Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə61/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   57   58   59   60   61   62   63   64   ...   184

 

137


Cavanşir özü bir söz danışmırdı, danışan elə Isgəndər Abışov idi və Cavanşir də 

yüngülcə gülümsəyə-gülümsəyə  və arabir də  mənalı-mənalı başını  tərpədə-tərpədə 

Isgəndər Abışovun dediklərinə qulaq asırdı. Cavanşirin gülümsəməyində, 

dodaqlarının təbəssümündə Isgəndər Abışovdan qat-qat artıq görüb-götürmək 

ifadəsi vardı, bir üstünlük ifadəsi vardı və Cavanşir özü də çox gözəl bilirdi ki, yaxşı 

iş deyil bu; yaxşı iş deyil ona görə ki, düz deyil, yalandı bu; yaxşı iş deyil ona görə 

ki, Isgəndər Abışovun belə bir ürəyitəmizliyi müqabilində gərək nə olurdusa-olsun, 

amma saflıq olsun. 

Əlbəttə, Isgəndər Abışovun Cavanşirin bu fikirlərindən xəbəri yox idi və 

Cavanşirin sifətindəki bu üstünlük təbəssümünü də o, çox adi bir iş  və  məlum 

məsələ hesab edirdi; hətta Cavanşirin sifətindəki bu üstünlük təbəssümü, bu 

təkəbbür Isgəndər Abışova elə təsir edirdi ki, içdikləri çaxır daha o cür təsir etmirdi 

və elə bu təbəssümə, bu ifadəyə görə də Isgəndər Abışovun öz-özündən şikayəti get-

gedə artırdı, özünü dünyanın ən kiçik adamı, ən xırdası, yazığı hesab edirdi. 

Yüz iyirmi səkkiz kiloya yaraşmayan bir cəldliklə, civə kimi girib-çıxan, 

mizlərə bir-bir baş  çəkən, bufetə gedən, araq süzən, göyərti doğrayan, manqalı 

yelləyən Əbülfət Cavanşirgilə yaxınlaşıb: 

– Adama bir şiş də gətirimmi, başşım? – soruşdu. 

Cavanşir Isgəndər Abışova baxdı. Isgəndər Abışov dedi:  

– Heç yarım tikə də getməz! 

Cavanşir gülümsədi və yenə  də elə-eləcə gülümsədi, yuxarıdan aşağı  və yenə 

özündən dilxor oldu ki, belə gülümsəyir. 

Əbülfət iki şiş kababın, iki şüşə çaxırın, göy-göyərtinin, pendirin, erməni 

şorabasının pulunu alıb heç saymadı da, cibinə basıb: 

– Allah bərəkət versin! – dedi və sonra mizin üstündəki hələ  ağzı açılmamış 

ikinci çaxır şüşəsini elə onların yanındaca götürüb, aparıb qoydu bufetə. 

Cavanşirlə Isgəndər Abışov parka çıxdı və Isgəndər Abışov dayanmaq bilməyib 

gələcək planlarından, dostluqdan, ilqardan, əxlaq prinsiplərindən elə hey danışırdı, 

əsl dostu, sirdaşı olmadığını, günlərinin çox cansıxıcı, darıxdırıcı keçdiyini, 

günlərinin bir-birinin eyni olduğunu deyirdi və Cavanşir daha ona qulaq asmırdı. 

Isgəndər Abışov ardı-arası kəsilmədən öz güzəranından şikayət edirdi, Cavanşir isə 

həmin avqust gecəsi  Şuşa parkında gəzişə-gəzişə  Şuşanın təmiz, saf ab-havası ilə 

nəfəs alırdı, ağacların, kol-kosun, gül-çiçəyin  ətrini duyurdu və doğrudan-doğruya 

öz üstünlüyünü hiss edirdi; elə bil hər  şey yalandan yox, doğrudan idi, doğrudan-

doğruya bütün il boyu cürbəcür macəralardan yorulmuşdu, Peçorin 

sərgüzəştlərindən yorulmuşdu və indi burda, bu Şuşa parkında Isgəndər Abışovla 

gəzə-gəzə dincəlirdi. 



