294
Mənsiz necə keçir günün, nə bilim,
bu yolu, gedim ya dönüm, nə bilim?
Yaşayım, nə bilim, ölüm, nə bilim?
Ağlımı başımdan alırsan hərdən,
sənin ürəyindən nə keçir, görən?
Deyirdin, özünə bağla könlümü,
deyirdin, əmanət saxla könlümü.
...İndi ha əzizlə, ağla könlümü,
bu sınıq qəlbimdə söz pərən-pərən,
sənin ürəyindən nə keçir, görən?
Bu solmuş bağçamın gülünü neynim,
bu sönmüş ocağın külünü neynim?
Sevgilim, çəkməyim zülmünü, neynim?
Sənli günlərimdir sənsiz xatirən,
sənin ürəyindən nə keçir, görən,
sənin ürəyindən nə keçir, görən?
BƏSİMDİR
Bu dünyadan yox bir qeyri təmənnam,
bahar vaxtı gül töhfəsi bəsimdir.
Şəlalənin istəyinə heyranam,
bulaqların zümzüməsi bəsimdir.
Ömür keçir, ay dəyişkən, il qısa,
nə gözəldir, göz danışa, dil susa.
Əgər sənin ürəyində varamsa,
köynəyinin titrəməsi bəsimdir.
Səni deyib yaşamışam hər zaman,
bu sevdada mən bir damla, sən ümman.
Bu ümmanda səbrim ilə oynayan
dalğaların kükrəməsi bəsimdir.
295
Məhəbbətsiz keçən ömür boş, hədər,
min illərdir oda yanır Səməndər.
Sevgi yolu şəhadətmiş, sərasər,
məni şəhid eyləməsi bəsimdir.
Yoxluğumu eşidəndə bir səhər,
hücum çəkər üzərinə qəm, kədər.
Gülüm, səni incitməsin bu qəhər,
göz yaşının bir damlası bəsimdir.
QƏŞƏNGİM
Əli Baxış musiqi bəstələmişdir.
Hər dəfə qəlbimi yandırıb-yaxar,
dilindən hər qopan sözün, qəşəngim.
Özümü özümə ögey sanıram,
dəyməsə gözümə gözün, qəşəngim.
Zərif bir çiçəksən güllər içində,
gözəlsən, mələksən ellər içində,
Bir azmış qayığam sellər içində,
məndə qalmayıbdı dözüm, qəşəngim.
Mənə havadan da, çörəkdən də çox,
arzudan, istəkdən, diləkdən də çox,
eşqinlə döyünən ürəkdən də çox
sən özün gərəksən, özün, qəşəngim.
Bilirəm, başqadır təbiətin də,
fikrin də, hökmün də, qətiyyətin də.
Durub gözlərimin səltənətində,
kəsir ümidimi zülmün, qəşəngim.
296
YAR MƏNƏ GÖNDƏRİB ÜÇ ALMA
Eyni adlı xalq mahnısının motivləri əsasında
Yar mənə göndərib üç alma,
almanı zərf kimi mən allam.
Alma yanaqlı o dilbərin
gündə yüz yol qurbanı ollam.
O mənim ürəyim, nəfəsim,
sevdiyim, yaşamaq həvəsim.
Yox daha gözümdə qadağa,
qanadım çatmır bir uçmağa.
Almanı yazacan saxlaram,
ətirli çiçəktək qoxlaram.
Alıbdı ağlımı başımdan,
gedərəm, əhd-peyman bağlaram.
Yar mənə göstərib iltifat,
yox bundan qiymətli mükafat.
Yığılsın başıma dostlarım,
quraram bu bahar toy-büsat.
OXU, ƏZİZİM
Sən gərək sevgilim olaydın mənim,
ömür də bir şirin yuxu, əzizim.
Hər dəfə qol-qola girib gəzəndə
həsədlə baxaydı çoxu, əzizim.
Bülbültək cəh-cəhlə gələndə vəcdə,
hər şaqraq zəngulən mənə bir müjdə.
Öpüb əllərindən edəydim səcdə,
belə əhd etmişdim, axı, əzizim.
297
Sanırdım bu ülvi, şirin arzular
könlümdə gül açar əbədiyaşar.
Bilməzdim ruhumda tufan qoparar
amansız fələyin oxu, əzizim.
Mən ki dərd çəkməyə etmişəm adət,
bu yolda verdiyin əzab-səadət.
Ancaq sənsizlikdən yaranan xiffət
qəlbimi yandırıb-yaxır, əzizim.
Yəqin, qovuşmarıq bir daha, heyhat,
yaş bizi qovmada saatbasaat.
Barı səsin olsun mənə mükafat,
oxu, canım-gözüm, oxu, əzizim.
GÖZLƏRİNƏ QURBAN OLUM
Zamiq Əliyev musiqi bəstələmişdir.
Gözlərinə baxıb azdım,
gözlərinə qurban olum.
Onlara bir şeir yazdım,
sözlərinə qurban olum.
Ağ buxağı, şəkər dili,
yanağından öpür teli.
Tək gözümü sevilməli?
yüz yerinə qurban olum.
Neçə qəlbi üzüb gəlmiş,
neçə məsti süzüb gəlmiş,
Ürəyimi gəzib gəlmiş,
izlərinə qurban olum.
298
O dərya göz, o qövsü-qaş
bəd nəzərə gəlməyə kaş.
İnciməsin, qoy yar-yoldaş,
dərd-sərinə qurban olum.
Dövran onun indən belə,
qurbanlığı çoxdur hələ.
Allah, mən də o gözələ
öz yerimə qurban olum.
Üzü düzün tər çiçəyi,
dodaqları gül ləçəyi.
Kim olacaq seçəcəyi?
düz rəyinə qurban olum.
O xülyada, mən qəmində,
bir damlayam əzəmində.
Dünya onun gözlərində -
gözlərinə qurban olum
QAYIT MƏNİ QINAMAĞA
Nə biləydim bir gün sənsiz qalaram,
gedəcəksən əlçatmaza, əzizim.
Sənsiz mənə çörək haram, su haram,
qabağımda yüz qadağa, əzizim.
Ətrin hələ divarlardan getməyib,
nə səliqən, nə səhmanın itməyib.
Ayaq səsin dəhlizlərdən ötməyib,
dözmək olmur bu sınağa, əzizim.
299
Nə şirinmiş o şıltaqlıq, o küsü,
kaş qayıda o günlərin ən pisi.
Qapısını açacaqsa özgəsi,
necə girim o otağa, əzizim.
Daha sənə əl yetişməz, ün yetməz,
gözlərimdən yaş tükənməz, qəm itməz.
Nə gözlərin, nə yaddaşın bəs etməz
indi məni tanımağa, əzizim.
Səndən sonra bir gözəldə gözüm yox,
quruyubdur dilim-ağzım, sözüm yox.
Nə cismimdə, nə ruhumda dözüm yox,
qayıt məni qınamağa, əzizim.
Dözmək olmur bu sınağa, əzizim.
KÖNÜL
Heç yetdinmi vüsalına,
əzabından yanan könül?
Yar adlayan yerlərə də
baxdın heyran-heyran, könül.
Ayrılıq əydi qəddini,
kimsə bilmədi dərdini.
Çəkdin bir gül həsrətini,
qismətinmiş hicran, könül.
Bilir dərdə həyan aşiq,
ölməz qəlbən duyan aşiq.
Varsa eşqdən doyan aşiq,
qoy oxunsun meydan, könül.
Dostları ilə paylaş: |