Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə65/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   61   62   63   64   65   66   67   68   ...   78

 
323 
GÜL AÇMAYAN BƏNÖVŞƏ 
 
Əcəb şirin günlər idi, deyib gülürdük, 
bir doğmalıq, istək vardı bu ünsiyyətdə. 
Çox vaxt elə bu ruh ilə işə gəlirdik, 
görüşürdük, ayrılırdıq səmimiyyətlə. 
 
Bir gün mənə bir dibçəkdə gül bağışladın, 
–  Bənövşədir, yaz gələndə açacaq-dedin. 
Doldu həm də o qış günü qəlbimə odun, 
–  Ovqatıma o gül işıq saçacaq-dedim. 
 
Qoydum onu məhəbbətlə, nəvaziş ilə 
otağıma, işıq düşən, gün tutan yerdə. 
Düşündüm ki, o gül bəlkə səbəbdir elə
ona görə otağıma gələrsən hərdən. 
 
Xəyalımda gülə sevgi, sənə ehtiram, 
çalışırdım qoruyam bu zəriflikləri. 
Düşünürdüm bənövşəmiz gül açan zaman 
muştuluqla çatdıraram bu şad xəbəri. 
 
Gözlərimin önündədi hər gün, hər saat, 
bülbül kimi havasına ötürəm dil-dil. 
Mənim kobud əllərimdən açılmır, heyhat 
sənin zərif əllərinə möhtacdır o gül. 
 
Bəsləyirəm o fidanı düz iki ildir
hər gün qayğı göstərirəm, böyümür yenə. 
Nə sən gəlib yoluxursan məni arabir, 
nə bənövşə yaz gələndə gül açır mənə. 
 
Təzadlarla dolu imiş ömrün hər anı, 
demə, qəfil gedibsənmiş, mən də xəbərsiz. 
Xəyalınla üzbəsurət dururam hər gün, 
hopub mənim gözlərimə o gülümsər üz. 


 
324
 
Bəlkə deyə bilmədiyin söz idi o gül, 
bir pünhanlıq soyuğundan solur haçandır? 
Bəlkə elə həmin sirrin özüdü o gül, 
gəl ki, bizi nəfəsinlə, istinlə yandır! 
 
Bəlkə çıxıb getdiyinçün açılmır o da, 
bəlkə onu bilərəkdən vermisən mənə. 
Bəlkə, bəlkə..., əcəb məni salmısan oda, 
gəlsən dünya dağılmaz ki, bir görünsənə? 
 
Ayrılığa köklənibmiş, demə ovqatın, 
həsrət, kədər rəmzi imiş verdiyin gül də. 
Ürəyimdə, gör, nə qədər duyğu oyatdın, 
neçə xiffət yaşamışam bu iki ildə. 
 
Nə deyirəm, getdiyin yol xeyirə qənşər, 
tutduğun iş ürəyincə, kamınca olsun. 
Təki, yeni görüşdüyün o insan sənə 
daha artıq istək ilə meylini salsın.  
 
 
 
MƏN SƏNİNLƏYƏM 
 
Xumar Qədimova musiqi bəstələmişdir. 
 
Mənə təkliyindən söhbət açma gəl, 
dərdimi dərdinlə heç artırma gəl. 
Azmı taleyindən narazı olan, 
həyatdan qəlbini belə qırma gəl. 
 
Gülümsər baxışın misraya gəlməz, 
ağlasan, gözündə yaş da gözəldir. 
Bu hikmət nədədir, hər naşı bilməz, 
duyan ürəklərə daş da gözəldir. 
 


 
325 
Demirəm qəm, kədər qalıb uzaqda, 
dağın da dağ boyda bir qəmi vardır. 
Ancaq çöldə bitən tək ağaca da, 
tək demə, onun da həmdəmi vardır. 
 
Heçdən gəlib ötmür heç bircə an da, 
hər anın özünün hikməti vardır. 
Zərrə də əksini tapır həyatda, 
dünyanın əbədi vəhdəti vardır. 
 
Kədərli anında xəyala dal ki, 
gəlib xəyalında səni dinləyəm. 
Gülüm, birdəfəlik arxayın ol ki, 
hər yerdə, hər zaman mən səninləyəm. 
 
 
 
GÖRMƏYƏCƏKSƏN 
 
Eyni adlı mahnı mətninin  
müəllifi N.Kəsəmənliyə 
 
Bəlkə aradığın təskinlik budur, 
mənim göz yaşımı görməyəcəksən? 
Bəlkə, ümid dolu nikbinlik budur, 
mənim göz yaşımı görməyəcəksən? 
 
Bəlkə heç ürəkdən gülməzsən daha
özünü qayğısız bilməzsən daha? 
Nə yaxşı, görüşə gəlməzsən daha, 
mənim göz yaşımı görməyəcəksən. 
 
Keçdiyin yerləri gəzib ağlaram, 
bu tənha həyatdan bezib ağlaram. 
Hər gün sənsizliyə dözüb ağlaram, 
mənim göz yaşımı görməyəcəksən. 
 


 
326
Nə yaman sınağa çəkirsən məni, 
boğur  qəhər məni, üzür qəm məni. 
İndi göz yaşımdır isidən məni, 
mənim göz yaşımı görməyəcəksən. 
 
Mən bir cür yazığam, sən bir cür yazıq, 
bizik bəxti dönük, taleyi pozuq. 
Bu gizli sevdanı aşkar uduzduq, 
mənim göz yaşımı görməyəcəksən.  
 
 
 
QURBANIN OLARAM 
 
Mən daha özümdə deyiləm, 
qalmışam taleyin əlində. 
Bir şirin yuxutək yaşarsan 
günümdə, ayımda, ilimdə. 
 
Ay mənim qəlbimin hakimi, 
görün bir Gün kimi, Ay kimi. 
Əlacsız xəstənin həkimi 
nə olar, yanına gələndə? 
 
Heyf o günlərə, qayıtmaz, 
ürəyim onları unutmaz. 
Hıçqırtım baxtımı ayıltmaz 
dərdimi içimdə böləndə. 
 
Nə olar, bircə yol çaşasan, 
büsbütün sədləri aşasan. 
Bir kərə çıx məni başa sən, 
onsuz da gələrsən öləndə. 
 
Mən sənsiz bir aham, qubaram, 
qəlbinə, gözünə dolaram. 
Yenidən qurbanın olaram 
sən mənim dərdimi biləndə. 


 
327 
BU QƏDƏR ÖYRƏTMƏ ÖZÜNƏ MƏNİ 
 
Ustad Musa Yaquba məhəbbətlə 
 
Bu alın yazısı, yoxsa təsadüf, 
çıxdın qabağıma yanar şam kimi. 
Şirin təbəssümlə, süzgün baxışla 
girdin ürəyimə ən doğmam kimi. 
 
Yaman alışdırdın özünə məni, 
qayğılı səsinə, sözünə məni. 
Allahım, bu nədir, hörmət ya diqqət, 
beləmi yaranır mehr – məhəbbət? 
 
Ötəri hissdirsə, qayıt bu yoldan, 
qoyma əyilməyə önündə məni. 
Çaşıb şən anınçün, xoş ovqatınçün 
sındırma bir adi günündə məni. 
 
Sən mənim duyğumda bir müqəddəslik, 
sən mənim qəlbimdə sədaqət rəmzi. 
Bəlkə bir pərdəyə köklənmiş səsik, 
bəlkə qovuşdurur Yaradan bizi? 
 
Bəzən az qalır ki, söyləyim – «getmə», 
güzgü tək qəlbinə, gözünə məni. 
Sən Allah, bu qədər doğmalıq etmə, 
sən Allah, öyrətmə özünə məni. 
 
Ruhən izləyirəm səni hər zaman, 
hərdən yanımdasan, hərdən uzaqsan. 
İndi öz-özümdən xofluyam, inan, 
qorxuram qəlbimi ovlayacaqsan. 
 
Ovsunsan, sehrsən, şirin röyamsan, 
yox, əsl adını deyə bilmirəm. 
Bu yaz gəlişinlə ayrı dünyamsan 
sənli günlərimdən doya bilmirəm. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə