15
Cavan bəstəkar S.Qayıblının üstünə qışqıran və yəqin ki, bu ocağı da qalayan
kişinin əynində köhnə sırıqlı var idi, üz-gözünü də tük basmışdı. Bəlkə o da
dənizkənarı parkın gözətçisi idi, bəlkə də bir əyyaş idi. Ocağın kənarında çöməlib
əlində çubuq tutmuşdu, çubuğun ucuna bir sosiska keçirtmişdi, sosiskanı ocaqda
qızardırdı.
Bu balaca ocağın qaranlıq içindəki qəfil parıltısı və qəfil istisi elə bil
S.Qayıblının bütün daxilini silkələdi, elə bil beynindəki fikirsizliyi də qovub
çıxartdı, içindəki uğultunu da.
Ocağın kənarında çöməlib sosiska qızardan kişi S.Qayıblıya dedi ki, bu boranda
nə olub belə, nə qovhaqovdur? Elə bil səni qamçılayırdılar, az qaldı ocağımı da
dağıdasan. Sonra dedi ki, kim bilir, bəlkə də elə qamçılayırmışlar, amma adamı ki,
həmişə başqası qamçılamır, bəzən adam özü də özünü qamçılayır, ya bilə-bilə, ya da
qeyri-cür. Sonra da dərindən nəfəs alıb qızaran sosiskanın iyini içinə çəkdi və dedi
ki, ya qamçılayırlar, ya da qamçılamırlar, dəxli yoxdur, sən də çöməl, qızış, həm də
qonağım ol, balaca bir şüşəm də var.
Cavan bəstəkar S.Qayıblı ocağın kənarında çöməldi, əllərini oda tutdu, bütün
canına bir ilıqlıq işlədi. O, qəribə bir sərbəstlik, qəribə bir azadlıq hiss edirdi – niyə?
– səbəbini özü də bilmirdi. Bu qəribəlik onun canına yayılmış ilıqlıqda idi.
Cibindən bir siqaret çıxardıb yandırmaq istədi, sosiska qızardan kişiyə də təklif
etdi. Kişi dedi ki, mənim xüsusi siqaretim var, sonra döş cibindən bir «Pamir»
çıxartdı. Yan cibindən də Nuh-Nəbidən qalmış kələ-kötür bir müştük çıxartdı,
siqareti müştüyə keçirib odda yandırdı.
S.Qayıblı, nədənsə, birdən-birə əlində tutduğu siqareti odun üstünə tulladı və bu
siqaretin alovlanmasına tamaşa etdi. Yanıb kül oldu bu siqaret. Bu siqaret «P.M.
klubu»nun gözətçisinin payı idi.
Sırıqlı geymiş kişi qızaran sosiskanın iyini yenə də ciyərinə çəkib: «Bəh-bəh-
bəh...» – dedi, sonra da başını yuxarı qaldırıb zülmət göyə baxdı, elə bil, qulaqlarını
da şəkləyib küləyin, dalğanın səsinə bir müddət fikir verdi, «Pamir»dən dərin bir
qullab vurub müştüyü ağzında saxladı, əlini də ocağın üstünə tutdu: «Bunun ayrı
ləzzəti var». Yaman ürəkdən dedi. S.Qayıblı soruşdu ki, nəyin? Sosiska qızardan
kişi balaca gözlərini qıyıb ona baxdı, özü də elə baxdı ki, yəni ey zahidi bizövq...
Sonra da dedi ki, bax bu gecənin, bu ocağın, bu kababın.
...O, öz kayutuna qayıdanda gecə yarıdan keçmişdi. Asta addımlarla pillələri
qalxdı. Qapını açıb arakəsməyə girdi. Işığı yandırdı. Bir müddət yerindəcə dayandı,
sonra pencəyi çıxartdı; pencək adi pencək kimi əynindən çıxdı və elə həmin pencək
olaraq da qaldı: özündən küknarvarı milləri olan yaraşıqlı boz pencək. Bir az baxdı
əlindəki bu pencəyə, sonra cəld addımlarla otağa girib şifoneri açdı: qızılı çalarlı o
məşhur sarı məxmər pencək asqıdan asılmışdı.
Cavan bəstəkar S.Qayıblı başa düşdü ki, bu, təklifdir: özün seç – ya sarı pencək,
ya da təzə pencək.
O, sarı pencəyi asqıdan çıxartdı, yaraşıqlı boz pencəyi onun yerindən asdı və
şifoneri bağladı. Bu kiçicik əməliyyatı elə bir sakitliklə və qanunauyğunluqla gördü
ki, bir anlıq özü də sakitliyinə təəccüb etdi.
Sonra sarı pencəyi mətbəxə apardı, zibil yeşiyinin qapağını qaldırıb bu qızılı
çalarlı məşhur sarı məxmər pencəyi lotereya qırıntılarının üstündən vedrənin içinə
basdı və vedrəni götürüb cəld addımlarla pillələri aşağı endi, həyətdə yan-yana
düzülmüş zibil qablarının birinin içinə boşaltdı.
16
O, geri qayıdanda pusquda dayanmış pişiklər zibil qabına cumdular, guya ki,
yeməli bir şey olacaqdı.
Cavan bəstəkar S.Qayıblı vedrəni aparıb yerinə qoydu, sonra elə bil bir daha
xatircəm olsun deyə şifoneri açdı: yaraşıqlı boz pencək öz yerində idi.
