Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə130/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   126   127   128   129   130   131   132   133   ...   184

 

289


 Qoca  qarşısında oturmuş bu yad arvadın dedikcə elə hey dediyi sözlərə fikir 

vermirdi, elə bil ki, təzədən bayaq tut ağacının üstündəki o bir dəstə  sərçənin 

cikkiltisini eşidirdi və  ləzzətlə çörəkdən dişləyib o gözəl küftəni yeyirdi və o sarı 

bülbül də daha oxumurdu, otağın küncündəki o dolabın üstündə, o qəfəsin içində 

büzüşüb xırda gözlərini naməlum bir nöqtəyə zilləmişdi. 

Həmin cümə günü qızlar məktəbdən qayıtdı, kartof qızartmasını sirkə-

badımcanla yedi, hərəsi bir küncə  çəkilib dərslərini hazırladı  və  ərinin işdən 

qayıtmağına yaxın gəlin yenə kartof soyub qızartmağa başladı ki, kişinin qabağına 

qoyanda isti və təzə olsun; əri işdən qayıdıb çörəyini yedi və bu dəfə qoca da süfrə 

arxasına keçib kartof qızartması yedi və bütün bu müddət ərzində gəlin bir tərəfdən 

oğlunun yolunu gözləyirdi ki, görsün iş məsələsinin axırı nə oldu, bir tərəfdən də bir 

az nigarançılıq keçirirdi ki, birdən qayınatası küftənin söhbətini salar, uşaqlar 

tamarzı  qalar,  amma  gəlin nahaq nigaran idi, qoca günorta küftə yediyini çoxdan 

yadından çıxartmışdı, düzdü, o küftənin gözəl təmi hələ də ağzında qalmışdı, amma 

qoca bu təmin nədən qaldığını unutmuşdu, kartof qızartmasını yeyə-yeyə diqqətlə 

qarşısında oturmuş bu dazbaş kişiyə, yəni öz oğluna baxırdı. 

Gəlin: 

 – Harda qalıb bu uşaq? – dedi. – Nöş gəlib çıxmadı?.. 



Əri: 

 –  Gələr... – dedi və  gəlin  ərinin dediyi o bircə  kəlmədə o qədər yorğunluq, o 

qədər özündən inciklik (yəni mən nə atayam ki, üç qızın bir qardaşı oğluma kömək 

eləyə bilmirəm...), o qədər dünyadan narazılıq hiss elədi ki, ərini yaxşı tanıdığı üçün, 

daha səsini çıxarmadı, çünki əri həmişə naəlac olanda, özündən inciyəndə, dünyanın 

işlərindən zinhara gələndə heç nədən dava salırdı. 

O sarı bülbül də nəsə narahat idi, qəfəsin içində özünü o küncə, bu küncə atırdı, 

amma oxumurdu və qoca gözlərini qarşısında oturmuş bu dazbaş kişidən çəkib 

qəfəsin içində vurnuxan bülbülə baxdı, bülbülün o narahatlığı, özünü o küncə, bu 

küncə  çırpması, elə bil, qocaya da sirayət elədi, qoca həyəcanlandı  və birdən-birə 

bərkdən: 

 – Yaşasın yoldaş Bağırov! – dedi. – Mircəfər Abbasoviç! 

Gəlin: 

 – Bağırovun sümükləri çoxdan çürüyüb qəbirdə!.. – dedi. – Necə yaşasın?.. 



Qoca zəndlə gəlininə baxdı və: 

 – Yaşasın yoldaş Stalin! – dedi. – Iosif Vissarionoviç! 

Oğlu: 

 – Adlarını gör nə yaxşı yadında saxlayıb?!.. – dedi, alnını qırışdırdı və başının 



dərisi də  qırış-qırış oldu və elə bil ki, başının dərisinin eləcə  qırışması bu adamın 

gözlərindəki və sözlərindəki yorğunluğu və narazılığı bir daha təsdiq edirdi. 

Qoca təəccüblə otaqdakı bu naməlum adamlara, qızarmış kartof yeyən bu kişiyə, 

ayaq üstə dayanıb təzədən çörək doğrayan bu arvada baxdı, içini bürümüş o həyəcan 

daha da artdı və sözləri daha dəqiq tələffüz edə-edə təzədən: 

 – Yaşasın yoldaş Stalin! – dedi. 

