120
Əliabbas kişi ilə Tubuxanımın iki oğlu, dörd qızı vardı. Doğrudan da, qəribədi
dünyanın işləri: Ağamuxtar da, Fətulla da müharibədən sağ-salamat qayıtdılar,
başları çox qəzavü-qədər, çox məşəqqət çəksə də, indi, şükür, salamatdı ikisi də və
ikisi də çoxdan babaydı; amma qızların hamısı getdi, dördü də: Səlimnaz hələ
müharibədən əvvəl getdi miningitdən, heç kim qalmadı Səlimnazdan, tək gəldi, tək
getdi və bu da çox qəribəydi ki, axır vaxtlar dörd qızdan ən çox Səlimnaz gəlib
dururdu Əliabbas kişinin gözlərinin qabağında; Fatma müharibə vaxtı getdi, heç kim
də bilmədi ki, nədən getdi; düzdü, dedilər ki, Mürsəlin xiffəti partlatdı ürəyini –
Mürsəl Fatmanın əriydi, cəbhədə idi və bir müddət ondan xəbər-ətər gəlmədi; indi
də sağdı Mürsəl, kefi kök, damağı da çağdı, dördüncü arvadıyla yaşayır. (Bir dəfə
Mürsəl Əliabbas kişini küçədə görüb qucaqlayıb ağlamışdı ki, Fatmadan sonra heç
bir arvadla yaşaya bilmirəm, yaman bəd şeydi, Əliabbas dayı, məhəbbət! Əliabbas
kişi də demişdi ki, vallah, əgər budusa məhəbbət, gərək səninçün bəd şey olmasın...)
Fatmadan bir oğlu qalıb, atasına oxşamayıb, ana tərəfə çəkib, evi-eşiyi, üç də balası,
Sumqayıtda yaşayırlar və ümumiyyətlə, qızların uşaqlarından bu həyətdə heç kim
yoxdu. Ağamuxtarla, Fətullanınkılardı burda.
Səfurə ilə Kəmalə də müharibədən sonra getdilər. Nə isə... Dünyanın işləridi.
Əliabbas kişinin Səfurə ilə Kəmalədən yeddi nəvəsi vardı və yeddisi də ev-eşik,
oğul-uşaq sahibi idi, amma bir vardı ki, bu boyda külfətə baxmayaraq, əslində, lap
əslində, Əliabbas kişi tək idi.
Məsələ burasında idi ki, Əliabbas kişi düz üç il bundan əvvəl Tubuxanımı
torpağa basdırmışdı və xartutun yüz yaşı tamam olan həmin şənbə gününün gecəsi
yerinə girib gözlərini yummuşdu, amma Tubuxanım gəlib durmuşdu gözlərinin
qabağında, həm də sinəsi taxtaya dönmüş ağbirçək Tubuxanım yox, bu həyətə təzə
gəlin gəlmiş Tubuxanım, könül üçün ağıllı, göz üçün gözəl olan Tubuxanım.
Qabaqlar zarafatla dediyi, amma indi zarafatdan əsər-əlamət qalmamış dörd
misra gəlib Əliabbas kişinin ürəyindən axıb-keçdi:
Yatıram yanım ağrır,
Dururam canım ağrır.
Sən yadıma düşəndə,
Tamam əndamım ağrır.
Kişi başa düşdü ki, bu gecə də səhərə kimi gözünə yuxu getməyəcək, çoxdan,
lap qədimlərdə olub-keçənlər yadına düşəcək və özü də təəccüb edəcək ki, beş
yaşında, altı yaşında olduğu vaxtların əhvalatları necə yadında qalıb, amma iki gün
bundan əvvəlin söhbəti yadından çıxıb gedir.
O, beş-altı yaşı olanda dağlar balası idi: meşələr yadına gəlirdi, sıldırım qayalar
yadına gəlirdi, başı qarlı uca dağlar yadına gəlirdi, köpüklənə-köpüklənə axan dağ
çayında kəndin uşaqları ilə bərabər çimməyi, palansız eşşəyə dırmaşıb çapmağı
yadına gəlirdi və bir də çəpiş yadına gəlirdi; bu çəpiş onun çəpişi idi, hara getsəydi
dalına düşürdü, əlindən yarpaq yeyirdi; çəpiş dedi, Cəbiş yadına düşdü; bir dostu
vardı, qonşuları idi deyəsən, Cəbi idi adı. Durur görəsən? Sağ olar, o tərəfin
adamları çox yaşayırlar, havasındandı, suyundandı.
Sən az yaşamısan bəs, a Əliabbas kişi?
