Şimali Amerikada istiqlaliyyət uğrunda müharibə


ABŞ XIX əsrin I yarısında



Yüklə 38,23 Kb.
səhifə2/2
tarix31.12.2021
ölçüsü38,23 Kb.
#81788
1   2
ABŞ XVII əsrin II yarısı-XIX əsrin I yarısında

ABŞ XIX əsrin I yarısında.
PLAN:


  1. XIX əsrin I yarısında ABŞ iqtisadiyyatı.

  2. XIX əsrin I yarısında ABŞ hökumətinin daxili siyasəti. Amerikalıların yerli hindulara qarşı soyqırım siyasəti.

  3. XIX əsrin I yarısında ABŞ hökumətinin xarici siyasəti.

XIX əsrin I yarısında ABŞ-da kapitalizm coşğun sürətlə inkişaf edirdi. Ölkənin şimal – şərqində fabrik sənayesi yüksəlir, kapitalist fermer təsərrüfatı inkişaf edirdi. Məhz fəhlə sinifinin böyük bir hissəsi də orada cəmləşmişdi. Birləşmiş Ştatların qərbində çoxlu sayda xırda fermerlər və müstəqil sənətkarlar mövcud idi və müzdlu işçi qüvvəsinin istifadəsi daima artırdı. Ölkənin şimal və qərbinin ümumi istiqaməti kapitalist münasibətlərinin inkişafına yönəlmişdi. Cənubda isə ABŞ iqtisadiyyatının digər təmayülü meydana çıxırdı – Qərbi Avropa və ABŞ kapitalist istehsalına əlavə olaraq inkişaf edən quldarlıq təsərrüfatı plantasiyalarının təşəkkülü. Şimal və Cənubun iqtisadi inkişaf yollarındakı müxtəliflik, ABŞ tarixinin bütün gedişatına böyük təsir göstərdi.

ABŞ – da kapitalizm daha sürətlə “eninə”, yeni torpaqlara yayılırdı. XVIII əsrin sonu – XIX əsrin birinci yarısı ABŞ-nın ərazi işğallarının ən coşğun dövrüdür. 1790-cı ildə ABŞ-nın ərazisi 888, 8 min kvadrat mil təşkil edirdi. Luiziananın birləşdirilməsi nəticəsində ABŞ-ın ərazisi 827, 1 min kvadrat mil, yəni təxminən iki dəfə artdı. 1818-ci ildən 1853-cü ilədək hindularla və Meksika ilə aparılan işğalçılıq müharibəsi və yeni ərazilərin müstəmləkələrə çevrilməsi nəticəsində ABŞ-ın ərazisi 1715, 9 min 2 mildən 3027, 8 min2 milədək çoxaldı. Hindu qəbilələrinin geriliyi və pərakəndəliyi, qonşuların – ilk növbədə ispan müstəmləkələrinin, daha sonra Meksikanın zəifliyi ABŞ-ın ərazi işğallarını asanlaşdırırdı. Avropa dövlətləri arasındakı ziddiyyətlər və müharibələr onların diqqətini Amerika qitəsindən uzaqlaşdırırdı və ABŞ maneəsiz böyük ərazi ilhaqları həyata keçirmək üçün bundan istifadə edirdi. XIX əsr Avropada baş verən müharibələrdə iştirak etməməsi ABŞ-a külli miqdarad hərbi xərclərdən və dağıntılardan qaçmağa imkan yaradırdı, əksinə ABŞ müharibə edən bütün ölkələrlə ticarətdən varlanırdı ki, bu da amerika kapitalizminin sürətli inkişafına təkan verirdi.

Kapitalizmin eninə, yeni torpaqlara yayılması, Qərbdəki yeni boş sahələrin ələ keçirilərək məskunlaşdırılması Avropadan mühacirlər axını üçün əlverişli şərait yaradırdı. Mühacirlər içərisində yüz minlərlə ixtisaslı sənətkarlar və fəhlələr var idi. Ölkənin onsuz da yüksələn əhali artımı mühacirət nəticəsində daha da sürətlənirdi. 1800-cü ildən 1820-ci ilədək ABŞ əhalisi 5,3 milyon nəfərdən 9,6 milyon nəfərədək artdı, 1850-ci ildən isə üç milyon zənci də əlavə edilməklə 23,2 milyon nəfərə çatmışdı. 1820-ci ildən 1850-ci ilədək ABŞ-a gələn mühacirlərin sayı təxminən 2455 min nəfər təşkil edirdi. 1800 – 1860-cı illər ərzində hər on ildə ölkə əhalisi 32 – 36 % artırdı. Torpaqların boııuğu və qərb vilayətlərinin sürətlə məskunlaşması səbəbindən ABŞ-da fəhlələrə tələbat avropadakından çox idi. Bu isə ABŞ-ın şimalında maşınların erkən yayılmasına təkan verdi, cənubda isə qul əməyinin tətbiqinə gətirib çıxardı.

