18
Mən bozluğuma salıb deyə bilərdim ki, əzizim Məleykə xanım, tıq-tıq xanım,
şıq-şıq xanım, axı, mənim sizinlə nə söhbətim; biz söhbətləşsək də söhbətimiz
tutmaz, boş və mənasız olar, çünki mən sizi adicə meşşan hesab edirəm, hərçənd
əskik bir işinizi görməmişəm, amma mən belə hiss edirəm; biz elə yad adamlarıq ki,
şükür iyirmi metrlik maqnitofon lentinə. Əlbəttə, bunları deyə bilərdim, amma
demədim, çünki bunları demək də elə bir söhbət idi, mən isə, Məleykə xanımla
söhbət etmək ehtiyacından yüz faiz azad idim, necə ki, Safura xanımla söhbət etmək
ehtiyacından, necə ki, Səmədlə söhbət etmək ehtiyacından, necə ki, Məliklə,
Sənubərlə, Kərimlə, əmioğlu Bəylərlə, xalaqızı Mədinəylə, day nə bilim kimlə,
kimlə, kimlə söhbət etmək ehtiyacından.
Insanı başa düşəcək yeganə adam – o özüdür.
Məleykə xanım gözlərini pəncərəyə zillədi və dedi ki, özünüz bilən yaxşıdır,
amma bu cür qaradinməzlik də bir şey deyil. Mən cavab vermədim və özüm özümlə
zarafat elədim ki, sakit ol, əzizim, əsəbiləşmə.
Bələdçi qadın gəlib soruşdu ki, yenə çay içəcəksiniz? Dedik ki, yox,
içməyəcəyik. O da üzr istədi ki, daha gəlib bizi narahat eləməyəcək, sonra da gizli iş
görən adam kimi, ehmallıca kupenin qapısını örtüb getdi.
Məleykə xanım gözünü zülmət pəncərəyə dikdi, mən də «Ədəbiyyat və
incəsənət» qəzetinə. Məleykə xanım pəncərədə öz fikirlərinə baxırdı, çünki bu
zülmətdə başqa bir şey görünməzdi, hərçənd məncə Adəm və Həvvadan bəri ən
şəffaf bir şey varsa, o da Məleykə xanımın və Məleykə xanımların fikri və
düşüncəsidir: bu tərəfdən baxanda o tərəfi görünür, çünki ortada heç nə yoxdur.
Məleykə xanımlar çoxdur.
Məleykə xanım gözlərini pəncərədən çəkməyib fikirli-fikirli dedi ki, görünür,
qatarda sərnişinlərin bir-birini sorğu-suala tutması səbəbsiz deyil: görünür,
pəncərənin bu eyni zülməti, bu aramsız hərəkət, təkərlərin bu çıqqaçuku insanlarda
bir ünsiyyət ehtiyacı doğurur; görünür, yol insanları tənhalığa aparır, insanlar isə bu
tənhalıqdan qaçırlar.
Sonra Məleykə xanım mənə baxdı.
Əlbəttə, mən yenə də danışmaya bilərdim, çünki bu yol – pəncərənin bu eyni
zülməti, aramsız hərəkət, təkərlərin bu əbədiymiş kimi çıqqaçuku məni hansı
mücərrəd bir tənhalığa isə aparmırdı, aparsaydı da, mən bu tənhalıqdan qaçmazdım.
Mən tənhalıqdan qorxmuram. Mən belə fikirləşirəm: tənhalıq – təkbətəklikdir,
insanın özü ilə özü arasındakı təkbətəklik; mən bu təkbətəklikdən zövq alıram, çünki
mənim ən yaxşı müsahibim mən özüməm; çünki özümdən başqa heç kim məni başa
düşməz, necə ki, mən başqalarını özləri kimi başa düşə bilmirəm; tənhalıq deyilən
anlayış insan ömrünün tələbatıdır – bunu dərk etmədikdə faciə baş verir, dərk
etdikdə isə hər şey öz qaydasına düşür.
Bax, elə Məleykə xanım. Bizim hisslərimizdə, həyəcanlarımızda,
düşüncələrimizdə nə yaxınlıq ola bilər – heç nə – biz yadıq. Ümumiyyətlə, hansı
mənadasa hamı bir-birinə yaddır və bu yadlığa öyrəşmək lazımdır.
Bu, mənim əqidəmdir ki, başqası ilə söhbətdə heç zaman dərinə getmək lazım
deyil, hissləri, həyəcanları başqalarının yanında çılpaqlaşdırmaq lazım deyil, çünki
bunun əhəmiyyəti yoxdur, üzdə olmasa da, daxilən sənə gülə bilərlər, ələ sala
bilərlər, inanmaya bilərlər – bu hisslər, həyəcanlar, yalnız sənin özünə mənsubdur,
onlar həqiqətdə yalnız sənin özün üçün doğmadır.
19
Bütün bunlara görə də mən Məleykə xanıma cavab verməyə bilərdim, amma
onun mənə baxan gözlərində bir istehza hiss etdim, daha doğrusu, bu, istehza
deyildi, Məleykə xanım bu baxışlarla elə bil mənim halıma acıyırdı. Bu cür baxışları
birinci dəfə deyildi ki, öz üzərimdə hiss edirdim. Nə vaxtsa Səməd də beləcə
baxmışdı mənə, nə vaxtsa Bəylər də beləcə baxmışdı mənə, haçansa Nəcibə də,
Həsən də, Osman da beləcə baxmışdılar mənə – çox adam. Bu cür baxışlar bir an,
cəmi bircə an məni daxilən sarsıdırdı və məndə, bir növ, intiqam hissi oyadırdı,
amma mən bu sarsıntının doğurduğu hissin də üstündən ötüb keçirdim, çünki
bilirdim – kifayət edər.
Amma indi, necə oldusa, mən həmişəki kimi bu sarsıntının da, bu hissin də
üstündən ötüb keçə bilmədim. Heç özüm də bilmirəm niyə bütün həyatım boyu
başıma gələn ən qəribə və indiyəcən heç kimə danışmadığım bir hadisəni Məleykə
xanıma danışdım. Bəlkə də ona görə danışdım ki, iyirmi metrlik maqnitofon lentinin
uzunluğuna heyrət etsin.
Məleykə xanıma dedim ki, Pikassonun «Kasıbların süfrəsi» qrafikası
yadınızdadırmı?
Məleykə xanım dedi ki, bəli, yadımdadır, «mavi dövrün» bəhrəsidir: kişi ilə
qadın yeməkxananın bir küncündə oturublar, qarşılarında içi boş boşqab, bir tikə
çörək, iki stəkan və bir şüşə var; kişi sol əlini qadının çiyninə qoyub, sağ əlini onun
qoluna söykəyib; ayrı-ayrı səmtə baxırlar, fikirlidirlər. Sonra Məleykə xanım mənə
elə baxdı, yəni ki, indi gördünüzmü «Kasıbların süfrəsi» yadımdadır, ya yox? Mən
bu təkəbbürlü baxışları cavabsız qoydum və dedim ki, yaxşı hafizəniz var, tamamilə
doğrudur, mən həmin əsəri nəzərdə tuturam.
Bir gün – sentyabr təzəcə girmişdi – evdə köhnə kağız-kuğuzlarımı sahmana
salırdım. Bu köhnə kağızlar arasında «Kasıbların süfrəsi»nin nə vaxtsa aldığım bir
reproduksiyası gözümə dəydi. Çoxdan idi bu şəkli görmürdüm, bir az baxıb şəkli
yazı masamın siyirtməsinə qoydum.
O gün xeyli işim var idi və gecə bərk yorğun idim və yuxum gəlirdi, amma
yerimə girən kimi «Kasıbların süfrəsi» birdən-birə gözlərimin qabağına gəldi. Bir az
bu şəkil barədə fikirləşdim, sonra fikirləri başımdan eləyib yatmaq istədim, amma
yata bilmədim, bu şəkil gözlərimin qabağından getmirdi. Gözlərimi yumurdum,
açırdım, yerimdə yüz dəfə o tərəf-bu tərəfə çevrilirdimsə də, «Kasıbların
süfrəsi»ndəki kişi ilə qadın bir an belə məndən əl çəkmirdi.
Durub əl-üzümü yudum, eyvana çıxıb bir az təmiz hava aldım, fəqət hamısı əbəs
idi, bu iki obraz məni tək buraxmırdı; o gecə bircə dəqiqə belə yuxuya gedə
bilmədim. Mənim əzablı günlərim də həmin gecədən başladı.
Oturub işləyəndə də, şəhərə çıxıb gəzişəndə də, kinoya baxanda da, musiqiyə
qulaq asanda da – hər yerdə və daima bu iki fiqur gözlərimin qarşısından getmirdi,
onların baxışları hər an məni təqib edirdi. Mənə elə gəlirdi ki, onlar bir yerdə
oturmuşlarsa da, bu an daxilən bir-birilərindən ayrıdırlar; onlar bir-birilərini
sevirdilər, fəqət qarşılarındakı bu süfrə bu sevgini darmadağın edir; vaxtiylə ən
yaxın, ən istəkli adamlar idilər, indi isə, hər şeyə olduğu kimi, bir-birilərinə də
biganədirlər. Əgər yeməkxananın başqa bir küncündə oturmuş harın bir alverçi bu
dəqiqə bu qadına gözü ilə işarə edərsə, o neçə frankdan ötrüsə qalxıb onunla gedər,
özü də hissiz, həyəcansız – biganə; kişi isə, qadın getdikdən sonra, ancaq onu edə
bilər ki, tanışı qarsona yalvarsın, qarson yenə də ona nisyə ucuz çaxır versin və o
içib keflənsin, sonra da başını mizin üstünə qoyub sərxoş-sərxoş ağlasın.