22
Etyen Rasnyora qulaq asırdım, fəqət mənə elə gəlirdi ki, bütün bunların
hamısını əvvəldən də bilirəm və mən bu əzablı günlər ərzində Etyen Rasnyora əl
tutmaq, müvəqqəti də olsa iztirablarını azaltmaq üçün, məhz bu görüşü gözləmişəm;
ürəyimə dammış həmin «nə isə»də heç bir müdhişlik yox idi, «nə isə» bizim bu
görüşümüz idi.
– Mən hiss edirəm ki, bütün bunlar müvəqqətidir... Əgər on gün, on beş gün biz
insan kimi yaşaya bilsək, daha həmişə Tereza ilə birgə olacağıq, lap acından ölsək
də... Bu, böhrandır, müsyö, müvəqqəti böhran, lakin bu müvəqqəti böhran əbədi
olaraq bizi bir-birimizdən ayıra bilər. Tereza da daha əbədi olaraq Tereza olmaz,
müsyö, bu ondan asılı deyil...
Bizim evdəki televizorumuz çox köhnə idi: «Temp-2». Köhnə idi deyəndə, indi
də elə həmin televizordur. Yoldaşımla birlikdə bir az pul düzəltmişdik ki, nəhayət,
bu televizoru dəyişək, daha uşaqlar futbola baxmaqdan ötrü qonşulara qaçmasın.
«Elektron-2» almaq istəyirdik. «Elektron-2» dörd yüz neçə manatadır. Pul mənim
yazı masamın siyirtməsində idi. Qalxıb pulun hamısını götürdüm və dinməzcə Etyen
Rasnyora uzatdım. O yenə də çox çətinliklə dedi:
– Mən məğrur adamam, müsyö... Siz hələ məni yaxından tanımırsınız. Müsyö
Pikasso çox gəncdir, onun cəmi iyirmi üç yaşı var, Ispaniyadan yenicə gəlib... O
bizim dostumuzdur, lakin lap dərindən tanımır bizi... Mən məğrur adamam, müsyö,
ancaq mən bu pulları sizdən götürəcəyəm, özü də borc kimi götürəcəyəm. Mən bunu
Tereza üçün edirəm, Terezanın öz-özünə xəyanət etməməsi üçün. Siz mənə bir
dilənçi kimi baxmayın, müsyö. Bu mənim borcumdur.
O, pulları cibinə qoydu. Mən ona manat vermişdim, o isə, şübhəsiz ki, cibinə
frank qoydu. Sonra ayağa qalxdı. Silindri başına qoydu. Heç bir söz demədən
qupquru əli ilə əlimi sıxdı, bir dost kimi sıxdı və cəld addımlarla otaqdan çıxdı.
Etyen Rasnyorun ardınca bayır qapısını bağladım və otağa qayıtdım.
Bəlkə Etyen Rasnyor, doğrudan da, məğrur adamdır və bu pulları məndən qəbul
etmək onun üçün ən əzablı bir iş idi. Əgər bu cürdürsə, eşq olsun Etyen Rasnyora, o,
başqa insan üçün öz məğrurluğunu belə qurban verir – hər adam buna qadir deyil.
Bəlkə Etyen Rasnyor utandığı üçün belə deyirdi, o, məğrur deyil, bu pulları alıb
cibinə qoyarkən sevinc içində idi, bəlkə ürəyində mənim sadəlövhlüyümə gülürdü
də – insanları tanımaq olmur. Əgər həqiqət beləydisə də, mən təəssüflənmirdim,
çünki mən «Kasıbların süfrəsi»nə baxdığım gündən özüm də bilmədən bu görüşün
həsrətində idim və hərgah Etyen Rasnyor bu gecə mənim otağıma gəlməsəydi, bəlkə
mən də öz əvvəlki «mən»imdən əbədi uzaqlaşacaqdım; öz iradəmin gücünə, öz
həyat eşqimin gücünə həftələrdən, aylardan, lap illərdən sonra, «Kasıbların
süfrəsi»ni başımdan çıxaracaqdım, rahatlaşacaqdım və bununla da özüm özümə
xəyanət edəcəkdim.
Qeyri-iradi mizə yaxınlaşıb «Kasıbların süfrəsi»ni götürdüm və baxdım və... elə
bil ürəyim dayandı. Etyen Rasnyor ilə Tereza dünyanın ən xoşbəxt adamıydı:
qucaqlaşmışdılar. Gülürdülər, bir-birini sevirdilər və həmişə də sevəcəkdilər:
qarşılarındakı süfrə elə bol idi ki, nə desən, varıydı – toyuqdan tutmuş əla şəraba
kimi.