Gəlin: 

 – Ay-hay!.. – dedi. – Stalin qırx ildi ölüb gedib!.. Əvvəlcə movzaleyə qoydular, 



Leninin yanına, sonra da bayquş kimi gecə  xəlvətcə  gəlib movzaleydən çıxarıb 

torpağa basdırdılar! Gorbagor elədilər! O vaxt kim arvadını boşamışdı, indi deyir ki, 

Stalinin üstündə olub! Lenin hələ qalıb movzaleydə... Ordadı hələ... 



 

290


Qoca bütün bu sözlərin hamısını başa düşürdü, amma heç birinə də inanmırdı və 

elə bil ki, bu deyilən sözlərin olub-olmadığını bir daha yoxlamaq üçün: 

 – Mikoyan da ölüb? – soruşdu. – Anastas Ivanoviç? 

Gəlin: 


 – Çoxdan gorbagor olub! – dedi. 

Qoca sidq-ürəkdən: 

 – Ola bilməz! – dedi. 

 – A-a-a!.. Nöş olmur? Stalin ölə bilər, Bağırıov ölə bilər, Mikoyan ölə bilməz? 

– Gəlin, doğrudan da, təəccüb etdi, elə bil yadından çıxartdı ki, qayınatasının 

sözlərinə  təəccüb etmək lazım deyil, sonra həyətdən eşidilən addım səslərindən 

oğlunu tanıdı. – Uşaq gəldi! – dedi. – Ya Allah!.. 

Məlum oldu ki, bu dəfə  oğlanı Azərbaycan Kommunist Partiyası  Mərkəzi 

Komitəsinin binasında oturan rəisin yanına buraxıblar, rəis sənədlərinə baxıb: « – 

Get, sabah gələrsən!» – deyib. 

Anası: 

 – Day heç nə demədi? – soruşdu. 



 – Yox. 

 – Dedi sabah gəl də... 

 – Həri. 

 – Elə-belə nöş deyirdi sabah gəl? Düzələcək Allah qoysa! 

 –  Mən nə bilim? – Oğlan atasının qabağındakı  qızarmış kartofa baxa-baxa 

çiyinlərini çəkdi və udqundu. 

 – Necə «mən nə bilim?» Nöş deyirdi ki, sabah gəl? Düzələcək də!.. 

Gəlin heç oğluna yemək verməmiş elə ev paltarının üstündən tələsik paltosunu 

geydi ki, gedib evlərindən üç tin aşağıda «Qırmızı Oktyabr» yay kinoteatrının 

yanındakı telefon avtomatdan Firuzəyə zəng eləyib əhvalatı desin. 

Və bu vaxt qəfəsin içindəki o sarı bülbül, elə bil, ora-bura vurnuxmaqdan təngə 

gəldi, bunun mənasızlığını başa düşdü, birdən-birə o payız günü səhər tezdən ötdüyü 

kimi, oxumağa başladı və qocaya yenə də elə gəldi ki, bülbülün otağa yayılan səsini 

də saysız-hesabsız xırda qəfəsciklərə salıblar və o xırda qəfəsciklər otaq boyu 

uçuşur, gəlib qocanın boz kostyumuna, hətta, əllərinə, boynuna, üzünə toxunur; qoca 

hiss edirdi ki, bu görümdə nəsə bir tanışlıq var, səslərin beləcə qəfəsciklərə salınıb, 

dustaq edilib uçuşmasını haçansa görüb, amma yadına sala bilmirdi ki, bütün bunlar 

elə bir günün əhvalatlarıdı, bugünkü səhərin, günortanın xatirələridi. Qoca sulanmış 

gözlərini paltar dolabının üstündəki o sarı bülbülə dikdi və baxdıqca da birdən-birə 

gözlərinin qabağına sapsarı yarpaqlar gəldi, qoca yadından çıxartmışdı ki, o sarı 

yarpaqların yüngüllüyünü yenə də hiss etdi, hətta, içindən bir nigarançılıq keçdi ki, 

birdən bir meh ötə bilər və o sarı yarpaqları gözünün qabağından uçurub aparar; bu 

dəm o sapsarı yarpaqlarda qoca üçün bir məhrəmlik, doğmalıq, mehribanlıq var idi. 

Gəlin qayıdıb gəldi və kefi də açıq-aşkar əvvəlkindən yuxarı idi, çünki Firuzə, 

milisioner Əliabbasın arvadı yox, o biri Firuzə çox arxayın danışırdı, elə bil ki, uşaq 

daha düzəlib orda işə. Təki olsun! Kor nə istər, iki göz, biri əyri, biri düz. 

Oğlan: 

 – Ordakı milisənerlərin tapançası var! – dedi. 



Anası: 

 – A-a-a!.. Əlbət ki!.. Sekadı də... – dedi. 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə