304
Məni gülmək tutdu – hərdən belə gic gülməyim var və bu gic gülüş bəzən
adamları (elə mənim özümü də!) çaşbaş salır.
– Bir türk balet rəqqası. O da «Pera Palas»da yaşamış.
– Nə interasan!..
– Sonra SPID-dən öldü.
– Nə acı!
Əlbəttə, bu dəm Rudolf Nuriyevin kim olduğu, harada yaşadığı və nədən öldüyü
əziz və mehriban Yusif bəyin vecinə deyildi və əslində, heç mənim də vecimə
deyildi ki, bədbəxt Rudolf Nuriyev haçan ölüb, nədən ölüb? – milyard-milyard
insanlar kimi, o da gəlib bu dünyaya, bizə məlum olmayan missiyasını yerinə yetirib
(rəqqas kimi yox, məxluq kimi) və köçüb gedib haqq dünyasına.
* * *
Hamı, yəni məni tanıyanlar, oxuyanlar və oxumayıb özünü oxuyan kimi
göstərənlər elə bilir ki, mən nasirəm, amma heç kim bilmir ki...
...onda, bəs, sən niyə bunu bilməlisən? qəribədi... ümumiyyətlə, bu yazını
yazdıqca hərdən özümə mat qalıram...
...əslində mən vecsiz və uğursuz bir şairəm, tez-tez taxta kimi taq-taq
taqqıldayan səfeh şerlər yazıram və nəinki yazıram, hətta bu farmazon quraşdırmalar
yaddaşıma da hopur və tamam gözlənilmədən, mətləbə dəxli olmadan, birdən-birə
yadıma düşür, beynim, elə bil ki, printerdir, sətirlər dümdüz xətlə və dəqiq hərflərlə
beynimdən keçir. Bax, indi də bu «Çiçək pasaj»da sayın dostum Yusif bəyə baxa-
baxa o misilsiz sənət nümunələrindən biri fikrimdən keçdi:
dünyanın ən böyük dərdi tək
bir avtomobil səsi
gecə sakitliyini pozub
evimin içində zarıdı (?)
tavandan
gecənin zülməti tək
qapqara qan damcıları damdı
bütün yer
qapqara qanla doldu
mazut kimi qatı qan
qalxdı
çarpayımı da aldı
məni də aldı
laxtalandı
jeleyə döndü
sonra dondu
mən də içində cansız.
* * *
Sən vəzifəli bir xanım (vəzifəli gözəl bir xanım! yaşasın gənc və müstəqil və
sevimli Azərbaycan dövlətimiz!).
Mən isə vəzifəsiz bir yazıçı.
Amma bir vəzifə var ki, bu gənc və müstəqil və sevimli dövlətimizdə mən onu
çox arzulayıram.
305
Mən çox arzulayıram ki, məni «SEVGI MƏHKUMU (yaxud «SEVMƏYI
BACARAN», ya «SEVMƏLISƏN») vəzifəsinə təyin etsinlər və bu, elə ciddi bir
təyinat olsun ki, mənim qaçıb aradan çıxmağa, canımı qurtarmağa heç bir imkanım
olmasın.
Amma kimdi məni o vəzifəyə təyin edən?!
* * *
Və «Pera Palas»ın o birotaqlı (ikinəfərlik çarpayılı!) nömrəsində isə məni
qırmızı qərənfil gülləri gözləyirdi və mən qəribə bir hiss keçirirdim: o təzə, o zərif,
incə qırmızı qərənfil gülləri elə bil ki, bu əbləh dünyaya gəldiyim gündən bəri balaca
və vəfalı bir it kimi, mənə alışmış, məni istəyən bir məxluq kimi yolumu gözləyir,
geri qayıtmağıma tələsir, o otel otağının sükutu və müvəqqətiliyi içində elə bilir ki,
mən gələndən sonra bütün işləri yaxşı olacaq (daha bilmir ki, fərqi yoxdu, onsuz da,
saralıb solacaq, büzüşüb quruyacaq və otel xidmətçisi aparıb onu zibil qutusuna
atacaq...)
...Tamara, o qırmızı qərənfillərdən oxu...
Düzdü, o incə, təmiz qırmızı qərənfil gülləri ilə sənin o eybəcər, bədheybət
(amma, vallah, çox gözəl!...) səsin arasında elə bir uzaqlıq var ki, bu uzaqlıq mənim
əlçatmaz, ünyetməz bir keçmişdə – hamının məni sevdiyi, əzizlədiyi bir keçmişdə
qalmış uşaqlıq çağlarımla, indi bu alkoqolik (görmürsən rakını qaldıranda əlləri necə
əsir?!) Yusif Borşla «Çiçək pasaj»da oturub, tənbəl-tənbəl ora-bura gəzişən iri, tox
və piylənmiş pişiklərə baxa-baxa sənin, Tamara, o dəhşətli dərəcədə eybəcər (və
gözəl! billah, gözəl!...) səsinə qulaq asdığım bu dəqiqələr arasındakı məsafəyə
bərabərdi.
