202
–Gör e, – deyirdi, – İtaliya hara, mənim şerlərim hara...
Zalım oğlu İtaliyada eşələyib tapıb mənim şerimi...
Bu söhbətlərlə əlaqədar bir kədərli xatirə də düşür yadıma.
Bir gün atam mənə üç-dörd mahnı mətni verdi:
–Eminə göstər, – dedi, – gör ağlı bir şey kəssə, mahnı yazsın.
İki-üç gün keçəndən sonra atam:
–Nə oldu, verdin şerləri Eminə? – deyə xəbər aldı.
–Verdim.
–Yazır?
–Yazacaq.
–Haçan?
–Nə bilim, dedi çox xoşuma gəlib, mütləq yazacam.
–Day denən çox ləngitməsin.
Üç ya dörd gün də keçdi.
–Nə oldu, Emindən bir xəbər çıxmadı.
–Hələ yox.
–Əgər yazmırsa, denən qaytarsın.
– Əşi nə qəribə söz danışırsan, – dedim, – cəmisi bir həftə
keçib, yazar da...
Üç ya dörd gün də keçdi, atam:
–Eminə de ki, qaytarsın şerləri, – dedi. – İstəmirəm, yazmasın.
Onu mümkün qədər mülayim, yumşaq şəkildə dilə
gətirməyə çalışaraq:
–Axı, niyə belə hövsələsizlik edirsən, – deyirdim, – özün
şairsən, yaradıcı adamsan, bilirsən ki, əsər birdən-birə tələm-
tələsik, iki daşın arasında yaranmır... İndi Emin də gərək bir
əməlli-başlı mətni mənimsəsin, axtarsın, şerlərə layiq, sənə
layiq mahnı yazsın da...
Kimə deyirsən?
Ümumiyyətlə atamda mənim dostlarıma qarşı xüsusi bir sərt
tələbkarlıq, hətta bir ərköyünlük vardı. Onların hamısını çox
istəyirdi. Təbii ki, yalnız mənim yoldaşlarım olduqlarına görə
yox, özlərinin şəxsiyyətlərinə, yaradıcılıqlarına, istedad və
ağıllarına görə. Amma mənim yoldaşlarım olduqlarına görə
203
onlara ərki daha çox çatırdı. Bəzən onlara kəskin sözlər deyir,
qaba rəftar edirdi. Ensiklopediyada atamla işləmiş Arazın və
Vaqifin, yəqin ki, bu qəbildən daha çox xatirələri var. Vaqif
Səmədoğlu atamın ölümündən sonra yazdığı və əvvəllərdə
gətirdiyim şerində ona "acıdil" deyir. Atam hər hansı bir
möcüzəylə bu şeri oxuya bilsəydi, şübhəsiz ki, bəyənərdi.
"Acıdil" sözünə də etiraz etməzdi. Axı elə özü də dilinin
acılığından xəbərdar idi və bu barədə hətta "Acıdil" adlı şer də
yazıb. Bu şeri oxuyanlar atamın nəyə görə "acıdil" olduğunun
həm səbəbini, həm də izahını başa düşərlər.
Elçin bir dəfə atamın hansı tənəsinəsə cavab olaraq: Rəsul
müəllim, bütün məzəmmətlərinizi qəbul edirəm, – demişdi, –
çünki hər şeydən başqa Siz Anarın atasısız, Anar da mənim
dostumdur.
İnsaf naminə deməliyəm ki, yalnız mənim yoldaşlarım
deyil, öz dostlarıyla, ən yaxın dostlarıyla rəftarında da bəzən
ağına-bozuna baxmırdı.
Yadımdadır, ən yaxın və sadiq dostu Sabit Rəhman biləndə
ki, atamda şəkər xəstəliyi tapıblar mənə dedi:
–Hə, Rəsulun bütün şəkəri dilindədir...
Cəfər Cəfərov məsul vəzifədə işləyəndə bir dəfə küçədə
rastlaşdıq.
–Rəsul haçan gəlir? – deyə soruşdu.
Atam hardasa səfərdə idi.
–Dörd-beş günə gələr, – dedim.
Cəfərov gülümsündü:
–Əşi, tez gəlsin çıxsın, – dedi – yenə bizi dalayıb didir.
Bir Abbas Zamanovu Elmlər Akademiyasına müxbir üzv
seçdilər. Onu təbrik edəndə mənə:
–Kaş Rəsul sağ olaydı, – dedi. – Birinci məni o, təbrik
edəcəkdi. Özü də bilirsən nə deyəcəkdi, deyəcəkdi: "Abbas
Zamanov, yəni bir fərli alim tapılmadı orda, səni seçdilər?"
–Amma hamıdan çox sevinən də atam olacaqdı, – dedim. –
Əlbəttə. Buna məgər şübhə ola bilər?
204
Ömrü boyu öz xasiyyətini
dandı Rəsul.
Elə bilirdi
yüz ağac boyundan görünür
kövrək olduğu,
sinəsində körpə ürəyi kimi
bir ürək olduğu.
Sərtliyi üzünə, sözünə yaxardı
Bəzən sərtliyindən
öz nəfəsi də darıxırdı,
göz yaşları içinə axırdı,
Dilə tuturdu özünü
"Başa düş, ay ürək,
kişiyə yaraşmaz kövrəlmək,
"qadan alım", "qurban olum" – demək
Zorla dost tutma,
dostun var dostluq elə
yoxdur, tək gəz.
Kişi kömək eləyər,
kişi kömək gözləməz.
Ömrün gecəsi–gündüzü olduğu kimi
var hər ömrün öz ağı, qarası.
Ötən şirin ömründən
şəkər xəstəliyi qalmışdı ona,
bir də ürək ağrısı...
(Fikrət Qoca. "Rekviyem")..
Anımlar zənciri xəyalımı çəkib uzaqlara apardı, mətləbdən
aralandım. Eminin mahnılarına qayıdaq.
Mən, əlbəttə, Eminə atamın sözlərini yetirmədim, mətnləri
geri almadım və bir müddətdən sonra Emin bu şerlərə bir neçə
mahnı bəstələdi. Zeynəb Xanlarovanın ifasında "İnsaf da yaxşı
şeydir" nəğməsi çox populyar oldu.
Bütün bunları isə başqa səbəbdən xatırladım. Atam Eminin
ləng tərpənməsindən əsəbiləşdiyi vaxtlarda, anam çox sakit,
205
hətta bir azca utancaq tərzdə mənə dedi.
–Mənim də bir neçə şerimi ver Eminə, – sonra təbəssümlə
əlavə etdi, – mən tələsdirməyəcəyəm, ürəyinə yatsa, yazmaq
istəsə, haçan həvəsi gəldi yazar...
Bu, sözləri o qədər kövrək, ürkək, zərif dedi ki, indi də yadıma
düşəndə ürəyim titrəyir. Mən şerləri dərhal Eminə verdim və
bəstəkar anamın sözlərinə "Dağları duman, alanda" mahnısını
yazdı. Bu mahnını da ilk dəfə Zeynəb xanım ifa etdi...
...İndi, atamın vəfatından sonra, bir gün Emin mənə dedi ki,
Nigar xalanın sözlərinə təzə bir mahnı bəstələmişəm. Amma
sən verən mətnlərdən deyil, köhnə bir şeridir. Emin 50-ci
illərdə Moskva Konservatoriyasında oxuyanda Lenin
kitabxanasına gedər, Bakı mətbuatını oxuyar, bəyəndiyi şerləri
dəftərinə köçürərmiş. Anamın "Azərbaycan" jurnalında dərc
olunmuş həmin şerini də elə o vaxtlar köçürüb.
Həmin mahnını Akif İslamzadənin ifasında lentə
yazdırmışdı. Bir gün lenti də, maqnitofonu da xəstəxanaya
gətirdik. "Qoy Nigar xala özü də eşitsin", – dedi.
Mən mahnının hansı şerə bəstələndiyini bilmirdim və
təəccüblənirdim ki, görən niyə Emin əlində təzə mətnlər ola-
ola köhnə şerə müraciət edib.
Mahnının ilk sözlərini eşidən kimi hər şeyi başa düşdüm.
Alagözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim!
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim!
Məhz bu sözlər – artıq dünyadan köçmüş insanı harayla
ması – bəstəkarın qəlbini tərpətmişdi; çağırdığı adamın
yoxluğunu Emin bilirdi, Akif bilirdi, hamı bilirdi, anam
bilmirdi.
Bəlkə tez gələsən, əlac verəsən,
Sünbüllərin saçın yığıb hörəsən.
Əlvan çiçəkləri özün dərəsən –
Gözləri yollarda qalır, neyləyim!
Dostları ilə paylaş: |