307
Hər tərəfi bürümüş sevinc və alqış içində təkcə bir nəfər burnunu sallayıb
dilxor-dilxor addımlayırdı və o bir nəfər mən idim, əlimdə də etiraz plakatı
tutmuşdum və yaxşı ki, bu ucsuz-bucaqsız izdihamın başı məhəbbət alqışlarına elə
qarışmışdı ki, plakatdakı o yazıları oxumurdular, yoxsa işlər şuluq olacaqdı, cəzam
məhkəməsiz verəcəkdilər, amma mən bundan qorxmurdum və mətanətlə addımlaya-
addımlaya dilxorçuluğuma baxmayaraq, taxta dəstəyindən yapışdığım plakatı
keçmiş SSRI-nin bayrağı kimi uca tutmuşdum. Həmin plakatda yazılmışdı:
Sevgiyə nifrət! Sevgi – qayğıdır, sevgi – rahatsızlıqdır, məsuliyyətdir. Mən isə, rahat
yaşamaq istəyirəm!
Mən dalğalanan, təlatümlü qarışqa ordusu içində ağappaq bir böcəyə
bənzəyirdim, amma... yaşasın demokratiya!
Məhəbbət mühafizəçiləri bir də işə o zaman qarışmalı oldular ki, mənim tanışım
keçmiş kommunist və Lenin mükafatı laureatı dramaturq da tribunaya yaxınlaşarkən
dırmaşıb həmin tribunaya qalxmaq, oradakı məhəbbət rəhbərləri ilə bərabər sadə
nümayişçiləri salamlamaq istədi, amma nə qədər çığır-bağır saldısa da, buna haqqı
olduğunu dedisə də, tələb etdisə də, Azərbaycanda bu dramaturqu yaxşı
tanımadıqları, heç bir əsərini səhnəyə qoymadıqları üçün məhəbbət mühafizəçiləri
buna imkan vermədilər.
Məndən bir az aralıda, izdihamla bərabər, asta-asta hərəkət edən açıq yük
avtomobilinin üstündəki səyyar mətbəxdə almanların nəhəng pivə çəlləyinə
bənzəyən və ağ xələt geymiş, başına uzun papaq qoymuş şişman bir aşpaz elektrik
plitəsinə tava qoyub cız-cız cızıldayan zeytun yağında spermadan amlet bişirirdi və
həmin iri amleti taxta dəstəkli dəmir tavada atıb tuta-tuta tribunadakı məhəbbət
liderlərini alqışlayırdı...
bu nə görüm idi belə?
bilmirəm...
sən necə?..
Hələ universitetdə tələbə ikən, o vaxtlar ki, Şekspirə aludə olmuşdum və onu
dönə-dönə oxuyurdum, beynimə bir fikir girmişdi və otuz ildən sonra onu yenidən
(niyə?) xatırladım: məhəbbət – qatildir, Yaqo o dərəcədə sevməsəydi, Otello
Dezdemonanı öldürməzdi...
bunu indi niyə yazıram və ümumiyyətlə, mənə nə olub? bir tərəfdən də o səfeh
görüm... o şişman aşpaz...
* * *
Bir dəfə sən mənə demişdin, sonra da yazmışdın ki, balkonları çox sevirsən.
Indi, mənə bax də, sənin yanında olmaq, səni sevmək və dünyanın o gözəl
balkonlarında səni qucaqlayıb öpmək əvəzinə, Bakının bu istisində tək oturub sənin
üçün yazı yazıram...
Idiotizm.
* * *
308
Bilirəm, sən bu yazını oxuyacaqsan, ona görə də içimdə olan və bu yazının
səhifələrinə can atan çox şeyi yazmıram (adını yazıçı qoyub, ömrü boyu sovet
senzurasının əleyhinə olan və ondan şikayət edən, ona qarşı mübarizə aparan bir
qələmçinin aqibətinə bax ki, indi özü öz içində senzura yaradır!), amma birini
yazacağam, çünki onu yazmaya bilmirəm. Mən bilirdim ki, o – sənin anan – ölümcül
xəstədi, o günlər çox vaxt səhər yerimdən qalxanda onu xatırlayırdım və hər dəfə də
bütün halım dəyişirdi. Kimsə mənə demişdi ki, o – sənin anan – kənar adamların
gəlib onu yoluxmağını istəmir, istəmir ki, gələnlər xəstəliyin onu nə kökə saldığını
görsünlər və mən o günlərdə çox zaman səhər yerimdən qalxanda onu elə o
vəziyyətdə görürdüm, yəni xəstəliyin onun sifətini necə dəyişdiyini, nə günə
saldığını görürdüm. Mən onun özünü görməmişdim, amma onun o görkəmi mənim
gözlərimin qabağındaydı. Və o gün ki, onun ölüm xəbərini eşitdim, o gün – indiki
kimi, yadımdadı – Yazıçılar Ittifaqının dəvətilə Zaqrebdən gəlmiş bir tərcüməçi
dostumla (qələm və badə dostumla) və bir-neçə başqasıyla, elə bil ki, dünyada heç
nə olmayıbmış kimi, Buzovna qayalıqlarına gedib dünəndən sözləşdiyimiz kimi,
«kapotüstü» elədik, yəni maşının kapotunun üstünə araq, çaxır, yeməli şeylər, o
cümlədən, zaqrebli dostumuzun Bakıya gəldiyi gündən, fürsət düşdükcə, müftə
təpişdirdiyi qara kürü düzüb gecəynən badə dostluğumuzu ən yüksək mərtəbəyə
qaldırdıq...
... yox, mən dəhşətli bir məxluq deyiləm, amma... olanı budu və mən də
buyam...
Və istəyirəm ki, sevimli insan, sən də bunu biləsən.
* * *
Insanlar öləndən sonra onların ruhu qalır, bəs, çiçəklərin, güllərin?
* * *
«– Bizim Bakıdakı yoldaş...»– bunu söz düşəndə sən dedin, o yoldaş da özünü
doğrultmayan sosializm sistemindən bazar iqtisadiyyatına keçdiyimiz vaxt işləri
yaxşı gedən Bakı firmalarından birinin başçısı idi, indi Bakıda idi və Istanbuldakı
səndən xəbəri yox idi, hər halda, yüz faiz dəqiqi bu idi ki, o bədbəxt «Pera
Palas»dakı o otaqdan, o otaqdakı qırmızı qərənfil güllərindən tam xəbərsiz idi və
mən onu əvvəllər üç-dörd dəfə görmüşdüm, amma onun sifətini heç cürə gözümün
qabağına gətirə bilmirdim və indi də Yusif Borşla birlikdə bu gözəl «Çiçək pasaj»da
oturub pivə içə-içə nə qədər eləyirdim, o «bizim Bakıdakı yoldaşın» sifətini
gözümün qabağına gətirə bilmirdim və fikrimi, zehnimi gücə saldıqca, «bizim
Bakıdakı o yoldaşın» əvəzinə dünyanın bütün boz pencəkləri, boz ayaqqabıları, boz
əşyaları gəlib gözümün qabağından keçirdi və mən onun qarşısında heç bir vicdan
əzabı çəkmirdim.
Mənim üçün o bozluqdan böyük bəraət ola bilməz.
Amma o, haçansa məni öldürsə, yəqin ki, onun bəraəti mənimkindən artıq olar...
* * *