121
Hamı yatmışdı: kişilərin yeri açma-yığma çarpayıda tutun altında salınmışdı və
bu yüz yaşlı tut ağacının altı ay işığında yataqxanaya oxşayırdı; həyətin qadın-qızları
məhəccər uzunu birinci mərtəbənin şüşəbəndində yatmışdı; yeniyetmə oğlanlar,
uşaqlar isə damda yatırdılar və indi yeddinci yuxudaydılar. Sentyabrın ortalarına
qədər beləcə olacaqdı, sonra yavaş-yavaş qız-gəlinlər evə keçəcəkdi, kişilər
artırmaya, şüşəbəndə, sonra onlar da evə, hərə öz arvadının yanına və ən nəhayət də,
uşaqlar günü-günə sata-sata axır ki, hərə öz evində yatacaqdı.
Bütün bunlar sonralar olacaqdı, yay qurtaranda, payız gələndə. Indi isə Əliabbas
kişi tut ağacının altından gələn xorultuları açıq-aydın eşidə-eşidə bir daha fikirləşirdi
ki, bu gecə yata bilməyəcək və ona görə yox ki, həyətdən cürbəcür səsli-nəfəsli
xorultular gəlirdi, yox, yay vaxtı bu səslərə öyrəncəli idi və əslində həmin xorultular
onun üçün, bir növ, gecə laylasıydı, bu mənada ki, özünü tək hiss etmirdi; ona görə
ki... elə-belə, yuxusu qaçmışdı, vəssalam.
Əliabbas kişi yayda da qışdakı kimi evdə yatırdı, özü də yorğan-döşəkdə tuman-
köynəklə üşüyürdü Əliabbas kişi bəzən lap yayın cırhacırında da üşüyürdü gecələr.
Əliabbas kişi birdən-birə fikirləşdi ki, o özü də elə həyətdəki o yüz yaşlı tut
ağacı kimi bir şeydi; bunu fikirləşdi və ona elə gəldi ki, bədənindəki bütün damarlar
tutun şaxələridir və indi payızdı, şaxələr də qupquru quruyub.
Onun uşaqları, nəvələri, gəlinləri, bir sözlə, bütün böyük külfəti xalis şəhər
adamları idi, kənddən, dağların qoynundakı o kənddən xəbərləri yox idi; o kənddən
ki, axır vaxtlar tez-tez Əliabbas kişinin yadına düşürdü və bəzən gecələr lap
doğrudan-doğruya o dağlardakı kəklikotunun iyi burnuna gəlirdi, o dağların çəni-
çiskini uzun-uzun illər məsafəsindən bir qəriblik gətirirdi.
Birindən soruşublar ki, haralısan, deyib hələ evlənməmişəm; Tubuxanım
içərişəhərli qızı idi və əslində elə Əliabbas kişinin özü də şəhər adamı idi –
danışmağı, fikri-zikrilə də; kənddən yalnız uzaq illərin dumanlı xatirələri qalmışdı,
bir də uzun-uzadı illər məsafəsindən güclə süzülüb gələn bir qəriblik.
II
Əliabbas kişinin atası kənddən köçüb Bakıda, Sabunçu neft mədənlərində fəhlə
işləyirdi, sonralar buruq ustası oldu; indi o yerlərə «Leninneft» mədənləri deyirlər və
Sabunçudan tutmuş Ramanayacan uzanır. Əliabbas kişinin uşaqlığının çox hissəsi,
yeniyetməliyi o yerlərdə keçmişdi, amma o, neftçi olmamışdı, dülgər olmuşdu. O
vaxtlar buruqlar taxtadan quraşdırılardı. Əliabbasın da mismar vurmağa, taxta
yonmağa xüsusi həvəsi var idi və hələ lap uşaqlıqdan bu işdə səliqəsinə söz ola
bilməzdi. Sonralar Əliabbas mədənlərdən tamam uzaqlaşdı və tanıyanlar, bilənlər
arasında adlı-sanlı dülgər oldu.
Bütün bunlar hamısı çox-çox uzaqların söhbəti idi və bəzən gecələr, yerinə girib
yuxuya getməzdən əvvəl belə bir uzaqlığın xofu kişini basırdı; özü də inanmırdı ki,
bu dünyada bu qədər ömür sürüb, bu ölüm-itim dünyasında.
Əliabbas kişi bir neçə il bundan əvvəl axır ki, təqaüdə çıxmışdı və təqaüdə çıxan
kimi də başa düşmüşdü ki, nə qollarında qüvvət var, nə də ayaqlarında taqət; usta
burasını da yaxşı başa düşmüşdü ki, onun köhnə (amma iti) mişarı, rəndəsi, baltası
indi artıq yer tutur, yəni bu mənada ki, oduna gedənin baltası iti olar, işləyər, gedə
bilməyənin yox. Alət işlər, əl öyünər deyiblər, amma əl ki, daha aləti tuta bilmir,
deməli qurtardı məsələ, vəssalam-şüttamam.