133
Cavanşir başını qaldırıb iki stol qabaqda qoca bir arvadla oturub onlara baxan
Dürdanəni gördü və istər-istəməz Şuşa sanatoriyasına təzə gəlmiş bu qızla
salamlaşdı və elə bil ki, Cavanşirin bu salamı ilə Dürdanənin sifəti tamam açıldı,
gözgörəsi güldü sifəti, elə bil Cavanşirin salamı bir xoşbəxtlik gətirdi bu qıza. Qızın
yanındakı qoca arvad da başını qaldırıb bir qıza, bir də Cavanşirgilə baxdı və o da
Cavanşirgilə salam verdi.
– Kimdi, ə, bu qız belə, a kişi qırığı?
Cavanşir Güləndam nənənin ona «a kişi qırığı» deməsilə mübarizə aparmaqdan
daha zinhara gəlmişdi və daha bu barədə bir söz demirdi; bu dəfə də təkcə:
– Nə bilim kimdi?.. – dedi və burnunu vermişelli boşqaba salladı.
Güləndam nənə də bu dəfə zarafatsız dedi:
– Hə də, nə tanıyasan onları?.. Evdə otura da bilmirik bu əndamı yanmışların
əlindən...
Bakıda qızlar, doğrudan da, Cavanşirə tez-tez zəng eləyirdilər və Cavanşir də
doğrudan bu qızların heç birini tanımırdı, bəlkə də görsəydi üzdən tanıyardı – ya
universitetin qızları olacaqdı, ya da qonşu qızlar; Cavanşir bilmirdi ki, ona zəng
eləyən hansı qızdı və qızlar gülə-gülə Cavanşirlə tanış olmaq istədiklərini deyirdilər;
Cavanşir onlarla uzun-uzadı danışmırdı, dəstəyi asırdı, sonra qızlar təzədən zəng
eləyib Cavanşirin kobudun biri olduğunu deyirdilər və belə bir kobudluq qiyafəsi
həm qızlarla danışmaqdan (axı nə deyəsən?) xilas edirdi, həm də hər halda kişi gərək
kişi olsun.
Cavanşir başını qaldırıb yenə Dürdanəyə tərəf baxdı və nədənsə ona elə gəldi ki,
Güləndam nənənin «əndamı yanmış» deməsi bu qıza layiq deyil və ən qəribəsi də bu
oldu ki, Güləndam nənə də elə bil Cavanşirin fikirlərini oxuyub:
– Bu qızı demirəm ha... – dedi.
Günorta Güləndam nənə Cavanşirə xəbər verdi ki, bu qızın adı Dürdanədi, o da
qarabağlıdı, o da nənəsiylə gəlib Şuşa sanatoriyasına, atasını məzuniyyətə
buraxmayıblar, anası da qalıb atasıyla Bakıda, nənəsinin də adı kişi adıdı, Bəhlul,
Bəhlul arvad.
Gülməmmədin akkordeonu öz məşhur tanqosunu təzədən çalmağa başladı və
Hüsaməddin Alovlu yerli cavanların həsəd, qibtə dolu nəzərləri altında yenə
Marusya Nikiforovanı rəqsə dəvət etdi, sonra yenə sanatoriyada dincələn gəlmə
qızlar bir-biriləriylə, Şuşanın, Şuşaya yaylağa çıxmış Ağdamın, Bərdənin,
Ağcabədinin, Füzulinin cavan oğlanları da bir-biriləriylə rəqs eləməyə başladılar.
Bir azdan Şuşanın aşağısında, Ərimgəldi tərəfdəki istirahət evinin həyətində
klarnetçi Müslüm orada işini qurtarıb dəstəsiylə – zurnaçı Anuşavan və nağaraçı
Məliklə sanatoriyanın həyətinə gələcəkdi, «Avropalı gəlin» Iran filmindən «tormoz»
Hüseynin havasını çalacaqdı və sanatoriyada istirahət edən əmək qabaqcılı,
qəhrəman ana və həddən artıq kök Safurə arvad meydanda ortaya düşüb sındıra-
sındıra oynayacaqdı və bununla da sanatoriyanın mədəni-kütləvi tədbirlərinə baxan
Sadıq müəllimin iş günü sona yetəcəkdi.
Cavanşir cibindən bir siqaret çıxarıb yandırdı və bunu görən Güləndam nənə
eyvanda qeyzlə başını tərpətdi, barmağını yelləyib Cavanşiri hədələdi, yəni ki, qoy
gedək Bakıya, gör orda atana deyirəm, ya yox. Cavanşir nənəsinin belə hədə-
qorxularına adətkərdə idi, amma bu dəfə necə olsa, birdən-birə ürəyinə bir
nigarançılıq doldu və tez də Dürdanə tərəfə baxdı ki, görsün bu qız Güləndam
nənənin him-cimini görür, yoxsa yox.
Dürdanə gözaltı, guya ki, qəsdən yox, elə-belə, Cavanşirə baxırdı.
134
– Axşamınız xeyir. – Hələ də ağ xələtini əynindən çıxartmayıb sanatoriyanın
həyət qapısı ağzında dayanmış və çox ciddi görkəmli meydançadakı Sadıq müəllimə
tamaşa edən Isgəndər Abışov – Şuşa sanatoriyasının məşhur dietoloqu – Cavanşirlə
salamlaşdı.
Bu axşam klarnet çalan Müslüm gecikirdi, gəlib çıxmamışdı hələ və mədəni-
kütləvi işə baxan Sadıq müəllim özü meydanın ortasına çıxıb camaata fokus
göstərirdi: bütöv bir qəzeti meydana toplaşanların gözü qabağında gəzdirib cırırdı,
qəzetin qırıntılarını hər iki ovcunun içinə yığırdı, sonra ovcunun içində də gizlətdiyi
başqa bir qəzeti yavaş-yavaş bütöv açırdı, cırılmış qəzetin qırıntılarını isə yenə
ovcunda, təzə qəzetin arxasında gizlədirdi və bu zaman cırılmış qəzetin
qırıntılarından bir-ikisi Sadıq müəllimin ovcunun sözünə baxmayıb yerə düşürdü və
Sadıq müəllim də tez onları ayağıyla tapdalayırdı ki, heç kim görməsin.
Dietoloq Isgəndər Abışov bu fokusa sidq-ürəkdən heyrətlənib:
– Malades, Sadıq müəllim! – dedi və Cavanşirə baxıb Sadıq müəllimin
fokusundan valehliklə başını tərpətdi: – Interesna!..
Isgəndər Abışov keçən il Bakıdakı tibb texnikumunu bitirib Şuşa
sanatoriyasında işləməyə gəlmişdi və bu bir il ərzində bu tərəflərin feldşer, tibb
bacıları arasında olmazın hörmət qazanmışdı və hələ də öz vəzifəsinin mötəbərliyinə
ürəkdən inanırdı. Ortaboylu, qıvrım qara saçlarını səliqə ilə dala darayan, nazik qara
bığlı, yanağı qara xallı Isgəndər Abışovun ağ xələti həmişə tərtəmiz, kraxmallı və
ütülü olurdu, ağ köynək geyib qara qalstuk taxırdı və qalstukunun ortasında da
həmişə brilyanta oxşayan bir şüşə parıldayırdı. Səhər qəlyanaltısı, günorta naharı və
şam zamanı Isgəndər Abışov sanatoriyanın yeməkxanasını miz-miz gəzirdi, diqqətlə
yeməklərə baxırdı və sifəti cürbəcür görkəm alırdı: gah qaşları çatılırdı və adam öz
yeməyinə baxıb şübhələnirdi ki, görəsən nə olub; gah bəyənmək və təqdir etmək
münasibətilə başı yavaş-yavaş enib-qalxırdı, « – Moruq qlükozadı» deyirdi. « –
Keşnişdə linalool spirti çoxdu» deyirdi, «– Balqabaq öd kisəsinin iltihabına
dərmandı» deyirdi, «Bu, vitamin «A»dı» deyirdi, «Bu, vitamin «S»di, «Bu, vitamin
«D»di deyirdi və Güləndam nənə də Isgəndər Abışova «Vitamin oğlan» deyirdi və
sanatoriyadakı şəfqət bacılarının qulağından iraq, «Güləndam nənə bunu da deyirdi
ki, bu «Vitamin oğlan» ağ xələtli dəlləyə oxşayır, amma Güləndam nənədən xeyli
fərqli olaraq, təkcə şəfqət bacıları, feldşerlər yox, yeməkxananın baş aşpazı Kazım
kişidən tutmuş xörəkpaylayan Parandzemə kimi hamı Isgəndər Abışova «həkim»
deyə müraciət edirdi.
Müslüm dəstəsiylə tələsik sanatoriyanın həyətinə girib meydana gəldi, bayaq
Doppa Dadaşın oturduğu kətildə oturub klarneti qoburundan çıxartdı, tez yığdı və
klarneti yığmağıyla da «tormoz» Hüseynin havası sanatoriyanın həyətinə yayıldı,
Müslümün klarneti zilə qalxdı, bəmə endi və Müslümün hər iki tərəfində ayaq üstə
dayanmış zurnaçı Anuşavanın zurnası, nağaraçı Məliyin nağarası klarnetə qol-qanad
verdi və döşü orden-medalla dolu Safurə arvad yenə özünü saxlaya bilməyib
meydana çıxdı, sındıra-sındıra süzməyə başladı.
Gün yavaş-yavaş batırdı, ulduzlar da yavaş-yavaş görünürdü və belə aydın
havalarda Şuşa sanatoriyasından görünən uzaq Molla Nəsrəddin yolunun
qıvrımlarında maşınların işığı da yavaş-yavaş yanmağa başlayırdı; belə aydın
havalarda Şuşa hər tərəfdən ulduzlarla əhatə olunurdu, göydəki ulduzlarla və
aşağılarda – Stepanakertdə, Müxətər kəndində, Şüşü kəndində, Keşiş kəndində
yanan işıqlarla; belə aydın havalarda Şuşa sanatoriyasında göy arasında, dağlar
arasında məsafə də yox olub gedirdi, hər tərəfi bir genişlik bürüyürdü.