ABŞ ərazisində hindular vətəndaşlıq hüququ almamışdılar. Tez – tez amerikan müstəmləkəkçiləri hindu qəbilələri ilə hinduların öz torpaqlarında hüquqlarının tanınması haqqında müqavilələr imzalayırdılar, lakin sonradan bu müqavilələr utanmadan pozularaq, torpaqları amerikalılar tərəfindən işğal edilirdi, hindular isə soyqırıma məruz qalır, yaxud Qərb torpaqlarına sıxışdırılırdı. Qəbilələr arasında nifaqı qızışdırmaq hinduların zəiflədilməsi üsulu idi.

1812 – 1814-cü illər İngiltərə ilə müharibənin gedişatında və ondan sonra hinduların Qərbə doğru sıxışdırılması daha da gücləndirildi. Onları zorla xüsusi ayırılmış pis rayonlara – rezervasiyalara (bəzi heyvanların, xüsusilə zərərverici həşəratların toplandığı yerlər, (ehtiyat üçün saxlama)) sürgün edirdilər. Hinduların hər hansı bir müqavimətləri qanlı cəza ekspedisiyası tərəfindən yatırılırdı. Indianada krik qəbiləsi üsyana qalxdı. Üsyanın rəhbəri Tekumse öldürüldü, onun dərisindən isə amerikan müstəmləkəçiləri özlərinə kəmər düzəltdirdilər.

Hindulara divan tutulması çox zaman digər dövlətlərin ərazilərinə təcavüzlə müşayiət olunurdu. Hinduları təqib edən ABŞ qoşunları İspaniyaya məxsus olan Şərqi Floridaya soxuldular. Hələ bu işğaladək Floridada torpaq sahələrinə malik olan çoxlu Amerikan plantatorları yaşayırdılar. 1819-cu ildə İspan hökuməti Şərqi Floridanın Birləşmiş Ştatlara güzəştə gedilməsi haqqında müqavilə bağlamağa məcbur oldu. Şimali Amerika vətəndaşlarının İspaniyaya pul iddialarını ört – basdır etmək üçün ABŞ onlara 5 milyon dollar ödədi ki, bu da Floridanın işğalına guya bu ərazinin pulla satın alındığını göstərirdi. Floridada məskunlaşmış seminol hindu qəbilələri tədricən soyqırıma məruz qalsalar da müqaviməti davam etdirirdilər.

XIX əsrin 20 – 30-cu illərində hindular Missipi çayının o biri tərəfinə sıxışdırıldılar. Onların xeyli hissəsi öldürülmüşdü. Corciyadan qərbə doğru öz məktəbləri, əlifbaları, mətbəələri və qəzetləri olan sülhsevər çirok qəbilələri yaşayırdılar. Çirokların ərazisindən qızıl tapıldıqdan sonra, amerikalılarla bağladıqları, onların öz torpaqları üzərində hüquqlarına təminat verən müqavilə pozularaq, Corciya ştatının hakimiyyət orqanları tərəfindən bu torpaqlar “ictimai” elan edildi. Amerikan qoşunları çirokları Qərbdən uzağa, onlar üçün ayrılmış rezervasiyalara qovdular. Bu “göz yaşı yolları”nda 4 min hindu həlak oldu.

1835 – 1842-ci illərdə seminollarla ikinci müharibə aparılırdı. Müharibə Floridada hinduların müqaviməti ilə başa çatdı. Bu müharibədə, qəhrəmanlığına çoxlu əfsanələr yazılan seminolların qorxmaz rəhbəri Osseola da həlak oldu.

Qeyd etdiyimiz kimi, ABŞ-ın sosial – iqtisadi inkişafının əsas istiqaməti ölkənin Şimalında və Qərbində kapitalizmin inkişafı idi. Artıq XVIII əsrin sonlarından ABŞ-ın şimal – şərqində mexaniki iplikəyirən maşınlar, 1814-cü ildə Massaçusetsdə isə mexaniki toxucu dəzgahları tətbiq edilməyə başlandı. 1815-ci ildə ABŞ-ın toxucu fabriklərində 130 min iy, mil istifadə edilirdi. 1831-ci ildə onların sayı 1247 min, 1840-cı ildə 2284 min, 1860-cı ildə isə 5236 min idi. Mexaniki millərin miqdarına görə ABŞ İngiltərədən sonra dünyada ikinci yeri tuturdu. Beləliklə, XIX əsrin 40-cı illərində ABŞ-ın toxuculuq sənayesi sürətlə inkişaf edirdi.

1837-ci ildən ABŞ-da metallurgiyadan daşkömür yanacağına keçid başladı. Bunun nəticəsində dəmir istehsalı sürətləndi. Ağır sənayenin inkişaf etdiyi rayon Pensilvaniya idi. 40-cı illərdə taxılbiçən, toxumsəpən, otçalan və digər kənd təsərrüfatı maşınlarının istehsalı inkişaf etmişdi. Lakin, yenə də maşınların böyük əksəriyyəti İngiltərədən gətirilirdi. Buxar mühərrikləri ABŞ sənayesində yalnız 50-ci illərdən geniş yayılmağa başladı.

Fermerlər və plantatorlar arasında Missisipidən qərbə doğru yerləşən torpaqlar uğrunda gərgin mübarizə gedirdi. Yeni ərazilərdə quldarlığın yayılması məsələsinə dair bir sıra ziddiyyətlər də yaranmışdı. Bu mübahisələr yalnız iqtisadi deyil, həmçinin siyasi səbəblərdən də gərginləşirdi. Şimalda əhalinin sayının artması, quldarlığa imkan verilməyən ştatlardan palatada deputatların çoxalmasına gətirib çıxardı. Lakin senatda quldarlıq ştatları öz hökmranlığını saxlayırdı. Quldar və azad ştatların sayı bərabərləşdikdə isə quldarlar bütün səylərini, ABŞ-ın tərkibinə daxil edilən yeni azad ştatlara nisbətən quldar ştatların sayının az olmamasına yönəldirdilər. 1820-ci ildə ABŞ-ın tərkibinə yeni ştatlar qəbul edilir: Missuri və Men. Quldarlıq haqqında məsələnin özlərinin həll etməsi barədə onlara hüquq verilmişdi, lakin öncədən də məlum idi ki, Missuridə quldarlıq qanuniləşdiriləcək, Mendə isə qadağan ediləcəkdi. Eyni zamanda konqres 36٥ 30׳ -dən şimala doğru, Missuri ştatı istisna olmaqla quldarlığın qadağan edilməsi haqda qətnamə qəbul etdi. Bu kompromis Şimalla quldar Cənub arasında torpaq uğrundakı mübarizəni müvəqqəti olsa da zəiflətməklə, ABŞ-ın Cənubunda quldarlığın, Şimal və Qərbdə isə muzdlu əmək və fermer təsərrüfatının uzun müddət mövcud olmasına səbəb oldu.

Quldarlıq və fermer təsərrüfatının yeni torpaqlara yayılması ABŞ-ın yalnız daxili deyil, o cümlədən xarici siyasətində də iz buraxmışdı. Bu siyasətin əsas xüsusiyyətləri müstəqillik uğrunda müharibədən həmən sonra özünü büruzə verməyə başladı. Qərb və cənub istiqamətində ərazi işğalları bu siyasətin ana xəttini təşkil edirdi. Hindularla müharibə, onların bir etnos kimi məhv edilməsi və Qərbə doğru sıxışdırılması, bəzən də özgə torpaqlarının “satın alınması” haqqında saziş adı altında, yaxud da açıq işğal yolu ilə zəbt edilməsi ABŞ ekspansiyasının əsas vasitəsi idi.

Müstəqillik uğrunda müharibədən sonra ABŞ-ın xarici siyasətinin əsas xarakterik xüsusiyyəti avropa dövlətlərinin ittifaqlarında və müharibələrində iştirak etməkdən imtina etmək deyildi. Bu siyasətin əsasında avropa dövlətləri arasındakı ziddiyyətlərdən və müharibələrdən öz maraqları naminə, yeni ərazilər ələ keçirmək və savaşan tərəflərlə ticarət hesabına varlanmaq üçün istifadə etmək dururdu.

