27
Bayaq qayıqdan ötrü girov qoyduğum saatın yeri biləyimdə ağappaq ağarırdı;
saat yoxdur, yeri ağarır.
Firəngiz də ölüb, Firəngiz də yoxdur. Hər şey əvvəlki
kimidir, həmin od, həmin hava, həmin torpaq, həmin su, təkcə Firəngizin kiçicik
yeri boşdur, amma bunun nə oda, nə havaya, nə torpağa, nə suya dəxli var, bunun
heç nəyə dəxli yoxdur; əgər köşkdə biletsatan arvad saatımı itirsə, bir neçə gün
saatsız qalsam, gün bu ağappaq ağaran yeri elə qaraldacaq ki, heç ruhu da
inciməyəcək; Firəngizin də yoxluğu yox olub gedəcək tədricən. Niyə? Niyə? Niyə?
Tolik yenə sahildəki taxta çətirləri göstərib soruşdu ki, papa, onlar nədir elə?
Mən də dedim ki, istəyirsən sən də gəl otur yanımda, yapış avarların birindən,
birlikdə avar çəkək. Tolikin gözləri güldü, bic-bic güldü, elə bil başa düşdü ki,
sualını azdırıram, sonra əlimdən yapışıb gəlib yanımda oturdu və birlikdə avar
çəkməyə başladıq.
Tolikin gözləri Müşgünaz xanımın gözlərinə oxşamışdı.
Süni gölün süni sahilindəki taxta çətirlər bu süniliyin rəmziymiş kimi bir-
birlərinin dalınca düzülmüşdülər, arxada isə Qafqaz sıra dağları görünürdü və bu
təzad elə idi ki, elə bil Qaçaq Kərəm əlinə portfel alıb nəşriyyata gedir.
Bir dəfə – deyəsən, keçən il idi – Kislovodskinin parkında gəzişəndə Sürəyya
ayna kimi şəlaləni göstərib dedi ki, necə də gözəldir, çayın qabağını necə də
məharətlə kəsib şəlalə düzəldiblər. Mən də dedim ki, çox gözəldir, elə bil Koroğlu
əlinə çətir götürüb yağışdan qorunur. Sürəyya da o saat bikeflədi, dedi ki, bütün ili
işləyib pul düzəldirik, istirahətə gəlirik, amma burada da hər bir gözəlliyə, hər bir
ürəkaçan şeyə göz yumursan, istehza edirsən. Əlbəttə, mən Sürəyyanı başa sala
bilməzdim ki, qarşısı süni surətdə kəsilib süni surətdə ayna – şəlalə düzəldilmiş çay
heç vaxt mənim ürəyimi açmaz, əgər əksinə deyilsə. Başa sala bilməzdim, ona görə
ki, axı, şırhaşır axan dağ çayının kənarında da Sürəyya məni «gözəlliyə, ürəkaçan
şeylərə» göz yummaqda təqsirləndirib, haqqı da olub, amma yəqin məsələ
burasındadır ki, mən təbii bir şeyə də süni sevinə bilmirəm; mən özüm özümü
sevindirə bilmirəm, bax, bunu başa sala bilmərəm Sürəyyaya, çünki heç özüm də
başa düşmürəm ki, bu nədir.
Tolik dedi ki, qoy indi də o biri tərəfinə keçim, o biri avardan yapışım. Onu sağ
tərəfimə keçirtdim – sərçə ağırlığındadır, bir qaşıq süd içsin deyə, yüz cür
pəstahadan çıxıram: banlayıram, donbalaq aşıram, gözlərimi çəpləşdirirəm və s.
Sürəyya da özünü saxlaya bilməyib gülür ki, sən gərək teatrdan yazmaqla məşğul
olmayaydın, teatrda oynayaydın. Bu zaman, yəni Toliki yedizdirdiyimiz vaxtlar
Firəngiz də bizdə olanda, o da, gülürdü, deyirdi ki, hamı elə bilir Sabir duzsuz
adamdır, quru adamdır, day bilmirlər ki, təkcə elə Sabirin Toliki yedizdirməyinə
tamaşa etsən, kifayətdir, gedib sirkdə Oleq Popova baxmasan da olar.
Indi Firəngiz daha heç vaxt gülməyəcək, heç vaxt mənim Toliki
yedizdirməyimə baxmayacaq, heç vaxt Oleq Popovu misal gətirməyəcək. Niyə?
Sadəcə olaraq ona görə ki, o ölüb.
Bir vaxt mən də heç zaman avar çəkməyəcəyəm, bu süni göl ilə Qafqaz
dağlarının təzadını əlində portfel nəşriyyata gedən Qaçaq Kərəmə oxşatmayacağam;
bir vaxt Tolik də heç zaman avar çəkməyəcək; bir vaxt Tolikin oğlu da heç zaman
avar çəkməyəcək; bir zaman Tolikin oğlunun oğlu da heç zaman avar çəkməyəcək
və bəlkə o, heç mənim adımı da bilməyəcək.
Tolik dedi ki, fit çalırsan? Mən də dedim ki, gəl o körpünün altından keçək.