Bəli, belədi, amma sən, Tamara, buna fikir vermə, o qırmızı qərənfil güllərindən
oxu, o zaman bəlkə sənin, Tamara, səsin də öz cinsinə qayıtdı, insan səsi, qadın səsi
oldu,.. amma yox... yəqin sən, Tamara, daha bunu istəmirsən (deyəsən heç mən də
bunu istəmirəm...).
Və şübhəsiz ki, bu dəm «Çiçək pasaj»da məsgən salmış bu əhli-qələm, əhli-
fırça, nə bilim, əhli-«sinema» da və boş qalmış yerləri zəbt etmiş turistlər də (Aya
Sofiyadan sonra bu piyli pişiklər qalereyası!) bunu istəmirdi.
Tamaranın, aydın məsələdir ki, mənim bu fəlsəfi düşüncələrimdən xəbəri yox
idi və yorulmaq bilməyən bu şişman sənətkar boğazını yırta-yırta, köhnə
akkardeonunun da olan-qalan canını ala-ala Yusif bəyi məhv etməklə məşğul idi:
Yusif, beni al!..
Vefalı ollam sana...
Onsuz da, he-e-e-ey...
Bakan yok bana!..
306
O qırmızı qərənfil gülləri indi o boş otaqda, televizorun üstündəki o güldanda
qaranlıq içində və tənha idi, onların yetmiş il bundan qabaq Londondan qaçıb gəlib o
411-ci nömrədə «Cənub qatarında qətl»i yazan (dünyada yazı-pozudan da axmaq və
mənasız bir şey varmı? – özün özünü aldadırsan, bu azmış kimi, camaatı da
aldadırsan... bu da mənim sənin yaşın qədər yazı-pozu əzab-əziyyətlərindən sonra
gəldiyim nəticə! nəhayət ki, lap son zamanlarda daha birdəfəlik başa düşdüyüm
həqiqət!) Aqata Kristidən də xəbəri yox idi, təbii ki, qırmızı qərənfil güllərinin
səndən, Yusif bəy əfəndi, səndən, gözəl Tamara, sizlərdən, ey yer üzünün kök,
tənbəl pişikləri, sizdən xəbəri yox idi...
... və sonra...
... bu fikirlərin (fikirləşmələrin!) özü mənə o dərəcədə əbləh və mənasız göründü
ki, öz-özümə dedim: əfəndim, canım-gözüm, sevimli sultanım, sən özünü ələ
salmısan, yoxsa, bu səfalı dünyanın gül-çiçəklərini?
* * *
Qəribədi, mən heç cürə səni ağlayan təsəvvür edə bilmirəm...
* * *
Doğurdan da, hərgah bizdən sonra kainatda trilyon illərlə vaxt, zaman
keçəcəksə, o qədər illərin müqabilində indi bizim oturub roman yazmaqla məşğul
olmağımızdan da mənasız bir iş varmı?
Romanları yaşamaq lazımdı, yazmaq yox – bu sözləri mən özümə deyirəm,
yoxsa sən mənə deyirsən?
Doğurdan da, Istanbul romanlar şəhəridi (Bakı da!)...
* * *
Gözümün qabağına bir görüm gəlir...
Şərəfsiz bir süquta varmış SSRI zamanı 7 Noyabrda, yaxud 1 Mayda Bakının
keçmiş Lenin meydanında, Leninin nəhəng heykəlinin altındakı daş tribunada
dayanmış Azərbaycan Kommunist Partiyasının və hökumətin rəhbərləri izdihamlı
nümayiş qəbul etdikləri kimi, indi də məşhur məhəbbət fədailəri Leyli və Məcnun,
Romeo və Cülyetta, Fərhad və Şirin, Əsli və Kərəm, Ruslan və Lyudmila, Anna
Karenina və Emma Bovari, hətta Karmen ilə Xose izdihamlı sevgi nümayişi qəbul
edirdilər və Leninin o nəhəng heykəlinin əvəzində, əlində oxu gərilib şikar axtaran
yay tutmuş Amurun heykəli idi.
Sadə aşiq və məşuq kütlələri, gələcəkdə aşiq və məşuq olmaq istəyənlər çılğın
bir ehtiras və şövq ilə, gur bir izdihamla tribunanın qabağından keçirdilər və həmin
tribunadan onlara əl eləyən görkəmli məhəbbət xadimlərini hərarətlə salamlayırdılar.
Mənim tanışım keçmiş kommunist (indi o görkəmli demokrat idi) və Lenin
mükafatı laureatı dramaturq da onların arasında idi. Əllərində gül-çiçək tutmuş
böyük və rəngarəng bir fahişə dəstəsi də tribunanın qabağından keçmək istəyirdi,
amma məhəbbət mühafizəçiləri onları meydana buraxmırdı, çünki demokratiya,
əlbəttə, anarxiya demək deyil.
Dostları ilə paylaş: |