124
III
Əliabbas kişigilin məhəlləsindən yeddi-səkkiz tin aşağıda təzə bağça salınmışdı
və birinci gün usta hələlik dörd alət seçib bu bağçaya gələndə, skamyalardan birində
əyləşib alətləri də yanına düzəndə, təsbehini çevirə-çevirə fikirləşdi ki, istirahət,
doğrudan da, qiyamət şeydi. Adamlara baxdı, uşaqlara baxdı və əvvəlcə narahat oldu
ki, uşaqlar indi yığılacaq başına, başlayacaqlar mişara, rəndəyə baxmağa, amma bir
az keçdi, yanından ora-bura yüyürən, bir-biri ilə oynayan uşaqların heç biri ona tərəf
məhəl qoymadı, heç ayaq saxlayıb bu alətlərə baxmadı da və Əliabbas kişi fikirləşdi
ki, doğrudan da, dünya yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tapança,
rəngbərəng balaca vedrə, bel, yüz cürə oyuncaq var, kimdi bu mişara, çəkicə fikir
verən. Kişi bunu fikirləşdi və ürəyi ağrıdı, bu çəkic-mişara yazığı gəldi, onların bu
kimsəsizliyi, sahibinin gücsüzlüyü, acizliyi onu yandırıb-yaxdı.
Birinci gün Əliabbas kişinin rəndə-mişarına müştəri gəlmədi.
Ikinci gün usta yenə gəlib bağçadakı skamyalardan birində əyləşdi və yenə də
alətləri yanına düzdü. Yenə adamlara, uşaqlara baxdı və yenə də birdən-birə Cəbi
yadına düşdü, öz uşaqlığını gördü, o dağların ətrini duydu, o dağların döşündəki gül-
çiçəyin rəngi gözlərinin qabağına gəldi, o dağların çəni-çiskini üçün darıxdı,
fikirləşdi ki, bir də heç vaxt o dağlarda olmayacaq, bir də heç vaxt o dağ çayı
boyunca addımlamayacaq, o saf havadan sinədolusu nəfəs almayacaq. Usta
fikirləşdi ki, nə tez gəlib keçdi bu illər və belə bir fikri gözləyirmiş kimi, gözlərinin
qabağından saysız-hesabsız adamlar gəlib ötdü; çoxunun heç adını da bilmirdi,
harda gördüyünü yadına salmırdı, amma sifətlər bir-bir gəlib keçirdi – uzun-uzadı
illər boyu gördüyü, rastlaşdığı və bəlkə də hamısının indi yer üzündə olmadığı
adamların sifəti.
Ikinci gün də Əliabbas kişinin çəkic, mişarına müştəri tapılmadı.
Üçüncü gün hava bir balaca tutuldu, xəzri əsməyə başladı. Əliabbas kişi bir
müddət həyətdə vurnuxub tez-tez göyə baxdı və oğul-uşaqda da bir ümid yarandı ki,
bəlkə kişi daşı tökdü ətəyindən (elə bil usta özü də ürəyində yağış yağmasını
istəyirdi), amma yavaş-yavaş göy açıldı və Əliabbas kişi də torbasını qoltuğuna
vurub bağçaya getdi, skamyalardan birində oturub alətləri yanına düzdü. Üzbəüz
skamyada cavan bir gəlin əyləşmişdi, bir əlində kitab tutmuşdu, o biri əli ilə çağa
yatmış kalyaskanı asta-asta yelləyirdi. Gözlərini kitabdan ayırıb Əliabbas kişiyə
baxdı və salam verdi. Əliabbas kişi gəlinin salamını aldı və yadına saldı ki, dünən
də, srağagün də bu gəlin bağçada idi. Gəlin gülümsədi və Əliabbas kişiyə elə gəldi
ki, bir balaca başını buladı, yəni ki, bu nə müştəri axtarmaq dəsgahıdı, kişi? Əlbəttə,
ustanın öz halal puluna aldığı mişar-rəndəni satmasının heç kimə dəxli yox idi,
amma hər halda bu gəlinin bu cür gülümsəyib başını bulaması adamı bir balaca
naqolay vəziyyətə salırdı. Bir az keçdi və göyün üzü yenə tutuldu. Bağçadakıların
çoxu – uşaqlı analar, qoca arvadlar yavaş-yavaş durub getdi və bu zaman iyirmi beş-
iyirmi altı yaşlarında bir oğlan Əliabbas kişiyə yaxınlaşıb alətlərə baxdı, salamsız-
kalamsız soruşdu:
– Neçiyədi, kişi, bu zubul?
Əliabbas kişi istər-istəməz ilk növbədə bu oğlanın əllərinə baxdı və oğlan da
həmin baxışların mənasını başa düşdü; onun belə bir inamsızlıqdan xoşu gəlmədi:
– Nədi, kişi, əlimə baxırsan görəsən ustayam, ya yox? Ustayam, özü də lap
yaxşısından, lap kefin istəyəndən, əlimdə də, bax, görürsən, bir dənə döyənək də
yoxdu. Əlcəklə işləyirəm mən, elektriklə işləyirəm. Sənin bu zubulun da heç kimə
lazım deyil indi, dükanlar doludu elektrik dreli ilə, on üç manat əlli qəpiyə biri...