Tolik yenə Müşgünaz xanım kimi gülümsəyib dedi ki, keçək.
28
Tolik mənim oğlumdur, amma Müşgünaz xanım kimi gülümsəyir, Tolikin
nəvəsində də məndən nə isə olacaq, amma bunun mənası yoxdur.
Dünən səhər Müşgünaz xanım Sürəyyaya teleqram vurmuşdu ki, Firəngiz ölüb.
Sonra Sürəyya telefonla sifariş eləyib anası ilə danışdı. Müşgünaz xanım dedi ki,
Firanı avtobus basıb, elə o dəqiqə ölüb, avtobus alma kimi əzib yazıq Firanı, sonra
da dedi ki, Bakıda cəhənnəm istisi var, sabah da Dəmirin birinci imtahanıdır.
Sürəyyanın az qalırdı ürəyi getsin, güc-bəla ilə sakitləşdirdim, həm də özü
sakitləşdi ki, Tolik qorxar. Sonra Sürəyya üçün təyyarəyə bilet aldım və dünən gecə
Sürəyya Bakıya uçdu.
Fira birinci sinifdən axırıncı sinifə kimi Sürəyya ilə bir yerdə oxumuşdu, Tibb
Institutunda da birinci kursdan axırıncı kursa kimi bir qrupda oxumuşdular, bir yerdə
də işləyirdilər: Onkologiya, Rentgenologiya və Radiologiya Institutunda; Tolik bu
institutun adını daha dəqiq bilir.
Fira Sürəyya ilə yaşıd idi: ikisinin də iyirmi doqquz yaşı var idi. Fira ilə aramız
açıq idi: o məni Oleq Popovdan üstün tutduğu kimi, mən də ona söz vermişdim ki,
ürəyini sıxmasın, Tolik böyüyəndə onu alacağam Tolikə, daha qoca qız olub
qalmayacaq ömrünün axırına qədər. Sürəyya həmişə ikilikdə mənə deyirdi ki, kobud
zarafat edirsən Firayla, mən də deyirdim ki, zarafat etmirəm, doğru deyirəm,
həqiqətən, onu alacağam Tolikə. Fira özü inciməzdi, incisəydi, hiss edərdim.
Fira ərə getməmişdi; ona görə yox ki, istəyən olmamışdı, ona görə ki, istədiyi
olmamışdı – özü belə deyirdi, ona inanmaq da olardı, çünki çox yaraşıqlı idi, amma,
həmişə mənə elə gəlirdi ki, indi də mənə elə gəlir ki, o kimi isə istəyir, gizli-gizli
istəyir, xısın-xısın. Bir dəfə özünə də demişdim və o qızarmışdı, hərçənd zarafata
salıb güldü ki, düz tapmısan, amma nahaq indidən qısqanırsan, Tolik böyüyənə kimi
unudacağam o pünhan sevgilimi, çıxıb gedəcək işinin dalınca.
Bəlkə məni sevirdi Fira?
Tolik dedi ki, yenə başladın fit çalmağa? Mən də dedim ki, üzr istəyirəm, sonra
saata baxmaq istədim ki, qayığın prokat vaxtına nə qədər qalıb; saatın yeri ağappaq
ağarırdı; indi gedib saatı alacaqdım və hər şey öz qaydasına düşəcəkdi.
Firəngizin yeri isə həmişə boş qalacaqdı. Həmişə yox, gün qaraldanacan.
Bir qadın yavaş-yavaş avar çəkərək sol tərəfimdən ötdü; soyunmuşdu, yaxşı
çimərlik kostyumu var idi, özü də yaxşı idi: burnunun üstünə bir yarpaq
yapışdırmışdı ki, gün yandırmasın. Bu yarpaq Leoxarın Belvederli Apollonundakı
yarpaq kimi idi, amma o yarpaq Apollonun ayıbını örtürdü, bu yarpaq bu qadının
burnunu, gülmək məni tutdu. Qadın da mənim gülməyimi yəqin öz bildiyi kimi
yozdu və yaşıl gözləri gülümsədi, amma bir az irəliləyib sağ böyrümdəki Toliki
görən kimi gülüşü də silindi, elə bil bir az hirsləndi də, guya ki, təhqir olunmuşdu;
becid-becid avar çəkib aralandı.
Tolik dedi ki, mamama deyəcəyəm başqa arvada baxıb gülürdün. Mən də dedim
ki, onda maman da bilər sən göldə üzmüsən. Tolik dedi ki, mən heç nədən
qorxmuram. Mən də dedim ki, mən də heç nədən qorxmuram. Tolik dedi ki, sən
qorxursan. Mən təəccüb etdim ki, görəsən, nədən qorxuram? Tolik dedi ki, bude, gör
məni necə özünə sıxmısan, qorxursan ki, mən suya düşərəm, boğularam.
Əvvəllər – hələ dil açmamış – mən elə bilirdim ki, Tolik bəstəkar olacaq, dil
açandan sonra dedim yəqin yazıçı olacaq, amma deyəsən, nə bəstəkar olacaq, nə də
yazıçı, məntiq müəllimi olacaq.