ABŞ avropa dövlətləri arasında müharibə zamanı amerikan ticarət gəmilərinin dənizdə toxunulmazlığına və azad üzməsinin müdafiəsinə çalışırdı. Bu prinsip İngiltərənin dəniz yollarının sərbəstliyini pozmaq əleyhinə hələ müstəqillik Bəyannaməsində irəli sürülmüşdü və bu ABŞ-ın varlanmasına təkan verməli idi.

ABŞ hələ XVIII əsrin sonlarından öz müstəqilliyinin möhkəmlənməsinə və nüfuzunun Şimali Amerikada bərqərar olmasına, həmçinin avropa müstəmləkə dövlətlərinin Yeni Dünyada mövqeyinin zəiflədilməsinə çalışırdı. ABŞ hökuməti qorxurdu ki, İngiltərə, İspaniya, Fransa və o zaman Alyaskaya malik olan Rusiya ABŞ-ın yeni ərazi işğalları həyata keçirməsinə mane ola bilərdilər. Avropa dövlətlərinin amerikanın işlərinə müdaxiləsinə və müstəmləkə ekspansiyasına Vaşinqton hökuməti, ABŞ-ın qərb yarımkürəsində nüfuzunun güclənməsi və ərazi ekspansiyası üçün ciddi əngəl kimi baxırdılar.

Ispan müstəmləkə imperiyasının süqut etməsi ABŞ üçün çox əlverişli idi və amerika hökuməti yeni Latın Amerikası dövlətlərinin müstəqilliyini tanıdı. 20-ci ilin əvvəllərində “müqəddəs ittifaq”ın ispan hökmranlığını Latın Amerikasında bərpa etmək məqsədilə müdaxilə ehtimalı haqqındakı xəbərlər ABŞ-ın bir sıra siyasi xadimlərini narahat etdi. ABŞ-ın dövlət katibi D. Adams kimi görkəmli və məlumatlı siyasi xadimləri mümkün müdaxilə layihələrinin tam qeyri – reallığını yaxşı başa düşürdülər. Lakin ABŞ hökuməti bu məramlar haqqındakı xəbərlərdən və onun Alyaskadakı mülklərinin cənub sərhədlərinə dair Rusiya ilə ziddiyyətlərdən, prezident Monronun 1823-cü il dekabrın 2-də ABŞ konqresinə müraciətində ifadə edilən “Monro doktrinası” ilə çıxış etmək üçün istifadə etdi.

Prezidentin müraciətində bildirilirdi ki, bundan belə avropa dövlətləri tərəfindən Amerika materikinə müstəmləkə obyekti kimi baxılmamalıdır. ABŞ avropa dövlətlərinin amerikadakı mövcud müstəmləkələrini tanıyacağını bildirmişdi. Eyni zamanda, avropa dövlətlərinin amerikanın daxili işlərinə qarışmasına və yeni müstəmləkələrin əsasının qoyulmasına imkan verməyəcəklərini elan edirdilər. Yeni doktrina qəzetlərdə məşhur “Amerika amerikalılar üçündür” sözləri ilə ifadə edilirdi. “Monro doktrinası”nın məqsədlərindən biri ABŞ-ın Yeni Dünyada nüfuzlu mövqeyinin və müstəqilliyinin möhkəmləndirilməsindən ibarət olsa da, əsasən ekspansionist mahiyyət daşıyırdı. Doktrinanın məramı avropa dövlətləri tərəfindən ABŞ-ın ərazi işğalları üçün törədilə biləcək hər cür maneələri aradan qaldırmaqdan ibarət idi. ABŞ hökuməti Latın Amerikası ölkələrinə “müqəddəs ittifaq” və İspaniya əleyhinə kömək göstərmirdi və İngiltərə ilə birlikdə Latın Amerikası ölkələrinin daha çox sayda zəif dövlətlərə parçalanmasına təkan verirdi.

ABŞ-ın, prezidentliyə öz namizədlərini irəli sürən burjua siyasi partiyaları, Şimal fermerləri və müxtəlif burjua qruplaşmalarının Cənub plantatorları ilə birliyinin ifadəsi idi. 1824-cü ildə Şimalın iri burjuaziyası, sənətkarlar və plantatorların bir hissəsi D. K. Adamsın prezidentliyə namizədliyini irəli sürdü. Adamsın hakimiyyəti dövründə (1825 – 1829) idxal olunan sənaye məhsullarının vergisi artırıldı, iri maliyyəçilər, sənayeçilər və torpaq möhtəkirləri mükafatlandırıldılar.