125
Əliabbas kişi bu şəstli oğlana:
– Get, bala, get, – dedi. Get al elektrik dreli. Səni qısnayan var ki, gəl bu zubulu
al?
Oğlan bir söz demədi, əlini o tərəf-bu tərəfə yellədi və çıxıb getdi.
Bu oğlan bəlkə də usta idi və bəlkə, doğrudan da, kefin istəyən usta idi, amma
onun ürəyi usta ürəyi deyildi.
Üçüncü gün həmin oğlan Əliabbas kişinin çəkic-mişarı ilə maraqlanan yeganə
adam oldu.
Dördüncü gün Əliabbas kişi həyətə çıxıb alətxananı açdı, torbasını götürdü və
hərəsi öz pəncərəsindən həyətə baxan Anaxanımla Məsmə bu dəfə mənalı-mənalı
bir-birinə baxdı, yəni ki, ağbirçək vaxtımızda görəcək günlərimiz varmış.
(Tramvaysürən Ağamehdinin anası və məhəllənin ən birinci qiybətçisi tın-tın Firuzə
şayiə yaymışdı ki, usta Əliabbasın oğulları, gəlinləri ona yaxşı baxmırlar, kişi də
naəlac qalıb öz çəkicini, kəlbətinini satır; düzdür, bu söhbəti eşidən məhəllə
arvadları tın-tın Firuzənin ağzından vurmuşdu, amma hər halda yaxşı söz-söhbət
deyildi bu.)
Əlbəttə, Anaxanım da, Məsmə də həmin günün macərasını bilsəydilər, indi bir-
birlərinə bu cür mənalı-mənalı baxmazdılar və dilxor da olmazdılar.
Əliabbas kişi həyət qapısından çıxıb təzə bağçaya getmək əvəzinə, torbanı
qapının ağzındakı yarımçıq skamyanın üstünə qoydu, qollarını çırmalayıb skamyanı
düzəltməyə başladı və ən qəribəsi də bu oldu ki, mismarlar düz getdi, balta da öz
işini neçə-neçə illər bundan əvvəlki kimi, səliqəli gördü, çəkic də, rəndə də, kəlbətin
də Əliabbas kişinin qupquru quruyub qaxaca dönmüş əli nə istədisə, onu elədi. Bir
saat-saat yarımdan sonra skamya hazır oldu və Anaxanıma da, Məsməyə də elə gəldi
ki, qayınataları yenə iyirmi-otuz il bundan qabaqkı usta Əliabbasdı.
Səhəri gün Əliabbas kişi evin qapı-pəncərəsinə əl gəzdirməyə başladı, sonra
həyətin şüşəbəndini səliqəyə saldı, sonra qonşulara baş çəkdi, sürahilər təzələndi,
pəncərə çərçivələri sahmanlandı, həyətlərin ikinci mərtəbəyə qalxan taxta
pilləkənləri qaydaya düşdü və yavaş-yavaş yay keçib getdi, payız başladı, gecə
yatanda kişilər arvadlarının yanına keçdi, Cavanlar damdan evə köçdü, yüz yaşlı
xartutun meyvəsi çoxdan yeyilib qurtardı, yarpaqları saralmağa başladı, Əliabbas
kişinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Elə bil şeytan ustanı
çaşdırıb yoldan eləmək istəyirmiş ki, işi-gücü burax, gəl otur, ölümünü gözlə. Bütün
məhəllə və o cümlədən də Əliabbas kişinin oğul-uşağı ustanın birdən-birə beləcə
cavanlaşmasına məəttəl qalmışdı, hətta Əliqulu bu işdən o qədər vəcdə gəlmişdi ki,
kişinin şəninə poema yazmağa başlamışdı və bir gün məhəlləyə xəbər yayıldı ki,
qəzetdə Əliqulunun poemasından bir parça çap olunub. Əliqulu şeri qırıq-qırıq
misralarla yazırdı və məhəllədə bu şerlərə barmaqarası baxırdılar, amma camaat ki,
qəzetdə Əliqulunun imzasını, bir neçə misrada Əliabbas kişinin adını gördü, bu
cavan şairin hörməti məhəllədə birə-on artdı, Anaxanım da, Məsmə də Əliqulunun
şerini qəzetdən kəsib uşaqların, qohum-əqrəbanın şəkillərini yığdıqları alboma
qoydular; Əliabbas kişinin özü isə qəzetə baxdı və təkcə başını buladı.
Qəssab Ağanəcəfin arvadı Balacaxanım küçə qapıları ağzında dayanıb tum
çırtlaya-çırtlaya başına toplaşmış cavan məhəllə qızlarına göz vurub deyirdi:
– Kişi yaman dirilib!.. Bir də gördün sabah özünə cavan bir arvad alıb!.. Hər
səhər də yorğan-döşəkdən qalxanda arvadın gözlərinin altı qapqara...
Balacaxanım bu sözləri deyirdi və bərkdən şaqqanaq çəkib gülürdü.
Əliabbas kişi gecələr daha o dörd misranı bir o qədər də tez-tez yadına salmırdı: