100
Səmayə sevindi ki, Fatma qardan beləcə sevinir, sonra biletləri qızına uzatdı:
– Al, səninlə Gülüşün biletidi.
Fatma biletləri alıb elə bil bütün ömründə birinci dəfəydi bilet görürmüş kimi o
tərəf-bu tərəfinə baxdı və dedi:
– Bilirsən, mama, Gülüş... Gülüş bu gün kinoya getmək istəyir e...
Səmayə başa düşdü ki, bu saat, yəni bu qarlı qış axşamı qızı ilə, gözəl-göyçək
Fatması ilə üzbəüz dayandığı bu dəqiqə ən birinci məsələ özünü ələ almaqdır. Bir
dəfə hansı tamaşadasa ayı balasını oynayırdı və bu ayı balası iş çətinə düşən kimi
öz-özünə deyirdi: « – Özünü ələ al, ayı balası! Özünü ələ al, ayı balası!».
– Nə olar, qoy getsin kinoya... Sən də istəyirsən onunla birlikdə get...
– Doğrudan? – Fatma bilmədi sevindiyindən nə eləsin. – Doğrudan? – Sonra
atılıb – uşaq ki, uşaq – anasının o üzündən, bu üzündən öpdü, tez-tələsik
arakəsmədən paltosunu götürüb bədənnüma güzgünün qabağında geyinə-geyinə
dedi: – Sabah mən özüm təkcə gəlib baxacağam. Bilirəm də, əntiqə oynayacaqsan
yenə. Qəzetdə yazıb səni tərifləyəcəklər...
Fatma bu sözləri dedi və birdən-birə yenə nə isə xatırlayıb nigarançılıqla
Səmayəyə tərəf döndü:
– Qəzetdə şəkil verəcəklər, mama?
Səmayə gülümsədi:
– Nə bilim?
Fatma deyindi:
– Bilmirəm qəzetlərdə niyə sənin öz şəklini vermirlər, elə bu cür, öz paltarında.
Elə bu cür şəklini versinlər də...
– Yaxşı, qoymaram Tülkü paltarında şəklimi çəksinlər. – Səmayə qızını axırıncı
nigarançılıqdan da qurtardı – heç kim bilməyəcəkdi ki, Fatmanın anası Tülkünü
oynayır; bundan sonra Dovşan da beləcə olacaqdı, Keçi də, Ceyran da.
– Doğrudan qoymayacaqsan? – Fatma yenə də atılıb anasının o üz, bu üzündən
öpdü – lap sevincək olmuşdu, sonra da şəstlə dedi: – Kimin belə maması var e?!. –
Özü də özünə cavab verdi: – Heç kimin!
Həmin qarlı qış gününün gecəsi tamaşa lap yaxşı keçdi.
Meşəyə qoca və xeyirxah bir Qarğa uçub gəlmişdi və artıq o, yaramaz Tülkünün
kələkbazlığını Hacıleyləyə başa salmışdı, başa salmışdı ki, Tülkü bu boyda palıdın
gövdəsini kəsə bilməz. Tülkü Hacıleyləyin üçüncü balasını istəməyə gələndə Qarğa
ilə Hacıleylək onu elə qovdular ki və Tülkü şələ quyruğunu yellədə-yellədə meşədən
elə qaçdı ki, tamaşaçılar – uşaqlar və uşaqlarla gələn əmilər, xalalar – əl çalmağa
başladılar, zalda hay-küy qopdu, hamı gülüşdü, rejissorla müəllif də xeyli feyziyab
oldu.
Sonra pərdə təzədən açıldı və Tülkü də, Hacıleylək də, balaları da, qoca Qarğa
da səhnənin qarşısına çıxdı.
Səmayə Tülkünün şələ quyruğunu yellədə-yellədə tamaşaçılara baş əyirdi.
Səmayə bilirdi ki, bu saat bayırda yenə də quşbaşı qar yağır, bu qarın iyini
duydu, rəngini gördü və birdən-birə ona elə gəldi ki, Fatma da Gülüşlə birlikdə,
Gülüşün anası, atası ilə birlikdə bu zalda əyləşib və o da, Tülkünü yox, Hertrudanı
oynayıb.
Səmayə zala baxdı və bu dəfə Fatmagilə baş əydi.
Tamaşaçıların kefi kök idi – Tülkünün kələyi açılmışdı.
Amma Səmayənin ürəyinə haradansa bir Tülkü ağrısı qonmuşdu, elə bil indicə
Tülkünü yox, Hacıleyləyi oynamışdı.
101
* * *
Səmayənin ürəyinə bir Tülkü ağrısı qonmuşdu, amma nahaq, lap nahaq, çünki
səfalı meşə yenə həmin səfalı meşə idi – dağın döşündə və yenə də Hacıleyləklər
burada yuva salırdı, bala çıxarırdı.
Hacıleyləklər içərisində yenə bir Hacıleylək var idi və bu dəfə Tülkü mişarı
çiyninə alıb onun yuva qurduğu, bala çıxardığı ağacın dibini kəsdirmişdi – ürəyinə
bala əti düşmüşdü.
Ay yedin ha, Tülkü lələ!..
Hacıleylək qoca Qarğa ilə az qaldılar Tülkünün gözün çıxarsınlar.
Qorxaq Tülkü elə qaçıb meşədən itdi ki, bir də heç vaxt kələk gələ bilməyəcəkdi
Hacıleyləklərə.
Hacıleyləklər daha tanımışdı Tülkünü – həm kələkbazlığını, həm də
qorxaqlığını, tülkülüyünü.
Yenə həmin səfalı meşə idi və Hacıleylək balaları böyüyürdü, qanad çalırdı,
uçurdu, dənizlər keçirdi, ölkələr gəzirdi, meşələr görürdü, yuva qururdu, özləri bala
çıxarırdı, bala böyüdürdü...
Aprel, 1973.
102
QIŞ NAĞILI
Novruz Cuvarlinskinin xatirəsinə
Bakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh
tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan
şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib
küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar
dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki,
külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı
səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Kərim kişi çovğunun qarasına: – «Bu kəsən şey deyil!» – fikirləşib bir-iki
dəqiqə də küçə pəncərəsindən bu qış səhərinin alatoranlığına qəribə bir kədər ağlığı
gətirmiş qara baxdı, çovğunun vıyıltısına qulaq asdı və heç kəs yuxudan oyanmasın
deyə gəldiyi kimi də ustufca otaqdan çıxıb mətbəxə keçdi, bu dəfə də mətbəxin
pəncərəsindən həyətə tamaşa elədi: həyət də başdan-başa qarın içində idi və
Marqarita Abramovnanın güclə seçilən pəncərə işığından başqa qarın əlindən heç nə
görünmürdü.
Axır vaxtlar Kərim kişinin ürəyinə bir nigarançılıq hopmuşdu və hər gün səhər
tezdən eşitdiyi bu mahnı onu nigarançılıqdan qurtarırdı – Marqarita Abramovna
yaman qocalmışdı.
Kərim kişigilin həyəti Bakının o həyətlərindəndi ki, bir-birinə bitişik, qədim
birmərtəbəli, ikimərtəbəli binaların dövrəsində balaca, girdə adaya oxşayırdı və bu
adaların hamısına asfalt basılmışdı, hərəsində də bir, ya iki tut ağacı əkilmişdi –
qışda üstü sərçə ilə dolu olardı, yayda kölgə salardı.
Indi isə bu tut ağacları da başdan-başa qar içində idi. Burada Marqarita
Abramovnanın fırlatdığı mahnı da daha yaxşı eşidilirdi və indi elə bil bu mahnı da
hər tərəfi basmış qarın içində üşüyürdü. Kərim kişi dodaqaltı:
– Mahnı da üşüyərmiş! – dedi və əli ilə pəncərə şüşəsinin içəri üzünü sildi, guya
ki, qardan başqa təzə bir şey görəcəkmiş.
Onun iri, kobud əlləri elə bil taxta idi və kişi pəncərəni sildikcə elə səs çıxırdı,
elə bil şüşəni əllə yox, quru taxta parçası ilə sürtürsən.
Kərim kişi yenə zənlə bayıra baxdı və yenə də dodaqaltı dedi:
– Kəsən şey deyil bu!
Cavanşir üşüyə-üşüyə mətbəxə boylandı və tez-tələsik:
– Sabahın xeyir! – deyib daha tamam-kamal ağarmış başını qaşıya-qaşıya
arakəsmədəki əlüzyuyana tərəf getdi.
Kərim kişi oğlunun ardınca tərs bir nəzər saldı, heç nə cavab vermədi və
bundan sonra özünə də məlum oldu ki, səhər-səhər yataqdan yaman hirsli qalxıb.
Məsələ burasında idi ki, Cavanşir dünən and-aman eləyib Kərim kişini
yolundan saxladı ki, sabah qar kəsər, hava düzələr, istədiyin yerə də gedərsən.
Əlbəttə, Cavanşir hardan biləydi ki, sabah, yəni bu gün, qar aləmi basacaq, çovğun
qiyamət qopacaq, trolleybuslar, avtobuslar dayanacaq, iş o yerə çatacaq ki,
məktəblərdə dərsləri də saxlayacaqlar.
Uşaqların səhər tezdən durmaq müsibətindən xilas olmaları Kərim kişinin
yadına düşdü və hirsli də olsa, ağappaq eşmə bığının altından dodağı qaçdı.