31
Bax, indi bu saat mənim nə arzum var? Birincisi: Sura Bakıdan tez qayıtsın,
Tolik darıxır yaman; ikincisi:
gələn il yenə bura gələk, buradakı fəaliyyətsizlik
mənim üçün gündə yavaş-yavaş beş şüşə yaxşı çaxır içib həmişə samovar kimi
dəmdə olmağa bərabərdir – heç nə barədə fikirləşmirsən, hər şeyi başından
çıxardırsan; fikirsizlik idilliyası – əgər çox gurultulu demədimsə; üçüncüsü:
doktorluq dissertasiyasını yazıb qurtarıb tez müdafiə etmək ki, həm məvacib artsın,
həm də yük götürülsün çiynimdən, nigarançılıq qurtarsın; dördüncüsü... Nədir
dördüncüsü? Dördüncüsü yoxdur.
Fira heç vaxt məni sevə bilməzdi.
Avtobusda biletsatana on beş qəpik verib iki bilet aldım. Biletsatan pulun
qalığını – sarı bir beşqəpikliyi qaytardı. Beşqəpiklik təptəzə idi, çıraq kimi yanırdı.
Tolik bu beşqəpikliyi məndən aldı.
Indi Firagildə ara qarışıb, məzhəb itib yəqin, qırğın-qiyamətdir. Üç bacı idilər,
ikisi Firadan kiçik, ikisi də ərdə, amma Fira ən qəşəngi idi. Bir də anaları var, Bikə
xala, yaxşı düşbərə, qutab bişirir. Atası yoxdur.
Firanın atasına nə olub, nə vaxt ölüb? Indiyə qədər bu barədə heç nə
soruşmamışam, indi yadıma düşür. Bəlkə müharibədən qayıtmayıb, bəlkə o da
maşın altında qalıb ölüb?
Yeddi il idi, demək olar ki, hər gün Firanı görürdüm, təkcə Iosif Samoyloviç
Bassın hüzurunda olduğumuz vaxtlardan başqa.
Tolik dedi ki, bax, əvvəlcə «Fantomas»a gedəcəyik ha. Mən də dedim ki, yaxşı,
özü də qorxma, axşam olmamış axşam naharı eləməyəcəyik, axşama da hələ çox
qalıb.
Bir dəfə mən birinci kursda oxuyanda Hacıgilə yığışmışdıq – Hacı həmişəki
kimi xudmani bir məclis düzəltmişdi; atası tez-tez gedirdi rayona, ev də qalırdı onun
ixtiyarında, anası da qulluğunda müntəzir. Dörd-beş nəfər idik, hamımız da bir yerdə
oxuyurduq. Birdən Hacı dedi ki, hərə öz arzusunu söyləsin: ən böyük arzusunu.
Hərə bir-bir ən böyük arzusunu söyləyirdi, növbə mənə çatanda deməyə söz
tapmadım, çox əttökən bir arzu quraşdırıb ekspromt dedim. Dedim ki, mənim də ən
böyük arzum budur ki, sizin arzularınız həqiqətə çevrilsin. Hacı durub üzümdən
öpdü ki, ən böyük arzu səninkidir. Mən isə özüm öz süni arzumdan utandım, gecə də
evdə yatanda arzusuzluq dərdi yuxumu qaçırtdı, cürbəcür fantastik şeylər
arzulamağa başladım: öz xalqımın və öz Vətənimin qəhrəmanı olacağam, bütün
dərdləri sağaldacağam, elə an olacaq ki, Danko kimi ürəyim əlimdə bərq verəcək və
s. Bunlar özü də arzudan daha çox obıvatel xəyallarına bənzəyirdi – özüm çox gözəl
başa düşürdüm bunu.
Həvəssizlik arzusuzluqdan gəlir, arzusuzluq biganəlikdən doğur, bəs biganəliyin
səbəbi nədir; ancaq odurmu ki, bir vaxt gələcək – hamımız öləcəyik?
Jan Mare birinci dəfə güləndə Tolik həmişəki kimi: «Ux ta...» – deyə içini
çəkdi, sonra mənə pıçıldadı ki, görürsən, Fantomas mənim kimi gülür.
Mən də vahimələnərək: «Da, da...» dedim.
Iki-üç ay bundan əvvəl Hacı mənə bir söz dedi, heç yadımdan çıxmır o söz,
çünki ən zəhləm gedən sözdür. Küçədə təsadüfən görüşdük, dedi ki, gedək futbola –
«Neftçi» ilə «Dinamo» Kiyev oynayırdı. Dedim ki, yox, mən televizorla baxacağam.
Hacı da mənə baxıb dedi ki, nə olub belə, səni əməlli-başlı ətalət basıb, bir az özünü
silkələ.
Yaman hirslənmişdim Hacıya, amma elə bil kim isə içimdən mənə deyirdi ki,
heç hirslənib-eləmə, belədir ki, var.
32
Axı, niyə, nə səbəbə məni ətalət basmalıdır?
Ətalətin səbəbi mənasızlıqdır, heç nədə məna görməmək.
Ilk dəfədir Kislovodskda belə şeylər barədə fikirləşirəm, ətalət kimi mücərrəd
anlayışların sosioloji köklərini aramağa cəhd edirəm – əhsən mənə, həm bu fikirlərə
görə, həm də bu gurultulu cümlələrə görə; amma de Fyunesin göz-qaşla danışmasına
tamaşa etsəm, hamısından yaxşıdır.
Tolik kimi gülə biləydim. Bax, bu da bir arzudur, dördüncü arzu.
Tolik kimi gülə bilmərəm ona görə ki, Tolik hər şeyi həqiqət kimi qəbul edir –
bu, onun üçün xoşdur və belə bir hal yaşdan asılı deyil; ola bilsin ki, Tolik mənim də
yaşıma gələndə beləcə səmimi, ürəkdən gülsün, hər şeyi yenə də həqiqət kimi qəbul
etsin, çünki bu onun üçün xoşdur, bu onun həyatını mənalı edir. Mən isə hər bir
həqiqətdə bir yuxu qarışığı görürəm, yəni bu həqiqət mənasızlıq çalarlı olur.
Dostum sənətşünaslıq namizədi, yaxşısı budur dinməz-söyləməz otur və de
Fyunesə tamaşa et. Tamaşa et, əzizim Sabir, bu məlumdur ki, Isgəndərə qalmayan
dünya sənə də qalmayacaq və bu da məlumdur ki, sənin etirazın dünya gerçəkliyi
müqabilində bir heçdir.
Kefli Isgəndər də deyirdi ki, mən bir heçəm.
Bir dəfə boz payız idi, işdə oturub pəncərədən çölə baxırdım, bədlik basmışdı
məni. Otaqda mən idim, bir də qoca sənətşünas var, özü də vurandır yaman – Kamal
Əcəlsiz təxəllüslü – o idi. Mənə baxıb dedi ki, bu boz həyata nə tamaşa edirsən belə,
qanını da qaraldırsan, gəl sənə elə bir mehrab göstərim ki, üzünü çevir ona mənim
kimi, həmişəlik. Sonra da bir naməlum rəngli köhnə portfeli var idi, açıb içindən
yarımlitrlik «Moskovski» çıxararaq mənə göstərdi, yenə «Moskovski»ni portfelinin
içində gizlədib çox ciddi surətdə gözlərini mənə zillədi. Mən də dedim ki, yox,
Kamal Əcəlsiz, o mehrabın qabağında durub namaz qıla bilmərəm. Dedi ki, özün
bil, mən sənə yol göstərdim, borcum idi, sonra da gözlərini zillədi qarşısındakı
köhnə əlyazmasına.
Mən ona görə belə cavab verdim ki, araqdan zəhləm gedir, çünki araqda da bir
məna görmürəm, ikincisi mənim ailəm var, Toliki böyüdüm gərək.
Bax, bu da beşinci arzu: Toliki böyüdüb boya-başa yetirmək.
Maraqlı olardı ki, bu saat durub gedib telefonxanadan Hacıya zəng edəsən,
salamsız-kəlamsız soruşasan ki, yadına gəlirmi, bir dəfə sizdə oturmuşduq, dörd-beş
nəfər idik, bir-bir arzunuzu söylədiniz, mən də ən böyük arzumu söylədim ki, sizin
arzularınız həqiqətə çevrilsin, indi nə oldu. Həqiqətə çevrilibmi o arzularınız? Yəqin
elə bilər ki, dəm-zadam, ya da soruşar ki, hansı arzular idi biz söylədiklərimiz? Mən
də deyərəm ki, deməli, boş arzular imiş o arzular, çünki yadınızdan çıxıb artıq,
özünüz özünüzü aldadırmışsınız, deməli, həqiqətə çevrilməyib o arzular; bir də ona
görə həqiqətə çevrilməyib o arzular ki, mənim arzum yalançı arzu idi, yəni mənim
elə bir arzum yox idi ki, sizin arzularınız həqiqətə çevrilsin.
Deməli, heç birimizin arzusu həqiqətə çevrilməyib: bəs niyə mən sizin kimi
deyiləm, niyə sən futbola stadionda baxırsan, mən televizorda, niyə sənə elə gəlir ki,
məni ətalət basıb, amma mən səndə bir nikbinlik, bir enerji görürəm, niyə Fira mənə
həvəssiz adam deyir, mən ki, Oleq Popovu əvəz edə bilirdim onun üçün?
Ona görə mən siz deyiləm ki, o zaman sizin arzularınız həqiqi arzular idi,
hərçənd özünüz özünüzü aldatmadığınıza inanırdınız, mənim arzum isə yalançı idi.