 

138


Park qaranlıq və adamsız idi, ay işığında ağaclar qaralırdı  və  təkcə parkın 

yuxarısındakı teatr binasının işıqları yanırdı. Ağdam Dövlət Dram Teatrı  Şuşada 

qastrol tamaşaları göstərirdi və bu gün Ağdam dramaturqlarından birinin «Skeletlər 

rəqs edərkən» adlı  məhəbbət faciəsinin ilk tamaşası idi. Marusya Nikiforova, 

Lyudmila və Lyudmilanın yanında da Hüsaməddin Alovlu bu dəm salonda əyləşib 

səhnəyə tamaşa edirdilər. Hüsaməddin Alovlu ürək eləyib Marusya Nikiforovanın 

yanında oturmamışdı, amma tənəffüs zamanı teatrın bufetindən (bu bufet Əbülfətin 

kababxanasının filialı idi) iris konfeti almışdı və indi irislə dolu balaca torbanı tez-

tez qızlara tərəf uzadıb Marusyanı  və  təbii ki, Lyudmilanı konfetə qonaq edirdi, 

səhnədəki söhbətləri yavaş-yavaş guya ki, rus dilinə  tərcümə edirdi və Marusya 

Nikiforova da irisi çeynəyə-çeynəyə özünü saxlaya bilməyib nakam məhəbbət 

faciəsinə göz yaşı axıdırdı. 

Və elə bu vaxt Isgəndər Abışov da özünü saxlaya bilməyib dedi:  

– Bu qadına bir bax! Pah!.. 

Qarşıda, ay işığında  Şuşa parkındakı  ağaclara, gül-çiçəyə baxa-baxa 

hündürboylu,  şümalbədənli,  əyninə çox gözəl, çox yaraşıqlı, çox zövqlə tikilmiş 

tünd kostyum geymiş, başına kənarları çox enli böyük şlyapa qoymuş bir qadın 

addımlayırdı və bu qadın hər dəfə addım atdıqca, təbiətdən və özündən həzz ala-ala 

gedirdi; bu, yerə-göyə bir minnət idi; bu qadının addımları sərrast və yumşaq idi; bu 

qadının səliqəsi, zövqü və yerişində, geyimində, bədəninin quruluşunda hər  şeyin 

yerbəyerində olması Şuşa dağlarının ay işığında qaralan ibtidai gözəlliyi ilə, sıldırım 

qayaların vəhşiliyi ilə qəribə bir təzadda idi və həmin avqust gecəsi bu təzadda nəsə 

bir sehr var idi. 

Isgəndər Abışov elə bil ki, öz-özüylə danışırdı, yavaşdan dedi: 

– Belə qadınlar da var e, dünyada!.. – Bunu dedi, sonra Cavanşirə baxdı. 

Bu dəm heç kimin və o cümlədən Cavanşirin özünün də ağlına gəlməyən, ağlına 

sığışmayan, görünməmiş bir hadisə baş verdi: Cavanşir sürətlə irəliləyib bu qadına 

yaxınlaşdı və: 

– Bağışlayın... – dedi. 

Qadın Cavanşirə baxdı  və yalnız bu zaman elə bil ki, Cavanşir özünə  gəldi, 

yalnız bu zaman nə etdiyini başa düşdü və ürəyi bərkdən döyünməyə başladı, 

birdən-birə boğazı qurudu, nə deyəcəyini bilmədi, təkcə: 

– Bağışlayın... – deyə təkrar etdi. 

Bu qadın çox gözəl idi; bu qadının qırx yaşı olardı və özü də bu yaşı gizlətmək 

fikrində deyildi, əksinə, bu qadın elə bil ki, öz yaşından da zövq alırdı, onun pudra-

boyası çox incə idi, ondan gələn ətir iyi də son dərəcə yüngül, yumşaq idi və bütün 

bu gözəllik və incəliklər müqabilində Cavanşir bu saat dünyanın ən əbləh, kütbeyin 

və vecsiz adamı idi. 

Arxadan gələn Isgəndər Abışov xoşbəxt bir heyrət və  həsəd dolu nəzərlərlə 

Cavanşirə, cəmi bircə dəqiqə bundan qabaq onunla bir yerdə çaxır içən, onun tanışı 

olan bu oğlana və naməlum gözəl qadına, gözlərinin qarşısında addımlayan, amma 

əlçatmaz bir uzaqlıqda olan bu məxluqa baxırdı. 

Qadın bircə anlıq Cavanşirə baxdı, Cavanşir belə hiss etdi ki, bu bircə anın 

içində bu qadın onu tamam əlinin içi kimi gördü, tanıdı,  əbləh vəziyyətini və 

vecsizliyini, heçliyini başa düşdü və Cavanşir burasını da hiss elədi ki, qulaqlarının 

dibinə kimi qıpqırmızı qızardı. 

Arxada isə Isgəndər Abışov addımlayırdı. 

– Bağışlayın... bilmirsiz teatr burada hardadı? 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə