24
Mən özümü çox sakit hiss edirdim, ürəyim də döyünmürdü, gözlərim də
qaralmırdı, məni soyuq tər də basmırdı, fəqət mənim beynim çatlayırdı, beynim az
qalırdı dağılsın.
Nə üçün mən öz həyat yoldaşıma yalan quraşdırıb deyirəm? Mən sadəcə olaraq
hər şeyi ona danışa bilərdim və o da, sadəcə olaraq, hər şeyi başa düşə bilərdi. Bəlkə
mənim bu söhbətim onun üçün də, Məleykə xanım kimi, doğma olardı, bəlkə onun
da başına elə bir iş gəlib ki, heç kimə danışmır, mənə də danışmır, elə bilir ki, onsuz
da, heç kim inanmayacaq?
Nə üçün Məleykə xanım bu oxu həmişə özüylə gəzdirir, nə üçün qorxur ki, əri
görər və o, ərini başa sala bilməz. Bəlkə onun ərinin başına daha qəribə bir iş gəlib
və o da indiyə qədər bunu heç kimə danışmayıb?
Günlər, aylar, illər keçəcək. Məleykə xanım bu balaca oxu özüylə gəzdirməkdən
bezəcək, tullayacaq bu oxu zibil yeşiyinə, xəyanət edəcək Məleykə xanım, çünki o,
bu oxu heç kimə göstərə bilmir. Nə üçün?
Nə üçün bizə elə gəlir ki, ən yaxşı müsahibimiz, ən yaxın, doğma adamımız
özümüzük?
Sonra Məleykə xanım kupeyə girdi. Bir azdan mən yerimə qalxıb bu sualları
başımdan elədim və yatdım.
Dekabr, 1968.
25
BEŞ QƏPIKLIK MOTOSIKL
Tolik soruşdu ki, dağ papiros çəkər? Dedim ki, yox, papirosu adam çəkər. Dedi
ki, düz demirsən, meymun da papiros çəkir, özüm televizorda görmüşəm. Dedim ki,
meymunu da adamlar öyrədib papiros çəkməyə. Mən soruşdum ki, axı, nə
dağbazlıqdır salmısan, dağ niyə papiros çəkməlidir? Əlini uzadıb dedi ki, ode, bax
də, görmürsən dağ papiros çəkir?
Doğrudan da, əcəb papiros çəkirdi Qafqaz sıra dağları: buludlardan qullab-
qullab alıb üzük-üzük buraxırdı başının üstündən.
– Papa, gördün?!
Tolik yüz faiz qələbə qazanmışdı – dağları da adam öyrədə bilməzdi ki, papiros
çəksin, dağ nə boyda, adam nə boyda – indi gəl yaxanı Tolikin əlindən qurtar görüm
necə qurtarırsan; ay bacardın ha!
– Papa, gördün?!
Axırı ki, birdəfəlik mənə «papa» dedi, «ata»nı tulladı bir tərəfə, necə ki, mən
birdəfəlik «Təhməz»i tullamışam, «Tolik» deyirəm. Bir də ki, nə fərqi var, guya,
«Təhməz» deyəndə nə olacaqmış.
– Papa, görmürsən bəyəm?!
Əlbəttə, mən desəydim ki, görürəm, o saat soruşacaqdı ki, bəs, necə olub
adamlar dağa papiros çəkmək öyrədib, dağların bəyəm ağzı var papiros çəksin, hansı
papirosdan çəkirlər və s. Dedim ki, gedək qayıq götürək, göldə avar çəkək
özümüzçün, kef eləyək. O saat papiros çəkən dağı yadından çıxartdı, əlimdən tutub
gölə tərəf dartdı, sonra birdən dayandı ki, axı, mamam deyib gölə getmək olmaz.
Dedim ki, elə edərik maman bilməz, heç birimiz ona demərik.
Sürəyya şübhəsiz biləcək – Tolik özünü saxlaya bilməyib, həmişəki kimi, ona
deyəcək – Sürəyya da həmişəki kimi, düşəcək üstümə ki, indidən uşağın tərbiyəsinə
xələl gətirirsən, onu saxtakarlığa öyrədirsən, mən deyirəm ki, gölə getmək olmaz,
xatadır, sən aparırsan, bütün pedaqoji metodlara biganəsən, çünki siniqsən. Mən ha,
mən siniqəm. Təbrik edirəm səni, yoldaş sənətşünaslıq namizədi Sabir Məlikov,
daha məqalələrinin altında camaatın gözünü döyənək eləmiş imzadan yaxanı qurtara
bilərsən, Sabir Məlikov yox, təxəllüslə: Sabir Siniq.
Əlbəttə, bütün bu boş şeyləri öz-özümə fikirləşirəm, Sürəyyaya belə şeyləri
demək olmaz, mənası da yoxdur, çünki cavabı əvvəlcədən məlumdur: «Radi boqa,
ne ostroumniçay, ne podxodit».
Saatımı bilet köşkündə girov qoyub qayıq üçün nömrə götürdüm: 13. Çox rəmzi
nömrədir. Niyə rəmzidir – orasını Allah bilir, mənim indi dərinliyə getməyə həvəsim
yoxdur, nə həvəsim, nə də imkanım; imkanım niyə – bunu da Allah bilir.
Bu yay ilk dəfə idi göldə avar çəkirdim, ilk dəfə deyəndə ki, cəmi bir həftədir
gəlmişik Kislovodska, amma elə bil bir həftənin özündə də birinci dəfə avar çəkmək
bir o qədər çox deyil, çünki yaşadığımız «Avtopansionat» bu süni gölün
kənarındadır.
Əvvəllər gündə neçə dəfə avar çəkərdim bu göldə, hələ heç pansionatda
yaşamadığım vaxtlar, atamgillə gəldiyimiz yaylar, o vaxtlar ki, hələ Tolik dünyada
yox idi və mən də kulturizmlə məşğul olmaq istəyirdim, hərçənd içindən bir şey
çıxmadı.
Bir vaxt var idi, Tolik dünyada yox idi, heç kim bilmirdi ki, belə bir adam
olacaq dünyada, mən var idim, indi Tolik də var; bir vaxt mən olmayacağam
dünyada və bir vaxt Tolik də olmayacaq dünyada.
26
Tolik soruşdu ki, bəyəm mamam sənə deməyib fit çalma? Dedim ki, deyib,
əlbəttə. Soruşdu ki, bəs, niyə fit çalmağa başladın? Dedim ki, üzr istəyirəm.
Xoşbəxtlikdən soruşmadı ki, üzr istəyirəm nə deməkdir; yəqin əvvəllər soruşub,
başa salmışam.
Sonra sahildəki taxta çətirləri göstərib soruşdu ki, papa, onlar nədir elə? Əlbəttə,
desəydim ki, adamlar gündən qorxurlar, gedib o çətirlərin altında otururlar,
soruşacaqdı ki, adamlar niyə gündən qorxurlar, desəydim ki, gün adamı yandırır,
soruşacaqdı ki, niyə və s. Soruşdum ki, indi soyunub bu suda çimərdin, ya yox? O
saat taxta çətirləri yadından çıxardıb başını tərpətdi – yəni ki, yaman çimərdim –
amma yaman da məlul-məlul tərpətdi, çünki bilirdi ki, real söhbət deyil bu.
Sürəyya ilə də ilk dəfə, bax, həmin sahildə görüşmüşdük, yeddi il bundan əvvəl.
Nazik, hündür qız idi onda Sürəyya, iri, göy gözləri var idi. Elə deyirəm, elə bil indi
gözlərinin rəngi dəyişib; indi də iri, göy gözləri var Sürəyyanın. Onda da atasıgillə
bu pansionatda yaşayırdı, mən atamgilin şəhərdə kirayə tutduğu evdə qalırdım. Indi
mən də hər yay bu pansionata düşürəm: düz altı ildir ki, hər yay ay yarım bu
pansionatda yaşayıram – bir ay məzuniyyətim, yarım ay da öz hesabıma. Gələcəkdə
bir memorial lövhə vurmalıdırlar «Avto-pansionat»ın qabağına: görkəmli
sənətşünaslıq namizədi Sabir Siniq altı il yay aylarını burada yaşamışdır. Altından
da doğulduğum və öldüyüm il: (1937-19 filanıncı il). Niyə min doqquz yüz filanıncı
il, bəlkə iki mininci ilə qədər yaşayacağam?
Bu yay yalnız özümüz gəlmişik, yəni mən, Sürəyya və Tolik. Sürəyyanın
atasıgil Bakıda qalıblar, kiçik oğlanları Dəmir bu il instituta girir. Bizimkilər
Buzovnadakı bağımızda qalmalı oldular. Biz də gəlib yenə pansionata düşdük.
Bayaq Sürəyyaya da cavab teleqramı vuranda yaxşı eləmədim deyəsən, necə olsa da,
matəmdədir.
Səhər Sürəyyadan teleqram gəldi, indi də cibimdədir: Priletela bloqopoluçno tçk
zdes ujasno tçk posle zavtra budu tam tçk Çeluyu vas tçk jdu vaşeqo otveta = Sura
mama.
Iki müəllifin ikisi də Sürəyya özü idi: biri, yəni Sura, mənim üçün nəzərdə
tutulmuşdu, ikincisi, yəni mama, Tolik üçün, hərçənd bu teleqramdan Tolikin xəbəri
yoxdur. Xəbər tutsa, başlayacaq sorğu-suala, mən də heç vaxt onu başa sala
bilməzdim ki, tetya Fira, yəni Firəngiz ölüb. Necə yəni ölüb?
Bu «Avtopansionat»ın rəisi mən gözümü açandan yüz ildir ki Iosif Samoyloviç
Bass adında kürən bir kişidir. Yüz ildir ki də, üzündəki eyni təbəssümlə, eyni məlul
hərəkətlərlə, həmişə bir şey uman gözlərilə gələnləri qarşılayır, gedənləri yola salır.
Mən də bayaq nahardan sonra Toliklə poçta girib Sürəyyaya belə bir cavab
fototeleqramı vurdum:
Köhnə hamam, köhnə tas,
Köhnə pansion, köhnə Bass.
Oxuyub yəqin deyəcək ki, əlbəttə, siniqlər bundan artıq nəyə qadir ola bilərlər.
Öz-özünə deyəcək, ikimizin söhbətini başqasının yanında edən deyil, lap atası
olmur, anası Müşgünaz xanım olsun.
Yaxşı eləmədim, necə olsa da, Sürəyya matəmdədir.