191
zərbəni özü qəbul edib, beləliklə də, 17 yaşlı qızcığaz
maskalanmış qatı mülkədara, müsavat agentinə, ingilis
kapitalının hamisinə (bu lap əcaib ittihamdır!) çevrilib. Bir
müddət sonra məsələdən xəbər tutan M.Rzaquluzadə Bakıya
məktub yazmış, şerin ona məxsus olduğunu bildirmişdir. Bu,
əlbəttə, mərdanə hərəkətdir. Amma bu vaxta qədər anama
hücumlar kompaniyası, onu işdən çıxarmaq tədbirləri və s. ən
yüksək zirvəsinə çatmışdı.
Ə.Qarayevin məqaləsiylə başlanan bu "igidlik
kompaniyasına" bir çox şairlərimiz böyük həvəslə qoşulmuşlar.
Sağ ol, yoldaş Qarayev,
Bolşeviksən bolşevik
Hər işdə sənin kimi
Biz gərək olaq çevik.
(Süleyman Rüstəm)
Başqa şairlər də ondan geri qalmayıblar. Belə bir şer də çox
maraqlıdır:
Nigar!
Madmazel Nigar!
Sözlərim sənə bil olsa zəhrimar
Deyəcəyəm,
Bizi yaşadan günəşin
Şimaldan doğduğunu isbat edəcəyəm.
Yadındamı madmazel Nigarlara
Qara hərf, qara günlər yox idi.
Üst qatlarda xumarlanan
Bəy nəsliniz tox idi,
Fəqət Nigar,
Şimaldan gələn ruzigar
Sildi siyah örtüləri, sildi siyah pərdəni
hər dəni
Bu günəşin ziyasını içmədi.
İçəməz!
192
Bu bir körpü
hər kəs ondan keçəməz.
Şimaldan doğdu günəş.
Zənginlərin gözlərini qamaşdıran bir günəş.
Min günlərlə qan soran
Bəyi, xanı
çaxnaşdıran bir günəş.
Sən günəşin istəyinə uymadın,
Bu bəllidir, uymadın.
O günəşi duymazdın
Onu duymaq,
ona uymaq
asan deyil
Unutma ki, sən
Aclığından torpaq yeyən milyonları
Əzən, kəsən
Xudu bəyin qızı, Rəfibəyov Nigarsan.
Bağlamışsan ümidin şərqdən doğan günəşə
Fəqət sənin duymadığın bir günəş var,
Ey Nigar!
Biz günəşiz
Günəş biz.
O gündən başlayır mübarizəmiz
Bu gündən zərbə alır
Qospada, madmazellər, qraflar,
Sandıqların can çəkişən
sönük-sönük
şeylər
Bu günəşə
Günəşlərin al günəşi –
Şimal günəşi deyərlər.
(Kommunist" qəzeti, 23 dekabr, 1930)
Göründüyü kimi, bu şerin bədii dəyərləri nəcabətiylə tən
gəlir.
***
193
Bu məqalədən sonra qəzetlərdə, jurnallarda anamın əleyhinə
dalbadal şerlər, yazılar çıxmağa başladı. Belə yazıların altında
bir çox tanış imzalar var. Anam: "Amma Cəfər Cabbarlıyla
Səməd qol çəkməmişdilər", – deyirdi.
Məqalələrin birinin altında atamın da imzası olub. Atam özü
bu barədə belə yazır:
"1931-ci ildə şairə Nigar Rəfibəyli ilə tanış oldum. O
zamanlar səhvən özgənin şerini onun adına çıxıb, tənqidçilər
ona şiddətli atəş açmışdılar. Həm də bu tənqidi ədəbiyyata
dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar.
Həqiqət sonra aşkara çıxdı. Gənc şairə özünü ləyaqətlə
aparırdı.
Bu tənqidi məqalələrin birisinin altında başqa müəlliflərlə
bərabər, mənim də imzam var idi, ona görə də indi bu barədə
yazmağı lazım bildim. Qəribə görünsə də, bu hadisə bizi
yaxınlaşdırdı. Məlum oldu ki, Nigarla mənim ədəbiyyata və
həyata olan münasibətimizdə ümumi nöqtələr çoxdur.
Bilmirəm, mən ona necə təsir bağışladım, ancaq o mənim çox
xoşuma gəldi. Görünür, onun da mənə münasibəti pis deyilmiş,
çünki sonralar bizim yollarımız ayrılmadı.
...Ağıllı, qayğıkeş, mərd bir qadın olan şairə ilə evləndiyim
üçün xoşbəxtəm".
Mən bu əhvalatı dönə-dönə atamdan da, anamdan da
eşitmişəm, illər keçdikcə bu hadisə onlarçün bir zarafat,
yüngülvari atışma mövzusu olmuşdu. Amma mənə elə gəlir ki,
çox illər sonra da atam hardasa ürəyinin dərinliyində o
imzasının peşmançılığını ovuda bilmirdi. Atam haqqında kitab
yazmış ədəbiyyatşünas-alim Gülrux Əlibəyovanın bir
müşahidəsi çox dəqiqdir: həmin bu hadisəni Rəsul təəssüf
hissiylə, Nigar isə yumorla nəql edirdilər.
Mən həmişə ona təəccüb edirdim ki, "Qızıl gül olmayaydı"
poemasında Müşviq haqqında:
Ona namərd şilləsi kimi vurulan
imzalar içində
194
mənim imzam olmadı –
misralarını yazmağa mənəvi haqqı olan Rəsul Rza, hər zaman
öz imzasının təmizliyini saxlaya bildiyi halda, nə cür olub 30-
cu ildə bu sayaq "kompaniya məqaləsinə" qol çəkib.
Əlbəttə, 30-cu il 37-ci il deyil və ən kəskin tənqidlərdən sonra
belə, hələ heç kəsi tutmur, sürgün etmir, güllələmirdilər.
Sadəcə AZAP-çıların bir çoxu, o cümlədən də, heç şəksiz
atam ideya əyintisi saydıqları hər şeyə qəzəblərində,
hiddətlərində səmimi idilər...
Bir də o var ki, sonrakı illərin sınaqlarında atamın
məhəbbəti, sədaqəti, vəfası və şübhəsiz ki, ictimai mövqeyi
anamı bir çox bəlalardan xilas elədi, qorudu.
Bütün bunlar belədir.
Amma hər halda bu yazıda mən o acı faktın da üstündən
sükutla keçmək istəmədim. Necə ki, atam özü də keçmirdi.
Bir gün hədəf oldun
Qaradan qara böhtana.
Bu ədalətsiz ittihamda
mənim də yaralı payım vardı.
Zaman keçdi, İllər yudu ləkəni
Bilən bildi,
aylarca, illərcə
sən çəkəni, mən çəkəni...
"Maarif evinə – indiki Sabir bağının yerindəydi –
gəlmişdim. Nə isə ədəbi gecə vardı. Əbülhəsənlə tanış idim!
Əbülhəsənin yanında bir cavan oğlan da var idi. Göygöz.
Əbülhəsən təklif elədi ki, şer oxuyum.
–Yox, – dedim, – şer oxumağa gəlməmişəm.
Birdən-birə Əbülhəsənin yanındakı oğlan hələ tanış
olmadığımıza baxmayaraq:
–Nə olsun, – dedi, – şer oxumağa gəlməsəniz də oxuya
bilərsiniz.
Mənə elə gəldi ki, dili ağzında bir az böyükdür. Bu sayaq
təklifsiz söhbətə müdaxilə etməsi də heç xoşuma gəlmədi.