278
Elə ki, çəkməçi Ağagül səhər tezdən qapını açıb içəri girdi, yarım kilo ağ çörəyi
mizin üstünə qoydu, Fatma arvadın ürəyi düşdü, elə bil, bir salxım üzümü qayçı ilə
kəsdilər və arvad Ağagülün qıpqırmızı qızarmış gözlərindən başa düşdü ki, Stalin
ölüb. Fatma arvad bütün gecəni yatmamışdı; əvvəlki gecələr həmişə Allaha
yalvarırdı ki, Balaniyazdan bir xəbər gəlsin, Balaniyaz getdiyi yerdən salamat
qayıtsın, amma həmin gecə Balaniyazla birlikdə Stalinçün də Allaha yalvarmışdı,
yalvarmışdı ki, Stalin ölməsin, çünki əgər Stalin də ölsəydi, daha iynənin ucu qədər
də ümid qalmayacaqdı bu dünyada, batacaqdı bu dünya, Aşqabaddan da pis günə
qalacaqdı bu dünya... Və Ağagül çıxıb gedəndən sonra, Fatma arvad eləcə oturduğu
yerdə qaldı, durub çay dəmlədi, mizin üstündəki o yarım kilo ağ çörəyə əl dəymədi
və birdən-birə arvada elə gəldi ki, ömrünü keçirdiyi, əriylə birlikdə iki oğlunu
böyütdüyü bu otaq otaq yox, qəbirdi, bardaş qurub oturduğu palazın üstündən güclə
qalxıb titrəyən ayaqları səndələyə-səndələyə evdən çıxdı, o, səhərçağı çöldə də, elə
bil, azadlıq yox idi, elə bil, nəyləsə hər tərəfi qapamışdılar və gözə görünməyən o
«nəsə» çölü də otağın içi kimi, qəbirə çevirmişdi və Fatma arvad taxta pilləkənin
üstündə oturdu, çoxdan bəri ağlamadığına (ağlaya bilmədiyinə!) görə hönkürtü, elə
bil, birdən-birə qanlı-kədərli bir fəvvarə kimi, püskürüb bütün içindən gəldi, ağlaya-
ağlaya: «–Bəs, necə olacaq? – pıçıldadı. – Ay Allah, bu nə gündü biz düşdük. – dedi.
– O boyda kişiyə necə qıydın, ay Allah?! – dedi. – Baisin evi yıxılsın, bəs, necə
olacaq bundan sonra? – dedi. – Bu yazıq camaat neyniyəcək bundan sonra?..»
* * *
O Sarı hamamın qabağındakı o qoşa tut ağacının çılpaq budaqlarına isə pırıltıyla
sərçələr qonurdu, uçub gedib təzədən qayıdırdı və 1953-cü ilin o soyuq mart səhəri
bizim məhəllədə təkcə o sərçələr heç nəyin fərqində deyildi...
Aprel, 1990.
279
DÜNYANIN BƏXTƏVƏRI
Gəl səninlə həmdəm olaq,
Gəl, dolanaq bağı, bülbül...
Xalq mahnısından
I
Sonra o cümə günü səhər tezdən qocaya yenə elə gəldi ki, qəfəsdə cəh-cəh vuran
o bülbülün səsini də qəfəsə salıblar və o bülbülün səsi də otağa xırdacıq qəfəslərin
içində yayılırdı, bülbül özü qəfəsdə dustaq olduğu kimi, səsi də o xırdacıq qəfəslərin
içində dustaq idi və o kiçicik səsli qəfəslər qovuqcuqlar kimi, bütün evin içində
yüngülcə uçuşurdu və qoca hərdən diksinirdi, elə bil ki, o xırdacıq qəfəslər də sabun
qovuqcuqları kimi, indicə partlayacaqdı, səslər də şüşə kimi sınacaqdı.
Qoca qəfəsdəki o bülbülə qulaq asdıqca, bülbülün səsini də eləcə xırda
qəfəslərdə təsəvvür etdikcə, nigarançılıqla dolu bu hissləri mizin arxasında əyləşmiş
adamlara da söyləmək istəyirdi, amma bir tərəfdən bu adamların kim olduğunu
yadına sala bilmirdi, bir tərəfdən də həmin hissləri, həmin görümləri söz ilə ifadə
eləyə bilmirdi, bilmirdi ki, hansı sözləri tapıb içindəkiləri danışsın və o məqamlarda
qocaya elə gəlirdi ki, həmin hisslər özünün yox, başqa bir adamın hissləridir, başqa
bir adamdır görən, duyan ki, bülbülün səsi də xırda-xırda qəfəsciklərə salınıb otaq
boyu uçuşur.
O darısqal otağın bir küncündə, köhnə paltar dolabının üstündəki o sarı bülbül
isə həmin cümə günü səhər tezdən elə hey ötürdü və bir əlində çaydan, o biri əlində
çaynik, doyunca yata bilmədiyinə görə əsnəyə-əsnəyə və əsnədikcə də gözləri
sulana-sulana mətbəxdən gələn gəlin:
– Buna nolub, ağəz, bu gün belənçinə? – dedi və hələ rəhmətlik ana babasından
qalma girdə mizin arasında qızları, oğlu, əri və qayınatası üçün böyük stəkanlarda
bir-bir çay tökməyə başladı:
– Dünya vecinə döyül də!.. – Bunu həmişə dünyadan şikayətli olan əri dedi və
get-gedə daha da zəif gördüyü üçün qolunu lap gözlərinin qabağına gətirib hələ
məktəbi bitirəndə – Allah bilir, neçə illər bundan əvvəl! – atasının, yəni indi mizin
arxasında əyləşmiş bu qocanın hədiyyə aldığı saata baxdı, çayı qabağına çəkdi,
stəkanın içinə qənd saldı və qaşıqla qarışdıra-qarışdıra pendir-çörəkdən dişlədi. –
Bülbül olmağa nə var e?!
– Hə, bülbül olasan, amma qəfəsdə olmayasan! – Bunu da qoca dedi və qocanın
sözləri o darısqal otaqda o qədər gözlənilməz səsləndi ki, hətta, qızlar da
ağızlarındakı quru pendir-çörəyi çeynəmələrinə ara verib mat-mat babalarına baxdı
və qocanın özünə də elə gəldi ki, bu gözəl kəlamı kimsə, bir başqası dedi, amma kim
dedi? – mizin arxasında tanımadığı bu adamlar idi, bir də özü idi; qoca bir-bir və
diqqətlə bu adamlara baxdı.
O sarı bülbülün xırdacıq qəfəslərə salınmış səsi sabun qovuqcuqları kimi, bütün
otaq boyu elə hey uçuşurdu və qoca gözlərini mizin arxasında oturmuş bu
adamlardan çəkib yenə bir müddət qəfəsdəki bülbülün qəfəslərə də salınmış səsinə
qulaq asdı, sonra soruşdu:
– Mən bu gün getdim ayaqyoluna?
280
Oğlu ağzı yana-yana qaynar çaydan bir qurtum içib alnını qırışdırdı və bu adam
tez-tez alnını qırışdırdıqca saçı tamam tökülmüş başının dərisi də yığılıb qırış-qırış
olurdu və həmin məqamlarda elə bil ki, onun başı da dünyadan şikayət edirdi;
atasına yanpörtü nəzər salıb:
– Mən nə bilim? – dedi. – Getmək istəyirsən, yenə get də! Uzaqda döyül ki,
həyətdədi də!
– Bilirəm də, yolunu bilmirəm bəyəm? – Qoca bu sözləri deyib, həmişəki kimi,
höcətləşməyə hazırlaşdı, amma yadından çıxartdı ki, oranın yolunu bilir, yəni
yadından çıxartdı ki, söhbət nədən gedir, sonra yenə o sarı bülbülün xırdacıq
qəfəslərə salınmış səsi onu çox uzaqlara aparmaq istəyirdi, özüylə qədim zamanlara
çəkirdi, qoca bunu hiss edirdi, amma nə qədər fikrini toplayırdısa da, çalışırdısa da,
o uzaqlara, o qədimlərə gedə bilmirdi: o uzaqlarda, o qədimlərdə hansı bir xatirəsə
qocanı gözləyirdi, hətta, qoca o xatirənin xoş, mülayim nəfəsini duyurdu, amma
vəssalam! – bundan o tərəfə getmək mümkün deyildi; sonra qoca diqqətlə
qabağındakı çaya, pendirə, çörəyə baxdı, sonra daha artıq bir diqqətlə mizin
arxasındakı o biri adamların qabağındakı çaya, pendirə, çörəyə baxdı ki, görsün
hamısı eynidi, yoxsa yox? – Hamısı eyni idi: həmin çörək, həmin pendir, həmin çay
– qoca sifətini turşutdu və səsi də həmişəkindən cır səsləndi: – Yenə pendir-çörək?
Bu gün pendir-çörək, dünən pendir-çörək, həmişə pendir-çörək!.. Niyə pendir-
çörək?.. Həmişə pendir-çörək...
Oğlu yenə qolunu gözünə yaxınlaşdırıb saatına baxa-baxa və isti çayı içib
qurtara-qurtara dedi:
– Sonra da deyirik ki, yaddaşı qalmayıb bunun! Elə yaxşı qalıb ki!.. Gör nə bilir
ki, dünən də pendir-çörəyidi, o biri gün də pendir-çörəyidi!..
Gəlin:
– Yaxçı!.. – dedi. – Başlama səhər-səhər!..
O darısqal otaqdakı köhnə girdə mizin (bu miz gəlinin vaxtıyla atası evindən
gətirdiyi cehiz idi, əslində isə, bunu anası özüylə cehiz gətirmişdi) arxasında bu
ailənin bütün üzvləri, yəni qoca, oğlu, gəlini və oğlu ilə gəlinin övladları: əsgərliyi
təzəcə qurtarıb gəlmiş və Tarix Institutunda kuryer işləyən böyük oğlan, texnikumda
dərzilik oxuyan böyük qız, yəni ikinci uşaq, altıncı sinifdə oxuyan ortancıl qız
əyləşmişdi. Hamı pendir-çörək yeyirdi, heç kim danışmırdı və qocanın dediklərini
də – təkcə o gözlənilməz bülbül söhbətindən başqa! – elə bil ki, təkcə oğlu eşidirdi;
o köhnə paltar dolabının üstündəki o sarı bülbül də həmin payız günü səhərin gözü
açılmamış oxu ki, oxuyurdu.
Qoca:
– Yağ da yoxdu!.. – dedi.
Oğlu yerində qurcalanıb yenə nəsə demək istədi, amma gəlin əli ilə ərinin
çiynindən basdı, yəni ki, işin olmasın və sakit çörəyini ye.
Qoca:
– Dünən də yağ yox idi!.. – dedi. – Yağ vermirsiz mənə!..
Bu dəfə gəlin cavab verdi, gülümsəyib:
– A-a-a... – dedi. – Kimə yağ verirəm ki, sənə vermirəm?..
Qoca isə, gəlinin sözlərinin fərqinə varmadan qüssə ilə qarşısındakı pendirə,
çörəyə baxa-baxa təkrar etdi:
– Yağ da yoxdu!..
Dostları ilə paylaş: |