20
Mən yemək yeyə bilmirdim, mənə elə gəlirdi ki, hər tikəni udduqca, hər
qurtumu içdikcə, bu iki insana xəyanət edirəm, çünki mənim üçün onlar artıq bir
surət deyil, varlıq idi; mən hər hərəkətimdə – ya bazarlıq edəndə, ya taksiyə
minəndə, ya başqa bir iş görəndə – cinayət hiss edirdim və bu hiss, müdhiş hiss
vəziyyəti o yerə gətirib çıxartmışdı ki, artıq adam kimi yaşamaq mümkün deyildi.
Bu cür davam edə bilməzdi, nə isə olmalı idi. Bu «nə isə»ni fikirləşdikcə dəhşət
məni bürüyürdü. Məni bir xof basmışdı və bu xof bütün içimi, fikrimi, düşüncəmi
uçundururdu.
Həmin gün gecə, yəni sentyabrın iyirmi üçündə yerimdə uzanıb əzab çəkirdim,
neçə gündən bəri olduğu kimi, yuxuya gedə bilmirdim, mənə elə gəlirdi ki, bu saat
nə isə sehrli bir hadisə baş verəcək, məsəlçün, bu saat tavan ikiyə bölünəcək, göydən
böyük bir zənbil enəcək, necə olacaqsa mən durub bu zənbilin içində oturacağam və
hara isə gedəcəyəm, əbədi gedəcəyəm; bir boşluğa, bir heçliyə gedəcəyəm,
«Kasıbların süfrəsi»nin təqibi qovub aparacaq məni; hiss edirdim ki, bu kişinin və
bu qadının bu cür baxışları müqabilində mən əvvəlki tək heç nə olmayıbmış kimi
yaşaya bilməyəcəyəm.
Qalxıb mizüstü lampanı yandırdım, saat üçə on dəqiqə qalırdı, vanna otağına
gedib yuyundum, öz-özümə ürək-dirək vermək istəyirdim ki, keçib-gedəcək, axır
vaxtlar çox işlədiyimə görə əsəblərim gərginləşib, müvəqqəti psixoloji sarsıntıdır,
bir azdan hər şey öz qaydasına düşəcək, fəqət bir şey çıxmırdı, görürdüm ki, özüm
özümü aldadıram.
Zəng səsi eşitdim, bayır qapısının zəngi idi. Zəng bir də çalındı. Uşaqlar
oyanmasın deyə cəld qapıya yaxınlaşıb yavaşca soruşdum ki, kimdir?
Çox tanış bir səs cavab verdi ki, mənəm, açın.
Qapını açdım: qarşımda ucaboylu, arıq, qəribə görkəmli bir adam dayanmışdı.
Mən onu hardansa tanıyırdım, amma kim olduğunu xatırlaya bilmirdim. Onun
başında Çaplinin silindri kimi bir silindr, əynində gödəkcə, boynunda şərf var idi.
Nədənsə, mənə elə gəldi ki, bu adam artistdir və elə bil bu hiss, gecə yarısı onun
mənim evimə gəlməsini qanunauyğunlaşdırdı.
– Olarmı, müsyö.
– Buyurun, – dedim və onun müraciətində də bir qəribəlik hiss etdim, fəqət bu
qəribəlik nədə idi – bilmirdim.
Iş otağımın işığını yandırdım və onunla birlikdə otağa girdim. Ona yer
göstərdim, oturdu və mən qəflətən, bu adamın kim olduğunu tanıdım. Məni soyuq
tər basdı: bu adam «Kasıbların süfrəsi»ndəki kişi idi.
Gözlərimi ona zilləmişdimsə də, heç nə barədə fikirləşmirdim, heç nə
düşünmürdüm, çünki fikirləşmək, düşünmək bacarığında deyildim. O, qeyri-adi
dərəcədə uzun barmaqlı, qupquru – sümük və dəri – əlini mənə uzatdı:
– Biz bir-birimizi tanısaq da, şəxsən tanış deyilik. Mənim adım Etyen
Rasnyordur, müsyö.
Ovcumdakı bu əl məni özümə gətirdi: bu, şeytan əli deyildi, bu, insan əli idi və
bu əlin sahibi möcüzələr aləmindən gələ bilməzdi; bu qupquru əldə bir insan
hərarəti, insan iztirabı, həyəcanı duydum və bu duyğu məni nisbətən sakitləşdirdi.
O, silindri başından çıxartdı, sonra qupquru almacıqlarını ovuşdurub sinədən
gələn kal bir səslə dedi:
21
– Müsyö, mən üzr istəyirəm ki, gecə vaxtı sizin istirahətinizi pozdum, amma bu
saat elə bir vəziyyətdəyəm... – O, uzun barmaqlarını sındıra-sındıra çox çətinliklə
danışırdı, hiss olunurdu ki, həyəcanlıdır. – Bilirsinizmi, müsyö, Tereza əbədi olaraq
məndən ayrılır... O bunu demir, bəlkə də heç bilmir, lakin mən hiss edirəm, müsyö,
bütün dəhşəti ilə hiss edirəm...
Onun sözünü kəsmədim, mənim üçün aydın idi ki, Tereza yeməkxanada onunla
birlikdə əyləşmiş qadının adıdır.
– Hər şeyi sizə ardıcıl söyləyim. Biz, yəni mənimlə Tereza müsyö Pikasso ilə
Medrano sirkində tanış olmuşuq. Mən canbazam, daha doğrusu, canbaz idim... – O
sol əlini qaldırıb nifrətlə qoluna baxdı. – Lənətə gəlmiş bu qolum sındı, canbazlığım
da bununla qurtarıb getdi. Siz mənim bu əyri qolumu görməmisiniz, müsyö Pikasso
bu qolumu Terezanın çiyninə qoyub. – Etyen Rasnyor keçən günləri xatırlayırmış
kimi gülümsündü, sonra gözlərini qoluna zilləyib bir neçə an susdu.
Mən bu görüşün reallığına artıq qətiyyən şübhə etmirdim, bu, xəstə bir
təfəkkürün şairanə uydurması deyildi, bizim bu görüşümüz yuxu da deyildi, mənim
qarşımda canlı insan oturmuşdu – cənab Rasnyor. Onun varlığı bir gerçəklik idi ki,
necə ki, dünyada mən var idim, necə ki, indi bu saat biz sizinlə qatarda gedirik.
Etyen Rasnyor barmaqlarını sındırırdı. Mən hiss edirdim ki, o, daxili iztirablar
keçirir və bu iztirab onu danışmağa qoymur. Bu sıxıntılı sükutu pozmaq üçün
soruşdum ki, Azərbaycan dilini haradan bilir.
O, təəccüblə mənə baxıb dedi ki, mən fransız dilindən başqa bir dil bilmirəm.
– Necə başqa dil bilmirsiniz? Məgər siz indi azərbaycanca danışmırsınız?
– Mən fransızca danışıram, müsyö.
– Bəs... mən nə dildə danışıram?
– Siz də fransızca danışırsınız, müsyö, əlbəttə.
Onun təəccübü yalançı təəccüb deyildi və mən hiss etdim ki, onun sözləri də
həqiqətdir: biz hərəmiz öz dilimizlə danışırdıq, fəqət mən onu azərbaycanca
eşidirdim, o isə məni fransızca eşidirdi və bizim yanımızda ilahi bir tərcüməçi də
yox idi; bu, ilahi bir qüvvə deyil, bizim müvəqqəti ünsiyyətimiz üçün yaranmış bir
labüdlük idi.
– Indi neçənci ildir, cənab Rasnyor?
O, yenə də təəccüblə mənə baxdı:
– 1904-cü ilin sentyabrıdır, müsyö.
– Və biz Parisdəyik, elə deyilmi?
– Əlbəttə, elədir, müsyö!
Etyen Rasnyor üçün 1904-cü ilin sentyabrı idi və biz gecə yarısı Parisdə oturub
söhbət edirik; mənim üçün isə aydın məsələdir ki, 1968-ci ilin sentyabrı idi, biz
Bakıda, mənim otağımda oturub söhbət edirdik və bütün bunlar qanunauyğun bir
gerçəklik idi, çünki daxili bir ehtiyac, daxili bir tələbat bizi görüşdürmüşdü.
Etyen Rasnyor çox çətinliklə danışmağa başladı:
– Müsyö, gecə vaxtı istirahətinizi pozduğuma görə, bəlkə də qəzəblənirsiniz,
lakin... lakin mənim başqa əlacım yox idi... Mənim üçün Terezasız həyat yoxdur,
müsyö... Mən onsuz yaşaya bilmərəm, o isə məndən ayrılır, qeyri-iradi ayrılır... O
hələlik cismən mənimlə olsa da, mənən uzaqlaşır, tamam... Bizim güzəranımız onu
məndən ayırır, müsyö. Ancaq, xahiş edirəm, məni düzgün başa düşəsiniz və Tereza
barədə pis fikirdə olmayasınız. O bezib, başa düşürsünüzmü, artıq hər şeyə biganə
olub, onda həvəs ölüb, ölüb, ya da ölməkdədir. O özü də özündən ayrılır, özü özünə
xəyanət edir, özü bilmədən edir, müsyö... Mənim bu sınıq qolum...