135
– Gedək bir yerdə bir az çaxır içək.
– Çaxır içək? – Isgəndər Abışov təəccüblə Cavanşirə baxdı.
– Hə, gedək çaxır içək bir az, turş çaxır. – Cavanşir Isgəndər Abışovun qoluna
girdi. – Gedək...
Cavanşirin bu təklifi Isgəndər Abışov üçün çox gözlənilməz oldu və Isgəndər
Abışov əvvəlcə bilmədi ki, qəbul etsin bu təklifi, yoxsa yox, sonra:
– Bir stəkan turş çaxır olar, – dedi. – Professor Gerasimov deyir ki, hər gün bir
stəkan çaxır içmək lazımdı. Professor Gerasimov deyir ki...
– Yaxşı söz deyir professor Gerasimov. Gedək.
– Qoy gedim xələti çıxarım.
Cavanşir təəccüblə Isgəndər Abışova baxdı, elə bil ki, Isgəndər Abışov
əynindəki xələti çıxara bilməzmiş.
– Gözləyirəm.
Isgəndər Abışov paltarını dəyişmək üçün içəri girdi.
Safurə arvad sındıra-sındıra bəs deyincə oynayandan sonra, Müslüm «tormoz»
Hüseynin havasını çalıb qurtardı və klarneti söküb tələm-tələsik qobura yığdı – bu
axşam bazarkom Fətinin oğlunun anadan olan günü idi, Müslüm öz dəstəsiylə indi
də Fətigilə tələsirdi, Sadıq müəllim meydanın ortasına çıxıb bərkdən:
– Gecəniz xeyrə qalsın, əziz yoldaşlar! – dedi. – Sizə gözəl Şuşa gecəsi
arzulayıram!
Sonra Sadıq müəllim bu sözləri rus dilində dedi və meydana toplaşan camaat
iki-bir, üç-bir dağılışmağa başladı, kimi sanatoriyanın yuxarısındakı kinoteatr tərəfə
getdi – bu gün kinomexanik Haqverdi hind kinosu göstərəcəkdi, «Bobbi»; kimi
şəhərə gəzməyə çıxdı, kimi Cıdır düzünə tərəf yollandı ki, Şuşanın ən gözəl havası
oradadı, kimi Ərimgəldi tərəfə getdi, kimi Qaya başına.
Hüsaməddin Alovlu Marusya Nikiforovaya yaxınlaşdı və onunla rəfiqəsi
Lyudmilanı teatra dəvət etdi; Lyudmila mənalı-mənalı Marusyaya baxdı və Marusya
Nikiforova da bir balaca qızardı, sonra gülümsədi və Hüsaməddin Alovlunun
dəvətini qəbul etdi.
Üç yay ayının təqaüdünün hamısı bir yerdə Cavanşirin cibində idi, amma onun
birdən-birə çaxır eşqinə düşməyinin səbəbi bu deyildi, səbəb bu da deyildi ki,
Cavanşir içki xoşlayırdı, belə deyildi, Cavanşirin bədəni içki götürmürdü və bir az
içən kimi, ürəyi bulanırdı; nədənsə, birdən-birə bütün bu yerlər, Şuşanın ayı,
ulduzları, indi ay işığında təkcə qaraltısı görünən ağacları, kolları, Şuşanın dağları,
ab-havası, Müslümün klarnetindən sonra sanatoriyanın həyətinə çökmüş sakitlikdəki
cırcırama cırıltısı Cavanşirə yad göründü, Cavanşirə elə gəldi ki, Şuşa həmin Şuşa
deyil, həmin Şuşa ki, Cavanşir on iki-on üç yaşlarında, bax, bu sanatoriyanın indiki
yerində böyürtkən yığıb sünbülə düzərdi, yerli uşaqlarla futbol oynayardı, az qala,
Isa bulağınacan piyada gedib moruq yığardı, uşaqlarla mərc edib yanmış kilsənin
qaranlıq və kimsəsiz zirvəsinə girərdi; həmin Şuşa birdən-birə çox-çox uzaqlara
getdi, beş-altı il əvvəlki uşaqlıq illəri Şuşa sanatoriyasının həyətindəki bu avqust
axşamından çox-çox uzaq illərin arxasında qaldı və bu hiss bir yalqızlıq, bir təklik
gətirdi, Cavanşirin ürəyini sıxdı, qısdı, hər şey elə bil ki, birdən-birə bütün mənasını
itirdi.
Isgəndər Abışov:
– Mən hazır, – dedi və Cavanşir Isgəndər Abışovu adi bəndələrin geydiyi
kostyumda, xələtsiz görəndə istər-istəməz təəccüb etdi, əynindən xələtini çıxarmış
bu cavan oğlan elə bil ki, doğrudan da Isgəndər Abışov deyildi, bir başqa adam idi.
136
Birlikdə Şuşa sanatoriyasının həyətindən çıxanda Isgəndər Abışov dedi:
– Yaman baxır sənə o qız...
Isgəndər Abışovun bu sözləri də qəribə səsləndi, elə bil o, ancaq yemək-içməyin
vitaminiylə maraqlanmalıydı və hər hansı bir qız barədə, ümumiyyətlə, arvad
məxluqu haqqında söz demək Isgəndər Abışova yaraşmırdı.
– Hansı qız?
– Ode, o qız... Isgəndər Abışov başı ilə Dürdanənin dayandığı eyvana işarə elədi
və bu zaman necə oldusa, heç özü də bunu bilmədi ki, necə oldu, Cavanşir çox
yuxarıdan aşağı gülümsədi, elə gülümsədi ki, yəni mən hara, o qız hara, yəni mən
plov yemirəm ki, bığım yağa batar, sən də gör kimdən danışırsan, ay Isgəndər
Abışov, öz arşınınla ölçürsən məni? Və ən qəribəsi də bu oldu ki, Isgəndər Abışov
özü Cavanşirin bu gülümsəməyinin mənasını təsdiq elədi, sanatoriyadan şəhərə enən
yoxuşu düşə-düşə: – Əlbəttə, – dedi, – sənin yüz dənə o cür qızın var...
– Eh, başım çox çəkib mənim... – Cavanşir bu sözləri də dedi və özü də
fikirləşdi ki, niyə dedi bu sözləri, bu sözlərə nə ehtiyac var və ümumiyyətlə, heç
Isgəndər Abışov da olmasın, bu cür dona girmək, belə bir artistlik eləmək nəyə
lazımdı?
II
Şuşa parkındakı kababxananın həm müdiri, həm aşpazı, həm bufetçisi, həm
xörəkpaylayanı olan, çəkisi də yüz iyirmi səkkiz kilo olan Əbülfət əmlik kababından
iki şiş gətirib birini Cavanşirin, birini də Isgəndər Abışovun boşqabına çəkdi, göy-
göyərti, üzlü pendir gətirdi, pərpətöyündən erməni şorabası və iki şüşə də Martuni
çaxırı gətirdi.
Isgəndər Abışov:
– Iki şüşə çoxdur, – dedi.
Cavanşir:
– Nəyi çoxdu? – dedi və ağzı üstə qabaqlarına qoyulmuş (Əbülfətin qabiliyyəti
idi!) qalın şüşəli stəkanları çevirib çaxırla doldurdu. – Sağ ol, sənin sağlığına! – dedi
və stəkanı birnəfəsə başına çəkdi və Isgəndər Abışov da elə bil ki, Cavanşirin beləcə
çaxır içməyindən hipnoz olubmuş kimi, öz stəkanını birnəfəsə başına çəkmək istədi,
amma tez də təngnəfəs oldu və stəkandakı çaxırı ancaq yarısına kimi içdi.
Bu yarım stəkan çaxır elə o saat, gözgörəsi Isgəndər Abışova təsir etdi və
Isgəndər Abışov açdı sandığı, tökdü pambığı, evlənmək istədiyini dedi, amma nə
gözaltı bir qızı vardı, nə də evi, şəhər sovetində söz veriblər ki, bu il ona ev
verəcəklər, amma köhnə ev istəmir, təzə ev istəyir, şəhərsayağı, hamamı ilə
ayaqyolusu içində; bu evi alandan sonra Sabirabaddakı anasını da gətirəcəkdi
yanına, sonra da evlənəcəkdi, amma hələ gözaltı bir qız yox idi; keçən ay ona
imzasız bir sevgi məktubu yazmışdılar, bilmirdi ki, hansı qızdı, şübhələnirdi ki,
birdən sanatoriyanın kitabxanaçısı Azadə olar, amma Azadə olsa, onda heç nə, çünki
Isgəndər Abışov hələ ki, Azadəni sevə bilmirdi, bir də ki dünyanın işlərini kim bilir,
bəlkə elə sevdi Azadəni; hər halda, şuşalı qız alacaqdı, çünki Şuşanın qızları sağlam
olur, ab-havadandı, sudandı, amma hayıf ki, hələ gözaltı bir qız yoxdu və
ümumiyyətlə, Isgəndər Abışov qızlarla tanış olmaq sarıdan bir az fərsizdi, onların
fikrinə-zadına yaxşı bələddi, amma di gəl ki, tanış olmaq sarıdan fərsizdi, əlindən
gəlmirdi.