Fərhad Xoşbəxt də, deyəsən, daha çarpayısına uzandı – addımlarının səsi
birdən-birə kəsildi.
Külək də daha dayanmışdı deyəsən.
Yağış çoxdan kəsmişdi.
Qarşıdakı qara binanın üçüncü mərtəbəsində yaşayan qızın işığı sönməmişdi
hələ. Qəribə qızdır bu qız. Maraqlı qızdır.
S.Qayıblı divanda uzandı və həmişəkindən fərqli olaraq dərhal yuxuya getdi.
Cavan bəstəkar S.Qayıblı sonralar bu hadisəni heç kimə danışmadı – bilirdi ki,
heç kim buna inanmayacaq. Həmin məşhur sarı pencəyi isə «starıveşə» satdığını
deyirdi, deyirdi ki, nə qədər elədim zalım oğlu «starıveş» otuz qəpikdən artıq
vermədi.
Dost-tanışları bunu eşidəndə xeyli gülürdü.
Noyabr, 1968.
17
QATAR. PIKASSO. LATUR. 1968.
Sonra Məleykə xanımın əri yenə mənə elə baxdı ki, elə bil həm qorxudurdu
məni, həm də yalvarırdı; həm də çox gülünc bir vəziyyətdə idi.
Bələdçi arvad dedi ki, ötürənlər aşağı düşsünlər, qatar indicə tərpənəcək.
Məleykə xanımın əri arvadının yanağından öpdü, sonra da dedi ki, Moskvaya
çatan kimi dərhal telefonla zəng eləsin; həm də tapşırdı ki, yolu necə başa
vurduğunu söyləsin. Bunu lap xüsusi dedi, yəni ki, qızım, sənə deyirəm, gəlinim, sən
eşit.
Əlbəttə, bu saat mən onu sakitləşdirə bilərdim, deyərdim ki, əzizim, dostum, heç
nigaran qalma; arvadına heç nə olmaz yolda, çünki sənin arvadında qətiyyən gözüm
yoxdur; baxma ki, bir kupedə ikimizik, yol da uzun – arxayın ol və get arxayın da
yat – əgər özün tək yatacaqsansa. Bunları deyərdim, amma demədim – bu da onun
baxışları müqabilində mənim tərəfimdən kiçicik bir intiqam idi, çünki Mirzə Cəlil
yaxşı deyib ki, dünyada bu nigarançılıqdan da pis şey yoxdur.
Qatar tərpənəndə Məleykə xanım pəncərədən ərinə əl elədi, əri də aşağıdan ona
əl elədi, amma zalımın gözü elə məndə idi; nə isə, dünyada bu nigarançılıqdan da pis
şey yoxdur.
Sonra bələdçi arvad gəlib biletlərimizi aldı, peşəkar nəzərlərlə bir mənə, bir də
Məleykə xanıma baxdı, yəni ki, məsələ məlumdur.
Əvvəlcə mən kupedən çıxdım, Məleykə xanım paltarını dəyişdi, sonra o,
kupedən çıxdı, mən paltarımı dəyişdim, sonra da kupedə oturub Abşeron gecəsinin
qış mənzərəsinə tamaşa eləməyə başladıq, hərçənd elə bir mənzərə yox idi.
Bələdçi qadın gəlib bizdən adama bir manat yorğan-döşək pulu aldı və soruşdu
ki, çay içəcəyik, ya yox? Ikimiz də dedik ki, içəcəyik. Sonra mən paltomun cibindən
«Ədəbiyyat və incəsənət» qəzetinin bugünkü nömrəsini çıxarıb vərəqləməyə
başladım. Sənətşünasların Moskvada açılacaq beynəlxalq müşavirəsi barədə də
məlumat var idi, mənimlə Məleykə xanımın məruzə edəcəyimiz də yazılmışdı, bircə
şəklimiz yox idi: mənimlə Məleykə xanım, fonda da Məleykə xanımın ərinin
qorxunc və məlul baxışları.
Məleykə xanım soruşdu ki, deyəsən, satirik yazı oxuyursunuz? Mən də dedim
ki, bəli, maraqlı şerdir. Sonra Məleykə xanım dedi ki, çayınızı soyutmayın. Mən də
dedim ki, çox sağ olun, içərəm; guya ki, ev sahibəsi idi və məni qonaq edirdi.
Mən təyyarəyə minmirəm; ona görə yox ki, təyyarədən qorxuram, ona görə ki,
təyyarədən bir ləzzət almıram – hərçənd ömründə təyyarəyə minməmişəm – amma
bunu hiss edirəm.
Məleykə xanımın da ürəyi təyyarə götürmür.
Məleykə xanım gülümsəyib dedi ki, bilmirəm, bunu sizə deyiblər, ya yox, amma
yaman qaradinməz adamsınız. Dedim ki, siz hələ mənim danışmağımı
görməmisiniz. Dedi ki, görməmişəm və təsəvvür də etmirəm, çünki neçə ildir sizinlə
bir institutda işləyirik, həmkarıq, amma indiyəcən bütün söhbətimizi lentə
yazsaydılar, heç iyirmi metr olmazdı, əksəriyyəti də salam-əleyküm, əleyküm-salam.