Pikassonun bu rəsmi yalnız məndədir, mənim köhnə reproduksiyamdan başqa
heç kimdə belə bir şəkil yoxdur. Bütün başqa köçürtmələrdə «Kasıbların süfrəsi»
əslində olduğu kimidir. Mənim köçürtməm isə bir nüsxədir.
Əslində bu, Pikassonun rəsmi deyil.
Bu rəsmi bizim – mənim və Etyen Rasnyorun – gecə görüşü yaratmışdı.
23
Mən bu hadisəni heç kimə danışmamışam, çünki bunun əhəmiyyəti yoxdur;
çünki heç kim buna inanmaz; çünki insanın ən böyük sirdaşı, ən yaxşı müsahibi,
insanın hiss-həyəcanları üçün ən doğma adam özüdür. Mən bu hadisəni öz
yoldaşıma belə danışmamışam. «Elektron-2»nin pulunun necə olması barədə bir
əhvalat quraşdırıb demişəm və o inanıb.
Ən yaxın insanlar belə yalana daha tez inanırlar, çünki əslində özlərindən asılı
olmayaraq onlar yaddırlar.
Indi görürsünüzmü iyirmi metrlik maqnitofon lenti bir o qədər də az deyil.
Əlbəttə, Məleykə xanım, siz də indi ürəyinizdə mənə inanmırsınız, bəlkə də məni
lap xəstə hesab edirsiniz, amma mən o köçürtməni özümlə götürsəydim, sizə
göstərərdim və siz də buna inanardınız. Mən sizə söz verirəm ki, Bakıya qayıdandan
sonra bir dəfə həmin köçürtməni sizə göstərəcəyəm, hərçənd indiyə qədər heç kimə
göstərməmişəm.
Məleykə xanım güclə pıçıldadı:
– Mən sizə inanıram.
Məleykə xanım bu sözləri çox qəribə tələffüz etdi və mən yalnız indi hiss etdim
ki, Məleykə xanım özündə deyil, elə bil daxili bir sarsıntı içindədir və elə bil bu
sarsıntı onun bütün bədənini uçundururdu. Bu, yalnız mənim danışdığım hekayətin
təsiri deyildi.
– Mən sizə inanıram. Göstərməsəniz də inanıram. Siz... siz Laturun «Müqəddəs
Sebastyan üçün ağlayan müqəddəs Irina» əsərini xatırlayırsınız, elə deyilmi?
Mən əvvəlcədən nə isə tükürpədici bir şey hiss edirəmmiş kimi dedim ki, bəli,
xatırlayıram.
Mən, doğurdan da, Laturun çəkdiyi bu şəkli xatırlayırdım: gecənin qaranlığı
içində bir məşəltək yanan şam işığında köksünə ox sancılmış müqəddəs Sebastyanın
cəsədi qarşısında ağlayan dörd qadın fiquru.
– Siz xatırlayırsınızmı... xatırlayırsınızmı Sebastyan necə də narahat yerə
sərilmişdi... Onun vəziyyəti necə də qeyri-təbii idi... Bu qeyri-təbiilik necə də əzablı
idi... Bu əzablı ölümü xatırlayırsınızmı?.. Indi... məndəki köçürtmədə belə deyil...
Mən... mən... Sebastyanın köksündəki oxu çıxartmışam. Budur.
Məleykə xanım həyəcandan titrəyən əllərilə tələsik yol çantasını açdı və
təxminən qarışyarımlıq bir ox çıxartdı. Bu, kiçik olsa da, həqiqi ox idi. Bu,
həqiqətən, müqəddəs Sebastyanın köksündən çıxarılmış ox idi – bunu bütün
varlığımla hiss etdim.
Mən də sizin kimi əzab çəkirdim, bu şəklin köçürtməsinə baxandan sonra sizin
kimi özümə yer tapa bilmirdim. Mən... mən dəhşət içində idim. Sebastyanın narahat
bədəni, onun bu cür qeyri-təbii ölümü bircə an belə gözlərimin qabağından
çəkilmirdi. Bir gecə mən... yerimdən qalxıb heç özüm də bilmədim ki, necə oldu
əlimi həmin köçürtməyə atdım və Sebastyanın köksündəki oxu çəkib çıxartdım...
Indi məndəki şəkildə Sebastyan o cür narahat deyil, bədəni də əzab içində
qovrulmur, köksündəki oxun yeri də qalmayıb... Mən bu əhvalatı indiyəcən heç
kimə danışmamışam. Bu oxu da həmişə özümdə gəzdirirəm. Qorxuram yoldaşım
görər, mən isə onu başa sala bilmərəm. Bu oxu tullaya da bilmirəm, mənə elə gəlir
ki, əgər oxu tullasam nə isə ən ali, ən ülvi bir şeyə xəyanət edərəm...
Məleykə xanım oxu çantaya qoydu və havasızlıqdan darıxırmış kimi qalxıb
kupedən çıxdı.