Şuşanın bu dağları, bu kol-kosları, bu
ağacları ilə bir-birinə çox uyuşurdu; Marusya Nikiforovanın Hüsaməddin Alovluya
baxan göy gözlərində artıq bir məhəbbət nişanəsi var idi və Doppa Dadaşın
kamançası söz söylədikcə bu məhəbbət nişanəsi də elə bil ki, yavaş-yavaş böyüyür,
artırdı, açıq-aşkarlaşırdı.
Cavanşir ikimərtəbəli sanatoriya binasının həyət qapısı ağzında dayandı və
Güləndam nənə də ikinci mərtəbədəki eyvandan Cavanşirə him elədi ki, yeri get
meydana; Güləndam nənənin Cavanşirə sataşmağa, Cavanşiri dolamağa xüsusi azarı
vardı və Cavanşir də, qəribə idi ki, hərdən nənəsinin, heç kimin yox, atasının yox,
anasının yox, yaşlı dayılarının, əmilərinin yanında yox, Güləndam nənənin yanında
özünü hərdən, doğrudan da, uşaq hiss edirdi, özünü aciz, köməksiz bilirdi, elə bil
bəzən nənəsi çeşməyinin altından bic-bic gülümsəyən gözləriylə Cavanşirə deyirdi
ki, a kişi qırığı, özünü yekə kişiliyə vurma, sənin hələ yekə kişi olmağına çox qalıb
və dünyadan da xəbərin yoxdu sənin; amma bu, hərdənbir olurdu.
Dürdanə də ikinci mərtəbədəki öz eyvanlarında idi və oradan oğrun-oğrun
Cavanşirə baxırdı və Cavanşir də bilirdi ki, Dürdanə elə ona baxmaqdan ötrü, onu
görməkdən ötrü tez-tez eyvana çıxır, amma Cavanşir özünü görməməzliyə vururdu,
özünü bilməməzliyə vururdu, heç bu qıza salam da vermirdi, çünki bu qız
Cavanşirin tayı deyildi, bu qız uşaq idi, həyatın ağrılarını dadmamışdı, Cavanşirin
fikirləri, Cavanşirin hissləri bu qız üçün işığı güclə gəlib yer kürəsinə çatmış bir
qalaktika idi.
Dürdanə də universitetdə oxuyurdu, Cavanşirlə bir fakültədə, filoloji fakültədə,
Cavanşirdən bir kurs aşağıda – indi ikinci kursa keçmişdi və keçən sentyabr, dərslər
təzə başlayanda bu qız universitetin dəhlizində birdən-birə Cavanşirə yaxınlaşdı:
– Sizin adınız Cavanşirdi? – soruşdu.
Cavanşir:
– Hə, Cavanşirdi, – dedi və təəccüb etdi ürəyində ki, bu ortaboylu, qarasaçlı,
qaragöz qız onu hardan tanıyır, amma heç nə soruşmadı, sonra, bir neçə gündən
sonra Cavanşir handan-hana yadına saldı ki, iki il əvvəl yayda ata-anası ilə birlikdə
Kislovodskda istirahət edəndə bu qız da öz ata-anası ilə Kislovodskda idi. Bir
küçədə qalırdılar və Cavanşir heyrət elədi ki, o balaca qız necə böyüyüb, necə
gözəlləşib və necə yaraşıqlı olub.
Universitet dəhlizindəki həmin sual-cavab Cavanşirlə Dürdanənin birinci və
axırıncı söhbəti oldu; əvvəllər Dürdanə Cavanşirə salam verirdi və Cavanşir də
başının hərəkətilə Dürdanənin salamını xalaxətrin qalmasın alırdı; sonra yəqin bu
«xalaxətrin qalmasınlar» Dürdanəyə təsir etdi və Dürdanə də daha salam vermədi və
hər dəfə üz-üzə çıxanda gözləriylə gözləyirdi ki, Cavanşir salamlaşacaq onunla,
amma Cavanşir də düz ötüb çıxıb gedirdi.
Dünən səhər yeməkxanada oturub ertə çörəyini yeyəndə Güləndam nənə
Cavanşirdən soruşdu:
– O qız kimdi elə bizə salam verir?