20-ci illər ABŞ-ın daxili siyasi həyatırnda mühüm dəyişikliklər meydana çıxdı. Fermerlərin, sənətkarların və fəhlələrin sayının çoxalması və onların siyasi hüquqlar uğrunda mübarizəsi bir çox ştatlarda əmlak senzinin ləğv edilməsinə və ağ irqdən yaşa dolmuş kişi əhali üçün ümumi seçki hüququnun tətbiq edilməsinə gətirib çıxardı. Beləliklə də yeni çoxlu seçicilər ordusu yarandı. Çoxlu sayda fermerlər, sənətkarlar və fəhlələr əcnəbi malların gömrük rüsumlarının artırılmasından və iri torpaq möhtəkirlərinin və əsası 1816-cı ildə Filadelfiyada qoyulan ABŞ Bankından kredit alan sənayeçilərin mükafatlandırılmasından narazı idilər. Bu banklar dövlət pul fondunu mühafizə edir və banknotlar (bank tərəfindən buraxılan faizsiz kredit bileti) buraxırdı. Bir çox fermerlər bankın borclusuna çevrilmişdilər. Cənub plantatorlarının əksəriyyəti, xüsusilə də Cənubi Karolina plantatorları gömrük rüsumlarının artırılması və ABŞ Bankının fəaliyyəti əleyhinə mübarizə aparırdılar. Plantatorlar və fermerlər Avropadan idxal edilən sənaye mallarının gömrük rüsumlarının azaldılması, hinduların Qərbə doğru sıxışdırılması və yeni torpaqların işğal edilməsində maraqlı idilər. 1828-ci seçkilərində plantatorlar və fermerlərin, sənətkarların və hətta fəhlələrin geniş kütləsi, hindularla müharibədə iştirakı ilə məşhur olan general Endryu Ceksonun prezident seçilməsi üçün birləşdilər. Cekson öncə yoxsul idi, sonra varlanaraq plantator oldu. Fermerlər və plantatorlar arasında manevr etməklə o, bu və ya digərlərin rəğbətini qazanmağa çalışırdı. Cekson xalqın maraqlarının müdafiəçisi rolunda çıxış etməklə Şimalın iri kapitalistlərinin mükafatlandırılması əleyhinə çıxırdı. Plantatorlar onun simasında Cənub quldarlığı ilə Şimal fermerliyi və muzdlu əmək sistemi arasında kompromisin tərəfdarını görürdülər. Ceksonun tərəfdarları özlərini, əsası 1828-ci ildə qoyulan demokratlar partiyası adlandırırdılar.

Ceksonun prezidentliyi 1829-cu ildə bir sıra gömrük rüsumlarının azaldılması ilə yadda qaldı. Cənubi Karolina ştatının quldarları bunu kifayət hesab etmədilər və yeni tarifi qanuni qüvvəsini itirmiş elan etməyə cəhd göstərdilər. Lakin Cekson Cənubi Karolinanı bu tariflə qane olmağa zorla məcbur etmək üçün konqresdən səlahiyyət aldı. Fermerlərin və plantatorların maraqlarına uyğun olaraq Cekson ABŞ Bankının imtiyazlarını ləğv etdi və 1834-cü ildə bu bank Pensilvaniya ştatının adi banklarından birinə çevrildi. Ceksonun hakimiyyəti dövrü hinduların Missisipi çayının o biri tayına köçürülməsi və onların qəddarlıqla məhv edilməsi ilə məşhur idi. Ceksonun prezidentliyi dövründən başlayaraq ABŞ-ın siyasi həyatında belə bir adət hal aldı ki, seçkilərdə qələbə çalan partiya ən mühüm və gəlirli dövlət vəzifələrinin əksəriyyətini, “qənimətləri” kimi ələ keçirirdilər. 1832-ci ildən prezidentliyə namizədlərin siyasi partiyaların milli yığıncağında (konventdə) irəli sürülməsi qaydası müəyyənləşdirildi. Cekson öz siyasətində əsasən quldarlar və fermerlər arasında kompromisi əks etdirirdi. Onun xələfləri dövründə də öncə bu siyasət davam etdirildi və 1841-ci ildə torpağın birinci sahibkarlarının onu satın almaqda üstün hüquqları haqqında qanun tətbiq edildi.

Sonralar demokratlar partiyası əsasən quldarların maraqlarını ifadə etməyə başladı.

“Monro doktrinası”nın elan edilməsindən sonra ABŞ ərazi işğallarına davam etdi. Cənub plantatorları Meksikaya məxsus olan Texası ələ keçirməyə çalışırdılar. Artıq 1821-ci ildən quldarlar özbaşına Texasa soxularaq, özləri ilə zənci – qulları gətirərərək plantasiyalar salırdılar. 1827-ci ildə Texasda quldarlıq qadağan edilməsinə baxmayaraq bu plantatorların əl qolunu bağlamırdı. Çünki Texasın ərazisi zəif məskunlaşmışdı və Meksika hökuməti ona nəzarət etmək gücündə deyildi.

Texasda plantasiyaların sayı çoxaldıqca və qulların idxalı artdıqca ABŞ Meksikaya bu ərazini 5 milyon dollar dəyərində çox cuzi məbləğə “satın almağı” təklif etdi, baxmayaraq ki, Texas ölçüsünə görə Fransadan bir qədər kiçik idi. Meksika hökuməti bu təklifi rədd edərək Texasda məskən salmış quldarlara qarşı qoşun yeritdi. Lakin plantatorlar artıq silahlı dəstələr toplayaraq hərbi əməliyyatlara başladılar. 1836-cı ildə onlar Meksika qoşunlarını darmadağın edərək onların generalı Santa Annı əsir götürdülər və Texası müstəqil quldar respublika elan edərək onun ABŞ-ın tərkibinə qəbul edilməsini tələb etmişdilər.

ABŞ-ın quldarları Texasın işğal edilməsində yalnız plantasiya təsərrüfatının ölkənin cənub – qərbinə yayılması üçün deyil, həm də quldar ştatların sayını artırmaqla ABŞ senatında öz nüfuzlarını saxlamaq məqsədilə maraqlı idilər. 1845-ci ildə konqres Texasın ilhaq (anneksiya) edilməsi qərar qəbul etdi. Meksika hökuməti ABŞ-la diplomatik münasibətlərini kəsdi.

Işğalçılıq müharibəsinə hazırlaşan ABŞ hökuməti Meksikaya yeni tələblərlə – bütün Texası güzəştə getmək və Yeni Meksika və Kaliforniyanın böyük bir hissəsinin ABŞ-a “satılması” – öz nümayəndəsini göndərdi. Heç bir cavab gözləmədən ABŞ qoşunları Meksika ərazisinə soxuldular. 1846-cı ildə prezident Polk konqresə müraciətində həyasızcasına faktları təhrif edərək Meksika hökumətini ABŞ-ın “sərhədlərini pozmaqda” təqsirləndirərək müharibə elan etdi. 1847-ci ildə ABŞ qoşunları Meksika sahillərinə çıxaraq, onun qoşunlarını darmadağın edib paytaxtı Mexiko şəhərini tutdu. 1848-ci il fevralın 2-də imzalanmış müqaviləyə görə Meksika hökuməti Texası ABŞ-ın mülkü kimi tanımağa və Rio – Qranddan şimala doğru bütün torpaqların, Yeni Meksikanın və Şimali Kaliforniyanın San – Fransisko limanı ilə birlikdə ABŞ-a verilməsinə razı olmağa məcbur oldu. 1854-cü ildə ABŞ hökuməti təhdidlər yolu ilə İspaniyanı Kuba adasını onlara “satmağa” məcbur etmək cəhdləri müvəffəqiyyətsizliyə düçar oldu.



Lakin Qərbin uzaq torpaqlarında, Kaliforniya da daxil olmaqla quldarlıq yayılmamışdı. 1848-ci ildə Kaliforniyada qızıl tapıldı. Işgüzar və təpədən – dırnağadək silahlanmış qızıl axtarıcıları hər yerdən buraya varidat üçün axışıb gəlirdilər. Kaliforniyada qul əməyi tətbiq etmək mümkün olmadı.

Qərb fermerləri və qərb torpaqlarında məskunlaşmış skvatterlər quldarlığın əleyhinə idilər. Həmçinin uzaq Qərbin təbii şəraiti də plantasiya təsərrüfatının inkişafına əngəl törədirdi. 1846-cı ildə ABŞ qəti olaraq Oreqon ərazisinə olan iddalarının İngiltərə tərəfindən tanınmasına nail oldular. Kanada ilə qərb sərhədləri çəkildi. XIX əsrin ortalarında ABŞ-ın ərazi işğalları nəticəsində onun əsas dövlət ərazisi əhəmiyyətli dərəcədə genişləndi. ABŞ Kanadadan tutmuş Cənubi Kaliforniyayadək Sakit okean sahillərinə çıxış əldə etdi.
Yüklə 38,23 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə