129
Oçen xoroşo!
Za tebya ya umru,
Oçen xoroşo!
– Başı batmışın başqa bir sözü yoxdu elə bil... Oçen xoroşo, oçen xoroşo!... –
Bu sözləri sanatoriya binasının eyvanında oturub həyətdəki meydana toplaşmış
camaata tamaşa eləyən Güləndam nənə dedi və sonra çeşməyinin altından
gülümsəyib yanında dayanmış Cavanşirdən soruşdu:
– Sən niyə gedib dans eləmirsən, balası?
Hüsaməddin Alovlu, nəhayət ki, meydanın ortasından çəkiləndən sonra,
Gülməmmədin akkordeonu öz məşhur tanqosunu çaldı və meydanı dövrəyə almış
adamlar yavaş-yavaş rəqsə başlayıb meydanın ortasına çıxdılar; sanatoriyada
istirahət edən qızlar bir-biri ilə, hər axşam sanatoriyanın həyətinə gəzməyə gələn
yerli oğlanlar da öz növbəsində bir-biri ilə rəqs edirdi və belə bir məqamda
Hüsaməddin Alovlu bir çox həsəd dolu nəzərlər altında Marusyaya yaxınlaşıb baş
əydi, qızı rəqsə dəvət etdi və Marusya da boyca ondan bir balaca kiçik bu
qarabuğdayı, qara bığlı oğlanın dəvətini sidq-ürəkdən qəbul etdi.
– Qəmediyədi! – dedi Güləndam nənə. – Qəmediyədi! – Sonra gülə-gülə başını
buladı, sonra da yenə Cavanşirdən soruşdu: – Niyə gedib dans eləmirsən, balası, a
kişi qırığı?.. Hı?..
Cavanşir başa düşdü ki, nənəsinin yenə kefi qalxıb, sataşır ona; ayrı vaxt
nənəsinin belə atmacalarına atmacayla cavab verirdi, amma bu dəfə, Şuşa
sanatoriyasındakı həmin avqust axşamı birdən-birə gədənin arvada acığı tutdu:
– Ləğviyyat olma! – dedi. – Bəsdi... – Sonra Cavanşir otağa girib elə çəkməli,
şalvarlı da çarpayıda uzandı və əllərini başının altında çarpazladı.
Həmişəki kimi, həmişə qurduğu cürbəcür planlar kimi, Cavanşirin bu yay üçün
də tutduğu plan pozulub getdi işinin dalınca, Cavanşirə qalsaydı, gərək indi
Moskvada olaydı, Aqşinlə, Orxanla birlikdə indi gəzəydilər gərək Moskvanı: düzdü,
Aqşini də evlərində buraxmadılar tək getməyə, amma Orxan getdi və Orxan indi
Fazil adlı bir yoldaşıyla Moskvadadı, gəzir özüyçün, daha nənə-bala Şuşa
sanatoriyasında oturub qatıq içmir.
Keçən yay, universitetin birinci kursundan ikinci kursa keçəndə, tətil vaxtı,
evdən onu qoymadılar bir yerə tək getməyə, dedilər hələ tezdi, dedilər gələn il
gedərsən, nə isə, gəldi çıxdı bu yay, üçüncü kursa keçdi universitetdə, amma elə yay
qabağı, hələ yay sessiya imtahanlarını verdiyi vaxt Moskvaya tək getməyindən söz
düşəndə atası da, anası da həsdəməyə başladı, sonra anası ağladı, atası acıqlandı,
əlqərəz, onu yenə tək getməyə qoymadılar və indi burada, Şuşa sanatoriyasında,
çarpayıda uzanıb bütün bunları yadına salan Cavanşirin sifəti birdən-birə od tutub
yandı, ağlamağı yadına düşdü; həmin iyul günü, axşam, bu tək gedib-getməmək
söhbəti zamanı anası da, atası da ayaqlarını bir başmağa dirəyib «yox» deyəndə
Cavanşiri ağlamaq tutdu və bu boyda oğlan özünü saxlaya bilməyib içini çəkdi,
gözlərindən yaş axıtdı, ağlaya-ağlaya da: « – Nə vaxtacan uşaq olacağam sizinçün?
Bilin bunu, – ağlaya-ağlaya qışqırdı. – Bilin bunu, uşaq deyiləm day mən!..»
Əlbəttə, çox pis əhvalat idi bu. Adam yadına salanda indinin özündə də
xəcalətindən bilmir neyləsin.
130
Bu əhvalatdan sonra bir müddət nə Cavanşir utandığından atasının, anasının
üzünə baxa bildi, nə də onlar utandıqlarından Cavanşirin üzünə baxdı, sonra atası
belə bir təklif irəli sürdü ki, Cavanşir tək Şuşaya getsin, Şuşa sanatoriyasına
işlərində putyovka var idi və Cavanşir də əvvəlcə dedi ki, heç hara getməyəcək və
bütün yayı qalacaq Buzovnadakı bağlarında, amma bir-iki gün də keçəndən sonra
razı oldu, yır-yığış elədi və bundan sonra atasıyla anası xahiş eləməyə başladılar ki,
nənəni də özünlə apar, qoy gedib Şuşada istirahət eləsin, qoca arvaddı, sən daha
maşallah yekə kişisən, apar onu özünlə Şuşaya: «Apar məni özünlə, Cavanşir, qadan
alım, apar məni Şuşaya, görüm oraları, on ildi olmuram oralarda, kim bilir, bir də
görəcəyəm Şuşanı, qismət olacaq, yoxsa yox...» – deyirdi Güləndam nənə, amma
Cavanşir də çox yaxşı başa düşürdü ki, əslində o, nənəsini aparmır, nənəsi onu
aparır; nənəsini xüsusi qoşurlar ki, əmin-amanlıq olsun, qorxurlar, ehtiyat eləyirlər
onu tək buraxmağa, «dünyadan xəbəri yoxdu, hələ» deyirlər, daha bilmirlər ki,
dünyanın cikinə də bələddi, bikinə də və dünyanın cikinə-bikinə bələd olmaqdan
ötrü mütləq yüz əlli il yaşamaq lazım deyil... Gedib həyasızın birini, şeytana papış
tikənlərdən birini alıb gətirib qoyasan evə, deyəsən ki, mən uşağam, neynək, amma
mənim bu arvadcığazımı yola verin.
Üç gündən sonra Cavanşirin on doqquz yaşı tamam olurdu.
Bu vaxt, Cavanşirin evdəkilərdən belə bir xəyali intiqam aldığı zaman otağın
qapısı döyüldü, sonra Dürdanə içəri girdi və Dürdanə əllərini başının altında
çarpazlayıb çarpayıda uzanan Cavanşiri görəndə əvvəlcə elə bil özünü itirdi, sonra
dili bir balaca topuq vura-vura dedi:
– Nənəm xahiş elədi mənnən ki, iynə-sap götürüm sizdən...
Dürdanə də Şuşa sanatoriyasına nənəsi ilə birlikdə gəlmişdi və indi, əlbəttə,
Dürdanə, burasını demədi ki, özü hansı koftasının düyməsinisə bəhanə eləyib, bilə-
bilə ki, nənəsində yoxdu, iynə-sap istədi və sonra da nənəsinə dedi ki, yəqin
Güləndam nənədə var, qoy gedim ondan alım gətirim.
Dürdanənin on səkkiz yaşı təzə tamam olmuşdu.
Cavanşir qalxıb çarpayıda oturdu və eyvandan nənəsini səslədi:
– Nənə!
Hüsaməddin Alovlu yenə də özünü saxlaya bilməyib meydanın ortasına
çıxmışdı və yenə də yaradıcılığa başladığı vaxtdan indiyə kimi birinci dəfə rus
dilində yazdığı şeri oxuyurdu:
Ya tebya lyublyu,
Oçen xoroşo!
Za tebya ya umru,
Oçen xoroşo!
Güləndam nənə:
– Vallah, bu gədənin başı xarab olub, – dedi. – Oçen xoroşo, oçen xoroşo... –
Sonra eyvandan otağa boylandı və tez qalxıb içəri girdi. – Ay, xoş gəlmisən, qızım,
axşamın xeyir, keç əyləş.
Dürdanə:
– Yox, çox sağ olun, – dedi. – Nənəm iynə-sap istəyirdi...
– Hə? Bu saat... – Sonra Güləndam nənə birdən-birə soruşdu: – Cavanşir,
balası, iynə-sap götürməmisən sən?
O saat da Cavanşirin qulaqları qıpqırmızı qızardı:
– Iynə-sap götürənəm mən?